Məhkəmə qərarları › İş №2(103)-2423/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2423/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2423/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı; X10 Cavabdehnə və İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliklərin icrası tələbi, nümayəndəliyin yolverilməzliyi, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, sübutların təqdim edilməsi, yazılı sübutların əsli, müqavilənin etibarsızlığı, əqd bağlanmasının bəyənilməsi, sübutetmə yükü) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil4, tərcüməçi X3 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi, mülkiyyət hüququnun tanınması, qanunsuz hərəkətlərə son qoyulması və mənzilin sahibliyə verilməsi”; X10 Cavabdeh MMC-nə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlaka sahiblik və istifadə hüququnun tanınması, maneələrin qadağan olunması, əmlakın təhvil verilməsi və əmlakın dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli qətnaməsindən X10 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh MMC-nin (satıcı) direktoru X16 ilə İddiaçı (alıcı) arasında 28 yanvar 2009-cu il tarixdə 28/A saylı müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsini (mənzili) alıcının mülkiyyətinə verməyi, alıcı isə 2 otaqlı mənzilin hər kvadratmetri üçün 800 ABŞ dollarını Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ 81 200 ABŞ dolları kimi göstərilmişdir.

2. Cavabdeh MMC tərəfindən verilmiş 28 yanvar 2009-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur, bu yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.m olan 2 otaqlı 51 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur.

3. Cavabdeh MMC-nin (satıcı) direktoru X16 ilə X21 (alıcı) arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 51 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə mənzilin hər kvadratmetri üçün 631 manat ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ 64 000 manat kimi göstərilmişdir.

4. Cavabdeh MMC tərəfindən verilmiş 08 yanvar 2014-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur, bu yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.m olan 2 otaqlı 51 saylı mənzilin pay dəyəri payçı X21 tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur.

5. Cavabdeh MMC-nin icraçı direktoru X17 ilə X21 arasında 15 aprel 2016-cı il tarixdə “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” 196 nömrəli müqavilə bağlanmış, müqaviləyə görə MMC, Elxan Pesaxova 08 yanvar 2014-cü il tarixli 345 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 101,5 kv.m olan 51 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür.

6. ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsindəki 51 nömrəli mənzilə İddiaçı sifarişi əsasında xx.xx.2019-cu il tarixində qaz sayğacı quraşdırılmışdır.

7. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X4 “Götürmənin keçirilməsi haqqında” 25 iyul 2019-cu il tarixli protokol əsasında, icraatında olan ********* nömrəli cinayət işi üzrə X10 könüllü olaraq təqdim etdiyi 08 yanvar 2014-cü il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının əsillərini götürmüşdür.

8. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış məktubda göstərilmişdir ki, xx xxxxxx 1970-ci il təvəllüdlü İddiaçı 2009-cu il tarixdən 14 dekabr 2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix-20 avqust 2008 ci il, istiqamət-çıxış, tarix-10 may 2009-cu il, istiqamət-giriş.

9. Cavabdeh MMC-nin (satıcı) direktoru X16 ilə X25 (alıcı) arasında 28 yanvar 2009-cu il tarixdə 28/B saylı müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsini (mənzili) alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin hər kvadratmetri üçün 800 ABŞ dollarını Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ 126 080 ABŞ dolları kimi göstərilmişdir.

10. Cavabdeh MMC tərəfindən verilmiş 28 yanvar 2009-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur, bu yaşayış binasının 11-ci mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı 43 saylı mənzilin pay dəyəri payçı X25 tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur.

11. X25 Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə 28 yanvar 2009-cu il tarixdə bağlanmış 28/B saylı müqavilə əsasında ödənilmiş 126 080 ABŞ dollarının, müqavilə öhdəliklərinin icra edilmədiyi andan (xx.xx.2011-ci il tarixdən) etibarən hər il üçün əldən çıxmış fayda qismində illik 14% olmaqla 3 ilin əvəzi olaraq 52 953 ABŞ dollarının və mənəvi ziyana görə 50 000 manat pulun, ümumilikdə 179 033 ABŞ dollarının və 50 000 manatın cavabdehdən tutularaq ona ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır.

12. ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzil X18 təhvil verilmişdir.

13. X1 Viktoriya Viktorovnanın həyat yoldaşıdır.

14. Cavabdeh MMC tərəfindən “Pro Bono” vəkil bürosunun vəkili Ələsgər Hüseynliyə ünvanlanmış 08 may 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzil X15 məxsusdur. Həmin mənzilin alqı-satqısı barədə X12 345 saylı 08 yanvar 2014-cü il tarixli müqavilə imzalanmış və həmin tarixdə ona maliyyə arayışı verilmişdir. Sonra onunla qarşılıqlı münasibətləri tənzimləyən 196 saylı 15 aprel 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən mənzil X15 təhvil verilmişdir. Cavabdeh MMCnin İddiaçı adlı sakininin olması və 51 saylı mənzilin ona satılması barədə hər hansı bir sənəd mövcud deyildir. İddiaçı adına "xxxx" MMC tərəfindən verilən müqavilə ilə guya 51 saylı mənzil ona satılmışdır. Halbuki, "xxxx" MMC-nin Cavabdeh MMC-nin inşa etdiyi binalara heç bir aidiyyəti yoxdur. İddiaçı Cavabdeh MMC-nin təsisçilərindən biri olmuş X6 yaxın qohumudur və 28 yanvar 2009-cu il tarixli saxta müqavilə də onun tərəfindən tərtib olunmuşdur. Cavabdeh MMC-nin İddiaçı adlı sakini yoxdur”.

15. ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində, ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 51 nömrəli mənzil tərəflərdən heç birinə təhvil verilməmişdir.

16. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cavabdeh MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Elxan Peysaxov zərərçəkmiş şəxs kimi tanınmışdır.

17. Cavabdeh MMC ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən sərbəst auditor X19 tərəfindən ünvan 1 ünvanında inşa edilən 4 ədəd yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrinin alıcılara satılarkən bağlanan müqavilələrin və satış əməliyyatlarının rəsmiyyətə salınmasına dair audit aparılmış, auditin nəticəsi üzrə tərtib olunmuş xx.xx.2013-cü il tarixli aktda, 2 saylı yaşayış binasında ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 43 saylı mənzilin satıldığı şəxs olaraq “X41”, sahəsi 101,5 kv.m olan 51 saylı mənzilin satıldığı şəxs olaraq “X31” göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəmələrində icraat

aa) Birinci iş üzrə

18. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, qanunsuz hərəkətlərə son qoyulması və ünvan 3 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv.metr olan 2 otaqlı mənzilin onun sahibliyinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 28 yanvar 2009-cu il tarixdə X7 şəxsində Cavabdeh MMC ilə 28/A saylı müqavilə bağlamış, müqavilənin şərtlərinə uyğun olaraq, MMC-yə məxsus yeni inşa edilməkdə olan ünvan 1 ünvanında yerləşən 2 saylı binanın 13-cü mərtəbəsindən ümumi sahəsi 101,5 kv.metr olan 2 otaqlı mənzili 81 200 (səksən bir min iki yüz) ABŞ dollarına almışdır. Həmin müqavilənin 2.1.2-ci və 2.1.3cü bəndlərinə və xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmiş, heç bir borcu qalmamışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən, bina 24 ay ərzində təhvil verilməli idi. Faktiki olaraq almış olduğu mənzil ona müqavilə ilə təqdim edilmiş və bildirilmişdir ki, tikinti işləri tamamlandıqdan sonra mənzilə qapı qoyulacaq və təmir işlərinin aparılmasına icazə veriləcəkdir. Amma mənzilinə qapı qoydurmaq istədikdə məlum olmuşdur ki, mənzilə artıq başqa bir şəxs tərəfindən qapı qoyulmuşdur. Məsələnin araşdırılması ilə bağlı komendanta və MMC-nin hazırki rəhbərliyinə müraciət etsə də, ona bildirilmişdir ki, ola bilər mənzil üçüncü şəxsə də satılmışdır. Bu cavabdan özünü itirmişdir. Necə ola bilər ki, 11 ildir aldığı mənzil xəbəri olmadan başqa bir şəxsə satılmışdır?. Sonradan ona məlum olmuşdur ki, bu MMC-nin fəaliyyətində bir sıra belə halların olması ilə bağlı aidiyyəti qurumlarda araşdırmalar aparılır. Cavabdeh MMC-nin rəhbərliyi onun mənzilini başqa şəxsə satmaqla cinayət əməli törətmişdir. Dəfələrlə MMC-nin rəhbərliyi ilə danışıqlar və görüşlər aparsa da, bu heç bir nəticə verməmiş və o, məhkəməyə müraciət etməli olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən o, mənzilin dəyərini tam olaraq ödəmişdir. Satıcı isə müqavilənin 3.2-ci bəndinə əsasən tamamlama işləri yekunlaşdıqdan sonra 24 ay ərzində mənzili təhvil verməli olduğu halda öz öhdəliklərinin icrasından yayınmaqdadır.

20. İddiaçı sübut qismində məhkəməyə müqavilənin və maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surətlərini təqdim etmişdir.

21. Sonradan İddiaçı nümayəndəsi (vəkili) qismində Vəkil1 iddia ərizəsinə əlavə vermiş, Cavabdeh MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, qanunsuz hərəkətlərə son qoyulması, mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) ona verilməsi öhdəliyinin MMC-yə həvalə edilməsi və ünvan 3 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv.metr olan 2 otaqlı mənzilin onun sahibliyinə (mülkiyyətinə) təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini icra etməsi və ünvan 1 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması qət olunmuşdur.

23. Həmin qətnamədən, qətnamənin maraqlarına toxunduğu şəxs qismində X21 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, qətnamə ləğv olunaraq mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

ab) İkinci iş üzrə

24. X21 Cavabdeh MMC-yə və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.metr-dən ibarət olan 2 otaqlı 51 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi, dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin ona təqdim edilməsi, yaradılmış maneələrin qadağan olunması, İddiaçı və "xxxx" Kompani MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Elxan Peysaxov iddia tələblərini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən MMC, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13cü mərtəbəsində ümumi tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı 51 saylı mənzili ona təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən MMC, müqavilədə göstərilən tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq, qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma va qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə ona təqdim etməli, bunun müqabilində onun tərəfindən MMC-yə 64 000 (altmış dörd min) manat ödənilməli idi. Sonradan MMC ilə arasında 15 aprel 2016-cı il tarixdə 196 saylı “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə” imzalanmışdır. Həmin müqavilənin də 1.1ci bəndinə əsasən, MMC tərəfindən artıq "sakin” kimi qeyd edilmiş ona 08 yanvar 2014-cü il tarixli 345 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 101,5 kv.metr olan 51 saylı mənzili tikinti normalarına uyğun olaraq təhvil verməli idi. Bu müqavilə üzrə artıq sakin kimi qəbul edilmiş onunla mənzildən istismar qaydalarına riayət edilməsi ilə bağlı qarşılıqlı öhdəliklər təsdiq edilmişdir. Onun tərəfindən mənzilə görə tam ödəniş həyata keçirilmişdir. Bunu təsdiq edən 08 yanvar 2014-cü il tarixli maliyyə arayışı mövcuddur. Maliyyə arayışında göstərilmişdir ki, mənzilin tam pay haqqı ödənilmiş və müqavilə üzrə hər hansı borc yoxdur. Əlavə olaraq 15 yanvar 2016-cı il tarixli 196 saylı kassa mədaxil orderinin qəbzinə əsasən onun tərəfindən sayğaclara görə 1200 manat ödəniş həyata keçirilmişdir. Bina tam təhvil verilmiş və artıq sakinlər həmin binada yaşayırlar. Hal-hazırda bağlanmış müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirsə də, MMC tərəfindən mülkiyyətinə təqdim edilməli olan əmlakdan tam sahiblik və istifadə etməsinə maneələr yaradılır və faktiki olaraq, mənzil bu günədək ona təhvil verilməmişdir. Əlavə olaraq, həmin bina tam təhvil verildiyindən, əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər də MMC tərəfindən bu günədək ona təqdim edilməmişdir. Mənzil onun istifadəsində olmasına baxmayaraq, sonradan məlum olmuşdur ki, (məhkəmə prosesi zamanı), "xxxx" Kompani MMC ilə İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqavilə sonradan imzalanmışdır və etibarsız hesab edilməlidir, çünki elə müqavilə imzalandığı gündən həmin mənzilə sahiblik və istifadə edirlər. Bütün kommunal xərcləri və kommunal sayğacların hamısını onlar əldə etmiş və bu günə kimi də həmin mənzilə də yalnız onlar daxil olmuşlar.

26. Elxan Peysaxov tələbini təsdiq edən sübut qismində məhkəməyə müqavilə və maliyyə arayışının kserosurətlərini və həmin sənədlərin əslinin istintaq orqanı tərəfindən götürülməsi barədə aktları təqdim etmişdir.

27. Birinci instansiya məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə birinci və ikinci işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

28. İddiaçı nümayəndəsi (vəkili) qismində məhkəmə iclaslarında iştirak etmiş Vəkil1 təmsil etdiyi şəxsin iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli mənzilin alınması ilə bağlı danışıqları İddiaçı əri X25 "xxxx" Kompani MMC-nin direktoru X16 ilə aparmış və 28 yanvar 2009-cu il tarixdə MMC ilə iki mənzillə bağlı 28/B və 28/A saylı müqavilələr bağlamışdır. 28/B saylı müqavilə əsasında 126 080 ABŞ dolları ödənilmiş, 28/A saylı müqavilə əsasında 81 200 ABŞ dolları ödəniş edilmişdir. Mənzilin biri ilə bağlı müqavilə öz adına, digəri Viktoriyanın adına tərtib edilmişdir. İddiaçı əri Fuad Tağıyev Azərbaycanın Almaniyadakı diasporasının sədr müavinidir, qardaşı Rövşən Tağıyev isə Ukraynada. Həmin vaxt Viktoriya Bakıda olmasa da, may ayında Bakıya gəldikdən sonra müqaviləni imzalamışdır. Sonradan mənzillər təhvil verilmədiyinə görə X25 müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, həmin vaxt Cavabdeh MMC-nin direktoru işləyən X16 özü məhkəmə iclasına gələrək qəbzi imza etmiş və məhkəmə iclas zalında bildirmişdir ki, “narahat olmayın, evlər sizindir”. X13 mənzili təhvil verilmişdir, həmin mənzilin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənədləri onlara Cavabdeh MMC-nin direktoru X8 şəxsən vermişdir və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, çıxarış verilmişdir. Viktoriyanın mənzili ilə bağlı müqavilənin əsli Almaniyada qaldığı üçün onlar Adilağa Hüseynova müqavilənin surətini təqdim etmişlər. Adilağa Hüseynov onlardan əlavə ödəniş tələb etmiş, onlar imtina etmişlər. Adilağa Hüseynov müqavilənin əslinin mövcud olmadığını düşünərək, həmin mənzili Elxan Peysaxova satmışdır. Belə ki, Məzahir Cəfərov vəfat etdikdən sonra Adilağa Hüseynov şirkətə rəhbərlik etməyə və mənzilləri başqa şəxslərə satmağa başlamışdır. 6-7 ildir Korrupsiya idarəsində istintaq gedir və tək orda Viktoriya zərərçəkən şəxs kimi tanınmamışdır. Orada təxminən 60-70 nəfər zərərçəkmiş var. O cümlədən Elxan Peysaxov 2018-ci ildə artıq zərərçəkən şəxs kimi tanınmışdır, bildiyinə görə Elxana 20 000 manat təklif olunmuşdur. O, vaxtilə Elxanın da vəkili olmuşdur və ona demişdir ki, “sən bu məbləği qəbul etmə, Korrupsiya İdarəsində iş yekunlaşandan sonra vurulmuş zərərlə bağlı müraciət edə bilərsən”. Onlar həmin ərəfədə Elxan müəllim üçün 4 dənə ev almışlar.

29. Nümayəndə (vəkil) Vəkil1 eyni zamanda Elxan Peysaxovun iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin keçməsi səbəbindən onun iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

30. X10 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil3 təmsil etdiyi şəxsin iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı məhz 28 yanvar 2009-cü il tarixdə Cavabdeh MMC ilə 28/A saylı müqaviləni Bakı şəhərində bağladığı irəli sürülsə də, Dövlət Sərhəd Xidmətinin məktubuna əsasən İddiaçı 20 avqust 2008-ci ildə ölkədən çıxıb, 10 may 2009-cu ildə ölkəyə giriş etmişdir. Yəni mübahisəli müqaviləni İddiaçı hər halda 28 yanvar 2009-cu il tarixdə Bakı şəhərində bağlaya bilməzdi, çünki həmin zaman Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Bu da öz növbəsində İddiaçı müqaviləsinin etibarsız olmasına dəlalət edir. Üstəlik, İddiaçı ilə bağlanmış müqavilənin nömrəsinin məhz 28/A olması də bəzi şübhələr doğurur. Elxan Peysaxovun müqaviləsi 345 saylıdır, qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə isə 196 saylıdır, hər hansı bir əlavə hərflə işarələnməmişdir. İddiaçı ilə olan müqavilənin niyə rəqəmdən sonra hərfə ehtiyac olması bəlli deyil və təbii ki, etibarsızlığına əlavə əsaslar yaradır. Əksinə, Elxan Peysaxovun mənzili almasına nə faktiki cəhətdən, nə də hüquqi cəhətdən şübhələr yaranmır. Belə ki, Cavabdeh MMC ilə Elxan Peysaxov arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı alqı-satqı müqaviləsi bağlanmışdır və həmin tarixli mənzilə dair borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Eyni zamanda tərəflər arasında 15 aprel 2016-ci il tarixli qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 196 saylı müqaviləyə əsasən sözügedən mənzil Elxan Peysaxova təhvil verilmişdir, o isə öz növbəsində həmin tarixli 196 saylı kassa mədaxil orderinin qəbzinə əsasən mənzilin işıq, qaz, su və siqnalizasiya sayğacları üçün 1200 manat vəsait ödəmişdir. Hesab edir ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Müqavilə üzrə tələb hüququnun yaranıbyaranmamasını, yəni müqavilənin etibarlı olub-olmamasını müəyyən etmək üçün onunla hüquqi, o cümlədən maraqlar baxımından hər hansı formada kəsişən (toqquşan) müqavilələrin etibarlı olub-olmamasına qiymət verilməlidir. Bununla belə, məhkəmə müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlılığı baxımından ən əsas qurucu şərtin şübhəsiz olaraq iradə ifadəsi olmasını nəzərə almalıdır və həmin şəxsin müqavilə bağlandığı zaman ölkədə olmaması hər hansı müqavilə bağlanmamasının sübutudur. Həmçinin “Sahil-D Kompani" MMC tərəfindən mənzili Elxan Peysaxova ayrıca müqavilə ilə illər sonra təhvil verilməsi və əlavə olaraq sayğaclar üzrə ödəniş qəbul etməsi İddiaçı ilə bağlanmış müqaviləni qəbul etməməsinə dəlalət edir.

31. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X8 hər iki iddia tələbinə münasibətdə bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ümumi sahəsi 101,5 kv metr olan 2 otaqlı 51 saylı mənzil X15 məxsusdur. Həmin mənzilin alqı-satqısı barədə X12 345 saylı 08 yanvar 2014-cü il tarixli müqavilə imzalanmış və həmin tarixdə ona maliyyə arayışı verilmişdir. Sonra onunla qarşılıqlı münasibətləri tənzimləyən 196 saylı 15 aprel 2016-cı il tarixli müqavilə imzalanmışdır. Mübahisəli mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X16 ilə İddiaçı arasında bağlanmış 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə MMC-də qeydə alınmamışdır, İddiaçı adı heç bir siyahıda, həmçinin bina sakinlərinin siyahısında yoxdur, mənzil X15 məxsusdur.

32. Cavabdeh MMC-nin nümayəndəsi eyni zamanda qeyd etmişdir ki, mənzillə bağlı mübahisələrin olması nəzərə alınaraq, mənzil hələ ki, tərəflərin heç birinə təhvil verilməmişdir.

33. Məhkəmənin şahid qismində dindirdiyi X14 ifadəsində göstərmişdir ki, İddiaçı əri Tağıyev Fuadın qohumu olmaqla yanaşı Fuadın nümayəndəsi kimi onun işlərini aparmışdır. İxtisasca hüquqşünasdır, əvvəllər Daxili İşlər Nazirliyində şöbə rəisi işləmişdir. Mənzillərin alınmasında o da iştirak etmişdir, təxminən deyə bilər ki, 2009-cu ilin yanvar ayında mənzillər alınmışdır. O, Fuad, Fuadın dostu Zaur və bir də qardaşı X24 firması olan "xxxx"-yə getmişlər. Onlar ikinci mərtəbəyə qalxmışlar, Fuad demişdir ki, oradan 2 mənzil almaq istəyir. O, həmin yerə bəlkə də 50 dəfə evlərin vəziyyətini öyrənmək üçün getmişdir. Fuad özü ilə klokda pul da gətirmişdi, dollar idi səhv etmirsə. Fuad iki mənzil almaq üçün pul gətirmişdi. Fuad pulları İlhama ödəmişdir. Məzahir Cəfərov "xxxx"-nin direktoru idi. İlham o, bildiyinə görə şirkətin təsisçisi idi. X9 gətirmiş, Fuad evin birini öz adına, birini də yoldaşının adına almışdır. Lakin Viktoriya orada yox idi. Dedilər ki, Viktoriya sonradan gəldi imzaladı müqaviləni, yaz ayı idi təxminən. Evləri aldılar, hər şey normal idi. Sonradan onlar 2014-2015-ci illərdə tikinti artıq bitəndən sonra Adilağa Hüseynovun yanına gəlmişlər. 1250 manat ödədikdən sonra X27 evinin təmirinə icazə vermişdir. Viktoriyanın mənzilinə ona görə icazə verməmişlər ki, Viktoriya müqavilənin və maliyyə arayışının əsillərini gətirməmişdir. Onlar müqavilənin surətini təqdim etsələr də, Adil demişdir ki, surət keçmir. Adil surəti görəndən sonra onlara ironiya ilə demişdir ki, “onda siz çaldınız”. Pulu ödədikdən sonra Fuadın mənzilinə icazə almışlar, qapısını da aparıb o, qoymuşdur. Viktoriyanın mənzili isə qalmışdır.

34. Məhkəmənin şahid qismində dindirdiyi X29 ifadəsində göstərmişdir ki, İddiaçı əri Fuad Tağıyevin dostu olmaqla yanaşı, mənzillərin alınmasında o da iştirak etmişdir. Təxminən deyə bilər ki, 2009-cu ilin yanvar ayında qış aylarında mənzillər alınmışdır. O, Fuad, Elşad və bir də X33 yanına, "xxxx" firmasına getmişlər. Onlar ikinci mərtəbəyə İlhamın kabinetinə qalxmışlar. Fuad özü ilə klokda pul da gətirmişdi, hardasa 15-20 paçka dollar idi. X28 çağırdı, o, müqavilələri gətirdi, Fuad iki müqavilə bağladı, birini öz adına, birini də yoldaşının adına. Sonradan bir neçə dəfə həmin şirkətə getmişlər, həmin vaxt orda Adil var idi. İkinci müqavilənin Viktoriya tərəfindən hansı tarixdə imzalanmasını xatırlamır.

35. Məhkəmənin təyinatı əsasında tədqiqat aparmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 4/1362-5/1123 nömrəli ekspert rəyində göstərilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 44-45-ci vərəqələrində olan 08 yanvar 2014-cü il tarixli 345 nömrəli “Müqavilə”nin kserosurətinin 1ci vərəqinin aşağı sol hissəsində olan imza və 2-ci vərəqinin aşağı sol hissəsində “Satıcı” qrafasında olan imza; mülki işin 46-cı vərəqində olan 08 yanvar 2014-cü il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində Cavabdeh MMC-nin direktoru:” qrafasında olan imza ilə mülki işin 47-48-ci vərəqələrində olan 28 yanvar 2009-cu il tarixli 28/A nömrəli “Müqavilə”nin kserosurətinin 2-ci vərəqinin aşağı sol hissəsində “7. Tərəflərin imzaları. Direktor: Cəfərov M.İ.” qrafasında olan imza; mülki işin 49-cu vərəqində olan 28 yanvar 2009-cu il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza - öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur.

36. Birinci instansiya məhkəməsinin 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələblərinin qismən təmin edilməsi, 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) İddiaçı verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması, ünvan 3 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv.metr olan 2 otaqlı mənzilin İddiaçı sahibliyinə (mülkiyyətinə) təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi, X10 iddia tələblərinin rədd olunması qət edilmişdir.

37. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

37.1. Mübahisəli mənzilə dair müqavilələri müqayisə etdikdə görünür ki, müqavilələr eyni forma və məzmunda tərtib edilmişdir. X21 ilə Cavabdeh MMC arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilə forma və məzmununa görə fərqli tərtib edilmişdir. Eyni zamanda Fuad Tağıyevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etməsi də mübahisəli mənzillə bağlı müqavilənin daha əvvəl tərtib edilməsinə dəlalət edir. 37.2. Belə olan halda, "Sahil-D Kompani” MMC tərəfindən mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlandıqdan sonra həmin mənzillə bağlı sahiblik və istifadə hüquqları İddiaçı məxsus olduğu halda eyni mənzillə bağlı X21 ilə 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilənin bağlanması qanunsuz olmaqla həmin müqavilənin əhəmiyyətsizliyinə əsas olmuşdur. 37.3. Cavabdeh MMC tərəfindən mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə, 08 yanvar 2014-cü il tarixdə isə X21 arasında müqavilə bağlansa da, mənzil tərəflərin heç birinə təhvil verilməmişdir. Belə olan halda mülki qanunvericiliyin normalarında müəyyən edilmiş qaydalara uyğun olmaqla əmlakın verilmədiyinə əsaslanaraq öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, yəni İddiaçıdır. 37.4. Cavabdeh MMC ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə müqavilə bağlandığı zaman İddiaçı ölkə hüdudlarından kənarda olması müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. İddiaçı müqaviləni sonradan imza etməsi onun əqddə olan iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz. 37.5. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin mənzilə dair müvafiq dövlət orqanlarında qeydiyyat aparıldıqdan sonra mülkiyyət hüququnun tanınmasının mümkün olması nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. 37.6. Özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Belə olan halda, "Sahil-D Kompani” MMC-nin direktoru X16 ilə X21 arasında 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə həmin əqd əhəmiyyətsiz əqd olduğundan iddia müddətinin tətbiq edilməsinə zərurət yoxdur. 37.7. İkin iddia tələbi təmin edildiyindən, X10 "Sahil-D Kompani” MMC-yə və İddiaçı qarşı tələbi rədd olunmalıdır.

38. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152, 157.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 354.1, 375.1, 375.2, 385.1, 389.1, 390, 404.1, 405 və 452-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarlarına istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

39. Qətnamədən apellyasiya şikayəti verən X10 nümayəndəsi (vəkili) onun ləğv olunmasını və təmsil etdiyi şəxsin iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini Elxan Peysaxovun iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin hallarını tam araşdırmadığını irəli sürmüşdür.

40. Şikayətdə göstərilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı adlı sakininin olması və 51 saylı mənzilin ona satılması barədə hər hansı bir sənəd mövcud deyildir. İş üzrə şahidlər də təsdiq etmişlər ki, İddiaçı müqavilədə qeyd olunan tarixdə Bakı şəhərində olmamışdır, məhkəmə iclasında ifadə vermiş şahidlər bildirmişlər ki "Vika sonradan gəldi imzaladı müqaviləni”. Şahidlərdən E.Tağıyev təqdiq etmişdir ki, Kooperativ rəhbərliyi Fuad Tağıyeva aid mənzilin təmirinə icazə verdilər, lakin İddiaçı ilə bağlı sənədlər istədilər. İkinci şahid Zaur Muradov isə hər iki müqaviləni Fuadın bağladığını, ikinci müqavilənin Viktoriya tərəfindən hansı tarixdə imzalandığını xatırlamadığını demişdir. Bu bir daha təsdiq edir ki, MMC-də İddiaçı ilə bağlı hər hansı bir müqavilə olmamışdır. Eyni zamanda, artıq mübahisələndirilməyən haldır ki, İddiaçı müqavilədə qeyd olunan zaman Bakı şəhərində olmamışdır. X40 Xidmətindən əldə olunmuş rəsmi məlumatlar təsdiq edir. Lakin İddiaçı bu faktı gizlətmək niyyətində idi, çünki bütün sənədlərdə, o cümlədən iddia ərizəsində və s. o birmənalı olaraq yazır ki, İddiaçı məhz 28 yanvar 2009-cü il tarixdə "xxxx" MMC ilə 28/A saylı müqaviləni bağlamışdır. Eyni zamanda iddia ərizəsində qeyd edir ki, mənzilin dəyəri məhz onun tərəfindən 28 yanvar 2009-cu il tarixdə ödənilmişdir. Təqdim edilmiş müqavilənin başlığında qeyd olunur ki, müqavilə Bakı şəhərində bağlanmışdır. Bununla belə, məhkəmə müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlığı baxımından ən əsas qurucu şərtin şübhəsiz olaraq iradə ifadəsi olmasını nəzərə almalıdır və həmin şəxsin müqavilə bağlandığı zaman ölkədə olmaması hər hansı müqavilə bağlanmamasının sübutudur. Həmçinin "xxxx" MMC tərəfindən mənzili Elxan Peysaxova ayrıca müqavilə ilə illər sonra təhvil verməsi və əlavə olaraq sayğaclar üzrə ödəniş qəbul etməsi İddiaçı ilə bağlanmış müqavilənin qəbul etməməsini dəlalət edir. Həmçinin məhkəmə öz qətnaməsində qeyd edir ki, müqavilə bağlanan tarixdə, yəni 28 yanvar 2009-cu il tarixdə İddiaçı ölkə hüdudlarından kənarda olsa belə, tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Tağıyev Fuad tərəfindən eyni tarixdə cavabdeh "Sahil-D Kompani” MMC tərəfindən inşa edilmiş binada 2 mənzil alınmış, hər iki mənzilin pay dəyəri ödənilmiş, müqavilələrdən biri İddiaçı əri X25 tərəfindən imzalanmış, İddiaçı adına olan müqavilə isə onun tərəfindən sonradan imzalanmışdır. Bununla da məhkəmə hesab etmişdir ki, İddiaçı müqaviləni sonradan imza etməsi onun əqddə olan iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz. Halbuki, ən əsas məqam elə burdadır. Niyə İddiaçı ilkin sənədlərdə mənzilin alınmasında şəxsən iştirak etdiyini, mənzilin dəyərinin özü tərəfindən ödənildiyini bildirirdi, niyə bunu gizlədirdi? Çünki əmin idi ki, bu əqdin etibarsızlığına gətirib çıxarda bilər. X37 Tağıyev tərəfindən alınmış mənzildə təmirə icazə verir, digər mənzilə, hansının müqaviləsi Kooperativdə yoxdur, təmirə icazə vermir. Çünki mübahisəli mənzilə bir sahibi tanıyır, o da Elxan Peysaxovdur.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanımışdır.

42. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli, 4/1362-5/1123 nömrəli rəyinə görə hər iki müqavilə Cavabdeh MMC-nin direktoru olmuş X34 tərəfindən imzalanmışdır. 28 yanvar 2009-cu il tarixdə İddiaçı əri X25 Cavabdeh MMC-nin sabiq direktoru X16 ilə 2 mənzilin alğısatqısına dair razılıq əldə etmiş, eyni gün iki müqavilə tərtib edilmişdir - 28 yanvar 2009-cu il tarixli 28/B saylı müqavilə (həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 157,6 kv metrdən ibarət olan 3 otaqlı yaşayış sahəsi-mənzili X13 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İkinci müqavilə - 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə (həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 4 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv metrdən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzili 81 200 ABŞ dolları müqabilində İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hər iki mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Lakin cavabdeh mənzilin təhvil verilməsini öhdəlik olaraq üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Fuad Tağıyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etdikdən sonra həmin mənzil ona təhvil verilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hüseynov Adilağanın təqdim etdiyi müvafiq sənədlər əsasında Fuad Tağıyevin adına tərtib olunmuş müqavilənin predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı müqaviləsinin əsli təqdim edilmədiyinə görə onun adına tərtib olunmuş müqavilənin predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müqavilə bağlanan zaman, yəni 28 yanvar 2009-cu il tarixdə ölkə hüdudlarından kənarda olmuşdur. İşin bu halı iddiaçı tərəfindən təkzib edilməmiş və əlavə sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Fuad Tağıyev Azərbaycanın Almaniyadakı diasporanın sədr müavini olduğu üçün həmin dövrdə onlar Almaniyada yaşamış, müqavilə tərtib edilmiş tarixdə onun dəyəri əri tərəfindən ödənilsə də, İddiaçı müqaviləni Azərbaycan Respublikasına qayıtdıqdan sonra imzalamışdır. Həmçinin mübahisənin predmeti olan mənzillə bağlı iş materiallarında olan müqaviləni eyni tarixdə tərtib edilmiş və imzalanmış 28 yanvar 2009-cu il tarixli 28/B saylı müqavilə ilə müqayisə etdikdə görünür ki, müqavilələr eyni forma və məzmunda tərtib edilmişdir. İş materiallarında olan X21 ilə cavabdeh "Sahil-D Kompani” MMC arasında 08 yanvar 2014cü il tarixdə 345 saylı müqavilə forma və məzmununa görə fəqrli tərtib edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Fuad Tağıyev tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etməsi də mübahisəli mənzillə bağlı müqavilənin daha əvvəl tərtib edilməsinə dəlalət edir. Belə olan halda cavabdeh "Sahil-D Kompani” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv metrdən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlandıqdan sonra həmin mənzillə bağlı sahiblik və istifadə hüquqları İddiaçı məxsus olduğu halda eyni mənzillə bağlı X21 ilə 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilənin bağlanması qanunsuz olmaqla həmin müqaviləni əhəmiyyətsizliyinə əsas olmuşdur. Tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, cavabdeh "Sahil-D Kompani” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə, 08 yanvar 2014-cü il tarixdə isə X21 arasında müqavilə bağlansa da, mübahisəli mənzil tərəflərin heç birinə təhvil verilməmişdir. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, yəni İddiaçıdır.

43. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə, yəni Cavabdeh MMC ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilənin İddiaçı müqavilə bağlandığı zaman ölkə hüdudlarından kənarda olması səbəbilə etibarsız hesab edilməsinə münasibətdə apellyasiya məhkəməsi vurğulamışdır ki, müqavilə bağlanan tarixdə, yəni 28 yanvar 2009-cu il tarixdə İddiaçı ölkə hüdudlarından kənarda olsa da belə, tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Fuad Tağıyev tərəfindən eyni tarixdə cavabdeh "Sahil-D Kompani” MMC tərəfindən inşa edilmiş binada 2 mənzil alınmış, hər iki mənzilin pay dəyəri ödənilmiş, müqavilələrdən biri İddiaçı əri X25 tərəfindən imzalanmış, İddiaçı adına olan müqavilə isə onun tərəfindən sonradan imzalanmışdır. İddiaçı müqaviləni sonradan imza etməsi onun əqddə olan iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh "Sahil-D Kompani” mMc ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilə qüvvədə olduğu halda, X12 eyni mənzilə dair bağlanmış əqd özü-özlüyündə əhəmiyyətsizdir.

44. Qarşılıqlı iddia tələbi ilə bağlı apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşdığını vurğulamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 157.4, 337, 339.1, 339.2, 339.3, 385.1, 389.1, 390, 390.5, 404.1, 405, 452 və 752.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 372.6, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan X21 kassasiya şikayəti verərək onun ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlığı baxımından ən əsas şərtin şübhəsiz olaraq iradə ifadəsi olmasını, İddiaçı müqavilə bağlandığı zaman ölkədə olmamasının hər hansı müqavilənin bağlanmasını istisna etməsini diqqətdən qaçırmış, həmçinin nəzərə almamışdır ki, mübahisəli mənzil iddiaçıya müqavilənin əsli MMC-də olmadığına, özləri tərəfindən də təqdim edilə bilmədiyinə, iddiaçının adının binanın sakinlərinin siyahısında olmadığına görə təhvil verilməmişdir. İddiaçı MMC-nin təsisçilərindən biri olan Sahib İbrahimovun qohumudur, 28 yanvar 2009cu il tarixli müqavilə Sahib İbrahimov tərəfindən saxta tərtib edilmişdir. Apellyasiya məhkəməsi onun tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş, MMC ilə bağlanmış 16 aprel 2016-cı il tarixli qarşılıqlı münasibətləri tənzimləyən müqaviləyə görə mənzilin ona təhvil verilməsini nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

49. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

49.1. İlk növbədə qeyd olunmalıdır ki, ilkin iddia ərizəsi İddiaçı tərəfindən imzalansa da, həmin şəxs heç bir məhkəmə instansiyasında iştirak etməmiş, onun maraqlarını məhkəmələrdə etibarnamə (order) əsasında nümayəndə (vəkil) qismində Vəkil1 təmsil etmişdir. Eyni zamanda ilkin iddiaçının adından verilmiş və məhkəmələrin mahiyyəti üzrə baxdığı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə də nümayəndə qismində Vəkil1 tərəfindən imzalanmışdır. Sonuncu, 07 iyun 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “mübahisəli binada mənzillərin satışı ilə bağlı 6- 7 ildir Korrupsiya idarəsində istintaq gedir və tək orda Viktoriya zərərçəkən şəxs kimi tanınmamışdır. Orada təxminən 60-70 nəfər zərərçəkmiş var. O cümlədən Elxan Peysaxov 2018-ci ildə artıq zərərçəkən şəxs kimi tanınmış, bildiyinə görə Elxana 20.000 manat təklif olunmuşdur. O, vaxtilə Elxanın da vəkili olmuşdur və ona demişdir ki, "sən bu məbləği qəbul etmə Korrupsiya İdarəsində iş yekunlaşandan sonra vurulmuş zərərlə bağlı müraciət edə bilərsən”. Onlar həmin ərəfədə Elxan müəllim üçün 4 dənə ev almışlar”. Qeyd olunan izahatın məzmunundan görünür ki, Vəkil1 əvvəllər iş üzrə cavabdeh və qarşılıqlı iddiaçı olan, ilkin iddiaçı ilə eyni mənzilə iddia edən cavabdeh X15 hüquqi yardım göstərmişdir. Vəkil1 ilkin iddiaçını müdafiə edərkən digər dəlillərlə yanaşı, cavabdeh X15 hüquqi yardım göstərərkən əldə etdiyi məlumatlardan ona qarşı istifadə etmişdir. Halbuki MPM-in 71.3-cü maddəsinə müvafiq olaraq şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə nümayəndə ola bilməz. Nəzərə alınmalıdır ki, MPM-in 71.5-ci maddəsinə əsasən yuxarıda istinad olunan hal nümayəndəyə etiraz əsası kimi nəzərdə tutulsa da, prosessual qanunvericilik ümumiyyətlə belə şəxslərin nümayəndə kimi mülki işə baxılmasında iştirakını istisna etdiyi üçün etirazın verilib-verilməməsindən asılı olmayaraq həmin halların məhkəməyə məlum olduğu andan məhkəmə tərəfindən xidməti vəzifəsinə görə MPM-in 71-ci maddəsinin tələbləri təmin edilməlidir. Lakin baxılan iş üzrə Vəkil1 qanunla birbaşa qadağan edildiyi halda ilkin iddiaçını birinci və apellyasiya instansiyası məhkəməsində təmsil etmiş, ona hüquqi yardım göstərmiş və məhkəmələr işə məhz həmin şəxs tərəfindən imzalanmış iddia ərizəsi (dəqiqləşdirilmiş ərizə), o cümlədən, verdiyi izahatlar və vəsatətlər əsasında baxmışdır. MPM-in 387.2.8-ci maddəsinə əsasən iddianın (yaxud onun bir hissəsinin) baxılmamış saxlanılması üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar (o cümlədən ərizənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması) olduğu halda məhkəmənin işə mahiyyəti üzrə baxması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Eyni hal MPM-in 418.4.10-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. 49.2. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ilkin iddiaçı tərəfindən mübahisəli mənzilin ona məxsus olması barədə sübut qismində məhkəməyə cavabdeh "Sahil-D Kompani” MMC ilə bağladığı müqavilənin və maliyyə arayışının notariat qaydada təsdiq olunmuş surəti təqdim edilmişdir. İddiaçı ilkin ərizəsində xx.xx.2009-cu il tarixdə cavabdeh MMC ilə müqavilə bağlayaraq və pulunu ödəyərək mənzili əldə etdiyini bildirmişdir. 49.3. Cavabdehlər iddianı qəbul etməmiş, hər iki cavabdeh iddiaçının həmin tarixdə müqavilə bağlamadığını, o cümlədən iddiaçı tərəfindən imzalanmadığını, həmin müqavilənin əhəmiyyətsiz olduğunu (ümumiyyətlə mövcud olmadığını) bildirmişlər. 49.4. Cavabdeh X21 isə qarşılıqlı iddia ərizəsində mübahisəli mənzilin ona təhvil verilməsi ilə yanaşı, ilkin iddiaçı ilə bağlanmış müqavilənin etibarsızlığının təsbit olunmasını tələb etmişdir. 49.5. İşlər bir icraatda birləşdirilənədək qarşılıqlı iddia ərizəsi üzrə işə baxmış birinci instansiya məhkəməsi İddiaçı tərəfindən təqdim olunan müqavilədəki imzanın onun özü tərəfindən icra edilib-edilmədiyi barədə ekspertiza təyin etmiş, lakin sənədlərin əsli təqdim olunmadığına görə ekspertiza keçrilməsindən imtina olunmuşdur. 49.6. Birinci instansiya məhkəməsi iş üzrə icraatı təzələmiş və yenidən fərqli suallarla ekspertiza təyin edərək, ekspert qarşısında həmin müqavilədəki və ona dair maliyyə arayışındakı MMC-nin rəhbərinin imzasının və möhürün işə əlavə edilmiş sənədlər əsasında eynilik təşkil etdiyi və yaxud oxşar olduğu barədə sual qoymuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətdə ekspertizanın keçirilməsi üçün digər materiallarla yanaşı, müqavilələrin və maliyyə arayışlarının əsilləri tələb edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi ekspertiza qarşısında qoyulmuş suallar üzrə mötəbər ekspert rəyinin əldə edilməsi üçün MPM-in 77.1-ci maddəsində müəyyən edilmiş sübutetmə qaydalarına uyğun olaraq müvafiq sübutların əsillərinin təqdim olunması vəzifəsini tərəflərin üzərinə qoymadan, habelə zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməmənin hüquqi nəticələrini tənzimləyən MPM-in 97.5-ci maddəsinin mübahisəyə tətbiq olunması məsələsini müzakirə etmədən, təyin edilmiş ekspertizanın iş materialları (o cümlədən təqdim edilmiş kserosurətlər) əsasında aparılması barədə göstəriş vermişdir. Bundan sonra ekspert tərəfindən iş materiallarında mövcud olan müqavilə və maliyyə arayışlarının kserosurətləri əsasında yalnız həmin sənədlərdə əks olunmuş imzaların müqayisəli tədqiqatı aparılmış, həmçinin müqavilə və maliyyə arayışlarının, o cümlədən möhür əksinin sərbəst əks nümunələri təqdim edilmədiyindən müqavilə və maliyyə arayışlarında vurulmuş möhür əksəri üzrə tədqiqat aparılmamış, bununla bağlı ekspertiza qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Buna baxmayaraq, məhkəmə təyin etdiyi qərardadla ekspertiza qarşısında qoyulmuş sualların cavablandırılması üçün prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə etmədən (ekspertiza tədqiqatı üçün zəruri olan materialları təqdim etməyi tərəflərə təklif etmədən, əlavə və ya təkrar ekspertiza təyin etmədən) işə baxılmasını davam etdirmişdir. İşə baxılmasının sonrakı mərhələlərində də ilkin iddiaçı ilə bağlandığı iddia olunan müqavilə və həmin müqavilə ilə bağlı maliyyə arayışının əsli məhkəməyə təqdim edilməmişdir. 49.7. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, MPM-ə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti mülki işə baxılarkən təqdim edilə və mötəbər sübut kimi qəbul oluna bilər (maddə 89.3). Lakin MPM-in 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda məhkəmə işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədlərinə nail olmaq üçün yazılı sübutların əslini tərəflərdən tələb edə bilər. Məhkəmənin bu cür tələbinin təmin olunmamasının hüquqi nəticələri isə MPM-in 106.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Baxılan iş üzrə iddiaçının notariat qaydasında təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etdiyi müqavilə və maliyyə arayışının etibarlı (yaxud ümumiyyətlə mövcud) olubolmadığı cavabdehlər tərəfindən mübahisələndirildiyi, habelə məhkəmənin təyin etdiyi ekspertiza üzrə obyektiv tədqiqatın aparılması üçün zəruri olmasına baxmayaraq məhkəmə tərəfindən həmin sənədlərin əslinin təqdim olunması iddiaçı tərəfə təklif edilməmişdir. Halbuki ilkin iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, "Sahil-D Kompani” MMC-yə mənzilin təhvil verilməsi üçün müraciət etmiş, lakin təqdim etdiyi sənədin müqavilənin surəti olduğuna istinad olunaraq, mənzilin ona təhvil verilməsindən imtina edilmiş, müqavilənin əsli tələb edilmiş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 49.8. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının pozulması ilə ilkin iddiaçının müqaviləsinin etibarlı olduğu qənaətinə gəlməklə yanaşı, eyni mənzilə dair cavabdeh X12 bağlanmış müqaviləni yalnız sonrakı tarixdə bağlanması əsası ilə etibarsız (əhəmiyyətsiz) hesab etmişdir. Halbuki, mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alqı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Belə bir yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan da irəli gəlir. Həmin maddəyə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Həmçinin nəzərə alınmalıdır ki, eyni fərdi müəyyən əşyanın verilməsinə dair digər etibarlı müqavilələr də hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır.

Təkrar apellyasiya baxışı, izahatlar

50. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən X10 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir.

51. Təkrar apellyasiya baxışı zamanı, kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlar əsas götürülərək İddiaçı nümayəndəsi (vəkili) qismində əvvəlki məhkəmə poseslərində iştirak edən Vəkil1 prosesdən kənarlaşdırılmış, eyni zamanda iddiaçı özü məhkəmə iclasına dəvət olunaraq onun, adı çəkilən nümayəndə tərəfindən imzalanmış iddia ərizəsinə əlavəyə münasibəti aydınlaşdırılmışdır.

52. İddiaçı nümayəndəsi (vəkili) qismində Vəkil1 tərəfindən imzalanmış və məzmunu məhkəmə kollegiyası tərəfindən ona izah edilən iddia ərizəsinə əlavəni bəyəndiyini, həmin ərizədə əks olunan tələbin bilavasitə özünün iradə ifadəsi olduğunu bildirmişdir.

53. Təkrar apellyasiya baxışı zamanı istinad etdiyi müqavilənin və maliyyə arayışının əsillərinin təqdim olunması İddiaçı təklif olunmuş, həmin sənədlər məhkəmə kollegiyasına təqdim edilmişdir.

54. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

55. İşə baxılmasının vaxtı (yeri) barədə dəfələrlə məlumatlandırılmış Cavabdeh MMC nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

56. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

57. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

58. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

59. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

60. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

61. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

62. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

63. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

64. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

65. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

66. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

67. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

68. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

69. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

70. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

71. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

72. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

73. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.

74. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

75. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

76. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

77. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

78. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

79. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

80. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

81. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

82. Maddə 71.3. Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz.

83. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

84. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

85. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

86. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

87. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

88. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

89. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.

90. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

91. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

92. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

93. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

94. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

95. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarı

96. Bənd 6.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə, şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizədə və işdə olan digər sənədlərdə məhkəməyə müraciət edən şəxsin imzasının fərqli olması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir.

97. Bənd 6.2. Ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Məhkəmələrə izah edilir ki, qanunda nəzərdə tutulmuş hallardan başqa şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizələrinə əsasən iş başlanıldıqda həmin şəxslərin ərizələri MPMnin 259.0.3 maddəsi qaydasında baxılmamış saxlanıla bilməz.

98. Bənd 6.3. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. Apellyasiya baxışının həddi

99. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

100. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

101. Hazırki apellyasiya baxışının həddini qətnamənin Elxan Peysaxovun iddia tələbinin təmin olunmaması ilə bağlı, habelə İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İddiaçı şikayət vermədiyindən qətnamə onun iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

102. Hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

103. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

104. Kollegiya işin hallarına bu kontekstdə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbləri üzrə düzgün nəticəyə gəlmişdir və həmin nəticə ilə razılaşmamaq üçün əsaslar yoxdur.

105. İlk növbədə qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan mövqeyə uyğun olaraq iddiaçının məhkəmə iclasında iştirakı təmin olunmuş və onun adından verilmiş iddia tələblərinə özünün münasibəti aydınlaşdırılmışdır.

106. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı nümayəndəsi (vəkili) qismində Vəkil1 tərəfindən imzalanmış iddia ərizəsinə əlavəni bəyəndiyini, həmin ərizədə əks olunan tələbin bilavasitə özünün iradə ifadəsi olduğunu bildirmişdir.

107. Belə olan halda, İddiaçı iddia ərizəsinin (yaxud onun bir hissəsinin) baxılmamış saxlanılması üçün əsas mövcud deyildir (§ 98).

108. Həmçinin qeyd olunmalıdır təkrar apellyasiya baxışı zamanı İddiaçı istinad etdiyi müqavilənin və maliyyə arayışının əsilləri məhkəməyə təqdim edilmişdir.

109. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

110. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 60) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

111. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

112. Birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə podrat müqaviləsi kimi qiymətləndirilməlidir.

113. Elxan Peysaxovun istinad etdiyi müqaviləyə də podrat müqaviləsi kimi baxılmalıdır.

114. Kollegiya hesab edir ki, Elxan Pesaxovun mübahisələndirdiyi müqavilənin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır.

115. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.

116. Belə yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir – hansı ki, həmin normanın mənasına görə, fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.

117. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (§ 73) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (§ 75, 78) hüquqları vardır.

118. Hazırki işdə müəyyən olunan odur ki, mübahisəsi gedən mənzillə bağlı Elxan Peysaxovdan əvvəl İddiaçı ilə müqavilə bağlanmış, mənzil onların heç birinə təhvil verilməmiş, İddiaçı mənzilə dair daha əvvəl iddia irəli sürmüşdür.

119. Başqa sözlə, MMC-nin mənzillə bağlı öhdəliyi daha əvvəl İddiaçı xeyrinə əmələ gəlmişdir, beləliklə də üstünlük məhz ona aiddir.

120. Kollegiya birinci instansiya məhkəməsinin o qənaətini də əsaslı hesab edir ki, mübahisəsi gedən mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə müqavilə bağlandığı zaman İddiaçı ölkə hüdudlarından kənarda olması müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Belə ki, İddiaçı müqaviləni sonradan imzalaması onun iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz.

121. Xüsusilə qeyd olunmalıdır ki, müqavilə İddiaçı tərəfindən qəbul edilməkdədir (bəyənilməkdədir) və bu hal, müqavilənin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (§ 68).

122. Bu kontekstdə kollegiya, İddiaçı istinad etdiyi müqavilədəki imzanın ona məxsusluğunun yoxlanılması üçün ekspertiza keçirilməsinə də zərurət görmür.

123. Sözügedən müqavilənin bağlanmasından sonra həyata keçirilən hərəkətlər, eləcə də 2013-cü ildə MMC-də aparılan auditin nəticəsi üzrə tərtib olunmuş xx.xx.2013-cü il tarixli aktda 51 saylı mənzilin satıldığı şəxs olaraq “X31”in göstərilməsi də həmin müqavilənin bağlandığına dəlalət edir.

124. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Elxan Peysaxovun iddia tələbləri üzrə gəldiyi nəticəni “Cavabdeh MMC ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilə qüvvədə olduğu halda, X12 eyni mənzilə dair bağlanmış əqd özü-özlüyündə əhəmiyyətsizdir” qənaəti ilə əsaslandırmaqla nəticəsinin işin faktiki hallarına uyğun gəlməməsinə yol açmışdır.

125. Belə ki, yuxarıda vurğulandığı kimi, fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.

126. Buna görə də Elxan Peysaxovun Cavabdeh MMC ilə bağladığı müqavilə göstərilən əsasla etibarsız müqavilə kimi qiymətləndirilə bilməz və o, həmin müqaviləyə istinadla ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh MMC-dən tələb etmək imkanına sahibdir.

127. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, Elxan Peysaxovun apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi X10 iddia tələblərinin rədd olunması ilə bağlı hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq müvafiq iddia tələbləri təmin olunmamalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

128. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi məhkəmə xərcinə dair məsələ də həllini tapmalı, iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunmalı, ekspertiza tədqiqatının dəyəri olan 124 manat Cavabdeh MMC-dən alınıb müvafiq hesaba köçürülməlidir.

129. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin, yaxud apellyasiya dəlilinin olub-olmamasına bağlı deyildir.

130. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

X10 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-475/2023 saylı iş üzrə 09 iyun 2023-cü il tarixli qətnaməsi X10 iddia tələblərinin rədd olunması ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. X10 iddia tələbləri təmin olunmasın. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni “28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) İddiaçı verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması, ünvan 3 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv.metr olan 2 otaqlı mənzilin İddiaçı sahibliyinə (mülkiyyətinə) təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat Cavabdeh MMCdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X5, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar