Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2442/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mahmudali oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: “məcburi köçkünlərin məskunlaşması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı Mahmudali oğlunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-584/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Yasamal rayonu X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 004532 nömrəli xx.xx.1992-ci il tarixli orderə əsasən Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 nömrəli mənzili İddiaçı Mahmudali oğluna və onun ailə üzvlərinə verilmişdir.
2. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 99 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 917 saylı arayışına əsasən Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 nömrəli mənzilində Şuşa rayonundan məcburi köçkün kimi məskunlaşmışlar.
3. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Şuşa şəhərindən məcburi köçkün Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 və övladı Cavabdeh4 ilə birgə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinsk küçəsi, 2942D məhəllədə yerləşən 1 saylı evin İddiaçı məxsus 7 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmişdir. Cavabdeh2 xx.xx.2024-cü ildə vəfat etmişdir. Cavabdeh3 ailəlidir və övladı ilə birgə hazırda Azərbaycan Respublikasının sərhədlərindən keçərək Türkiyə Respublikasına getdikləri aşkarlanmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-584/2022 saylı qətnaməsinin icra vərəqinə əsasən, sözügedən mənzilin mülkiyyətçisi İddiaçı ona məxsus mənzilin boşaldılıb özünə geri təhvil verilməsi ilə bağlı etdiyi müraciətlərini nəzərə alaraq, sözügedən ünvanda faktiki məskunlaşıb yaşayan Cavabdeh1 övladı Cavabdeh4 ilə birgə cəmi 2 nəfər olmaqla Komitənin boş mənzil fondundan xx.xx.2024-cü il tarixdə məcburi köçkünlər üçün salınmış Biləsuvar rayonunda 5 saylı qəsəbədə 12 sot həyətyanı sahəsi olan 2 otaqlı fərdi yaşayış evi ilə, Goranboy rayon ərazisində 690 ailəlik qəsəbədə 1 otaqlı mənzili ilə və ya Füzuli rayonunda 6 saylı Qayıdış qəsəbəsində yerləşən 1 otaqlı fərdi yaşayış evlərinin biri ilə təmin olunması təklif olunmuşdur. Lakin, Cavabdeh1 və övladı Cavabdeh4 təklif olunmuş yaşayış sahələrinin birinə köçməkdən imtina etmişdir. Bu barədə Xətai rayon İcra şöbəsinin sorğusuna və evin sahibi İddiaçı müraciətinə rəsmi cavab verilmiş, eyni zamanda Cavabdeh1 həm telefon vasitəsi ilə, həmçinin mənzil təklif olunması ilə bağlı faktiki məskunlaşdığı ünvana rəsmi məktub göndərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Mahmudali oğlu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxalılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 saylı mənzilindən çıxarılması, 100 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 200 manat və etibarnamə üçün ödənilmiş 12 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 saylı mənzili Yasamal rayonu X3 İcrayə Komitəsi tərəfindən 004532 nömrəli, xx.xx.1992-ci il tarixli orderlə ona və ailə üzvlərinə verilmişdir. Lakin Şuşa rayonundan məcburi köçkün düşmüş Cavabdeh2 ona verilmiş mənzili qanunsuz olaraq zəbt edərək, orada məskunlaşdığından bu günədək öz mənzilinə köçə bilməmişdir. Dövlət tərəfindən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə dövlət proqramı qəbul edilmişdir. Həmin proqramın icras ilə əlaqədar olaraq qaçqınlar və məcburi köçkünlərin mənzil, sosial və digər şəraitlərinin yaxşılaşdırılması məqsədilə onlar üçün ölkəmizin müxtəlif yerlərində qaçqın şəhərcikləri salınmış, müasir tipli evlər tikilmiş və qaçqın ailələri həmin mənzillərə köçürülmüşlər. Onun və ailəsinin mənzilə ehtiyacı olmasına baxmayaraq ayrılmış mənzildə məcburi köçkünlərin yaşaması səbəbindən uzun illərdir ki, öz mənzilində yaşaya bilmir. Bu isə konstitusion hüquqlarının pozulması deməkdir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 584/2022 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Mahmudali oğlunun qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 saylı mənzilindən çıxarılmaları, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 hüquqi yardıma görə ödənilmiş 200 manat, 100 manat dövlət rüsumu və etibarnamə üçün ödənilmiş 12 manatın tutularaq İddiaçı Mahmudali oğluna ödənilməsi qət edilmişdir.
7. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Mahmudali oğlunun qanuni sahibliyində və istifadəsində olan mənzil üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 saylı mənzilindən çıxarılmalıdır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara almışdır. Məhkəmə hazırki iş üzrə nümayəndənin yardımına görə tələb olunan 200 manat məbləğini ağlabatan məbləğ hesab etmiş və iddia tələbinin həmin hissədə təmin olunması qənaətinə gəlmişdir.
9. 28.10.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı Mahmudali oğlu tərəfindən 100 manat dövlət rüsumu və etibarnamə üçün 12 manat pul ödənilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsümu və etibarnamə üçün ödənilmiş 12 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10, 28-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5, 157.8, 165.1-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Marks Belçikaya qarşı, Sporronq və Lonnpot İsveçə qarşı, Akimova Azərbaycana qarşı, Zülfəli Hüseynov Azərbaycana qarşı, Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 121.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin boşaldılması barədə dəfələrlə sözügedən inzibati orqana müraciət etsələr də, zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunmasını bildirsələr də, müraciətləri nəticəsiz qalmışdır. Bundan başqa, iddiaçıya yuxarıda qeyd olunan məsələ ilə bağlı məlumat versə də, bu barədə müraciəti nəticəsiz qalmışdır (bu sadəcə son müddətlərdə davam etmiş iddiaçının onlara qarşı yaranmış qəzəbidir). Hesab edir ki, mənzildən istifadə üçün iddiaçı tərəfindən onlara yaradılmış maneələrin aradan qaldırılması, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, belə olan halda məcburi köçkün statusunda olan şəxslərin qeyd olunan mənzildən istifadə etməsinin mülkiyyətçinin hüquqlarının pozulmasının əsası kimi qiymətləndirilməsi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə onları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etməmiş, iştiraklarını təmin etmədən işə baxmışdır. Göstərilənlərə əsasən hesab edir ki, hər hansı daşınmaz əmlakın şəxsin mülkiyyətinə verilməsi ilə bağlı tələblərin təmin edilməsi qənaətinə gələrkən yaşayış yeri olmayan məcburi köçkün statusunda olan şəxslərin hüquqi vəziyyəti də nəzərə alınmalıdır. Məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş mənzillər xüsusi təyinatlı yaşayış sahəsi olmaqla Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin balansındadır. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyəti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, Şuşa şəhərindən məcburi köçkün olduğu üçün həmin şəhərdə yaşayış sahəsi ilə təmin edildikdən sonra ora köçəcəkdir. Birinci instansiya məhkəməsinin qətnaməsi artıq icra olunmuş və onlar iddiaçıya məxsus mənzili tərk etmişlər.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi artıq icra olunmuş və onlar iddiaçıya məxsus mənzili tərk etmişlər
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayənlərinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 10. Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X3nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.
19. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
20. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
21. “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi aktaəsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (§103). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zülfəli Hüseynov Azərbaycana qarşı işi üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə isə ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyətdən dinc istifadə hüququrna qarşı məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi hüququnun tarazlaşdırılmasının təmin edilməsi üçün yerli səlahiyyətli orqanların öz öhdəliklərini yerinə yetirməsinə yönəlmiş hər-hansı xüsusi tədbirlərin görülməsi nə yerli məhkəmə proseslərində, nə də ki, Məhkəmədə müəyyən edilməmişdir...ərizəçi həddən artıq fərdi vük daşımağa məcbur edilmisdir. Səlahiyyətli orqanlar, məcburi köçkünlərə müvəqqəti yaşayış sahəsinin verilməsi üzrə cəmiyyətin ümumi marağı ilə ərizəçinin mülkiyyətdən dinc istifadə hüququ arasında tələb olunan ədalətli tarazlığı təmin etməmişlər.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu: Maddə 5. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”: Bənd 4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayəti yalnız Cavabdeh1 tərəfindən verildiyindən, qətnamənin əsaslığı yalnız ona aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İşdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, 1 saylı evin 7 saylı mənzili Yasamal rayonu X3 İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 004532 nömrəli orderi əsasında iddiaçıya məxsusdur.
30. Cavabdehlər məcburi köçkün kimi həmin mənzildə məskunlaşmışlar.
31. Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, hazırki halda yaşayış yeri olmayan məcburi köçkün statusunda olan şəxslərin hüquqi vəziyyəti nəzərə alınmaqla, onların başqa yaşayış sahəsi ilə təmin olunmadığı halda mənzildən çıxarılmağı qanunsuzdur.
32. Apellyasiya icraatı zamanı hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə sorğu ünvanlanmış, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Şuşa şəhərindən məcburi köçkün Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 və övladı Cavabdeh4 ilə birgə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinsk küçəsi, 2942D məhəllədə yerləşən 1 saylı evin İddiaçı məxsus 7 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmişdir. Cavabdeh2 29 aprel 2024-cü ildə vəfat etmişdir. Cavabdeh3 ailəlidir və övladı ilə birgə hazırda Azərbaycan Respublikasının sərhədlərindən keçərək Türkiyə Respublikasına getdikləri aşkarlanmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 584/2022 saylı qətnaməsinin icra vərəqinə əsasən, sözügedən mənzilin mülkiyyətçisi İddiaçı ona məxsus mənzilin boşaldılıb özünə geri təhvil verilməsi ilə bağlı etdiyi müraciətlərini nəzərə alaraq, sözügedən ünvanda faktiki məskunlaşıb yaşayan Cavabdeh1 övladı Cavabdeh4 ilə birgə cəmi 2 nəfər olmaqla Komitənin boş mənzil fondundan xx.xx.2024-cü il tarixdə məcburi köçkünlər üçün salınmış Biləsuvar rayonunda 5 saylı qəsəbədə 12 sot həyətyanı sahəsi olan 2 otaqlı fərdi yaşayış evi ilə, Goranboy rayon ərazisində 690 ailəlik qəsəbədə 1 otaqlı mənzili ilə və ya Füzuli rayonunda 6 saylı Qayıdış qəsəbəsində yerləşən 1 otaqlı fərdi yaşayış evlərinin biri ilə təmin olunması təklif olunmuşdur. Lakin Cavabdeh1 və övladı Cavabdeh4 təklif olunmuş yaşayış sahələrinin birinə köçməkdən imtina etmişdir. Bu barədə Xətai rayon İcra şöbəsinin sorğusuna və evin sahibi İddiaçı müraciətinə rəsmi cavab verilmiş, eyni zamanda Cavabdeh1 həm telefon vasitəsi ilə, həmçinin mənzil təklif olunması ilə bağlı faktiki məskunlaşdığı ünvana rəsmi məktub göndərilmişdir.
33. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Biləsuvar rayonunda 5 saylı qəsəbədə 12 sot həyətyanı sahəsi olan 2 otaqlı fərdi yaşayış evi ilə, Goranboy rayon ərazisində 690 ailəlik qəsəbədə 1 otaqlı mənzili ilə və ya Füzuli rayonunda 6 saylı Qayıdış qəsəbəsində yerləşən 1 otaqlı fərdi yaşayış evlərinin biri ilə təmin olunması təklif olunmuş, lakin onlar təklif olunmuş yaşayış sahələrinin birinə köçməkdən imtina etmişlər.
34. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər.
35. Kollegiya hesab edir ki, xx.xx.1992-ci il tarixli, 004532 nömrəli order əsasında iddiaçının həmin mənzildə yaşamaq və ondan istifadə etmək, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən gələcəkdə isə həmin mənzili özəlləşdirərək mülkiyyətinə keçirmək hüququ olduğundan, cavabdehlərin hazırda qeyd olunan mənzildə yaşamağa davam etməsi iddiaçının öz əmlakından istifadə hüququnu əsassız olaraq məhdudlaşdırır.
36. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya həmçinin qeyd edir ki, iş materiallarına əsasən cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər poçt vasitəsilə faktiki yaşadıqları ünvana göndərilmiş, bundan əlavə, cavabdehlər iclaslar barədə SMS bildiriş və telefonoqram vasitəsilə məlumatlandırılmışlar.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-584/2022 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.