Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2444/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2444/2025 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-917/2025 nömrəli 10 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 04 sentyabr 2024-cü il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən, Əmək müqaviləsinin 2.2 və 2.3-cü bəndlərinə aşağıdakı redaksiyada yazılmışdır: 2.2. Bu Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müddətli olaraq bağlanmışdır. 2.3. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasıya sistemi vasitəsilə) xəbərdarlıq etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
2. İddiaçı oğlu tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli ərizəyə əsasən, o, 04 sentyabr 2024-cü il tarixindən əmək müqaviləsinin müddətinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
3. Cavabdeh MMC tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat” bildirişə əsasən, İddiaçı onunla 04 avqust 2022-ci tarixli Əmək müqaviləsinin müddəti 04 oktyabr 2024-cü il tarixində bitir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin uzaldılmaması nəzərdə tutulmuşdur.
4. Cavabdeh MMC tərəfindən verilmiş 101/K №-li, 26 sentyabr 2024-cü il tarixli əmrə əsasən, İddiaçı hüquq departamentinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir.
5. İddiaçı əmək kitabçasında edilmiş qeydə əsasən, xx.xx.2024-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı oğlu Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, işçinin işdən azad edilməsi haqqında əmrin ləğv edilməsini, onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə ödənilməyən əmək haqqı məbləğlərinin işçiyə ödənilməsi öhdəliyi, eləcə də mediasiya xərci olan 50 manatın yarısı, yəni 25 manat məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 04 avqust 2022-ci il tarixdə Cavabdeh MMC-də hüquqşünas vəzifəsində işə başlamışdır. İşə başlayan zaman onunla şirkət arasında əmək müqaviləsi, eləcə də tam maddi məsuliyyət və məxfilik haqqında müqavilələr bağlanmışdır. Həmin vaxt əmək müqaviləsini nəzərdən keçirərkən onun 3 ay müddətə bağlandığını müəyyən etmişdir. O dövrdə şirkətdə hüquq sisteminin ümumiyyətlə olmadığını, yəni heç bir hüquqi prosedurun mövcud olmadığı və hüquqi mexanizmlərin işləmədiyini nəzərə alaraq, bütün bunlarla, eləcə də qanunvericiliyə zidd şəkildə müəyyən şəxslərlə əmək müqavilələrinin müddətli bağlanması ilə əlaqədar olaraq həmin vaxt şirkətin “insan resursları” şöbəsinin rəhbəri olan şəxsə və digər aidiyyəti şəxslərə irad və tövsiyələrimi bildirmişdir. Onlar isə şirkətdə qaydanın bu cür formalaşdırıldığını və müəyyən istisnalarla, hər kəsə münasibətdə bu qaydanın tətbiq olunduğunu bildirmişdilər. Onlar tərəfindən bu qaydanın birbaşa şirkət rəhbəri tərəfindən formalaşdırıldığı qeyd olunurdu. O isə təcrübəli hüquqşünas və vəkil olaraq, bu qaydanın tətbiqinin kökündən səhv və qanun pozuntusu olduğunu, buna görə şirkətin gələcəkdə ciddi cərimələrlə üzləşə biləcəyini vurğulamışdır. Bütün bu iradların heç bir nəticəsi olmadığına görə, 21 iyun 2023-cü il tarixdə bununla bağlı birbaşa şirkət rəhbərinə məlumat verərək, cərimə riskləri ilə bağlı xəbərdarlıq etmişdir. O isə “Whatsapp” şəbəkəsində səs yazısı vasitəsilə narahat olmamağını məsləhət görərək, həm vergi, həm də əmək müfəttişliyi orqanları ilə münasibətlərinin yaxşı olduğunu bildirdi. Qısa müddət ərzində qurduğum sistem və hüquqi tənzimləmə mexanizmi sayəsində şirkətdə bir sıra müsbət dəyişikliklərə nail olmuşdum, lakin əmək müqaviləsi problemi hələ də həllini tapmamışdı. Bu da birbaşa şirkət direktorunun mövqeyi ilə bağlı idi. Şirkətə qazandırdığı layihələr və gördüyü işlər nəzərə alınaraq, əvvəlcə 08 may 2023-cü il tarixdə “Hüquq şöbəsinin” müdiri, daha sonra 02 aprel 2024-cü il tarixdə “Hüquq departamentinin” direktoru təyin olunmuşdur. Bütün bunlara baxmayaraq, qohum-əqraba ənənəsinin burda da davam etdirilməsi inkişafın qarşısını almaq baxımından öz rolunu oynayırdı. 02 sentyabr 2024-cü il tarixdə şirkət rəhbəri onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı o, hal-hazıradək olan fəaliyyətindən tam razı olduğunu, lakin şirkətdə baş verən struktur dəyişikliyi ilə əlaqədar olaraq “Hüquq departamentinin” ləğv olunduğunu və onunla bağlanmış əmək müqaviləsinin daha uzadılmayacağını bildirmişdir. Qısa müddətdən sonra bunun sadəcə bir bəhanə olduğu və “Hüquq departamentinin” ləğv edilmədiyi ona məlum olmuşdur. Belə ki, vaxtilə onun hüquqşünas vəzifəsi üzrə işə götürdüyü əməkdaş və ondan sonra işə götürülən bir neçə nəfər hələ də orada işləyirlər. Məsələnin əsas mahiyyətinə gəldikdə isə, işəgötürən tərəfindən “Hüquq departamentinin” ləğvi bəhanəsi əsas götürülərək yol verilən bu hal əmək qanunvericiliyinin və əmək hüquqlarının kobud şəkildə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanıldığı hallar konkret olaraq müəyyən edilmişdir. Qanunvericiliyin açıq-aşkar tələbi ondan ibarətdir ki, əgər bir müəssisə, təşkilat daimi əsaslarla fəaliyyət göstərirsə, orada işləyən əməkdaşlarla əmək müqaviləsi hər hansı müddət müəyyən edilmədən bağlanılmalıdır. Cavabdeh MMC daimi əsaslarla fəaliyyət göstərən şirkətdir. Vergi orqanlarında 2014-cü ildə dövlət qeydiyyatına alınmışdır, lakin 2006-cı ildən, yəni 18 il ərzində fəaliyyət göstərir. Kassa, posterminal, bankomat satışı, quraşdırılması, təchizatı və sair sahədə ixtisaslaşmışdır və bu sahədə fəaliyyət göstərən üç-dörd şirkətdən biridir. Eyni zamanda onu da qeyd edir ki, orada hal-hazırda işləyən (xüsusən rəhbər vəzifələrdə) bəzi əməkdaşlar 5 ildən artıq müddətdə işlədikləri üçün onların əmək müqavilələri müddətsiz bağlanılmışdır. Bu da şirkətin daimi əsaslarla fəaliyyət göstərdiyini təsdiq edən daha bir əsas sübutdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi isə işəgötürənlər tərəfindən ən çox sui-istifadəyə məruz qalan müddəalardan biridir. Belə ki, həmin bənd “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığından” bəhs edir. Burada “hüquq bərabərliyi” dedikdə, qanunvericilik həqiqi bərabərliyi nəzərdə tutur, hansı ki onun əsasları Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilib. Konstitusiya da öz növbəsində hüququn ümumi (əsas) prinsiplərinə, eləcə də təbii hüquq nəzəriyyəsinin prinsiplərinə əsaslanıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, konkret situasiya üzrə tərəflər həqiqi bərabərliyə malik deyillər və burada işəgötürən diktə edən tərəf kimi çıxış edir. Başqa cür ifadə etsək, işəgötürən öz üstün mövqeyindən sui-istifadə edir. Buna aşkar nümunə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarını göstərmək olar. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2023-cü il tarixli, 2(102)-1857/2023 nömrəli Qərarına əsasən məhkəmə o qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsi düzgün tətbiq edilməmişdir. Daimi əsaslarla uzun müddət fəaliyyət göstərən bir təşkilatda şəxs öz sərbəst iradəsi əsasında heç vaxt 3 ay müddətə əmək müqaviləsi bağlamaz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən işin konkret hallarına, o cümlədən işçinin müddətli müqavilə bağlaması barədə ərizəsinin etibarlılığına obyektiv hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2(102)-4262/2023 nömrəli Qərarı da həmin mövqeyi təsdiqləmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də sözügedən məsələ ilə bağlı 31 yanvar 2024-cü il tarixli Plenum Qərarında qeyd etmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-917/2025 nömrəli 10 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əmək fəaliyyətinə başladığı şirkətdə işlədiyi müddət ərzində müxtəlif vəzifələrə təyin edilmiş olsa da, hər zaman tərəflər arasında müddətli müqavilə bağlanmış, iddiaçı tərəf müddətli müqavilənin bağlanması zamanı ona təziq göstərildiyini, işşilər arasında ayrı-seçkilik olduğunu qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəfin təqdim etdiyi whatsapp yazışmasından məlum olmuşdur ki, iddiaçı tərəf özünün hüquq şirkətini yaratmaq istəmiş, cavabdeh şirkətlə əməkdaşlıq etmək təklifi irəli sürmüş və əlavə məvacib ödənilməsini xahiş etmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, 04 sentyabr 2024-cü il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müddətli olaraq bağlanılmışdır. Göründüyü kimi, müddətli əmək müqaviləsinin müddəti tərəflərin razılığı əsasında müəyyən edilir və müqavilənin müddəti bitdikdə xitam verilir. Bu halda, bağlanmış əmək müqaviləsinin müddəti başa çatdıqda, ona xitam verərək əmək münasibətlərinə son vermək tərəflərin müstəsna hüququdur.
11. Məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC tərəfindən verilmiş 12 sentyabr 2024cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat” bildirişə əsasən, İddiaçı 04 avqust 2022-ci tarixli Əmək müqaviləsinin müddətinin 04 oktyabr 2024-cü il tarixində bitəcəyi bildirilmişdir. Yəni, əmək müqaviləsinin bitdiyi vaxtdan 1 həftə keçmədən müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Belə olan təqdirdə cavabdeh tərəfindən Əmək qanunvericiliyinin tələbləri pozulmamış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq müddəti gözlənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halı aşkar edilmədiyindən iddiaçının əmrin ləğv edilməsi və işə bərpa tələbi təmin edilməməlidir
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, Əmək Məcəlləsinin 2.2, 2.3, 3.3, 3.5, 9-cu maddəsinin “a” və “b” bəndləri, 11-ci maddəsinin “a” və “b” bəndləri, 12, 14, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 46, 47, 68, 73, 83, 296, 300cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 119.2, 216- 220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətində iddia ərizəsində qeyd edilənlərdən əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Sonradan işəgötürənin əmək müqaviləsini hansı müddətlərə uzatmasından xəbəri olmamışdır. Əməliyyatları elektron sistem üzərindən özləri istədikləri formada icra etmişlər. Şirkət rəhbərinə bu məsələlərlə bağlı xəbərdarlıq etdiyində belə, narahat olmamağı məsləhət görmüş və heç bir dövlət orqanının problem yaratmağa gücü çatmayacağını bildirmişdir. Məhkəmə isə bütün bunları görməzdən gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İşə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
19. Maddə 3, 5-ci hissə. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
20. Maddə 14, 2-ci hissə. Dövlət, iş qüvvəsindən səmərəli istifadə olunmasını təmin etmək, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİİİ hissəsinə müvafiq olaraq işsizliyin aradan qaldırılması məqsədi ilə vətəndaşların peşəkarlıq səviyyəsini, əmək vərdişlərini, çoxillik təcrübəsini nəzərə almaqla müvafiq ixtisaslar, sənətlər, peşələr üzrə ölkədə mövcud olan işçi qüvvəsindən istifadə olunmadan xarici ölkələrdən əsassız olaraq mütəxəssislərin işə cəlb olunmasının qarşısının alınmasını, işsizlik, əhalinin məşğulluğu və miqrasiyası məsələlərini tənzimləyir.
21. Maddə 14, 3-cü hissə. Əmək münasibətləri sahəsində dövlət siyasətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. Həmin icra hakimiyyəti orqanı: səlahiyyətləri çərçivəsində müəyyən edilmiş hallarda əmək münasibətlərinin tənzim edilməsinin təmin olunması üçün müvafiq normativ hüquqi aktlar qəbul edir; əməyin ödənilməsi, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əmək miqrasiyası, əhalinin sosial müdafiəsi, əlilliyi olan, işçilərin reabilitasiyası problemləri sahəsində dövlət siyasətini həyata keçirir; əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir.
22. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
23. Maddə 45, 2-ci hissə. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
24. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə mək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
25. Maddə 68.2, “b” bəndi. əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
36. Göründüyü kimi, iddiaçı tutduğu vəzifəyə uyğun olaraq onunla müqavilənin müddətsiz bağlanmalı olduğunu göstərsə də, işəgötürənin müddətlə bağlı təklifinə etiraz etməmiş, əksinə özü əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdən dəyişdirilməsinə etiraz etməməsi barədə ərizə vermişdir.
37. İddiaçı hüquqşünas olmaqla, müddətli əmək müqaviləsinin hansı hüquqi nəticələrə səbəb olmasından məlumatlı olmuşdur.
38. Belə olduqda Kollegiya tərəflərin bərabər olmaması, yəni iddiaçının əlverişsiz vəziyyətdə olmasına dair dəlilini inandırıcı hesab etmir. İddiaçı özü könüllü olaraq müqavilənin şərtləri ilə razılaşmış, hər hansı kənar təsirə məruz qalmadan öz iradəsini bəyan etmişdir.
39. Birinci instansiya məhkəməsinin mövqeyini Kollegiya əsaslı hesab edir.
40. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçıya hər hansı təziq göstərilməmiş, iddiaçı cavabdeh şirkətdə 5 ildən az müddətdə işləmiş, əmək münasibətlərinə son verilməsində özü də maraqlı olmuşdur.
41. İddiaçı 04 avqust 2022-ci tarixli Əmək müqaviləsinin müddətinin 04 oktyabr 2024-cü il tarixində bitəcəyi bildirilmişdir. Əmək müqaviləsinin bitdiyi vaxtdan 1 həftə keçmədən müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Belə olan təqdirdə cavabdeh tərəfindən Əmək qanunvericiliyinin tələbləri pozulmamış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq müddəti gözlənilmişdir.
42. Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi hissəsinə qiymət verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki əmr qanunla müəyyən edilmiş qaydada tərtib edilmişdir, onun ləğvi üçün əsas yoxdur.
43. Apellyasiya şikayətində qeyd edilən tərəflərin qeyri-bərabər hüquqları nəticəsində müqavilə imzalanmasına münasibətdə kollegiya qeyd edir ki, bu dəlilə aid hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında iddiaçı tərəfindən təqdim edilməmişdir.
44. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
46. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-917/2025 nömrəli iş üzrə 10 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.