Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2422/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1911/2024 saylı, 23 fevral 2024cü il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı dəbbə pulunun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr üçün 11.296 manat dəbbə pulu, hüquqi yardıma görə ödənilmiş 300 manat, dövlət rüsumuna görə ödənilmiş 124 manat, yekun olaraq 11.720 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1911/2024 saylı, 23 fevral 2024cü il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi və iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməsi; iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 124 manat (qəbz № **********) dövlət rüsumunun Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılması; dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrasının Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1180/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 95.000 manat sığorta ödənişi məbləğinin, 34.675 manat dəbbə pulunun, yekun olaraq 129.675 manat pul vəsaitinin və dövlət rüsumunun tutulması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1180/2022 saylı qətnaməsi ləğv edilməklə, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 13.693 manatın tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi “dəbbə pulunun tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməklə həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1180/2022 saylı qətnaməsi qismən dəbbə pulunun rədd edilməsi hissəsində ləğv edilməklə cavabdeh "xxxx" ASCdən İddiaçı xeyrinə 4997.94 manat dəbbə pulunun tutulması qət edilmişdir. Hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları üst-üstə düşmüş, işdə iştirak edən şəxslərin təkrarlandığı “dəbbə pulunun tutulması” hissəsində hər iki iş eyni predmetlə bağlı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı xeyrinə 13.693 manat sığorta ödənişinə münasibətdə 1 illik dövr üçün 4997.94 manat dəbbə pulu tutulmuş, qətnamə qanuni qüvvəyə minmiş, iş materiallarından da müəyyən edilir ki, qətnamələr icra edilməklə iddiaçı həm sığorta ödənişini həm dəbbə pulunu xx.xx.2024-cü il tarixdə almışdır. Beləliklə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı eyni məzmunlu iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia tələbinin yolverilməzliyinə görə qəbul edilməməlidir. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6975/2023 saylı qətnaməsi üzrə 13693 manat sığorta ödənişi, 4997,94 manat dəbbə pulunun cavabdeh "xxxx" ASC- dən tutulmuşdur. Məhkəmə kollegiya qətnamədə qeyd etmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı isə tələbində xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək (365 gün üçün) dəbbə pulunun ödənilməsini tələb etmişdir. Ona görə də iddia tələbi həcmində həmin müddət üçün dəbbə pulu tutula bilər. Yəni əvvəlki işdə iddia tələbinin predmeti sığorta ödənişin və xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövr üşün dəbbə pulunun tutulması tələbi olmuş, yeni bu 2(006)-1911/2024 saylı işdə isə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr üçün (825 gün) üçün dəbbə pulunun tutulması xahiş edilmişdir. Yəni, sonrakı dövr üçün dəbbə pulunun ödənilməsi xahiş edildiyindən, iddianın predmeti eyni olmamışdır. İddianın əsası dedikdə isə onun faktiki və hüquqi əsasları başa düşülür ki, təqdim edilmiş iddia ərizəsindən göründüy kimi əvvəlki iddia tələbində iddiaçı faktiki əsas kimi tərəflər arasında söğorta müqaviləsinin bağlanılmasını, sığorta hadisəsinin baş verməsini, sığörta ödənişinin müəyən edilməsini və ödənilməsini və 1 illik dəbbə pulunun ödənilməsi faktlarını, yeni bu 2(006)-1911/2024 saylı işdə isə faktiki əsas kimi cavabdeh "xxxx" ASC 13,693 manat sığorta ödənişini 15 oktybar 2020-ci il tarixindən sonra 7 gün ərzində bu ödənişi verməli olduğu halda, onu 3 ildən çox bilərəkdən gecikdirməsi, ancaq 3 ildən sonra, yəni məhkəmə qətnaməsindən sonra, 18 yanvar 2024-cü il tarixində onun da 1 ilini ödəməsi, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr üçün (825 gün)11.296 (on bir min iki yüz doxsan altı) manat dəbbə pulu ödəməyə borclu olması və s. kimi işin faktiki halları öz əksini tapmışdır. Əvvəlki iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-cı, 926.2-ci, 934.1-ci və 934.2-ci maddələrinin normalarına istinad edilmiş, yeni iddia tələbində isə ancaq Mülki Məcəllənin 934.1-ci və 934.2-ci maddələrinin normalarına istinad edilmişdir. Göründüyü kimi iddia tələbinin faktiki və hüquqi əsasları da eyni olmamışdır. Beləliklə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi 2(006)-1911/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə İddiaçı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməsini qət edən zaman Azərbaycan Respublikası MPMnin 153.2.2-ci maddəsinin normalarını düzgün təfsir və tətbiq etməmiş, prosessual hüquq normasının tələblərini pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1911/2024 saylı, 29 fevral 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil sadəcə birinci instansiya məhkəməsinə təqdim edilən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri elektron kabinet vasitəsilə təkrar təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6975/2023 saylı qətnaməsindən açıq-aşkar(paraqraf 59) görünür ki, iddiaçı həmin işdə tələbində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (365 gün üçün) dəbbə pulunun ödənilməsini tələb etmiş və iddia tələbi həcmində həmin müddət üçün də dəbbə pulu tutulması qət edilmişdir. Hazırki işdə isə xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək olan dövr üçün (825 gün) üçün dəbbə pulunun tutulması xahiş edilir. Yəni, sonrakı dövr üçün dəbbə pulunun ödənilməsi xahiş edildiyindən, iddianın predmeti və əsası eyni ola bilməz. Demək ki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən MPM-nin 153.2.2-ci maddəsinin tələbini düzgün təfsir və tətbiq etməmiş, prosessual hüquq normasının tələblərini pozmuşdur. Bu hallar şikayətdə aydın şəkildə göstərilsə də birinci instansiya məhkəməsi MPMin 269-cu maddəsinin ona verdiyi prosessual imkanlardan tam və dəqiq istifadə etməmiş və özünün 2(006)-1911/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin etməməklə yanaşı apellyasiya instansiyası məhkəməsinin qətnamələri icra edilməklə iddiaçının həm sığorta ödənişini, həm də dəbbə pulunu xx.xx.2024-cü ildə aldığını qeyd etməklə yenə də ziddiyyətli nəticəyə gəlmişdir. Çünki, iddiaçının hansı dövr üçün və hansı məbləğdə dəbbə pulu aldığı, eləcə də hazırki iddiasında hansı dövrə görə dəbbə pulu tələb etməsi mübahisə doğurmur. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1911/2024 saylı, 23 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1911/2024 saylı, 23 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2422/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2422/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver