Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2433/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT MMC-yə, Cavabdeh3 və X1 qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(005)-1736/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 25 oktyabr 2017-ci il və 21 dekabr 2018-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 ilə 11.08.2006-cı il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Əri Cavabdeh3 Cavabdeh1 BOKT MMC ilə bağladığı 25 oktyabr 2017-ci il və 21 dekabr 2018-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin olunması məqsədilə həmin MMC ilə 25 oktyabr 2017-ci il və 21 dekabr 2018-ci il tarixli ipoteka müqavilələri bağlamış və birgə mülkiyyətlərində olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 50 saylı mənzili ipoteka ilə yüklü etmişdir. İpoteka müqavilələri bağlanarkən onun razılığı alınmadığına görə hesab edir ki, həmin müqavilələr etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(005)- 1736/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən məhkəmə xətşünaslıq ekspertizasının rəyinə istinad etmiş, lakin ekspert rəyini digər sübutların məcmusu ilə birlikdə qiymətləndirməyərək qanunsuz qətnamə çıxarmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçı nümayəndəsi Vəkil tərəfindən isə məhkəmə iclasının təxirə salınması barədə ərizə daxil olmuşdur. Cavabdehlər üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədiklərinə, iddiaçının nümayəndəsi isə məhkəmə iclasının təxirə salınması üçün üzrlü səbəb göstərmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(005)-1736/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 25 oktyabr 2017-ci il və 21 dekabr 2018-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə tərəflər arasında həmin tarixli ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi 1184-cü məhəllə ev 23-d yerləşən 50 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı birgə mülkiyyətlərində olan həmin mənzilin ipoteka ilə yüklü edilməsinə onun razılığının alınmadığını bildirmiş və ipoteka müqaviləsinin bağlanmasına razılıq ərizəsindəki imzanın ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 06 dekabr 2021-ci il tarixli 4/1582 nömrəli rəyinə əsasən, ipoteka müqaviləsinin bağlanmasına razılıq verilməsi barədə İddiaçı adından olan 24 oktyabr 2017-ci il tarixli və 5 dekabr 2018-ci il tarixli ərizələrin sonunda “Zeynalova” yazıları və həmin ərizənin aşağı hissəsində “İmza:” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, ipoteka müqavilələri bağlanarkən İddiaçı razılığının alınmaması barədə iddiaçının dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(005)- 1736/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2433/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2433/2022
19.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver