Məhkəmə qərarları › İş №2(103)-2430/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2430/2023

10.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2430/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “bağsahəsinə dair Bağçılığa dair üzvlük kitabçasının, Protokoldan çıxarışın, əmr-qərarın və çigi planın surətlərinin təqdim olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (məhkəmə) 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, qətnamədən cavabdehin nümayəndəsinin xx.xx.2022ci il tarixdə verdiyi apellyasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpasına dair ərizə məhkəmənin 30 noyabr 2022-ci il tarixli qərardadı ilə rədd edilmişdir. Həmin qərardaddan Dövlət Neft Şirkətinin nümayəndəsinin verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, 30 noyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. 10 yanvar 2023-cü il tarixdə cavabdehin nümayəndəsi qətnamənin izah olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. 24 yanvar 2023-cü il tarixdə Dövlət Neft Şirkətinin nümayəndəsi qətnamədən növbəti dəfə apellyasiya şikayəti və şikayət üzrə müddətin bərpasına dair ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq mülki iş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Dövlət Neft Şirkətinin qətnamədən şikayət vermə müddətini üzrsüz səbəbdən ötürmüş olması qanuni qüvvədə olan məhkəmə aktı ilə təsbit olunmuş, ötürülmüş müddətin bərpası barədə onun xahişi həmin aktla rədd edilmiş, bu akt apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq qüvvədə saxlanılmışdır. Belə olan halda məhkəmənin eyni məsələyə yenidən baxaraq müddətin ötürülməsini üzrlü hesab etməsi prosessual qanunverciliyin tələblərinə açıq-aşkar ziddir və müvafiq qərardadın qəbul olunması apellyasiyanın mümkün hesab edilməsinə əsas yaratmır. Sözügedən qərardaddan iddiaçı tərəfindən şikayətin verilməmiş olması da məsələnin mahiyyətini dəyişdirməz; çünkü Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünü yoxlayarkən, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmadığına qiymət verməlidir. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “bağsahəsinə dair Bağçılığa dair üzvlük kitabçasının, Protokoldan çıxarışın, əmr-qərarın və çigi planın surətlərinin təqdim olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar