Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2432/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı işəbərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4849/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-nin İddiaçı “əmək müqaviləsinin ləğv olunması haqqında” xx xxxxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin X2 və Emalı Məntəqəsinə növbə rəisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə qarşı iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət ədərək, xx xxxxxx 2020-ci il tarixli, X-36 saylı “əmək müqaviləsinin ləğv olunması haqqında” əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərtütün “X5” MMCnin X2 və emalı məntəqəsinə növbə rəisi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı işdən azad olunmasına dair Azərtütün “X5” MMC-yə ərizə ilə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Təşkilatın rəhbər heyəti tərəfindən qərəzli olaraq xx.xx.2020-ci il tarixdə iddiaçının işdə olmamağı barədə akt tərtib olunaraq, həmin akta əsasən xx.xx.2020-ci il tarixdə iddiaçı barəsində intizam tənbehi verilməsi barədə əmr verilmişdir. Lakin iddiaçı xx.xx.2020-ci il tarixdə işdə olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdə səhhəti ilə əlaqədar işdə olmamış və təşkilatın faktiki yerləşdiyi ünvan ünvan 1 ünvanına gedərək bu barədə məlumat vermişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək xəstə olmuşdur. xx.xx.2020-ci il tarixli “İntizam tənbehi verilməsi haqqında” Ü-71 saylı əmrə əsasən iddiaçı X2 və Emalı Məntəqəsinin gözətçisi vəzifəsini qismən yerinə yetirdiyi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərində olan vəzifələri pozduğu və xx.xx.2020-ci il tarixində öz xidməti ərazisini tabe olduğu rəhbərə məlumat vermədən özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə intizam məsulliyəti növü olaraq, onun əmək müqaviləsinin xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə dair əmr verilmişdir. “Əmək müqaviləsinin ləğvi haqqında” əmr Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmaqla tərtib olunduğundan aşağıda qeyd olunan əsaslara görə ləğv olunmalıdır. İddiaçı xx.xx.2019-cu il tarixdə «Azərtütün X5” MMC-nin X2 və emalı məntəqəsində növbə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Lakin əmək müqaviləsi ləğv olunan zaman iddiaçının əmək funksiyaları gözətçi kimi xitam olunmuşdur. Əmək müqaviləsinə dəyişikliklərdən iddiaçının əmək müqaviləsinə xitam verilən zaman məlumatı olmuş, lakin əmək müqavıləsinə dəyişikliklər ilə bağlı işəgötürən ilə aralarında yazılı şəkildə heç bir razılıq olmamışdır. Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək işdən azad edilmişdir. Ancaq xx.xx.2020-ci il tarixli 39 nömrəli vəkil sorğusunda əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş sənədlərin surətlərinin verilməsi xahiş olumuş, təşkilat tərəfindən yalnız xx.xx.2020-ci tarixli və xx.xx.2020-ci il tarixli aktlara istinad olunmuşdur. Ancaq qanun birmənalı olaraq işçilərin izahatları və digər rəsmi sənədlərin olmasını qeyd edir. xx.xx.2020-ci il tarixli aktların rəsmi olmaması, həmin aktların Azərtütün tərəfindən daxili qeydiyyata alınmaması, işçinin daxili intizam qaydalarını kobudcasına pozması kimi sübut növü olaraq istifadə oluna bilməz. Aktlar cavabdeh təşkilatın vəzifəli şəxsləri tərəfindən qərəzli olaraq sonradan tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh «Azərtütün X5” MMC-nin direktor vəzifəsini müvəqqəti icra edən Eldar Məmmədov Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin tərəfimizdən verilən sübut, fakt, dəlil və sənədləri düzgün, ədalətli araşdırmaması, məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun olmadığını nəzərə alıb, Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsaslanaraq, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-cl İİ tarixli 2(004)-4849/2020 nömrəli Qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini,şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. İş materiallarından görünür ki, iddiaçının vəkili cavabdehə xx xxxxxx 2020-ci il tarixli məktubla müraciət edərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinin, əmək müqaviləsinə əlavə olunmuş sənədlərin, təlimatların, iş qrafikinin, əmək müqaviləsinə əlavə və dəyişikliklərin, əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş sənədlərin surətlərinin verilməsini xahiş etmişdir. İddiaçının vəkilinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı onunla bağlanmış xx xxxx 2019-cu il tarixli 00331 saylı əmək müqaviləsinə əsasən növbə rəisi vəzifəsinə işə qəbul edilməsinə baxmayaraq gözətçi kimi işdən azad edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçının növbə rəisi vəzifəsindən gözətçi işinə keçirilməsi müəyyən olunmur. Belə ki, bu barədə iddiaçının işçi kimi razılıq ərizəsi alınmamışdır. Göründüyü kimi, Əmək Məcəlləsinin yuxarıda istinad olunan normalarının tələblərinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız işçinin razılığı ilə ola bilər Əmək müqaviləsinin 8.2-ci bəndinə iddiaçının növbə rəisi vəzifəsindən gözətçi işinə keçirilməsi barədə dəyişiklik edilsə də, həmin dəyişiklik iddiaçı və işəgötürən tərəfindən imzalanmamış, dəyişikliyin tarixi göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə birinci əlavə əmək müqaviləsinin nümunəvi formasından görünür ki, əmək müqaviləsinə dəyişikliklər işəgötürən və işçinin imzası ilə təsdiq edilməlidir. Bundan əlavə iddiaçının başqa işə keçirilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinin tələblərinə əsasən sənədləşdirilməmişdir. Belə ki, iddiaçının iş yerinin dəyişməsi barədə müvafiq əmr işəgötürən- "Azərtütün X5” MMC-nin rəhbəri tərəfindən verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Bundan əlavə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə dəyişikliklər qeydiyyata alınmadığından qüvvəyə minməmişdir və iddiaçı növbə rəisi vəzifəsində olduğu halda Əmək Məcəlləsinin tələblərinə zidd olaraq gözətçi kimi işdən çıxarılmışdır. Bundan əlavə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi qaydalarına əməl olunmayaraq iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İstinad olunan normaların tələblərinə əsasən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə yalnız o halda yol verilə bilər ki, işçi əmək funksiyasını yerinə yetirmədiyinə görə onun iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən, yəni xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli aktlardan iddiaçının xx xxxxxx 2020-ci il tarixdə iş yerində olmaması səbəbindən X2 və Emalı Məntəqəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən düzgün olmayaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189.2-ci maddəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən intizam tənbehi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Halbuki təqdim olunmuş xəstəlik vərəqindən də görünür ki, iddiaçı xəstə olduğu tarixdə, yəni xx xxxxxx 2020-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki Əmək Məcəlləsinin 79.1-ci maddəsinin tələblərinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən olunmuş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edildiyindən bununla da iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh "Azərtütün X5” MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2432/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2432/2021
11.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver