Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2426/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 29 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Abonent İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yaşayış massivi ünvanında yerləşən evin çöl divarında quraşdırılmış sayğaca həmin tarixdə baxış keçirilmiş və EEİQ-na uyğun olaraq sayğaca baxış keçirən zaman sayğacın giriş xəttinin izolyasiyası zədələnərək kənar xətt qoşulmuşdur və kənar xətdən istifadə olunduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”dən görünür ki, xx.xx.2022-ci il tarixli akt əsasında abonentə 706,7 manat məbləğində borc hesablanmışdır. 5203,43 manat sayğacın oxunması üzrə və aktlar üzrə 1711,63 manat akt üzrə hesablanmış məbləğdən 5171 manat ödəmələr aparılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli 029396 nömrəli aktın ləğvi və akt əsasında tətbiq edilmiş əsassız borca görə cəmi 2234,46 manat məbləğində pul vəsaitinin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə onun iştirakı olmadan və hal şahidlərinin iştirakı təmin edilmədən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Yaşayış massivi ünvanında yoxlama aparılmış və 029396 №-li akt yazılmışdır. "xxxx" ASC-nin əməkdaşları olan H.Kazımov, A.Hacıəhmədov, T.Nəsirov, A.Verdiyev tərtib etdiyi xx.xx.2022 ci il tarixli 29396№-li saylı akta əsasən həmin ünvanda sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın giriş xəttinin izolyasiyası zədələnərək kənar xətt qoşulması göstərilmişdir. Bu akt əsasında hesab koduna 11,0 kvts dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, "xxxx" ASC-nin əməkdaşlarının yazdığı akt və cərimə əsassızdır. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Yaşayış massivi ünvanında sayğacdan kənar xətt mövcud olmamışdır. Bundan başqa, qəbzlərdən göründüyü kimi tərəfindən hər ay ödəniş olunaraq elektrik enerjisi istifadə edilmiş və istifadə olunan enerjinin məbləği vaxtında "xxxx" ASC-nin hesabına ödənilmişdir. Aktın ləğvi və cərimənin silinməsi ilə bağlı tərəfindən "xxxx" ASC-yə yazılı müraciət edilmişdir. Lakin "xxxx" ASC tərəfindən onun hesab koduna əsassız yazılmış 2234,46 manat cərimə silinməmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5071/22 saylı iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, elektrik sayğacının, üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş elektrik sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 2234,46 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları nın 7.11, «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, abonentin yaşadığı mənzilə xx.xx.2020-ci il tarixdə sayğac quraşdırılan zaman 2022,24 manat borcu olmuş və illər üzrə müvafiq ödənişlər apardıqdan sonra iddia verdiyi müddətə qədər onun 1753,46 manat qalıq borcu yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 10.Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 12.Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
«Elektrik enerjisindən istifadə Qaydaları» 13.Maddə 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşıma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.
Apellyasiya baxışının hədləri 14.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 15.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni xx.xx.2022-ci il tarixli aktın ləğv olunması ilə bağlı hissədə düzgün həll etsə də, silinməli borcun məbləğini düzgün müəyyən etməmişdir. 17.Belə ki, iddia tələbindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli aktın ləğv edilərək həmin akt əsasında hesablanmış borcun silinməsini tələb edir. 18.İddiaçı həmin akt əsasında 2234,46 manat məbləğində borcun hesablandığını iddia etmiş, məhkəmə də həmin məbləğin silinməsi barədə nəticəyə gəlmişdir. 19.Halbuki, iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında cəmi 706,7 manat borc hesablanmışdır. 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, 4.9-cu maddələrinə müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 21.Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 23.Yuxarıda qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, məhkəmə araşdırması mübahisələndirilən akt üzrə cəmi 706,7 manat borc hesablandığı müəyyən edildiyindən məhz həmin məbləğ iddiaçının abonent hesabından silinməlidir. 24.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 25.Məhkəmə kollegiyası izah edir ki, mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-in 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 26.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qətnaməsi 2234,46 manat borcun silinməsi hissəsində dəyişdirilsin. Silinməli olan məbləğ 706,7 (yeddi yüz altı manat yeddi qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndilən qalan hissədə dəyişdirilmədən saxlanılsın.