Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2432/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun müdafiəsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-807/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində 124 kv.m qeyri-yaşayış sahəsinin (mağaza) xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin sahəyə sahiblik və istifadəyə qarşı pozuntulara cavabdehlər tərəfindən son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2013 il tarixli müqavilə əsasında ünvan 2 ünvanında yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m olan qeyri-yaşayış sahəsini 372000 manat ödəməklə almışdır. Həmin qeyri-yaşayış sahəsində 100.000 manat məbləğində şəxsi vəsaitiylə təmir etmiş, hal-hazırda icarəyə vermişdir. Bakı Ağır Cinayətlər Məhləməsinin 1-(101)-598/2019 saylı, xx.xx.2019- cu il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş E.Məmmədov, əsas təsisçilərdən olan A.Qədirov barədə ikili və təkrar satışların aparılması ilə bağlı hərəkətləri qanunsuz və cinayət hesab edilərək azadlıqdan məhrum etmə cəzası verilmişdir, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkirlər. Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü ilə həmin işdə o zərərçəkmiş kimi tanınmış və ona dəymiş maddiziyanın, alqı-satqı ilə aldığı qeyri-yaşayış sahəsinin onda olması əsası ilə, tam ödənilməsi nəzərə alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci ıl tarixli, 2(004)-678/2021 saylı qətnaməsilə cavabdeh ‘Meqa-Siti Holdinq” MMC-nin lahiyə üzrə ümumi sahəsi 124 kvadratdan ibarət olan həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi üzrə həmin qeyri-yaşayış sahəsi sahibliyimdə olmaqla bərabər ona təhvil-təslim aktı üzrə təhvil verilmişdir. 2021 -ci ildə ona məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa edilmiş binanın 1 -ci mərtəbəsində Cavabdeh2 ümumi sahəsi 126 kvadrat metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə xx.xx.2014-cü ıl tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Onu da bildirir ki, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2-1 (81)-6105/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdehlərdən Cavabdeh2 bu daşınmaz əmlakın hüquqi qeydyyata alınması barədə qərar çıxarılmış və həmin qərar icra olunmuşdur. Onuda bildirir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə mübahisələndirilən əmlakı dayısı Cavabdeh3 adına rəsmiləşdirmişdir. Hazıda göstərilən mübahisə üzrə Bakı Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilmişdir. Belə ki, həmin Bakı Şəhər İnzibati Məhkəməsində və Bakı Apelliyasiya Məhkəməsində mübahisələndirilən işdə "xxxx" ASCdə iştirakçıdır. Cavabdeh "xxxx" MMC tərəfindən dəyəri ödənilməklə sahiblik və istifadəsinə təhvil verilmiş hazırda icarəyə verdiyi, təmirdən sonra sahəsi 114 kvadrat metr olan mübahisələndirilən qeyri-yaşayış sahəsi ona təhvil veriləndə sahənin yerləşdiyi yer təsdiq edilmiş cizgi planla eynilik təşkil etmiş onda uyğun olaraq həmin cizgi planda təyin edilmiş sahənin öz maliyyə xərciylə təmir edərək istifadə edir. Cavabdehə göndərilmiş sorğusuna cavab məktubunda onun ilkin alıcı olduğu eyni zamanda fəaliyyət göstərdiyi sahənin verdikləri cizgi planla eynilik təşkil etdiyi göstərilir həmin sahədə və yerdə cavabdehlərdən Cavabdeh2 bu sahənin verilmədiyi satılmadığı, o cümlədən, cizgi planda verilmədiyi müəyyən edilir. Odur ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.2014-cü ildə satılmış, onun tərəfindən sonradan Cavabdeh3 bağışlanmış sahənin onun "xxxx" MMCdən aldığı cizgi planda göstərilmiş sahəyə heç bir aiddiyatı olmadığı halda həmin yerə cavabdehlərin həmin yerə iddia etməsini əsassız sayır. Cavabdehlərdən "xxxx" MMC-nin cavab məktubunda Cavabdeh2 sonradan əldə etdiyi xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cizgi planı verilmədyi və həmin yerin İddiaçı alqı-satqı edilmiş, hazırda istifadəmdə olan sahə ilə eynilik təşkil etmədiyi bildrilir. Belə ki, cavabdehlərdən ‘Meqa-Siti Holdinq” MMC ilə bağlanmış xx.xx.2013-cü il tarixli qüvvədə olan alqı-satqı müqaviləsi, 372000 manatın alqı-satqı məbləğini təsdiq edən maliyyə arayışı sahənin MMC tərəfindən verilmiş cizgi planın məhz həmin sahənin təhvil-təslim verilməsi haqqında yazılı arayış həmin qeyriyaşayış sahəsində maliyyə riskiylə əsaslı təmir apardığını təsdiq edən fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin zərərçəkmış statusunda tanınmağı və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi faktı həmin qeyriyaşayış sahəsinin təmir edilməsi hazırda icarəyə verməyi ilə bağlı xüsusatlar iddia tələbinin əsaslı olduğunu təsdiq edən hüquq əhəmiyyətli faktdır. Belə ki, mübahisələndirilən qeyr-yaşayış sahəsi Yasamal rayonu ərazisində yerləşir həmçinin alqısatqı müqaviləsinin icra yeri Yasamal rayonunda yerləşən çoxmənzilli yaşayış binasının 1ci mərtbəsində olan qeyri-yaşayış sahəsinə aiddir. Belə ki, işə əlavə etdiyi alqı-satqı müqaviləsi, sahənin cizgi planı,maliyyə arayışı və digər sənədlərlədə ilkin alıcı olmağı, həmçinin həmin qeyri-yaşayış sahəsi edilərkən 3-cü şəxslər azad və boş koordinatları cizgi planla üst-üstə düşən hazırda sahibliyində olan qeyri-yaşayış olduğu təsdiq edilir. Belə ki, ona bu qeyri-yaşayış sahəsinin xx.xx.2013-cü il tarixli alqı-satqısından sonraki tarixdə yəni Cavabdeh2 xx.xx.2014 tarixdə onun yeriylə eynilik təşkil etməyən ilkin cizgi planı olmayan sahənin koordinatları mühəndis texniki ekspertiza təyin etməklədə yəni ekspertiza rəyi ilədə müəyyənləşdirilə bilər. Cavabdehlərdən əsas mülkiyyətçi "xxxx" MMC tərəfindən verilən yazılı cavabda da ilkin alıcı olmağı bildirilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-807/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuş, şikayət iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə icraata xitam verilərək qətnamə ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-678/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və maraqlarına toxunan şəxs Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinə sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, mübahisəli qeyri- yaşayış sahəsi sahiblik və istifadə hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, sözügedən qətnamə ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7222/21 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kоllеgiyаsının 2(103)-7222/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ünvan 4 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 114,4 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış 2014-cü il tarixli alğı-satqı müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "Meqasiti Holdinq MMC”-nin ünvan 4 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi və xx.xx.2014-cü il tarixli maliyyə arayışının etibarsız sayılması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-178/2024 nömrəli iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (F.Talışinski (sədrliyi və məruzəsi ilə), hakimlər M.Məmmədov və A.İmanov) cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2024-cü il tarixli 2(103)-178/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda baxılan iş üzrə iddia tələbinin ifadəsi hər nə qədər “müqavilənin bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun müdafiəsi” kimi göstərilsə də, iddianın yönəldiyi şəxs və konkret tələb, həmçinin onun yaranma əsası yuxarıda adları çəkilən və qanuni qüvvəsini almış məhkəmə aktları ilə eynilik təşkil edir. Belə ki, bundan öncə baxılmış tələblər, xüsusən də "xxxx" MMC-nin ünvan 4 ünvanında 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində 114,4 kv.m qeyri-yaşayış sahəsinə Cavabdeh2 arasında bağlanmış 2014-cü il tarixli alğı-satqı müqavilənin etibarsız sayılması tələbi üzrə iddianın rədd edilməsi və nəticədə həmin müqavilənin etibarlı olaraq qalması ilə hazırki iş üzrə iddiaçının özü ilə cavabdeh MMC ilə aralarında bağlanmış müqavilənin etibarlı olub-olmaması məsələsinə də qiymət verilmiş hesab olunur. Sahiblik və istifadə hüquqları ilə bağlı tələblərə də baxılmışdır. Bu isə o deməkdir ki, yuxarıda qeyd edilənlər hazırda iddiada göstərilən tələbə yenidən baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı işə baxılmasının mümkünlüyünə dair göstərilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, hazırki iddia ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-807/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunsun və İddiaçı cavabdehlər "xxxx" MMC-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun müdafiəsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onu ödəyən şəxsin özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-2432/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2432/2025
30.04.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver