Məhkəmə qərarları › İş №2(103)-2442/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2442/2020

13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2442/2020 13.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı prezidenti X1, nümayəndəsi X6, Cavabdeh, onun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-8934/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə 5380 manat aylar üzrə əsas borcunun, 3596.64 manat cərimə borcunun, 350 manat ziyan borcu və inzibati xəta haqqında protokola əsasən yol hərəkəti qaydalarını pozmağa görə ödənilməmiş 260 manat cərimənin, cəmi 9586.64 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-8934/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı avtosalonundan müqavilə əsasında götürdüyü buraxılış ili 2013-cü il olan, **-AB-*** dövlət qeydiyyat nişanlı qəhvəyi rəngli “Brilliance” modelli avtomobilin alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 5380.64 (beş min üç yüz səksən manat altmış dörd qəpik) manat əsas borc, 2000 (iki min) manat cərimə, 350 (üç yüz əlli) manat ziyan borcu, İnzibati Xəta haqqında Protokollara əsasən 260 (iki yüz altmış) manat yol hərəkəti qaydalarının pozmaya görə ödənilməmiş cərimə borcu, cəmi 7.990.64 ( yeddi min doqquz yüz doxsan manat altmış dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzi İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona qarşı iddia verilməsindən və məhkəmənin keçirilməsindən məlumatı olmamışdır. Qətnamədə göstərilmişdir ki, guya o, məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.Məhkəmə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı şirkətdən onun adına avtomobil alınmış və ilkin ödəniş kimi 5500 manat ödəmişlər. Avtomobilin onun istifadəsində olduğu dövr üçün, yəni 10 ay müddətində cəmi 10.000 manat şirkətə pul vermişdi. Devalvasiya olduğu üçün ödəniş etməyi çətinləşdi və buna görə də şirkətlə razılaşaraq maşını qaytardı. Sonradan ondan məhkəmə qərarı ilə 8000 manata yaxın pul tutulduğu məlum olmuşdur. 5500 manat ödəməsi müqavilə şərtində göstərilməsə də, o, həmin pulu ödəmişdir. Çünki, pul ödənməsəydi avtomobili ona verməzdilər. Ödənişi etdikcə qəbzləri maşının “bardaçok”una qoyurdu. Maşını təhvil verəndə də qəbzlər maşınla birlikdə şirkətdə qaldı. 2015-ci ilin son aylarında avtomobili qaytarmışdı. Avtomobili şəxsi istifadəsi üçün almışdı. Məhkəmə iclasında cavabdehin vəkili X5 şikayəti müdafiə edərək bildirdi ki, 5500 manatın verilməsi barədə qəbz avtomobilin “bardaçok”unda olub. Avtomobili təhvil verəndə də sənədlər hamısı maşında qalıb. Hazırda əllərində sənəd olmamasından qarşı tərəf istifadə edir. Avtomobil sığortalanmışdırsa, sığorta haqqını iddiaçı ödəməli idi. İddiaçı sadəcə olaraq cavabdehin adından bunu edə bilərdi. Əqd notariat qaydada təsdiq olunmalı idi. Çünki, avtomobillərə dair əqdlər notarial qaydada təsdiq olunmalıdır. Ona görə də əqd etibarsızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 bildirdi ki, iddiaçı tərəfindən avtomobilə görə 5500 manat ilkin ödəniş edilib. Həmin məbləğ kasko sığortaya çıxılıb. Təxminən 10 ay müddətində avtomobil iddiaçının istifadəsində olmuş və qaytarılarkən yaxşı vəziyyətdə olmayıb. Radar pulunu da onlar ödəmişlər. Cavabdeh 5500 manatdan əlavə, 10 ayda aylıq ödənişlər üzrə cəmi 2408 manat ödəmişdir. Məhkəmə iclasında İddiaçı prezidenti X3 bildirdi ki, müqavilə xx xxxxxx 2014-cü ildə bağlanmış, ilkin ödəniş 5500 manat olmuşdur. Həmin məbləğ kasko və icbari sığortaya, ƏDV-yə sərf edildi. Bu pulun müqaviləyə heç bir aidiyyəti yoxdur. Belə ki, ilkin ödəniş avtomobilin müqavilədə nəzərdə tutulan qiymətinə daxil deyildir. Avtomobil 10 ay cavabdehin istifadəsində qalmış, bu müddətdə şirkətə cəmi 2408 manat ödənilmişdir. Radarın pulunu da onlar ödədilər. Daha doğrusu avtomobili alan yeni müştərinin ödədiyi puldan radarın pulunu çıxdılar. Cavabdehin bacısı oğlu onların xəbəri olmadan maşını başqasına satmışdır. Cavabdeh ağsaqqaldır, gəlib xahiş edib ki, bacısı oğlu tutulmasını istəmir ki, onlar şikayət etsin. O, öz cibindən 3600 manat ödəmişdir ki, cavabdehin bacısı oğlunun maşını satdığı şəxsdən geri alsın. Kifayət qədər cavabdehə güzəşt etmişdir. Onsuzda bu işə görə ziyandadır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və(və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən iddiaçı qiyməti 25.445,24 manat olan, buraxılış ili 2013-cü il olan, **-AB-*** dövlət qeydiyyat nişanlı, “Brilliance V5” Modelli avtomobili xx xxxxxx 2017-ci ilədək ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli verilmiş və ödənişinin həmin cədvələ uyğun (hər ay 708 manat, sonuncu ayda isə 665.24 manat) aparılması nəzərdə tutulmuşdur. Müqavilədə nəzərdə tutulmasa da cavabdeh avtomobilə görə ilkin ödəniş kimi 5500(beş min beş yüz) manat ödəmişdir. Qeyd olunan avtomobil təxminən 10 ay müddətində cavabdehin istifadəsində olmuşdur. Bu göstərilənləri tərəflərin heç biri mübahisələndirmir.Cavabdeh iddiaçıya ilkin ödənişlə birlikdə 10000(on min) manat ödədiyini bildirir, iddiaçı tərəf isə ilkin ödəniş kimi 5500(beş min beş yüz) manatdan əlavə cəmi 2408(iki min dörd yüz səkkiz) manat ödənildiyini etiraf edir. Əvvəla, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 449.1, 449.4 və 741-ci maddələrinə istinad etsə də tərəflər arasında pul və borc(kredit) münasibətlərinin yarandığı işdən görünmür. Belə ki, iddia ərizəsindən və işdə olan digər sənədlərdən görünür ki, tərəflər arasında mübahisə predmeti olmuş avtomobilin nisyə alqı-satışından yaranan mülki hüququ münasibətlər olmuşdur. Ona görə də, tərəflər arasında yaranmış həqiqi münasibətləri dəqiq müəyyənləşdirmədən iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını da pozmuşdur. İkincisi, Mülki Məcəllənin 600.4-cü maddəsinin imperativ tələbinə əsasən əşyanı təhvil almış alıcıcavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə iddiaçısatıcı ya satılmış əşyanın ödənilməsini yaxud ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, hazırki işdədə iddiaçı bunlardan birini tələb etməlidir. Qeyd olunduğu kimi avtomobilin 10 ay cavabdehin istifadəsində olduqdan sonra iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, iddiaçı avtomobilin 10 ay müddətində cavabdehin istifadəsində olmasına görə hazırki iddianı irəli sürmüşdür. Göründüyü kimi, cavabdeh mübahisəli avtomobilin 10 ay müddətində onun istifadəsində olmasına görə iddiaçı tərəfin etirafına görə ilkin ödəniş olan 5500 manatla yanaşı, aylıq ödənişlər üzrə 2408 manat, ümumilikdə isə mübahisəli avtomobilə görə 7908 manat ödəmişdir. Buna baxmayaraq, iddiaçı 10 aydan sonra avtomobilin qaytarılmasına baxmayaraq, 7908 manatdan əlavə, hazırki iddia üzrə yenidən 5380 manat aylar üzrə olan əsas borc, 3596.64 manat cərimə, 350 manat avtomobilə dəyən ziyan əvəzi və avtomobilin cavabdehin istifadəsində olarkən yol hərəkəti qaydalarını pozulmasına görə ödənilməmiş 260 manat cərimə, cəmi 9586.64 manat da tələb edir. İddiaçı tərəf 5500 manatın kasko və icbari sığortaya, ƏDV-yə sərf edildiyini göstərsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, ən azından həmin məbləğə dair müqavilədə hansısa şərt nəzərdə tutulmamışdır. Buna baxmayaraq, mübahisəli avtomobilə görə, yəni cavabdehin istifadəsində olduğu 10 aylıq dövrə görə ümumilikdə 7908 manat ödənilmişdir. Həmin məbləğ cavabdehin cədvəl üzrə 10 aylıq müddət üzrə ödəməli olduğu məbləğdən, yəni 7080 manatdan 828 manat artıq olan bir məbləğdir. Başqa sözlə iddiaçı alqı-satqı müqaviləsinin predmeti olmuş avtomobili geri qaytarmaqla yanaşı, həmin avtomobilin cavabdehin istifadəsində olduğu 10 aylıq dövrə görə də sonuncudan onsuzda artıq məbləğ əldə etmişdir. Bundan başqa, iddiaçının cavabdehdən maddi ziyana görə pul tələb etməsi də əsassız olmuşdur. Çünki, tərəflər arasında bağlanmış müqavilədə maddi ziyanın ödənilməsinin hansı hallarda tələb edilməsi dəqiq və konkret göstərilmişdir. Belə bir hal baş verməsinə dair isə, iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, iddia tələbinin 350 manat avtomobilə dəyən ziyan əvəzi və avtomobilin cavabdehin istifadəsində olarkən yol hərəkəti qaydalarını pozulmasına görə ödənilməmiş 260 manat cərimə hissələri əsaslı olsa belə, cavabdeh onsuzda iddiaçıya 828 manat artıq ödəniş etmişdir. Ona görə də iddia tələbinin bu hissələri də qeyd olunan səbəblərdən əsaslı ola və təmin edilə bilməzdi. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin müddəti, cavabdehin istifadəsində olduğu dövrə uyğun ümumilikdə avtomobilə görə 7908 manat ödəniş etməsi, avtomobilin iddiaçıya saz vəziyyətdə geri qaytarılması, ödənilmiş məbləğlə, avtomobilin hazırki dövrdə olan bazar dəyəri arasındakı fərq nəzərə alınmaqla hər bir halda ləğv edilmiş müqavilə nəticəsində iddiaçının cavabdehə nisbətən maliyyə vəziyyətinin daha üstün olması ilə nəticələnmişdir. Məhz bu meyar nəzərə alınmaqla iddia tələbinin cərimə hissəsi də təmin edilməməlidir. Çünki, yuxarıda qeyd olunduğu kimi, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş yekun məbləğin cəmi, tənasübsüz surətdə yüksək olan cərimə məbləğinin azaldılmış hissəsi də nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən qət edilən məbləğlə demək olar ki, eyni olmuşdur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-8934/2016 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar