Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-243/2024 16.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin direktoru Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər arasında bağlanmış 03 iyun 2019-cu il tarixli təmir alğı-satqısına dair müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 174 saylı binanın yerində tikilmiş binadakı 15 saylı mənzildə təmirtikinti işlərinin aparılmasını, ümumi təmir xidmətinin 2 ay müddətində həyata keçirilməsini, iddiaçı isə dəyərini 9.200 manatı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən avans olaraq 6.450 manat cavabdehə ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.450 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.450 manat pul məbləği, mənzilin yenidən təmiri ilə əlaqədar söküntü işləri üçün 3.000 manat, mənəvi ziyan üçün 1.500 manat, iddia ərizəsi üçün ödədiyi 40 manat pul məbləğinin alınıb iddiaçıya verilməsi, eləcə də məhkəməyə çəkiləcək bütün xərclərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 02 iyun 2019-cu il tarixdə (müqavilədə 03 iyun 2019 qeyd olunsa da) "xxxx" MMC-nin direktoru Nümayəndə1 ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 174 saylı binanın yerində tikilmiş binadakı 15 saylı mənzilin ümumi təmiri (işçilik və mal-material daxil) üçün ümumi dəyəri 9.200 manat olan 5 saylı müqaviləni imzalamışlar. Müqaviləyə əsasən 6.450 manat həmin gün iddiaçı tərəfindən ödənilmiş, qalan 2.750 manat isə 05 avqust 2019-cu il tarixdə, yəni mənzil təhvil verilərkən ödənilməli idi. Mənzil "xxxx" MMC-yə divar və tavana astarlıq vurulmuş, elektrik, santexnika, istilik xətləri çəkilmiş, hətta qonaq otağında alçipanın altı üçün elektrik naqili atılmış, otaqların döşəmələrinə dikt vurulmuş, hamam-tualet, mətbəxə tam, dəhlizin isə bir hissəsinə stajkası vurulmuş halda təhvil verilmişdir. İşə nəzarətçi kimi təqdim olunan Tural tam təmir üçün mənzilə baxış keçirmiş, sonradan mənzilin digər sahibi X10 tərəfindən də təkrar mənzilə dəvət olunmuş, birlikdə mənzilə baxış keçirilmiş, görülmüş işlərin yenidən icra edilməsi iddiaçıya təklif olunsa da, kifayət qədər pul vəsaiti ödədikləri üçün təklif iddiaçı tərəfindən rədd edilmişdir. Göstərilən xidmətlərə santexnik və elektrik xətləri istisna olmaqla 3 il zəmanət veriləcəyi və mənzilin tam təmir edilib iddiaçıya təhvil veriləcəyi vəd olunmuşdur. Belə ki, əvvəlcədən şərtləşdikləri kimi ilkin ödəniş ümumi məbləğin tam yarısı olduğu halda, ofisdə yarı qiymətdən çox pul ödəmələrini tələb etmiş, əks halda ödənişin üzərinə əlavə faiz gələcəyini bildirmiş, iddiaçı 6450 manat ödəməyə məcbur olmuşdur. Cavabdeh Nümayəndə1 təmir işlərini başa çatdırmaq əvəzinə dəfələrlə iddiaçıdan qalıq ödənişi tələb etmiş, müqavilənin şərtlərini ona xatırlatdıqda iddiaçıdan borc adı ilə 1000 manat pul almaq istəmiş, iddiaçı təcrübəsizliyindən istifadə edib hər dəfə əlavə ödənişlər tələb etmiş və buna da nail olmadıqda kombi, istilik radiatorları, qapılar və sair gətirəcək ayrı-ayrı şəxslərə pul ödəməsini təklif etmiş, iddiaçı ona qəbzsiz pul ödəməyəcəyini bildirdikdə cavabdeh mənzilin təmirini yarımçıq qoymuşdur.
5. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən təmir-tikinti işləri üçün ödənilmiş 6450 (altı min dörd yüz əlli) manat pul məbləği, mənəvi ziyan üçün 1000 (bir min) manat pul vəsaiti, hüquqi xidmətə görə ödənilmiş 40 (qırx) manat və dövlət rüsumuna görə ödənilmiş 85 (səksən beş) manat tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 400 (dörd yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilməsi, qalan 40 (qırx) manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan görülmüş xidmətin dəyərini almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin iddiaçıya tam şəkildə göstərilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətin dəyərini almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidməti göstərməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən cavabdehin qeyd edilən ünvan üzrə apardığı təmir-tikinti işlərinin həcmini müəyyən etmək üçün 08 fevral 2023-cü il tarixdə İddiaçı və mütəxəssis Samir Seyidovun iştirakı ilə ünvan 1 ünvanına yerli baxış keçirilmiş, baxış zamanı təmir işlərinin keyfiyyətsiz şəkildə aparıldığı aşkarlanmışdır. "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında ilkin təmir işlərini "xxxx" MMC icra etmişdir. "xxxx" MMC tərəfindən mənzilə seyf qapı, 4 ədəd tünd qəhvəyi plastik pəncərə və eyvan qapısı quraşdırılmışdır. Mənzilin divarlarına və tavanlarına ağ suvaq, şpaklyovka qatı vurulmuş, pəncərə altlıqları yerləşdirilmiş, bütün elektrik, su, santexnika və istilik xətləri, tv və internet kabeli çəkilmiş, bütün otaqların döşəməsinə dikt vurulmuş, mətbəx, sanitar qovşaq, eyvan tam olaraq, dəhlizə isə yarımçıq beton düzləmə vurulmuş, kafel-metlax vurulması üçün hazır vəziyyətə gətirilmiş və iddiaçıya təhvil verilmişdir. Bütün otaqların parket örtüyünün alınması, vurulması, otaq qapılarının alınması, kombi aparatı və radiatorların, sanitar qovşağın tavanının və avadanlıqlarının alınması və onların quraşdırılması iddiaçının özü tərəfindən icra edilmişdir. Mənzilin divarlarının səthinin nahamar və kələ-kötür olmasından məlum olmuşdur ki, divarlara emulsiya qatı üzlük vurulmadan və cilalanmadan vurulmuşdur, divarlara plastik dekor lepkalar vurulmuşdur. Sanitar qovşağın divarının əks tərəfinin nəmli olmasından məlum olmuşdur ki, kafel-metlax işləri izolyasiya edilmədən, keyfiyyətsiz və səliqəsiz şəkildə görülmüşdür. Mənzilin divarlarında çoxlu sayda zədələr, çatlar və partlamalar müşahidə olunmuşdur. Beləliklə, təmir işləri keyfiyyətsiz şəkildə aparılmışdır. Bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Odur ki, o, ödədiyi 6450 manat vəsaiti geri tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqaviləyə əsasən təmir işlərinə görə ödənilmiş 6450 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 1500 manat mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının mənzilində təmir-tikinti işləri aparılmışdır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində mənzildə yaranmış mövcud vəziyyətlə bağlı sarsıntılar keçirmişdir. Evində aparılmış keyfiyyətsiz təmir işləri ilə bağlı keçirdiyi mənəvi iztirablarla yanaşı, cavabdehin hərəkətləri nəticəsində dəfələrlə aidiyyəti qurumlara müraciət etməsi də onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 1.000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin “mənzilin yenidən təmiri ilə əlaqədar söküntü işləri üçün 3000 manat pulun tutulması” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Belə ki, iddiaçı bu tələbin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 21.1, 21.2, 385.1, 442, 752.1, 752.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 216-220, 227, 233 və 360-cı maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır və qanunvericiliyin normalarının pozulması ilə qəbul edilmişdir: Əgər cavabdeh şirkət qüsurlu iş görmüşdüsə qüsurların olması sübut olunurdusa, sözügedən qüsurların aradan qaldırılması ilə bağlı nə qədər xərcin tələb olunduğuna dair ekspertiza keçirilməli idi və yalnız bu məbləğ mübahisəli olan iddianın predmetini təşkil edə bilərdi. Hər bir görülən işin nəticəsinin keyfiyyətlilik müddəti olur və müddət keçdikcə işin nəticəsi aşınmalara məruz qalır və keyfiyyətini itirir. Bu səbəbdən də, qanunvericilikdə xidmət göstərinin qanuni mənafelərinin təmin edilməsi məqsədi ilə “zəmanət müddəti” anlayışından istifadə edilmişdir. Həmin anlayışa görə “zəmanət müddəti” ərzində görülən iş keyfiyyətini itirərsə, qüsurlar aşkar olunarsa, xidmət göstərən tərəfindən aradan qaldırılmalıdır. Heç bir işə sonsuzadək zəmanət verilə bilməz, bu məntiqə, qanuna, hüquq normalarına uyğun gəlmir. Hazırki işdə “zəmanət müddəti” 03 iyun 2022-ci ildə bitmişdir. Bu müddət kəsici müddət olduğundan bu məhkəmə tərəfindən qiymətləndirilməli və iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməli idi. Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırkı iş üzrə rəy verilmiş, sonradan rəydə texniki səhvlər olması səbəbi ilə işin geri göndərilməsi məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə dövlət ekspertizasına işi geri göndərməmiş, hər hansı özəl ekspertə (xidmətin dəyəri iddiaçı tərəfindən ödənilir və hər kəsə məlumdur və statistika göstərir ki, özəl ekspertlər ödənişi edən tərəfin maraqlarına uyğun rəy verirlər) həvalə etmişdir. Belə olan halda iş məhkəmə ekspertiza mərkəzinə geri göndərilməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh dəfələrlə məhkəməyə çağırılsa da, kifayət qədər böyük məbləğin geri tələb edildiyini bilsə də, təmir adı altında dələduzluqla məşğul olduğunu bildiyi üçün məhkəmə iclaslarında iştirak etməmiş, subutlar təqdim etmək,özünü müdafiə etmək əvəzinə, hər dəfə ona zəng etməklə məhkəmənin gedişatını öyrənməyə cəhd göstərmişdir. O iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində Yasamal rayon məhkəməsinə müraciət etmişdi. Çıxarılmış qərardada əsasən sənədləri geri götürmüş, sonradan iddia ərizəsini xx.xx.2022-ci il tarixində Xətai rayon məhkəməsinə təqdim edib. Apellyasiya şikayətində görülən işin nəticəsinin keyfiyyətlilik müddəti olduğu və müddət keçdikcə işin nəticəsinin aşimalara məruz qaldığına və keyfiyyətini itirdiyinə istinad edilir. Şirkətin işi qüsurlu gördüyündən söhbət gedə bilməz, ona görə ki, şirkət iş görməmiş, görüntü yaratmaqla məşğul olmuşdur. Birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023cü il tarixli 142 saylı arayışdan və məhkəməyə təqdim etdiyim şəkillərdən mənzildə "xxxx" MMC-nin gördüyü işlər aydın görünür. "xxxx" MMC-nin gördüyü iş isə ondan ibarətdir ki, ancaq o biri şirkətin divara çəkdiklərinin üzərinə, mənşəyi məlum olmayan hansısa mənzilin təmirindən artıq qalmış emulsiyanı çəkmiş, belə ki, divara baxanda emulsiyanın tərkibinin nə qədər zibilli olduğu görünür, hətta işçilərinə emulsiyanın süzgəzdən keçirmək tapşırığını verməsi də mənə sonradan məlum olmuşdur. Tavana 2013-cü ilin keyfiyyətsiz alçipanları vurulmuş, divarlar kələ-kötür,tavan isə dalğavarı, nahamar, səhtləri cilalanmamış haldadır. Şikayətdə şirkətin mənzildə “onlarla” iş yerinə yetirdiyi bildirilir. O isə əminliklə bildirir ki, mənzildə təmirdən əsər-əlamət yoxdur, görülməli işlər görülməyib, görülən işlər isə keyfiyyətsizdir və mənzilin yenidən təmirə ehtiyacı vardır. Beləki, hamam, ayaqyolunda görüləcək işlərdən hamam otağında ancaq divarlara kafel, yerə metlaq vurulub, həm ayaqyolu, həm də hamam otağında traplar qoyularkən maillik gözlənilmədiyindən suyun getməsində çətinlik yaranır, müdaxilə olunmasa, tökülən su olduğu yerdə qalır, ayaqyolunun divarlarına kafel vurulmamış, asma tavan yerinə sadə alçipan səliqəsiz vurulmuş, hamam otağının divarının əks tərəfinin nəmli olması isə kafelmetlaq işlərinin izolyasiya edilmədən keyfiyyətsiz və səliqəsiz görüldüyündən xəbər verir, (bunu əks etdirən şəkil xx.xx.2021-ci ildə çəkilmişdir) kafellər əyri divara vurulduğundan üst-üstə düşmür, kafellərin arası səliqəsiz doldurulmuş, hətta küncdə kafellər birbirindən xeyli aralı olduğundan boş yer doldurucu ilə işlənmiş, nəticədə eybəcər mənzərə yaranmış, avadanlıqlar üçün isə divarda əcaib dəliklər açılmışdır. Mətbəxdə və dəhlizdə isti döşəmə sifariş edilsə də, döşəmənin quraşdırılması təcrübəsi olmayan, ucuz zəhmət haqqına iş görən ustalar tərəfindən görüldüyündən döşəmə qızmadığı üçün tərəfindən mətbəxdə yenidən divar sökülüb, turbalar çəkilib radiator qoyulması üçün hazır vəziyyətə gətirilmiş, təsadüfən evə gələn qaz ustası döşəmənin qızmamasının səbəbini-isti suyun dövran etmədiyini aşkarlamış, nəhayət, bundan sonra diğər divar sökülmüş, isti suyun dövran etməsi üçün əlavə şlanq qoyulmuş, ancaq bundan sonra döşəmə cüzi istilik verməyə başlamışdir. İsti döşəmə üçün beton düzləmə zamanı onu aldadaraq sament əvəzinə hər cür zir-zibilin üzərinə kafel-metlağın arasını doldurmaq üçün olan materialı çəkdikləri üçün işi yenidən görmələrini tələb etmiş, bu dəfə nəzarətçiyə mənsiz iş görməməyi ciddi şəkildə tapşırsam da, onu axşam saat 7-yə qədər gözlətdikdən sonra ustaların sabah gələcəyini bildirmiş, mənzili birlikdə tərk etmişdilər. Nəzarətçinin hərəkətlərindən şübhələndiyi üçün ertəsi gün səhər saat 9-da mənzilə daxil olarkən artıq stajkanın hazır olduğunu görüb iradını bildirdikdə ustalar səhər saat 7-8 arası gəldikləri üçün onu narahat etmək istəmədiyini bildirmiş və ona gördükləri işi əks etdirən şəkilləri göndərmişdir, məlum məsələdir ki, lazımı materialı kifayət qədər və lazımı cür işlətmədikləri üçün işi onsuz görmüşlər. Beton düzləmənin üzərinə çəkilmiş izolyasiya materialının iki hissədən ibarət olması yenə də onun hansısa mənzilin təmirindən artıq qalan material olmasından xəbər verir. Su borularının da necə səliqəsiz döşəndiyi və döşəməni lazımı cür qızdırmaq üçün kifayət qədər olmadığı yenə sonradan ona göndərilən şəkillərdən aydın görsənir. Mənzilin otaqlarının parketi sarımtıl-qəhvəyi olduğu üçün S.Hüseyinliyə şəxsən özüm 1 ədəd parket taxtasını verərək dəhlizə məhz bu rəngdə metlaq vurulmasını sifariş etsə də, mənzilə tez köcmək istədiyini bildiyi üçün fürsətdən istifadə edib ofisində ona göstərdiyi və onun bəyənmədiyi tünd qəhvəyi rəngli və boz rənğli metlağı gətirib vurdurmaqla mənzilin ümumi görünüşü bərbad vəziyyətə salmışdır. Müqavilə eyvanda da təmir işləri aparilacağı şərti ilə bağlansa da, S.Hüseyinli sonradan divarlara kafel vurmaqdan imtina etmiş, eyvanın döşəməsinə onun istəyinə zidd, yuxarıda qeyd etdiyi boz metlaqlar çox səliqəsiz vurulmuş, metlaq əksik gəldiyindən iş nəzarətçisi boş qalmış yerə dəhlizə vurulmuş metlaqdan vurdurmaq istəsə də, o icazə verməmişdi. Divarda su turbalarının yerləşdirildiyi dəlik çox kobud, natamam doldurulmuş, üzlük vurulmamış haldadır, burada da trap düzgün qoyulmamış, ümumiyyətlə tökülən su trapa gedib çatmır. S.Hüseyinli mətbəxdə divara mebelarası kafel vurmalı olduğu halda onu vurmaqdan imtina etmiş, mətbəxin və dəhlizin metlaq örtüyü vurulsa da, plintuslar vurulmamış, S.Hüseyinli hətta ona plintusu onun dəvət etdiyi parketçinin vurmalı olduğunu bildirmişdir. Mətbəxin divarında hava təmizləyici üçün dəlik açdırmamış, əksinə ayaqyolunda artıq dəlik qapadılmamışdır. S.Hüseynov onun təmir işində təcrübəsizliyindən hər cür istifadə etmişdir. Otaqların tavanında çılçıraq üçün qarmaqlar asılmamış, alçipanın altından kifayət qədər elektrik naqili keçirilməmiş, mənzili işıqla təmin etməkdən,elektrik,su və istilik avadanlıqlarını quraşdırmaqdan,spotların yerini açmaqdan qəti imtina etmiş, divar və pəncərə künclərindəki dəmir haşiyələr pas atdığı üçün çıxarılacağını vəd etsə də, üç divar küncündən başqa heç birini plastmas haşiyə ilə əvəz etməmiş, parketin alınıb vurulmasını öz üzərinə götürdüyündən istifadə edib, parket vurulandan sonra təmiri davam edəcəyini bildirsə də, birdəfəlik çıxıb getmiş və sonradan təmiri başa çatdırdığını elan etmişdir. Ona dəfələrlə müraciət etsə də, onu narahat etməməyini tələb etmiş, hətta ondan məhkəməyə şikayət edəcəyini bildirmiş, ğöndərdiyi pretenziyaya cavab verməmiş, məhkəmə iclaslarında iştirak etməyən S.Hüseyinli nədənsə indi apellyasiya şikayəti vermək qərarına gəlmişdir. S.Hüseyinlinin işçiləri ilə də qəribə ödəniş üsulu var, belə ki, işçi ilə şifahi, qanunvericiliyə zidd olaraq danışıq aparıb vəd verərək işlədir, daha sonra övladının canına and içib onlara daha az pul məbləği ödəyir, beləliklə, həm dövləti, həm də işçiləri aldadır. Məhkəməyə təqdim etdiyim maliyyə arayişından aydın olur ki, o vergidən də yayınır, bu barədə müraciətləri olsa da, aidiyyəti orqanlardan lazımı cavab verilməmişdir.
b) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək bildirir ki, təhvil-təslim heç vaxt olmayıb. İşi yarımçıq qoyublar. O dəfələrlə bu barədə müraciət edib. Cavabdehlə aralarında müqavilə bağlanmışdır. Qarşı tərəf zəmanətlə bağlı bildirsə də, ona zəmanət verilməyib. Ekspertizanın rəyi onun evinə aid olmamışdır. Onun mənzilinə aidiyyatı yoxdur. Kifayət qədər də böyük məbləğ qoyulmuşdur. Ayın 3-ü yox, ayın 2-də müraciət edib. Lakin, hüquqi savadı olmadığına görə yanlış məhkəməyə müraciət etmişdi. Mənzilində heç bir təmir işi aparılmayıb. İkinci özəl ekspertin rəyində hər şey qeyd edilmişdir. Təmir işlərini çox uzatmışdılar. İlk baxışıdan göz oxşayırdı. Lakin, divara yaxından baxanda bilinirdi ki, keyfiyyətsiz iş görüblər. Bunu o yox, özəl ekspertlər deyir. Onlar binanı "xxxx" MMC tikmişdir. Ona qonşusu bildirmişdir ki, yaxşı təmir şirkəti var, qardaşının evini təmir ediblər. Amma həmin şirkəti instagramdan tapmışdılar. Mənzil hazırda necə varsa elə də qalıb, heç nə etməyib. 03 iyul 2019-cu ildə müqavilə bağlayıblar. Mənzil 2 aya təmir edilməli idi, avqustun 2-də bitməli idi, amma avqustun sonunda qarşı tərəf qaçmışdır. Binanı inşa edən şirkət müqavilədə başqa kv.metr yazıb. Çıxarışda 5 kv.metr az yazılıb. Sanitar-qovşaq 2 kv.metr əskikdir. Ekspert bu dəfə evə baxmağa gəlmədi. Şəkildən aydın olmur, divarda əyriliklər var, kafellər üst-üstə durmur, su divarın o biri tərəfinə keçir. Eskpert cavabdehin ümumi təmir haqqında yazıb. Konkret suala cavab verilməyib. Cavabdehin etdiyi təmirin qüsuru sualına cavab verilməyib. Eksert smetanı da ümumi hesablayıb. Cavabdehin gördüyü işlərə görə əlavə xərc çəkməlidir. Təmir işlərin 2019-cu ilin yay ayından başlayıb, hələ də bitməyib. Avqust ayında təhvil verilməli idi, amma atıb qaçdılar. İddianı da gözləyib, qonşular dedi ki, gələcəklər. Ustalar işi yarımçıq qoyub, gediblər. Sentyabr ayının yazışmaları var, iş materiallarına əlavə edilib. Qeyd edib ki, təmirlə bağlı problemlər var. Hazırda cavabdehin təqdim etdiyi yazışmalar qəbul edilməli deyil, çünki rayon məhkəməsində təqdim edilməmişdir. Evi bərbad vəziyyətdədir. Lepka, laminant vurulmayıb. Həm də ondan cavabdeh çox pul almışdır. 2019-cu ilin sentyabr ayında danışıqlar olub, ev avqustun 1-i təhvil verilməli idi, amma ustalar materialı qoyub, qaçdılar. Cavabdeh əvvəlki yazışmaları təqdim edib, o zaman elə bilirdim ki, hər şey qaydasındadır, görülən işdə qüsur yoxdur. Amma, sonradan görüb ki, tamamilə qüsurludur. O, onların qüsurlu təmirini də düzəltdirmək üçün əlavə xərc çəkir. Təmir əvvəldən qüsurlu olub.Onlar sadəcə görüntü yaradıblar ki, yaxşı təmir edirlər. 2019-cu ildə qardaşları vəfat etdi, başı onlara qarışdı, təmir o zaman yadına düşmürdü. Divar bütün kələ-kötürdür. Əvvəldən düzgün təmir edilməyib ki, o haldadır, yoxsa 3 il sonradan divarda əyrilik ola bilməz. Smeta da təqdim edilməyib. Cavabdehi qonşusu məsləhət gördü, onun qardaşının evini təmir etdirmişdilər. Onun da evini pis təmir ediblər.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin direktoru Nümayəndə1 çıxış edərək bildirir ki, iddiaçını qonşusu vasitəsi ilə tanıyıblar. Onlarla müqavilə özü bağlayıb. Elektrik və santexnik xəttlər iddiaçının evində əvvəldən çəkilmişdi, təklif edib ki, yenisini çəksinlər. Onlar ona cavabdeh deyillər. İddiaçıya dedi əlavəsi 1000 manatdır, o da istəmədi, müqavilədə bu halı qeyd edib. Elektrik aksessuarların veriblər. Ödənişlə bağlı müraciət ediblər, iddiaçı dedi ki, təmir gecikdiyinə görə ödəməyəcək.Mənzilin içində rənglənmə oldu. Lepka-kantın istiqaməti dəyişdirdi. Sonra iddiaçı bildirdi ki, təmirdən narazıdır. Ona bildirdi ki, müraciət etməlidir ki, narazılıq nə ilə bağlıdır. Sonra iddiaçı İqtisadiyyat Nazirliyinə şikayət etmişdi, qaimələri ora təqdim edib. 3 il ərzində iddiaçı onunla əlaqə saxlamayıb. İllər sonra məhkəməyə şikayət edib. Qapı, parketin təmiri onlarla bağlı deyil. Maliyyə arayışı ilkin ödənişlərlə bağlı olub. İddiaçının yoldaşı ilə də danışdı, sonra əlaqə saxlayan olmadı. Otaq qapısı, unitaz, duş kabin, kombi, türpan, radiator, laminant, laminant işçi görülməyib. Əlavə alınan kafel və metlax işçiliyini xanımın razılığı ilə ediblər. Zəmanət müddəti ərzində aşınmalar olub, giriş qapısının divarında nahamarlıq olub. Amma, onlar otaq qapılarını təmir etdirməyiblər. 300 kv.metrlik malyar işi görüblər. 1 qatı 5 manatdır. Nahamarlığı onlar işləməyiblər. İddiaçı nahamarlıq olduğunu bildirmişdilər. Paduqa, penaplast işini görüblər. Penaplast bir müddət sonra keyfiyyətini itirə bilər. Zəmanət müddəti bu məsələri aydınlaşdırmaq üçündür. Qüsurlardan biri nahamarlıqdır. Bunu aydınlaşdırmaq üçün baxış keçirilir və qiymət çıxarılır. Otaq qapısının qüsurunu aradan qaldıra bilməzlər. Elektrik aksessuarlarını alıblar, amma quraşdırılmadı. Malyar, lepka-kant,metlax dəhliz, kafel, trap,kres,mata, üzlük, "staşka" işçilik, atsep, sement, metax eyvan, işləri onlara aiddir. 4500 manatla razı deyil.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 çıxış edərək bildirdi ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə razılaşmayan məhkəmənin özəl eksperti cəlb etməsi düzgün deyildir. Nazirlər Kabinetinin Qərarında da qeyd edilmişdir ki, özəl ekspertlər müfaviq ekspertlerin vahid reyestrinə daxil olduqdan sonra səlahiyyətlidir.Həmin özəl ekspert reyestrə daxil edilməmişdir. Məhkəmə ekspertiza rəyi üçün təkrar Ekspertiza Mərkəzinə göndərməli idi. Lakin, iddiaçının təklif etdiyi özəl ekspertə işi göndərmişdir. Həmçinin, müqavilənin zəmanət müddəti 3 ildir. Həmin müddət də kəsici müddət hesab edilir. Aralarında xidmət müqaviləsi bağlanmışdır. Müqavilədən irəli gələn müddət zəmanətlə bağlı olduğu üçün kəsici müddət şamil edilməlidir. Heç bir işə müddətsiz zəmanət verilə bilməz. İddiaçı xeyli müddət sonra iddia qaldırmışdır. Qüsurlarla bağlı, zəmanət müddəti ərzində iddiaçı iddia qaldırmalı idi. Məhkəmənin onlardan tutduğu məbləğlə də razı deyillər. Zərər dedikdə, öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi nəticəsində vurulumuş ziyanın ödənilməli olan məbləğidir. Məhkəmə ekspertizaya vurulmuş zərərin aradan qaldırılması üçün nə qədər xərc tələb olunması sualını qoymalı idi. Qüsurların cavabdehin təqsiri ucbatından baş vermişdirmi? İddiaçının mənzilində aparılmış təmir işlərində qüsurlar mövcuddurmu? Bütün bu sualların ekspertiza qarşısında sual olaraq qoyulmalıdır. Kəsici müddətin anlayışı konkret müəyyən edilməyib. Onlar müqavilədə müddəti müəyyən etmişdilər. İddiaçı da həmin müddət ərzində iddia qaldırmalı idi. Eskpert 1 kv.metrə 300 manat hesablayıb, daha sonra ümumi xərclənən vəsaiti qeyd edib. Qüsur onlar tərəfindən edilibsə nə qədər xərc çəkilməsi müəyyən edilməli idi, ekspert münasibət bildirməyib. Müqavilədə zəmanət müddəti göstərilib. İddiaçı zəmanət müddəti bitdikdən sonra iddia qaldırıb. İddia rədd edilməlidir. Ekspert elektrik xəttlərinin çəkilməsi ilə bağlı qüsuru da nəzərə alıb. Bununla razı deyillər. Əgər qüsuru qəbul etsələr,iddiaçı iyun ayından işlərin qüsurlu olduğun bilirdi. Həmin zaman iddia qaldırmalı idi, müqavilədə göstərmişdilər. İddiaçı 3 il sonra iddia qaldırıb. Zəmanət müddəti anlayışına Mülki Məcəllədə rast gəlinmir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda zəmanət müddəti müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət hesab edilir. İddiaçı həmin müddət ərzində iddia qaldırmalı idi. xx.xx.2019cu il tarixində iddiaçı ilə müqavilə bağlanmışdır. Müqavilə üzrə zəmanət müddəti 3 il təşkil edir, zəmanət müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. İddiaçı 13 iyun 2022-ci il tarixində iddia qaldırıb.Əgər qüsurlar olubsa onun aradan qaldırılması üçün nə qədər xərc çəkildiyi araşdırılmalı idi. Whatsapp yazışmalarını məhkəməyə təqdim ediblər. Oradan aydın olur ki, iş keyfiyyətli olmuşdur, iddiaçı heç bir narazılığı olmamışdır. Qüsurlu iş olsa idi, bu barədə iddiaçı bildirməli idi. İddiaçı zəmanət müddətini gözləməyib, 10 gün ötürüb.3 il əvvəl görülən təmir hazırda əvvəlki kimi qala bilməz, təbii ki, dəyişikliklər ola bilər.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə cavabdehə münasibətdə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tutulmuş maddi zərərin məbləğində dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış təmir alqı-satqısına dair 03 iyun 2019-cu il, 05 nömrəli müqaviləyə əsasən “Alıcı” İddiaçı təmir xidmətlərinin göstərilməsini sifariş verib “Saticı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “Satıcı” isə “Alıcı”nın müəyyən etdiyi qaydada ümumi təmir xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Müqavilənin 4.5-ci bəndində qeyd edilir ki, müqavilə imzalanarkən “Alıcı” müqavilənin ümumi dəyərinin 6450 manatını ödəyir. Alıcı müqavilənin qalan 2750 manatını 2019-cu ilin avqust ayının 5-də ödəməyi öhdəsinə götürür.
21. İddiaçı cavabdehə ödədiyi pulu və mənəvi zərərə görə pul tələb etmişdir.
22. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən təmir-tikinti işləri üçün ödənilmiş 6450 (altı min dörd yüz əlli) manat pul məbləği, mənəvi ziyan üçün 1000 pulun tutulması qət edilmişdir.
23. Məhkəmənin mövqeyi belə olmuşdur ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən lazımı qaydada aparılmadığından iddiaçı ödədiyi 6450 manat vəsaiti geri tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqaviləyə əsasən təmir işlərinə görə ödənilmiş 6450 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Evində aparılmış keyfiyyətsiz təmir işləri ilə bağlı keçirdiyi mənəvi iztirablarla yanaşı, cavabdehin hərəkətləri nəticəsində dəfələrlə aidiyyəti qurumlara müraciət etməsi də onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 1.000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab etmişdir.
24. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, qüsurlu işlərin aradan qaldırılması üçün çəkilməli olan xərc tutula bilər. Lakin məhkəmə əsassız olaraq iddiaçının ödədiyi pulun tam qaytarılmalı olması qənaətinə gəlmişdir.
25. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
26. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2024-cü il tarixli, 3-16-16/2- 10/1737 nömrəli ekspert rəyində qeyd edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 614 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 5-ci mərtəbəsində yerləşən 1 saylı mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 12897,0 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 614 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksinin 5-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin giriş qapısının kənarlarına vurulmuş şpaklyovka qatının hamarlanmadığını, divarlara vurulmuş şpaklyovka və boya qatında qabarıqlaırın olduğunu, divarlara vurulmuş lepkaların simmetrik vurulmadığını, quraşdırılmış keçid qapılarının kənarlarının bərkidilmədiyini, döşəməyə vurulmuş künclüklərin (plintusların) divarlardan aralı şəkildə olduğunu, elektrik dəstlərinin elektrik yuvalarına bərkidilmədiyini, döşəmə və divarlara kafel-metlaqların simmetrik vurulmadığını, araların doldurulmadığını, sanitar-qovşağı tikilisinin döşəməsində suyun axın istiqamətinin düzgün tənzimlənmədiyini (yəni uklon verilməyini) nəzərə alaraq, sözügedən mənzil üzrə aparılmış təmir işlərində qüsurların olduğu, həmin təmir işlərinin əsaslı təmir olmadığı, yerinə yetirilmiş təmir işlərinin tikinti-texniki baxımdan keyfiyyətsiz yerinə yetirildiyi müəyyən olunmuşdur.
27. İşə apellyasiya instanisiya məhkəməsində baxılması zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi smeta ilə ekspertin verdiyi rəy müqayisəli təhlil edilmişdir. Ekspertin verdiyi rəydə sadalanan keyfiyyətsiz xidmətə görə smetada qeyd edilən və iddiaçı tərəfindən ödənilən məbləğ müəyyən edilmişdir. Belə ki, smetada göstərilən işlərdən 144 manat məbləğində 180 kisə atsepin alınması, 105 manat məbləğində 15 kisə sementin alınması, 140 manat məbləğində 20 kv.m staşka işçiliyin həyata keçirilməsini, 140 manat dəyərində üzlük, 110 manat məbləğində lepka kant (penaplast) işlərinin görülməsi, 348 manat məbləğində 24 kv.m-lik kafel işlərinin görülməsi, 96 manat məbləğində 8 kv.m metlax dəhliz işlərinin görülməsi, 214.5 manat məbləğində 11 kv.m metlax mətbəx hazırlanması, 110 manat məbləğində 10 kv.m metlax eyvan hazırlanması, 510 manat məbləğində 51 kv.m kafel metlax işçilik görülməsi, 12 manat həcmində 3 ədəd kres hazırlanması, 18 manat məbləğində trapın quraşdırılması, 140 manat məbləğində 25 ədəd matanın vurulması, 1500 manat həcmində malyar işinin görülməsi müəyyən edilmişdir. Sadalan işlər ekspertin verdiyi rəyə əsasən qüsurlu hesab edilmişdir.
28. Nəticədə, cavabdeh tərəfindən görülən qüsurlu işlərin dəyərinin 3587 manat təşkil etdiyi müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 3587 manat məbləğində pul tutulmalıdır.
29. O cümlədən, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə mənəvi zərərə görə 1000 manat pulun tutulmalı olması ilə bağlı da düzgün qənaətə gəlmişdir.
30. Belə ki, cavabdehin öhdəliyini lazımı qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının mənzili istifadəyə yararsız vəziyyətdə qalmışdır. İddiaçının müraciətlərinə məhəl qoyulmamış, müqavilənin bağlanmasından xeyli müddət keçsə də məsələ həllini tapmamışdır. Belə olan halda iddiaçının mənəvi sarsıntıya düçar olması aşkardır.
31. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
32. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
33. İşin hallarından və qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarından belə nəticəyə gəlmək olur ki, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olmuşdur.
34. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilməli, cavabdeh "xxxx" MMC-dən tutulan maddi zərərin məbləği 3587 manat müəyyən edilməli, ona uyğun olaraq tutulmalı olan dövlət rüsumunun məbləği 55 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.
36. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
37. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün qətnamədən kassasiya şikayətinin verilməsi yolverilməzdir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi maddi zərər və dövlət rüsumuna aid hissədə dəyişdirilsin. Cavabdeh "xxxx" MMC-dən 3587 (üç min beş yüz səksən yeddi) manat məbləğində maddi zərər, ödənilmiş dövlət rüsumun əvəzi olaraq 55 (əlli beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Ekspertizanın keçirilməsi ilə bağlı 150 manat məbləğində xərc "xxxx" MMC-dən tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev