Məhkəmə qərarları › İş №2(103)-2426/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2426/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2426/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “daşınmaz əmlaka sahiblik və ondan istifadə faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: torpaq sahəsinə sahiblik və ondan istifadə faktının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “daşınmaz əmlaka sahiblik və ondan istifadə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-811/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, müraciəti ilə bağlı ona bildirilmişdir ki, ərizədə qeyd olunan 770 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hər hansı sənəd təqdim edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3558/2024 saylı qərarının surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3031/2024 saylı qərarının surətindən görünür ki, iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-3558/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən 817 saylı bağın arxiv cizgisinə münasibətdə, göstərilən ərazi 818 saylı bağ sahəsinin hər hansı bölünənlərinin ərazisinə uyğun gəlir. Bundan əlavə torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı, torpaq sahəsinin iddiaçıya məxsus digər sahələrlə ümumi hasar daxilində yerləşdiyi və ara sərhədlərinin şərti olduğu müəyyən edilmişdir. Həmçinin sözügedən ərazinin faktiki ölçüsünün 540 kv.m olduğu və həmin əraziyə giriş-çıxış yolunun digər sahələr üzərindən olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kv.metrlik bağ sahəsinə onun tərəfindən mülkiyyət hüququ üzrə sahiblik və ondan istifadə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçinin atası X6 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X6 valideynləri, habelə bacı-qardaşı ilə birlikdə Bakı şəhərində yerləşmiş mənzillə yanaşı yay aylarında 1953-cü ildən atasına, yəni ərizəçinin babasına məxsus olmuş Novxanı bağları adlandırılan ərazidə, 3,770 kv.m torpaq sahəsində yerləşən bağ evində də yaşamışdır. Bağın yerləşdiyi ərazi bir giriş-çıxışı olmaqla ümumi hasar daxilində şərti ara sərhədləri olan 3 sahədən ibarət olmuşdur. xx.xx.1993-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə ərizəçinin atası X6 arasında həmin bağın 2500.0 kv.metr sahəsinin icarəsi haqqında 1664 nömrəli müqavilə bağlanmışdır. Eyni zamanda yerdə qalan 2 sahənin də sənədləşmə işləri aparılmaqla həmin bağların yerləşdiyi 500 kv.metrlik və 770 kv.metrlik torpaq sahələrinə sahiblik etmişdir. Ərizəçinin atası X6 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bundan sonra həm icarə müqaviləsi ilə ayrılmış 2500.0 kv.metrlik sahəyə, həm də 2500.0 kv.metrlik sahəyə bitişik 770 kv.metrlik sahəyə sahibliyi ərizəçi davam etdirmişdir. Ərizəçi və X2 qanun üzrə digər vərəsələri – ərizəçinin anası X9 və ərizəçinin qardaşı X7 2500.0 kv.metrlik bağ sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müvafiq qaydada müraciət etmişlər. Nəticə etibarilə ərizəçinin atası mərhum X2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuş, Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu Novxanı kəndi, 225/816 saylı bağ sahəsinə hüququ çatan vərəsələrin tam dairəsi müəyyən edilmişdir. X1 və X7 öz paylarını Ərizəçi bağışlamış, bu xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış və Bakı şəhəri 19 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş miras payın bağışlanması müqaviləsi ilə rəsmiləşdirilmişdir. Qeyd edilən sənədlərin əsasında ərizəçi müvafiq qaydada müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 225/816 saylı bağın yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əldə etmişdir. Eyni zamanda bağ sahəsinin 500 kv.m sahəsi də ölçüsü dəqiq hesablanmaqla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 816B saylı bağın yerləşdiyi torpaq sahəsi xx.xx.2023-cü il tarixdə **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla ərizəçinin adına rəsmiləşdirilmişdir. Beləliklə, ərizəçinin atası X5 13 sentyabr 1993-cü il tarixli, 1664 nömrəli icarə müqaviləsi əsasında verilmiş 2500.0 kv.metrlik və 500 kv.metrlik bağ sahələri ərizəçinin xüsusi mülkiyyətinə keçmiş, 770 kv.metrlik sahənin hüquqmüəyyənedici sənədləri itdiyindən və aşkar edilmədiyindən faktik mülkiyyət hüququ ilə sahibliyi və ondan istifadəni davam etdirmişdir. Həmin sahə ilə bağlı hüquqmüəyyənedici sənədləri sonrakı tarixlərdə də aşkarlamaq mümkün olmamışdır. 13 sentyabr 2023-cü il tarixdə 770 kv.metrlik bağ sahəsinə faktik mülkiyyət hüququ ilə fasiləsiz və etirazsız sahibliyin 30 ili tamam olduğundan hazırkı iş üzrə Ərizəçi Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək Xidmətin 1 saylı Bakı Ərazi İdarəsindən həmin bağ sahəsi üzərində mülkiyyətçi hüququnun qeydə alınmasını xahiş etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinə çatmışdır. Ərizənin ünvana çatmasından təxminən 10 gün sonra Xidmətin əməkdaşı olaraq özünü təqdim etmiş mühəndis ərizəçi ilə əlaqə saxlamış, 770 kv.metrlik bağ sahəsinə baxış keçirərək ölçülər götürmüşdür. Lakin həmin sahə üzrə hüquqların rəsmiləşdirilməsindən hüquqmüəyyənedici sənədlər olmadığından imtina edilmişdir. Ərizəçi inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət edərək həmin 770 kv.metrlik bağ sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3558/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarı ilə iddia təmin edilməmişdir. İddianın təmin edilməməsinin əsas səbəbi iddia edilən bağ sahəsi üzərində hüquqmüəyyənedici sənədin təqdim edilməməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 178.6-cı maddəsinin müddəalarının 1 sentyabr 2000-ci ildən əvvəlki hüquq münasibətlərinə şamil olunmasının yolverilməzliyi olmuşdur. Qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3031/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi ərazisində yerləşən 770 kv. metrlik bağ sahəsi ərizəçinin atasının, onun ölümündən sonra isə ərizəçinin fasiləsiz və etirazsız sahibliyindədir və ondan istifadə olunur. Həmin ərazi daş hasarlarla əhatə olunduğundan qonşuluqda yerləşən digər bağ sahələri ilə heç bir bağlantısı olmamış, həmin ərazidə ağaclar əkilmiş, üzümlük salınmış və onlara davamlı qulluq edilmişdir. Bu illər ərzində heç bir fiziki və ya hüquqi şəxs, o cümlədən dövlət qurumu və ya bələdiyyə tərəfindən 770 kv.metrlik bağ sahəsinin ərizəçinin atasının və sonradan ərizəçinin sahibliyində olmasına etiraz etməmiş, onlara bununla bağlı heç bir yazılı və ya şifahi xəbərdarlıq edilməmiş, məhkəməyə müraciət olunmamış, həmin sahəyə başqa formada iddia irəli sürülməmişdir. Qeyd edilən 770 kv.metrlik bağ sahəsinin ərizəçinin atası və ərizəçinin özü tərəfindən sahibliyinə həmin əraziyə bitişik olan 2500.0 kv.metrlik və 500 kv.metrlik sahələrə xüsusi mülkiyyət hüququ əsasında sahibliyin edilməsi də dəlalət edir. Eyni zamanda qeyd edilən bağ sahəsinə sahibliyin edilməsinə və ondan istifadə edilməsinə ərizəçinin digər ailə üzvləri, qohumları, habelə bağ qonşuları da daxil olmaqla çoxsaylı şəxslər şahidlik etmişlər. Yuxarıda qeyd edilən inzibati icraat qaydasında məhkəmə araşdırması zamanı 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş etirazda da 770 kv.metrlik bağ sahəsinə ərizəçinin sahiblik və istifadə etməsi, eyni zamanda həmin sahə üzrə hüquqmüəyənedici sənədlərin tapılmadığı öz təsdiqini tapmışdır. Həmin sənəddə qeyd edilir ki, "idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ərizəçiyə məxsus digər sahələrlə ümumi hasar daxilindədir və ara sərhədləri şərtidir. Faktiki göstərilən torpaq sahəsinin giriş-çıxış yolu hasardaxili olan digər sahələr üzərindədir. Elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi 818 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir.” Eyni zamanda ərizəçi əvvəlki tarixlərdə bağ sahəsinin sənədləşdirilməsi zamanı 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2014cü il, xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixli məktublar da qeyd edilən bağın yerləşdiyi torpaq sahəsinin ərizəçinin sahibliyində və istifadəsində olduğunu, lakin hüquqmüəyyənedici sənədlərin tapılmadığını təsdiqləyir. Ərizəçi tərəfindən qeyd edilən bağ sahəsinin hüquqmüəyyənedici sənədlərinin aşkarlanmasından ötrü 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, lakin həmin sənədləri aşkarlamaq mümkün olmamışdır. Maraqlı şəxs məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kvadrat metrlik bağ sahəsinə mülkiyyət hüququ üzrə sahiblik və ondan istifadə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması ilə bağlı ərizəsi etirazla qarşılanır. Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kvadrat metrlik bağ sahəsinin mülkiyyətçisi kimi qeydə alınmasına köməklik göstərilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəsi ilə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********74 xaricolma nömrəli məktubla cavab verilmişdir. Həmin məktubla bildirilmişdir ki, qeyd olunan 770 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hər hansı sənəd təqdim edilməmişdir. Ərizəçi 770 kv.m torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik deyil. Göstərilən ərazi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kv.metrlik bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3558/2024 saylı 07 may 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3031/2024 saylı qərarı ilə iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3558/2024 saylı 07 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3031/2024 saylı qərarının əsaslandırıcı hissəsinə əsasən iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədi təqdim edə bilmədiyi üçün onun iddia etdiyi torpaq sahəsi ilə bağlı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hər hansı əsas da mövcud deyildir. Belə olan halda cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından düzgün olaraq imtina etmişdir və həmin imtina da qanunun tələblərinə uyğun olduğu üçün iddiaçının hər hansı hüququnun pozulmasına səbəb olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bibisidir. Həmin bağ sahəsi onlara babalarından qalıb, atası rəhmətə gedməmişdən əvvəl həmin bağsahəsini qardaşına, yəni ərizəçinin atasına bağışlayıb. Onların uşaqlıqları həmin bağda keçib. Həmin bağ sahəsinin neçə sot olduğunu dəqiq bilmir. Həmin bağ sahəsində evləri, meyvə ağacları var. Bağ sahəsi mübahisəsizdir, gedişgəlişləri var. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, o, ərizəçinin əmisidir. Bağ Novxanı kəndində yerləşir, babasından onlara qalıb. Demək olar ki, atası ilə orada yaşamışdır. Həmin bağ hal-hazırda ərizəçinin istifadəsindədir, 1990-cı illərdə sənədləşmə aparılan zaman babası oğlunun, yəni ərizəçinin atasının adına keçirmişdir. Hazırda orada 40 sota yaxın torpaq sahəsi var. Həmin bağ mübahisəsiz ərizəçinin və onun ailəsinin istifadəsindədir, lakin sənədləri tapmaq mümkün deyildir. Məhkəmə iclasında şahid qismində ifadə verən X13 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. 50 ildir onlar orada qonşu olmuşlar. Həmişə bağ ərizəçigilin istifadəsində olub. Neçə sot olduğunu dəqiq bilmir. Hal-hazırda da orada qonşudurlar. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin babası ilə çox yaxın olmuşlar, 1995-ci ildə orada kirayə qalmış, daha sonra ərizəçinin bibisigildən 10 sota yaxın torpaq sahəsini almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-811/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi cəlb edilməklə) “daşınmaz əmlaka sahiblik və ondan istifadə faktının müəyyən edilməsi” barədə ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan məlumat və sənədlər ərizənin tələbin təmin olunması üçün əsas ola bilməz. İlk öncə nəzərə alınmalıdır ki, ərizəçi tərəfindən qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qanunvericiliyin tələbinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırkı vəziyyətdə ərizəçi qeyd olunan bağ sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədə malik deyil və həmin sənədləri başqa qaydada ala bilməməsini və bu faktın yalnız məhkəmə qaydasında müəyyən edilməli olmasını sübuta yetirə bilməmişdir. Halbuki MPMin 310-cu maddəsinə görə ərizəçi lazımi sənədləri ala bilməməsinə, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünə dair sübutlar təqdim etməlidir. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Baki Ərazi İdarəsi cəlb edilməklə) “daşınmaz əmlaka sahiblik və ondan istifadə faktının müəyyən edilməsi” barədə ərizəsi rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.6, 308, 310, 311-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 7.1-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-811/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, Ərizəçi ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kv.metrlik bağ sahəsinə onun tərəfindən mülkiyyət hüququ üzrə sahiblik və ondan istifadə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizənin rədd edilməsi barədə qətnamə çıxarmışdır. Aşağıda qeyd edilmiş əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməli, ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi çıxardığı qətnamə ilə mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən ərizəçinin sahibliyində və istifadəsində olan əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmış olur ki, bu da nəticə etibarilə mülkiyyət hüququnun pozuntusudur. Birinci instansiya məhkəməsi çıxardığı qətnamədə mülkiyyət hüququnu özündə təsbit edən istinad edilmiş normanı tətbiq etməməklə onun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsi üçün istinad etdiyi dəlillər tamamilə əsassızdır. Məhkəmənin istinad etdiyi birinci məqam ondan ibarətdir ki, ərizədə qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmənin bu mövqeyi tamamilə qeyri-müəyyəndir. Əgər ərizəçi üzərində faktın təsdiqlənməsini istədiyi əmlakı dövlət reyestrində qeydiyyata aldırmış olsaydı, bu halda bu faktın təkrar məhkəmə qaydasında təsdiqinə ehtiyac olmazdı. Ərizəçi uzun illərdir sahibliyində və istifadəsində olan, lakin ilkin hüquqmüəyyənedici sənədləri tapa bilmədiyindən faktın təsdiqi üçün məhkəməyə müraciət etmişdir ki, müvafiq qərar əsasında daşınmaz əmlak üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldıra bilsin. Əslində məhkəmə ərizədə istinad edilmiş tortpaq sahəsinin həqiqətən də ərizəçinin istifadəsində olub-olmadığını və ərizəçi tərəfindən həmin sahə üzərində hər hansı bir sənədi əldə edib-etməməsinin mümkünlüyünü yoxlayaraq işə yekun qiymət verməli idi. İş materialarında olan sənədlərdən, o cümlədən məhkəmə araşdırması zamanı maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubla müəyyən olunmuşdur ki, üzərində hüquqlarının təsdiqi xahiş edilən torpaq sahəsi ərizəçinin xüsusi mülkiyyətində olan digər bağ sahələri ilə eyni ümumi sahənin içərisindədir, bir giriş-çıxış mövcuddur, sahələr arasında sərhədlər şərtidir. Eyni zamanda ərizəçinin təqdim etdiyi sənədlərdən görünür ki, ərizəçi həm öz adından, həm də qohumları adından 1 saylı Bakı Ərazi İdarəsinə çoxsaylı sorğularla müraciət edərək istinad edilmiş torpaq sahəsi üzərində ilkin hüquqmüəyyən edici sənədlərin əldə edilməsinə cəhdlər göstərmiş, lakin bu sənədi tapa bilməmişdir. Bu xüsusatda birinci instansiya məhkəməsinin digər dəlili də - ərizəçinin hüquqmüəyyənedici sənədlərə malik olmaması və həmin sənədləri başqa qaydada ala bilməməsinin sübuta yetirilməməsi də əsassızdır. Birinci instansiya məhkəməsi çıxardığı qətnaməsində ərizə məhkəməyə təqdim edilərkən məhkəməyə verilmiş sənədlərlə (ərizəçinin xüsusi mülkiyyətində olan bağ sahələrinə dair çıxarışlar və digər sənədlər), eyni zamanda məhkəmə zamanı dindirilmiş dörd şahidin ifadələri ilə müəyyən edilmiş halları ümumiyyətlə qiymətləndirməmişdir. Halbuki, məhkəmə iş materiallarında olan bütün sübutlara tam, hərtərəfli, qərəzsiz qiymət verməklə iş üzrə yekun nəticəyə gəlməli idi. İş materiallarında olan sənədlər, o cümlədən şahid ifadələri faktiki onu sübut edir ki, üzərində hüquqların tanınması faktının təsdiq edilməsi xahiş edilən torpaq sahəsi həqiqətən də uzun müddətdir ərizəçinin faktiki sahibliyində və istifadəsindədir, həmin torpaq sahəsi üzərində hərt hansı bir mübahisə yoxdur, başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür, ərizəçinin xüsusi mülkiyyətində olan digər bağ sahələri ilə bitişikdir və bir hasardaxili eyni giriş-çıxışa malikdir, həmin sahənin ilkin hüquqmüəyyənedici sənədləri olsa da, hazırda həmin sənədləri tapmaq mümkün olmamışdır. Belə olduğu üçün ərizə təmin edilməli idi, lakin ərizə rədd edildiyindən məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-811/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarı: Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Bənd 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə ərizə təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə ərizəçi tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya ṣikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kv.metrlik bağ sahəsinə ərizəçi mülkiyyət hüququ üzrə sahiblik və ondan istifadə faktının müəyyən edilməsini xahiş etsə də, bu faktın müəyyən edilməsinə əsas ola biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin onun mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmaqla nəticə etibarilə onun mülkiyyət hüququnun pozmasını qeyd etsə də, özünün təqdim etdiyi məhkəmə aktlarından müəyyən olunur ki, qeyd etdiyi torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsinin səbəbi iddia etdiyi 770 m2 torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədinin aşkar edilməməsi olmuşdur. Kollegiya qeyd edir ki, MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxsin həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri nə vaxtsa olmuş olsun, bu sənədlər itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Bundan başqa hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin ərizəçinin xüsusi mülkiyyətində olan digər bağ sahəsi ilə eyni ümumi sahənin içərisində olması və ya həmin sahəyə salınması, həmin torpaq sahəsi ilə bir giriş-çıxışının mövcud olması, torpaq sahəsi üzərində ilkin hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün edilmiş cəhdlərin nəticəsiz qalması, şahidin ifadələri, torpaq üzərində uzun müddət ərizəçinin sahibliyi və istifadəsi kimi hallar ərizəçinin ərizəsində qeyd olunan faktın müəyyən ediməsi üçün mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Bunun əksi zəbt olunan torpaq sahələrinə də, hüququn yaranmasının mümkünlüyü anlamı ilə nəticələnə bilər. Torpaq sahəsi üzərində hər hansı bir mübahisənin olmaması ilə bağlı ərizəçinin dəlili isə ümumiyyətlə əsassızdır. Belə ki, məhkəmə aktları ilə həmin torpaq sahəsinə dair ərizəçinin mülkiyyət hüququnun qeydə alınmasına dair tələbinin təmin edilməməsi bir daha təsdiq edir ki, bu torpaq sahəsinə dair ərizəçi mövcud mübahisənin həlli üçün aidiyyatı məhkəməyə müraciət etmiş və onun iddia tələbini əsassız hesab edən məhkəmə mübahisəli torpaq sahəsinə dair ərizəçinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edən inzibati orqanın hərəkətində qanuni əsasların mövcud olmasını müəyyən etmişdir. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, ərizəçi tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-811/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına ərizəçi tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar