Məhkəmə qərarları › İş №2(103)-2448/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2448/2025

25.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2448/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-6784/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçılar Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbani küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinə (bundan sonra - ev) köçürülsün. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçılar evə köçürülsün. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia təmin olunmasın. Məhkəmə iclasında iştirak edən Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Digər İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı1 və Cavabdeh keçmiş ər-arvaddır. Onların nikahı 1999-cu ildə bağlanıb, 2024cü ildə pozulub. Digər İddiaçı2 onarın övladıdır. Ev özbaşına tikinti obyektidir, nikah müddətdində - 2006-cı ildə ər-arvad tərəfindən əldə edilib. 2024-cü ilə kimi ər-arvad və onların övladı həmin evdə yaşayıb, 2024-cü ildən etibarən tərəflərin arasında ailə münaqişəsi yaranıb. Budan sonra cavabdeh iddiaçıların evdə yaşamasına imkan verməyib, ona görə də iddiaçılar evə köçürülmə barədə iddia ilə məhkəməyə müraciət edib. Aşağıda göstərilən iki hüquq norması iddianın təmin edilməsinə əsas verir: Birinci, AR Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Ev iddiaçıların yaşayış yeridir. Ev özbaşına tikinti obyekti olsa da, cavabdehin iddiaçıları yaşadıqları yerdən məhrum etmək üçün qanuni əsası yoxdur. Odur ki, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalıdır, yəni iddiaçılar evə köçürülməlidir. İkinci, AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Ev cavabdeh ilə yanaşı iddiaçıların da sahibliyində olub. Belə ki, AR Mülki Məcəlləsinin 159-cu maddəsinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İddiaçı1 nikah dövründə ev üzərində faktiki sahibliyə nail olub, yəni ev nikah dövründə əldə edilib, cavabdeh evin əldə olunmasına sərf olunmuş pul vəsaitinin özünün ayrıca mülkiyyəti olduğunu təsdiq edən sübut təqdim etməyib, odur ki, həmin pul vəsaiti AR Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbi baxımından ər-arvadın ümumi birgə mülkiyyəti sayılıb. Həmin pul vəsaiti ilə əldə edilmiş ev özbaşına tikinti obyekti olduğuna görə, evin ər-arvadın ümumi birgə mülkiyyəti kimi tanınması mümkün deyil, lakin ev üzərində sahibliyin qorunması mümkündür. İddiaçıların ev üzərində sahiblikdən məhrum edilməsini yalnız səlahiyyəti subyekt (bələdiyyə, yerli icra hakimiyyəti orqanı və s.) qanunla müəyyən edilmiş qaydada (özbaşına tikinti obyektinin sökülməsi və s.) tələb edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-6784/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar