Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2427/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X8, X1maqla “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraatın dayandırılması barədə qərardad ləğv edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X8, X1maqla “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-966/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X8, X1maqla “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və iki azyaşlı qızlarının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Seyid Şuşinski küçəsi, 4/2,mənzil 35 saylı yaşadığı mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi barədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 4/2, mənzil 35 saylı evin ¼ hissəsinin sahibi, həyat yoldaşı Cavabdeh İbrahim oğludur. O, Cavabdeh İbrahim oğlu ilə toy edərək 2002-ci ildə qeyrirəsmi, 29 may 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə evlilikdən 2 qızı var. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 evə gəlin köçmüşdür. Ailə qurandan sonra həyat yoldaşı ilə birlikdə həmin evdə yaşamışlar. Birgə evlilikdən həmin ünvanda 2 uşağı xx.xx.2004-cü ildə X4 və xx.xx.2008-ci ildə X5 həmin evdə anadan olublar. Ailə quran vaxtdan cehiz və ev əşyaları həmin evdə yerləşdirilib. Cavabdeh Kamil, 14 yaşlı Zərifə və 17 yaşlı Zeynəb qızları birlikdə ünvan 1 ünvanda yaşayırlar. Həyat yoldaşı Cavabdeh İbrahim oğlunun qardaşı Şamil Rusiyada yaşayır, hər gün hər an zəng edir, həyat yoldaşını öyrədir, cavabdeh də onları evdən qovur, bu evdən çıxıb gedin, öz əşyalarından, soyuducusundan, qaz peçindən istifadə etməyə icazə vermir. O, İddiaçı 2002-ci ildən həyat yoldaşının atası 2016-cı ildə vəfat etmiş, mərhum X2 miras qalmış evə məhrum qaynatanın icazəsi ilə, cavabdehin razılığı ilə ailə üzvü kimi həmin evə gəlin köçmüş, həmin ünvanda pasport qeydiyyatındadır və hal-hazıra kimi orada yaşayır. Artıq iyirmi ildən çox müddətdir ki, ailə üzvü kimi həmin evdə yaşayır. Onlar yaşadığı evdə pasport qeydiyyatındadırlar, lakin cavabdeh onlara deyir evdə yaşamayın evdən çıxın, 14-17 yaşlı qızlara və ona tərbiyəsiz, nalayiq sözlər işlədir, onların başqa gedəcək yeri yoxdur, o bu qız uşaqlarını aparıb harada saxlasın. Özü həkimdir, aldığı əmək haqqı 300 manatdır, çıxıb gedib, aldığı maaşı verib kirayədə qala bilmir, 300 manat kirayə pulu versə uşaqları necə saxlayacaq. Göstərilən maddələrə əsasən onların cavabdehlərlə birlikdə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 evin yaşayış sahəsindən istifadə hüququ evin sahibinin sağlığında yaranmışdır. Onların cavabdehlə birgə yaşadıqları evdən istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 1 oktyabr 2009-cu ilədək, yəni 2002-ci ildən yaranmışdır və ona görə də, bununla bağlı mübahisələr həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Göstərilən maddələrə əsasən onların 2002-ci ildən yaşadığı həmin evdən istifadə hüququ yaranmışdır. Ona görə də uzun illər yaşadığı həmin evdən istifadə hüququnun tanınması və cavabdehin onlara zülm edərək, evdə mətbəxdən, hamamdam, öz cehiz əşyalarından istifadə etməyə icazə vermədiyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh İbrahim oğlu iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, nikahın pozulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, qeyd edilən mənzil onun mülkiyyətindədir və birgə nikah dövründə əldə edilməmişdir. Belə olan halda, onlar arasında nikah pozulduğdan sonra hazırki mülki iş üzrə iddiaçı onun yaxın qohumu olmayacaqdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-966/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1113/2023 saylı, nikahın pozulması tələbinə dair mülki iş üzrə yekun qərar çıxarılanadək Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-966/2023 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş bildirişdən görünür ki, tərəflər arasında “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin məhkəmə iclası xx.xx.2023-ci il tarixə saat 15.00a təyin edilmişdir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərər alaraq hesab etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə qəbul ediləcək yekun məhkmə aktı hazırkı Sabunçu rayon Məhkəməsinin icraatında olan mülki iş ilə əlaqədar olduğundan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1113/2023 saylı mülki işə baxılıb yekun qərar çıxarılanadək hazırki mülki iş üzrə icraat dayandırılmalıdır. Belə ki, hazırki mülki işin materiallarından görünür ki, iddiaçının istifadə qaydalarının müəyyən edilməsini tələb etdiyi daşınmaz əmlak cavabdehin və müstəqil tələb irəli sürməyən üçünçü şəxslərin paylı mülkiyyətindədir və həmin əmlak cavabdehin mülkiyyətinə vərəsəlik qaydaları ilə keçmişdir. Belə olan halda gələcəkdə tərəflər arasında bağlanmış nikah pozularsa iddiaçının qeyd edilən daşınmaz əmlaka istifadə hüququnun olub-olmaması mübahisə predmeti ola biləcəyindən məhkəmə hesab etmişdir ki, nikahın pozulmasına dair mülki iş yekunlaşanadək hazırki işin icraatı dayandırılmalıdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Həmin qərardaddan iddiaçı xx.xx.2023-cü-cü il tarixində şikayət ilə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-966/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qərardadının ləğv edilməsini və “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmasının təyin edilərək araşdırılmasının təmin edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh, etiraz ərizəsi vermiş, məhkəmənin 21.11.22, 14.12.22-ci ildə keçirilən məhkəmə proseslərində gəlib iştirak etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18.01.23-cü ilə təyin etmiş məhkəmə prosesində üzrü olduğundan iştirak edə bilməyəcəyinə görə başqa vaxta təyin edilməsi üçün xahiş edərək, ərizə yazıb, dəftərxana vasitəsi ilə təqdim etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-966/2023 saylı qərardadı qərardadı tamamilə əsassızdır və ona görə də ləğv edilməlidir. İddiaçının digər paylı mülkiyyətçilərə qarşı heç bir tələbi olmadığı üçün, yalnız tələbi öz ailəsi olan Cavabdeh İbrahim oğluna qarşıdır. İddiaçı mənzildən pay istəmir, iddiaçı özünün və 2 qızının normal yaşaması üçün istifadə hüququnun müəyyən edilməsini məhkəmədən xahiş edir. Cavabdeh mənzildən iddiaçını və qız uşaqlarını qovaraq çıxıb gedin deyir, iddiaçını öz əşyalarından, soyuducusundan, qaz peçindən istifadə etməyə icazə vermir. İddiaçı 2002-ci ildən həmin ünvanda yaşayır. Bu barədə mötəbər sübutları var. Bundan başqa həqiqətən də iddiaçı həkim işləyib və işləyir. Əmək kitabçasını və deyilən digər məlunmatlar barəsində sübutlar məhkəmə iclasında təqdim ediləcək. Sabunçu rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli, “Yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi araşdırılaraq baxılmalıdır. Belə olan halda hər iki tərəfin iştirakı ilə, Azərbaycan Respublikasının vətəndaşı kimi qanuna uyğun ədalətli məhkəmə araşdırması olacaq. Sabunçu rayon məhkəməsinin 18.01. 2023-cü il tarixli, 2(008)- 966/2023 saylı qərardadı ləğv edilməlidir. Digər paylı mülkiyyətçilər, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 vəfat edib. X8 Vladivastokda yaşayır, cavabdeh Kamillə küsülüdürlər. Danışıb əlaqə saxladığı Rusiya Federasiyasında yaşayan Şamil adlı bir əkiz qardaşı var, tərəflərin evini idarə edən odur. İddiaçı ev istəsəydi tərəflərin boşanmasını gözləmək olardı. Amma iddiaçı həyat yoldaşına məxsus payda qeydiyyatda olmaqla, “Yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia irəli sürüb. İddiaçının cavabdehlə birgə yaşadığı evdən istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 1 oktyabr 2009-cu ilədək, yəni 2002-ci ildən yaranmışdır və ona görə də, bununla bağlı mübahisələr həmin dövrdə olmuş, Mənzil Məcəlləsinin qaydalarına uyğun həll edilməlidir. Göstərilən maddələrə əsasən onların 2002-ci ildən yaşadığı həmin evdən istifadə hüququ yaranmışdır. Ona görədə uzun illər yaşadığı həmin evdən istifadə hüququnun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdi. Hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərardadı qanunsuz və əsassız olmaqla iddiaçının və qızlarının, yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi, 4/2, mənzil 35 saylı evin 114 sahibi, həyat yoldaşı Cavabdeh İbrahim oğlunun adına olan evdə, qızları Zərifənin, Zeynəbin və iddiaçının sərbəst yaşaya bilməməyinə görə, Konstitusiyada nəzərdə tutulmuş hüquqları pozulur.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-966/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir.
13. Belə ki, birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad edilmişdir. Lakin məhkəmə qeyd edilən normaları düzgün şərh etməmiş, şərh edilən MPM-nin 254.1.4-cü maddəsini yanlış tətbiq etmişdir.
14. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “..Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması— məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir”.
15. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutmuşdur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın və iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən edilmiş olsun.
16. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istifadə qaydalarının müəyyən edilməsini tələb etdiyi daşınmaz əmlak cavabdehin və müstəqil tələb irəli sürməyən üçünçü şəxslərin paylı mülkiyyətindədir və həmin əmlak cavabdehin mülkiyyətinə vərəslik qaydaları ilə keçmişdir. Belə olan halda gələcəkdə tərəflər arasında bağlanmış nikah pozularsa iddiaçının qeyd edilən daşınmaz əmlaka istifadə hüququnun olub-olmaması mübahisə predmeti ola biləcəyindən nikahın pozulmasına dair mülki iş yekunlaşanadək hazırki işin icraatı dayandırılmalıdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür kimi Cavabdeh İddiaçı qarşı tərəflər arasında bağlanmış nikahın pozulması tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi icraata qəbul edilmişdir.
18. İddiaçı hazırkı iddiasında ünvan 2, 35 saylı yaşadığı mənzildən istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir.
19. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55,4 kv.m sahəsi olan 35 nömrəli mənzil X3, X8, X6 və Cavabdeh hər birininin ¼ hissə olmaqla paylı mülkiyyətindədir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, nikahın pozulması barədə iddia tələbi üzrə yekun məhkəmə aktının qəbul edilməməsi yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbinə baxılmasını mümkünsüz etmir.
21. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, işə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-966/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X8, X1maqla “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev