Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2445/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Zeynab Qurbanovanın vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 Qəmbər qızı və Cavabdeh5 qarşı “əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə” ilk iddiasına, cavabdeh X1 İddiaçı qarşı “müqavilənin etibarsız hesab olunması barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh Qənbər Qurbanov və Zeynab Qurbanovanın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Xətai rayonu, M.Hadi küçəsi, ev № 51-də yerləşən 96 №-li mənzilə dair (bundan sonra – mənzil) kirayə münasibətilə bağlıdır. Mənzil iddiaçının mülkiyyətindədir, cavabdehlər orada kirayədə yaşayıblar. Cavabdehlər eyni ailənin üzvləridir: Cavabdeh1 və Zeynab Qurbanova ər-arvaddır, Cavabdeh3 və Cavabdeh4 onların övladlarıdır, Cavabdeh5 isə Zeynab Qurbanovnın anası, Cavabdeh1 isə qayınanasıdır. Kirayə müqaviləsi hazırkı işin materiallarına əlavə edilməyib, lakin həmin müqaviləyə dair məlumatlar əvvəlki mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş və qanuni qüvvəyə minmiş 14.02.2020-ci il tarixli qətnamənin məzmununda qeyd olunub. Həmin müqavilə 05.07.2018-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanıb, müqavilə “Daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilə” adlandırılıb, müqaviləyə görə iddiaçı mənzili cavabdehə kirayəyə verib. İddiaçı cavabdehlərə müraciət edərək mənzildən çıxmalarını tələb edib, lakin cavabdehlər bundan imtina edib, ona görə də iddiaçı məhkəməyə müraciət edərək cavabdehlərin mənzildən çıxarılmasını və ödənilməyən kirayə haqqının – 1.800 manatın ödənilməsini tələb edib. Bu mübahisə üzrə Xətai Rayon Məhkəməsi tərəfindən 12.11.2019-cu il tarixli qətnamə, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 14.02.2020-ci il tarixli qətnamə və Ali Məhkəmə tərəfindən 14.10.2020-ci il tarixli qərar qəbul olunub. Məhkəmə iddianı təmin edib, yəni cavabdehlərin mənzildən çıxarılmasını və Cavabdeh1 1.800 manat əldən çıxmış faydanın alınaraq iddiaçıya verilməsini qət edib. Lakin cavabdehlər mənzildən çıxmayıblar, orada yaşamaqda davam ediblər. Onlar 11.02.2021-ci il tarixdə mənzili boşaldıblar (iş v. 86, akt). Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib, cavabdehlərdən biri – Cavabdeh1 isə qarşılıqlı iddia verib. Tələb və onun həlli: İlk iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, 15.09.2019-cu il tarixdən 11.02.2021-ci il tarixədək olan 15 ay üçün hər ay 400 manat olmaqla cəmi 6.000 manat (15 ay x 400 manat) kirayə haqqı (əldən çıxmış fayda) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, 05.07.2018-ci il tarixdə Qənbər Qurbanov ilə İddiaçı arasında “icarə müqaviləsi” adı altında bağlanmış əqd etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin olunsun, 15.10.2019-cu il tarixdən 11.02.2021-ci il tarixdədək olan dövr üçün hər ay 400 manat olmaqla cəmi 6.000 manat kirayə haqqı (əldə çıxmış fayda), o cümlədən dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehlərdən müşərək qaydada tutularaq iddiaçıya verilsin, qarşılıqlı iddia təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə tam ləğv edilsin, işdə olan və əlavə sübutlar əsasında ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən, cavabdehlər Cavabdeh1 və Zeynab Qurbanovanın vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız oluğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İşdə iki iddia olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İlk iddia barədə: Bu iddia əsaslıdır. Belə ki, cavabdehlər 15.09.2019-cu il tarixdən 11.02.2021-ci il tarixədək olan 15 ay ərzində iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilinə sahiblik ediblər və buna görə iddiaçıya hər hansı ödəniş etməyiblər. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş 14.02.2020-ci il tarixli qətnamə ilə müəyyən olunub ki, tərəflər arasında kirayə müqaviləsi olub, aylıq kirayə haqqı 400 manat təşkil edib və 15.07.2019-cu il tarixdən kirayə haqqı ödənilmir. Bu qətnamə kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılıb və qanuni qüvvəyə minib. Əgər iddiaçı həmin mənzili başqa şəxslərə kirayəyə versəyidi 15 ay ərzində adi mülki dövriyyə şəraitində 6.000 manat (15 ay x 400 manat) kirayə haqqı əldə edə bilərdi. Lakin cavabdehlərin mənzili boşaltmaması nəticəsində iddiaçı bu gəlirdən məhrum olub. Ona görə də məhkəmə Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi əldə çıxmış faydanın (zərərin) əvəzi kimi 6.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 Qəmbər qızı və Cavabdeh5 apellyasiya şikayəti vermədiklərinə görə ilk iddianın təmin edilməsi barədə qətnamənin həmin cavabdehlərə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Qarşılıqılı iddia barədə: Bu iddia əsassızdır. Belə ki, ilk iddia müqavilədən əmələ gələn öhdəliyə deyil, mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn öhdəliyə əsaslanır. Yəni ilk iddiada əldən çıxmış faydanın (zərərin) əvəzinin ödənilməsi tələb olunub, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinin göstərişlərinə istinad olunub. Həmin maddəyə görə əldən çıxmış fayda zərər anlayışı ilə əhatə olunur. Qarşılıqlı iddianın təmin edilməsi (müqavilənin etibarsız sayılması) ilk iddianın təmin edilməsini aradan qaldırmayacaq, əksinə, müqavilənin etibarsız sayılması onu təsdiq edəcək cavabdehlər hüquqi əsas olmadan iddiaçının mənzilinə sahiblik ediblər. Başqasının mülkiyyətində olan mənzilə mülkiyyətçinin iradəsinə zidd olaraq, xüsusilə də hüquqi əsas olmadan sahiblik edən şəxs mülkiyyətçiyə əldən çıxmış faydanın əvəzini ödəməlidir. Digər tərəfdən, cavabdehlərin mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş qətnamə var. Belə vəziyyətdə cavabdeh Qənbər Qurbanov həmin müqavilənin məhkəmə qaydasında etibarsız sayılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə hər hansı müqaviləni o halda etibarsız saya bilər ki, etibarsızlığın doğuracağı nəticə müvafiq şəxsin konkret hüququnun və ya qanuni mənafeyinin müdafiəsi üçün zəruri olsun. Çünki iddia - müdafiə məqsədilə verilir, əqdin etibarsız sayılması öz-özlüyündə hüququn və qanuni mənafenin müdafiəsi ilə nəticələnmir, onun doğuracağı nəticə müdafiə ilə nəticələnir. Bu qayda Mülki-Prosessual Məcəllənin 4-cü maddəsinin və Mülki Məcəllənin 337-ci maddəsinin müqayisəli təfsirindən irəli gəlir. 05.07.2018-ci il tarixli müqavilənin etibarsız sayılması Cavabdeh1 hər hansı hüququnun və ya qanuni manefeyinin müdafəsi ilə nəticələnməyəcək. Odur ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2445/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2445/2022
03.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver