Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2450/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2450/2023 (Açar sözlər: əvəzləşmə müqaviləsi üzrə mənzili sahibliyə verilməsi və kirayə haqqının ödənilməsi) Bakı şəhəri 29 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı əvəzləşmə müqaviləsi üzrə mənzili sahibliyə verilməsi və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-42/2023 saylı 09 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 1 (ümumi sahəsi 35.3 kv.m) xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. İddiaçı ilə Cavabdeh MTK ilə aralarında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli bağlanmış əvəzləşmə müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ”Sabah Residence” MTK tərəfindən sökülmüş və hazırda həmin yerdə çoxmərtəbəli yaşayış binası tikilmişdir. Həmin müqavilə ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin iddiaçının sahibliyinə verilməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MTK-ya qarşı əvəzləşməşmə müqaviləsi üzrə mənzili sahibliyə verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK-a arasında 27 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 2 saylı notariat kontorunda əvəzləşmə müqaviləsi bağlanmışdır. Əvəzləşmə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 8 nömrəli evin 1 saylı mənzili MTK-ya təhvil verir və əvəzində 24/30 ay müddətində iddiaçıya İddiaçı təmirli vəziyyətdə təhvil verilməsi şərti ilə söküntü olan yerdə tikilmiş 19 mərtəbəli binanın 3-cü giriş 6-cı mərtəbə ümumi sahəsi 48,55 kv.m olan dəniz mənzərəli yaşayış sahəsinin verilməsinə dair razılığa gəliblər. Həmin öhdəliklərin icrasının təmin edilməsi məqsədilə, Cavabdeh MTK-a ilə iddiaçı arasında bağlanmış (3M429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin iddiaçının sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir, lakin sonradan ona bəlli olan müqavilə şərtlərinə əsasən iddia ərizəsi iddiaçı tərəfindən geri götürülmüş və məhkəmənin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1-də olan mənzilini sökmək üçün kooperativə təhvil verməyi, Kooperativ isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan mənzili kooperativə təhvil vermişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh MTK ilə aralarında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin İddiaçı sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında Cavabdeh MTK ilə aralarında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin iddiaçının sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına, 2022-ci ilin iyul ayından razılaşmada göstərilmiş öhdəliyi yerinə yetirməməklə 6 aydan artıq, ayda 380 manat olmaqla, ümumilikdə 2280 manat ödənilməli olan vəsaitin və ödədiyi 130 manat dövlət rüsumunun, ümumilikdə 2410 manat pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli e-2(009)- 42/2023 saylı qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli (3M-429) əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş 19 mərtəbəli binanın giriş 3, mərtəbə 6-da yerləşən, ümumi sahəsi 48.55 kv.m olan, “dəniz mənzərəli” təmirli mənzil Cavabdeh MTK tərəfindən İddiaçı sahibliyinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizası xərci, 100 manatın 20 manatı İddiaçı, 80 manatı Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, İddiaçı dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 12.8 manat məbləğində pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 385.1, 405.1, 425.1, 425.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 101.3, 103.1, 119.1, 113.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam olaraq təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavadehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən cavadehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə 13. 1-ci bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
15. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. İddiaçı tərəfindən qətnamə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materiallarında olan ƏMDK DƏDRX-nin RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 (ümumi sahəsi 35.3 kv.m) xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.
29. xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsindən görünür ki, mülkiyyətçi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Ə.Hüseynzadə küçəsindəki 8 nömrəli evin 1 saylı mənzilinin sökülmək üçün “Kooperativ”-ə təhvil verməyi, “Kooperativ” isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 6.2-ci bəndinə görə yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq yaşayış binasında dəniz mənzərəli təmirli mənzil “Kooperativ” tərəfindən mülkiyyətçiyə təhvil verilir. 6.3-cü bəndinə əsasən mülkiyyətçi yaşayış sahəsini “Kooperativ”-ə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq mülkiyyətçiyə təhvil verilənə qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 350 (üç yüz əlli) manat olmaqla kompensasiya 3 aylıq qabaqcadan olmaqla “Kooperativ” tərəfindən mülkiyyətçinin bank hesabına ödənilir. 6.4-cü bəndinə əsasən yaşayış binasında mənzil inşa və təmir olunduqdan sonra “Kooperativ” mənzilin qəbul edilməsi üçün “Mülkiyyətçi”yə yazılı bildiriş göndərir. “Mülkiyyətçi ” yazılı bildirişi aldıqdan sonra 5 (beş) gün müddətində mənzili qəbul edir.
30. xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsinin 6.3-cü bəndinə dəyişikliklər edilməsinə dair razılaşmadan görünür ki, mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 380 manat kompensasiya ödənilməsinə dair tərəflər razılığa gəliblər.
31. xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər 383 manat ödəniş etmişdir.
32. xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 1 ünvanının əvəzləşməsinə və sökülməsinə etirazı yoxdur, razıdır (tel: (051) 761-68-84).
33. Birinci instansiya məhkəməsində Cavabdeh MTK-nın nümayəndəsi bildirmişdir ki, binanın tikintisi artıq bitib, bu barədə iddiaçıya məlumat verilib. SMS bildiriş göndərilib. MTK müraciət edəndən 5 gün müddətində gəlib təhvil almalıdır. Təhvil almadıqda öz münasibətini bildirməlidir. İstədiyi zaman mənzilə köçə bilər. Ümumiyyətlə, 3 bina var. Hər binanın həm öndən, həm də arxadan girişi var. Öndə obyektlərdir, arxadan sakinlərin girişidir. Bina qeyri-yaşayış və yaşayış mərtəbələri ilə birlikdə ümumi 19 mərtəbəlidir, 3 mərtəbə qeyri-yaşayışdır. Orada relyef fərqi olduğundan insanların rahatlığı düşünülmüş və 3 mərtəbə qalxmasınlar deyə sakinlərin girişi qeyri-yaşayış tərəfdən binanın arxa tərəfindəndir.
34. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı (tel:(051)-761-68- 84) xx.xx.2022-ci il tarixində sms bildiriş göndərilmişdir.
35. İş üzrə xx.xx.2022-ci il tarixli,10/5491 nömrəli ekspert rəyinə əsasən ”Sabah Residence” MTK ilə İddiaçı arasında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş 19 mərtəbəli binanın 3- cü girişinin, 6-cı mərtəbəsində, pilləkən meydançasından sağ tətrəfdə ümumi sahəsi 48,55 kv.m təşkil edən, təmir olunmuş vəziyyətdə, dəniz mənzərəli, 2 otaqlı mənzil mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mənzillərin yerləşdiyi mərtəbələr eyni tipli olduğundan, yuxarı mərtəbələrdə də eynilə ümumi sahəsi 48.55 kv.m təşkil edən, dəniz mənzərəli, 2 otaqlı mənzillər mövcud olduğu müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsinin 6.3-cü bəndinə əsasən mənzil mülkiyyətçiyə təhvil verilənə qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 380 manat ödəniş edilir.
37. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən yaşayış binasında mənzil inşa və təmir olunduqdan sonra Kooperativ mənzil qəbul edilməsi üçün Mülkiyyətçiyə yazılı bildiriş göndərir. Mülkiyyətçi yazılı bildirişi aldıqdan sonra 5 gün müddətində mənzili qəbul edir.
38. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən iddiaçının ərizəsində qeyd etdiyi mobil nömrəsinə “Hörmətli sakin, iyulun 19-dan icarə haqqının ödənişi dayandırılır. İyulun 19-dan artıq Sabah-dakı yeni mənzilinizə köçə bilərsiniz” məzmununda sms bildiriş göndərilmiş, lakin iddiaçı 5 gün müddətində gəlib mənzilini təhvil almamışdır. Məhkəmə iclasında bu halı iddiaçı özü də təsdiq etmişdir.
39. Kollegiya hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyindən və bu hal cavabdehin mövqeyindən və ekspertiza rəyi ilə təsdiq edildiyindən 2280 manat icarə haqqı ödənişinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
40. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-42/2023 saylı iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundov