Məhkəmə qərarları › İş №2(103)-2425/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2425/2025

21.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2425/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Hacıyeva (Namazova) Safurə Maksim qızına qarşı mülki iş üzrə Açar sözlər: yaşayış sahəsinə köçürmə və yaşayış sahəsindən çıxarılma X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Hacıyeva (Namazova) Safurə Maksim qızına qarşı “yaşayış sahəsinə köçürmə və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-835/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı fərdi yaşayış evinin ¼ hissəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra iddiaçı) adına qeydiyyata alınmışdır. Hacıyeva (Namazova) Safura Maksim qızı (bundan sonra cavabdeh) idiaçının oğlu X7 arvadıdır və həmin evdə yaşayır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Hacıyeva (Namazova) Safurə Maksim qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sıra, 12 saylı evin geri qaytarılması, cavabdehin evdən çıxarılması və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, cavabdeh onun oğlu ilə faktiki nikah münasibətlərinə girdikdən sonra onun evinə yerləşmişdir. O, cavabdehi mübahisəli fərdi yaşayış evinə pasport qeydiyyatına salmamışdır. Cavabdeh onu mülkiyyətində olan evdən qovmuşdur. Hazırda o, Xətai rayonu, NZS qəsəbəsində qardaşının evində yaşayır. Cavabdeh ona məxsus olan evə onu buraxmır. Polis orqanlarına şikayət versə də, nəticəsi olmamışdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 835/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X8)

5. Məhkəmə iddianın təmin edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfin özünə məxsus fərdi yaşayış evindən çıxarılması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Belə olan halda da, iddia tələbi iddiaçının özünə məxsus fərdi yaşayış evinə köçürülməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

6. Məhkəmə iddianın cavabdehin fərdi yaşayış evindən çıxarılması hissəsində hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin başqa yaşayış yerinin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Hazırda isə iddiaçı tərəfindən cavabdehə müvafiq kompensasiya təklif olunmamışdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci, 152-ci, 157-ci, 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-5-ci, 14.2-ci, 77.1-ci, 78-ci, 80-cı, 106-cı, 119-cu, 217-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin onun evində yaşaması üçün onun hər hansı bir rəsmi razılığı olmamışdır. Məhkəmə qətnamənin təsviri hissəsində cavabdehi onun ailə üzvü kimi qələmə vermiş, eyni zamanda cavabdehin oğlu ilə 2013-cü il tarixdən rəsmi nikahda olduğunu qeyd etmişdir. Lakin məhkəmə rəsmi nikahı təsdiqləyən hər hansı bir sənədə istinad etməmişdir. Bu isə cavabdehin oğlu ilə nikahının olmadığı deməkdir. Cavabdehin mübahisəli evdə pasport qeydiyyatı yoxdur. Bu səbəbdən də cavabdehin mənzildən çıxarılması üçün kompensasiya ödənilməsi qanuna uyğun deyildir. Məhkəmə işə baxarkən onun yaşayış sahəsinin mülkiyyətçisi olmağını nəzərə almamışdır. Məhkəmə qətnaməsinin təsviri hissəsində mülkiyyətçiyə aid olan hüquq normaları qeyd edilsə də, məhkəmə “qət etdi” hissəsində bunları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə oğlu arasında nikah 2013-cü ildə bağlanmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh Hacıyeva (Namazova) Safurə Maksim qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, bu sahəni tənzimləyən hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamənin yoxlanılan hissəsində göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə də təmin edilməlidir.

22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, cavabdeh iddiaçının oğlunun arvadıdır (gəlinidir). Cavabdehin iddiaçının oğlu ilə rəsmi nikah münasibətlərini təsdiqləyən hər hansı sənəd iş materiallarında olmasa da, “Elektron” məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən cavabdehin iddiaçının oğlu ilə rəsmi nikaha daxil olması öz təsdiqini tapır. Mübahisə predmetini təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sıra, 12 saylı fərdi yaşayış evinin ¼ hissəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Evin qalan ¾ hissəsi eyni tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 mülkiyyəti kimi qeydə alınmışdır. Cavabdeh hazırda iddiaçıya məxsus olan (1/4 hissədə) fərdi yaşayış evində yaşayır.

23. Hazırda iddiaçı cavabdeh tərəfindən yaradılan maneə nəticəsində mülkiyyətində olan mübahisəli evdə yaşaya bilmədiyini bildirir və evə köçürülməsini, evin geri qaytarılmaqla cavabdehin evdən çıxarılmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, həmin evdə əri ilə birlikdə yaşayır və onsuz evdən çıxa bilmədiyini bildirir.

24. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə hüquqi qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehin mübahisəli yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir və bununla bağlı qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi üzərində mülkiyyət hüququ 2010-cu ildə yaranmış, cavabdeh isə iddiaçının oğlu ilə 2013-cü ildə nikaha daxil olmuşdur. Bu səbəbdən mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

25. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti, o cümlədən yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli Qərarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” və “digər qohumlar” prizmasından yanaşılır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində şəxsin mülkiyyətçinin “ailə üzvü” hesab edilməsi üçün onun mülkiyyətçinin əri (arvadı), uşaqları və ya valideynləri olması və onunla birlikdə yaşaması tələb olunur. Həmin maddənin 2-ci cümləsində təsbit edilmiş “digər qohumlar” ifadəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin Fəsildə isə ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhdəlikərinin əsasları müəyyən edilir.

26. Bununla belə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə cavabdeh iddiaçının oğlunun arvadı olaraq onun “ailə üzvü” və “digər qohumu” hesab edilən şəxslərin dairəsinə daxil deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, xeyli müddətdir yaşamasına baxmayaraq, iddiaçının mübahisəli mənzildən ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Cavabdehin iddiaçının oğlunun arvadı olması da bu hüquqi vəziyyəti dəyişmiş olmur.

27. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdeh hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalıdır.

28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sahə onun paylı mülkiyyətindədir. Belə ki, artıq müəyyən edildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı evin ¼ hissəsi iddiaçının, ¾ hissəsi isə X5 mülkiyyətindərir. Lakin bu payların texniki baxımından biri birinə aid olması (iç-içə, bir giriş və sair) müəyyən edilmir. Onların biri-birindən tam təcrid olunmasını istisna edən hər hansı hal mövcud deyil. Cavabdeh məhz iddiaçının paylı mülkiyyətində olan sahədə yaşıyır. Bu səbəbdən məhkəmə kollegiyası hazırki mübahisənin X6 maraqlarına toxunmadığı qənaətinə gələrək, onu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməmişdir. Hüquqi nəticə etibarı cavabdeh məhz iddiaçının paylı mülkiyyətində olan yaşayış sahəsindən çıxarılır.

29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması hüquqi nəticə etibarı ilə bu əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması anlamına gəlir, yəni məhz bunu özündə ehtiva edir. Bu səbəbdən məhkəmə kollegiyası həmin hissəyə ayrıca münasibət bildirilməsinə hüquqi zərurət görmür və hesab edir ki, həmin hissə hüquqi nəticə etibarı ilə iddia tələbinin yoxlanılan ilk hissəsinin tərkibinə daxildir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilməli, cavabdeh Hacıyeva (Namazova) Safurə Maksim qızı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı fərdi yaşayış evindən (¼ hissədən) çıxarılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-835/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın və iddia həmin hissədə təmin edilsin. Cavabdeh Hacıyeva (Namazova) Safurə Maksim qızı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 12-ci sırada yerləşən 12 saylı fərdi yaşayış evindən (¼ hissədən) çıxarılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar