Məhkəmə qərarları › İş №2(103)-2425/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2425/2024

15.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2425/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1847/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi Cavabdeh qarşı birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətdə olan yataqxana binasındakı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1847/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadı ilə Cavabdeh mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə qənaətində göstərib ki, hazırkı iddia tələbi birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətdə olan yataqxana binasındakı (*ünvan 1 ünvanında yerləşən) mənzildən çıxarılma ilə bağlıdır. Belə olan halda mübahisə Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin təsir dairəsinə düşür və işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilir ki, hazırkı iddia tələbi məhz mülkiyyətçinin mülkiyyət hüququndan məhrum edilməklə öz evindən çıxarılması barəsindədir. Odur ki, iddia tələbi üzrə mübahisə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə açıq-aşkar uyğun deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1847/2024 saylı, 04 mart 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin necə və hansı hissələrdən ibarət olması bəllidir və bu cür iddia tələbinin irəli sürülməsi iddiaçının seçimi olub. Bu tələbin mahiyyəti Cavabdeh və həmin mənzildə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmaları ilə bağlıdır. Birinci instansiya məhkəməsi mövqeyini qərardadda göstərib və nəyə görə bu qənaətə gəldiyini də əsaslandırıb. Ancaq cavabdeh bununla razılaşmır və şikayətində bunun səbəblərini geniş və ətraflı göstərir. Cavabdehin şikayətində göstərdikləri açıq-aşkar əsassız görünməyə bilər. Lakin bu dəlillər də qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının yekun olaraq cavabdehdən tələb etdiyi qəzalı vəziyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 17.8 kv. metr olan bir otaqdan ibarət 17a saylı mənzilə görə cavabdehə 30000(otuz min) manat birdəfəlik yardım ödənilməklə mənzildən çıxarılma ilə bağlı olması işin mübahisəsiz halıdır. Buna görə də iddia tələbi üzrə mülki işə müstəsna aidiyyət qaydalarına uyğun daşınmaz əşyanın yerləşdiyi ərazidə baxılmalıdır. Çünki, mülki işə ərazi aidiyyəti üzrə baxılmasında müstəsna aidiyyət qaydaları tətbiq olunduğundan cavabdehin qeydiyyat ünvanının əhəmiyyəti yoxdur. Tutaq ki, müstəsna aidiyyət qaydaları tətbiq olunmur, ancaq hazırki iddia üzrə cavabdehin qeydə alındığı yer Qazax rayonu ərazisindədir, onda iddia ərazi aidiyyəti qaydalarına görə Qazax Rayon Məhkəməsinə verilməli idi. Demək işə həmin daşınmaz əşyanın yerləşdiyi ərazidə deyil, Qazax Rayon Məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı qəzalı mənzil ilə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin yerində baxış keçirməsi, ekspertiza təyin edilərsə, Bakı şəhərində yaxud digər şəhər və rayonlarda fəaliyyət göstərən ekspertin(mütəxəssisin) yaxud qiymətləndiricinin apardığı tədqiqatla əlaqədar məhkəmədə dindirilməsi və.s. zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman cavabdehin qeydə alındığı üvanının olduğu, Qazax Rayon Məhkəməsinin hakiminin Bakı şəhəri Binəqədi rayonu ərazisinə gəlməsində, Bakı şəhərində yaxud digər rayon və şəhərlərdə fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin isə Qazax Rayon Məhkəməsinə dəvət olunmasında istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxa bilər ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yarada bilər. Deməli, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin məqsədləri xaricində tətbiq edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etməyəcək və nəticə etibarı ilə həqiqətin müəyyən edilməsi və ədalətin təmin olunması əsassız hallara görə uzanacaq ki, bu da işdə iştirak edən şəxslərdə haqlı narazılıq yaranması ilə nəticələnə bilər. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilməli və baxılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, hazırki mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində deyil, Binəqədi Rayon Məhkəməsində baxılmalı olması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Çünki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbi bu cür iddialar üzrə imperativ hesab olunur. Şərh olunanlara əsasən, şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1847/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1847/2024 saylı, 27 fevral 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar