Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2445/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, böyük qızı olan Sədaqətin onunla yaşamadığını, qeyri-rəsmi nikaha daxil olaraq evdən çıxıb getdiyini və başqa evdə qaldığını, evi yaxınlıqda olsa da gəlib bir dəfə də olsun xəstə bacısına hər hansı işdə yardımçı olmadığını, məqsədyönlü olaraq mənzilində qeydiyyatda qaldığını və mənzilə sahib çıxaq üçün onun ölməyini gözlədiyini, kiçik və xəstə qızından narahat olduğu üçün ondan ayrı yaşayan böyük qızının mənzildən istifadə hüququna xitam verilməsini istədiyini bildirmiş, buna görə də Cavabdeh ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilə uşağı ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiasını belə əsaslandırmışdır ki, sözügedən mənzildə qeydiyyatda olmaqla həmişə orda yaşamış, hər zaman anadan gəlmə fiziki qüsurlu olan bacısının, atasının və evin bütün qayğıları ilə məşğul olmuş, lakin son dövrlərdə atası ona evdə yaşamağa imkan verməmiş və onu zorla mənzildən çıxarmış, azyaşlı uşağı ilə kirayələrdə qalmağa məcbur qalmışdır. Hazırda eyni həyətdə müvəqqəti kirayə mənzil tutaraq uşağı ilə orada yaşayır və bacısının qayğısını çəkməyə davam edir. Həmişə bacısı və atası ilə birlikdə ümumi təsərrüfat aparmaqla həmin yaşayış sahəsində yaşayaraq ondan istifadə etmək hüququnu əldə etmişdir, lakin atasının yaratdığı məhdudiyyətə görə yalnız o evdən çıxdıqdan sonra mənzilə daxil ola bilir, zəruri ev işlərini (evin təmizlənməsi, paltarların yuyulması və s) görür və atası mənzilə qayıdana qədər evdən çıxmaq məcburiyyətində qalır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, Sədaqəti evdən çıxarmadığı halda, onun oraya köçürlməsi barədə qanunsuz nəticəyə gəldiyini, mülkiyyətçi kimi hüquqlarının pozulmasına şərait yaratdığını, mühüm əhəmiyyəti olan bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, Cavabdeh isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normalarının seçimi zamanı səhvə yol vermiş, nəticədə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq qətnamə ləğv olunmaqla ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil İddiaçı mülkiyyətindədir; onun qızı olan Cavabdeh isə uşağı ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla aralarında yaranmış mübahisə nəticəsində 2018-ci ildə mənzildən çıxıb getmiş, mənzilin yerləşdiyi həyətdə kirayədə yaşamaqdadır. İşin tərəflərin izahatları əsasında müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sözügedən mənzil təxminən 1999-2000-ci ildə (ilkin iddiaçının bildirməsinə görə 21 il əvvəl) faktiki olaraq İddiaçı tərəfindən satın alınmış və o, ailəsi ilə birlikdə həmin vaxtdan orada yaşamağa başlamış, lakin mənzilin İddiaçı adına rəsmiləşdirilməsi xx.xx.2019-cu il tarixli elektron alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. İlkin iddia üzrə iddiaçı məhz qızının – 2000-ci illərdən mənzildə qeydiyyatda olan və orada yaşamış Cavabdeh - mənzildən istifadə hüquqlarının itirilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməli olduğu qənaəti ilə belə nəticəyə gəlmişdir ki, ilkin iddiaçı Cavabdeh istifadə hüququna xitam verilməsinin əvəzi olaraq ona hər hansı pul kompensasiyası təklif etmədiyindən ilkin iddia tələbinin təmin olunmasının qanuni əsası mövcud deyildir. Halbuki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh mənzilə onun əvvəlki mülkiyyətçinin iradəsi (razılığı) ilə 2000-ci ilə qədər köçməklə mənzilə hüququ həmin dövrdə yaranmışdır; çünkü həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər”. Bununla yanaşı işin hallarından aydın olur ki, mənzil 2019-cu ilin may ayında İddiaçı mülkiyyətinə keçmiş və onunla Cavabdeh arasında mübahisə bundan sonra yaranmışdır. Başqa sözlə, Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisinin iradəsi əsasında həmin mənzilə yaranan istifadə hüququ, mənzil İddiaçı mülkiyyətinə keçdikdən sonra hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaranan istifadə hüququ ilə əvəz olunmuşdur; çünkü həmin Məcəllənin 30.1-ci və 30.2-ci maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. ...Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Qeyd olunmalıdır ki, daşınmaz əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınması onun mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir – çünkü Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi belə olmuşdur ki, “yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir....Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir”. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Cavabdeh mübahisəsi gedən mənzilin hazırkı mülkiyyətçisi İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, atasına məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; buna görə də, birinci instansiya məhkəməsinin ilkin iddiaçının Cavabdeh yönəlmiş iddia tələbi üzrə gəldiyi qənaət nə işin mübahisələndirilməyən hallarına, nə də mülki qanunvericiliyə uyğun olmuşdur. İlkin iddia tələbi üzrə gəldiyi nəticəyə uyğun olaraq kollegiya, qarşılıqlı iddia tələbini əsassız hesab edir və prossesual qənaət prinsipi baxımından bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək hesab edir ki, iddia və qarşılıqlı iddia ərizələrinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin tərəflərin özlərinə aid olunması məqsədəmüvafiqdir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4769/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” barədə ilkin iddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən istifadə hüququna xitam verilmiş hesab olunsun. Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələrinin, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2445/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2445/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver