Məhkəmə qərarları › İş №2(103)-2452/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2452/2022

05.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2452/2022 05.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(011)-6919/2021 saylı qərardadından iddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş şikayət ərizəsinə baxılmasına dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli 2(011)-6919/2021 saylı qərardadından iddiaçının şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(011)-6919/2021 saylı qərardadı ilə xxxxnın Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra yaşayış sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı xxxx tərəfindən şikayət verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli 2(011)-6919/2021 saylı qərardadı ilə verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli 2(011)-6919/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11927/2021 saylı 08.12.2021-ci il tarixli qərardadı ilə iddiaçı “Xalq Bankı“ ASC-nin şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6919/2021 saylı 19 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6919/2021 saylı 21.01.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(011)- 6919/2021 saylı qərardadından iddiaçı xxxx tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər yenidən geri qaytarılmışdır. Hazırda həmin qərardaddan iddiaçı şikayət verərək, ləğv edilməsini və iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan verilmiş şikayətin baxılması üçün icraata qəbul edilməsini xahiş etmiş, məhkəmənin 03.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(011)-6919/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göründüyü kimi, məhkəmə əvvəlcə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri qanunla müəyyən edilmiş qaydada imzalanmaması əsası ilə geri qaytarmış, nəticəsini belə əsaslandırmışdır ki, iddia ərizəsi ASC “Xalq” Bankının adından K.N.Məcidov tərəfindən verilmiş etibarnamə əsasında N.F.Bədirxanov tərəfindən imzalansa da, K.Məcidovun səlahiyyətlərinə dair sübutlar ərizəyə əlavə edilməmişdir. Daha sonra həmin qərardaddan verilmiş şikayəti də eyni əsasla - şikayət ASC “Xalq” Bankının adından K.N.Məcidov tərəfindən verilmiş etibarnamə əsasında N.F.Bədirxanov tərəfindən imzalansa da, K.Məcidovun səlahiyyətlərinə dair sübutlar şikayətə əlavə edilməməsi əsası ilə geri qaytarmışdır. Bakı Apelyasiya Məhkəməsinin qərardadı ilə həmin qərardad ləğv edilmiş, şikayətə yenidən baxılması üçün məhkəməyə göndərilmiş və göstərilmişdir ki, K.Məcidovun səlahiyyətlərinə dair sübutların elektron məhkəmə informasiya sistemindən əldə edilməsi eləcə də məhkəmə iclası təyin etməklə müvafiq sənədləri iddiaçıdan tələb etmə imkanı olsa da birinci instansiya məhkəməsi süründürməçiliyə yol verməklə, iddia ərizəsini geri qaytardıqdan sonra eyni əsasla qərardaddan verilmiş şikayəti də geri qaytarmışdır. Göründüyü kimi bu formada iddia ərizəsinin və şikayətin geri qaytarılması süründürməçiliyə əsas yaradır. Şikayətə apellyasiya qaydasında baxılması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi K.Məcidovun etibarnamə vermək səlahiyyətləri mövcud olmuşdur. Hazırda isə məhkəmə şikayəti qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən və şikayətə buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə edilmədiyindən geri qaytarılmış və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı şikayət məhkəmənin 09.09.2021-ci il tarixli 2(011)-6919/2021 saylı qərardadının ləğv olunması barədədir, həmin qərardad xəbərnaməli poçt vasitəsilə tərəflərə göndərilmiş, həmçinin 14.09.2021-ci il tarixdə elektron imza ilə təsdiq edilməklə iddiaçıya məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Şikayət isə qərardadın rəsmi qaydada verildiyi həmin tarixdən sonra, prosessual qanunla nəzərdə tutulmuş 10 gün müddəti ötürməklə 15.10.2021-ci il tarixdə poçt orqanına verilmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Əvvəla, qərardadın surətinin banka çatdırılmasını təsdiq edən poçt xəbərnaməsi və ya elektron kabinetə yerləşdirilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır (işin 68-ci səhifəsində olan «Poçt göndərişlərinin izlənməsi» barədə sənəd Ədliyyə Nazirliynə göndərilmiş məktuba aiddir). Digər tərəfdən, məhkəmə əvvəldən əsassız olaraq iddia ərizəsini, daha sonra isə qərardaddan verilmiş şikayəti geri qaytarmışdır, yəni prosessual müddətin ötürülməsi (əgər ötürülmüşsə) məhkəmənin əvvəldən yalnış qənaəti nəticəsində baş vermişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və şikayətə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11927/2021 saylı 08.12.2021ci il tarixli qərardadında qoyulmuş göstərişlərə uyğun şəkildə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli 2(011)-6919/2021 saylı qərardadı ləğv edilsin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(011)-6919/2021 saylı qərardadından iddiaçı ASC “Xalq” Bank tərəfindən verilmiş şikayətə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar