Məhkəmə qərarları › İş №2(103)-2453/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2453/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2453/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinə əməl olunmaması, müqavilə üzrə əksik verilmiş sahənin dəyərinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh MTK arasında 31 may 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 38 saylı notariat kontorunda təsdiqlənmiş müqavilənin 1.1-ci bəndinə görə MTK, paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi 18 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 3 saylı mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada söküləcək mənzilin (faktiki 44 kv.m) sahəsinə 25 faiz əlavə edilməklə tam təmirli bir ədəd 55 kv.m. mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.2.4-cü bəndində nəzərdə tutulmuşdur ki, mənzil, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 18-24 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən təmir olunub təhvil veriləcəkdir.

3. İddiaçı ilə Cavabdeh MTK arasında 08 yanvar 2020-ci il tarixdə bağlanmış və notariat kontorunda təsdiqlənmiş müqaviləyə görə tərəflər, xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik və əlavə edilməsi barədə razılığa gəlmiş, MTK, paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi 18 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 3 saylı mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada söküləcək mənzilin (faktiki 44 kv.m) sahəsinə 25 faiz əlavə edilməklə bir ədəd təmirsiz 65,8 kv.m. mənzili onun mülkiyyətinə verməyi, İddiaçı isə bununla bağlı MTK-ya qarşı heç bir tələbinin və şikayətinin olmayacağını öhdələrinə götürmüş, xx.xx.2018-ci il tarixli müqavilənin digər bütün şərtləri dəyişilməz saxlanılmışdır.

4. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli müqaviləyə görə, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində yerləşən yaşayış evinin tikintisinin sərmayələşdirilməsində iştirak edir, MTK isə yaşayış evi istifadəyə verildikdən sonra ümumi sahəsi 65,8 m2 olan 1 otaqlı (5-ci mərtəbə) 20 saylı mənzili ona verməyi öhdəsinə götürür. Həmin müqavilədə göstərilmişdir ki, İddiaçı sözügedən mənzilə görə ödənişi 12 960 manat (65,8 m2 – 55 m2 = 10,8 m2 x 1200 manat = 12 960 manat) təşkil edir, lakin İddiaçı 3 mənzilin təmir pulundan imtina etdiyinə və mənzillərin təmir xərci 16 500 manat (55 m2 x 3 ədəd = 165 m2 x 100 manat = 16 500 manat) təşkil etdiyinə görə, 3540 manat (16 500 – 12 960 = 3540) MTK tərəfindən İddiaçı ödənilərək ona 65,8 m2 mənzil verilir.

5. 26 aprel 2021-ci il tarixli “Mənzil və mənzil açarlarının təhvil-təslim aktı”na görə, Cavabdeh MTK-nın Bakı şəhəri, Ə. Dəmirçizadə, Təbriz, F. Əsədov və C. Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa etdiyi hündürmərtəbəli “Grand Narimanoff” yaşayış kompleksinin D binasında 28, 29 və 30 saylı (5-ci mərtəbə) mənzillərinin açarları İddiaçı təhvil verilmiş, o, aktı imzalayaraq mənzillərin təmirsiz hazır olduğunu və açarları aldığını təsdiq etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla MTK arasında 31 may 2018-ci il tarixdə müqavilə bağlandığını, müqaviləyə əsasən MTK-nın paylı mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdəki mənzilin sökülməsini və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada söküləcək mənzilinin (faktiki 44 kv.m) sahəsinə 25 faiz əlavə edilməklə tam təmirli bir ədəd 55 kv.m. mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürdüyünü, həmin ərazidə həyat yoldaşı X1 da adına ümumi sahəsi 89 kv.m. olan 4 otaqlı mənzil olduğunu və ona da 25 faiz əlavə olmaqla 110 kv.m. sahə əvəzinə iki ədəd 55 kv.m. mənzilin tam təmirli verilməsi barədə müqavilə bağlandığını, mənzillər bölüşdürülərkən onlara verilməli olan üç ədəd hər biri 55 kv.m. olan mənzillərin bir mərtəbədə və yanaşı olması mümkün olmadığı üçün mənzillərin təmirindən imtina etdiyini və bunun müqabilində həyat yoldaşına veriləcək iki mənzilə bitişik olan 65.8 kv.m. ölçülü mənzilin ona verilməsi barədə razılığa gəldiklərini, bununla əlaqədar MTK ilə aralarında 09 yanvar 2020-ci il tarixdə YMD 054 saylı əlavə müqavilə bağlandığını, 26 aprel 2021-ci il tarixdə təhvil-təslim aktını imza edərək 5-ci mərtəbədə yerləşən 28, 29 və 30 saylı mənzillərin açarlarını təhvil aldığını, mənzillərin sahəsini ölçərkən 55 kv.m. olan mənzillərin sahəsinin 43 kv.m., 65.8 kv.m. olan mənzilin sahəsinin isə 53 kv.m. təşkil etdiyinin məlum olduğunu, beləliklə cavabdehin ona 12.8 kv.m. az sahə verdiyini, bir kv.m. sahə ona 1200 manata satıldığı üçün əksik verilən sahənin dəyərinin 15 360 manat olduğunu bildirmiş, buna görə də Cavabdeh MTK-dan əksik verilmiş sahə üçün 15 360 manatın, habelə 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 9600 (doqquz min altı yüz) manatın, habelə 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzil 65,8 kv.m. deyil, 57,8 kv.m. təşkil etdiyindən cavabdeh tərəfindən müqavilə tələbləri pozulmuşdur. Tərəflər arasında öhdəliklər müqavilə əsasında yarandığından və müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1200 manat müəyyən edildiyindən, əksik verilmiş 8 kv.metr sahə üzrə hər kv.metr üçün 1200 manat hesablanmaqla (8 x 1200) cəmi 9600 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə Cavabdeh MTK-dan tutulmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır.

9. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 385.1-ci və 442-ci maddələrinə istinad etmişdir.

10. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı, onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin ekspert rəyinə düzgün qiymət vermədiyi, işin halına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

11. Qətnamədən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, düzgün olmayan ekspert rəyinə istinadla işin hallarına uyğun olmayan nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

12. Məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi hər biri öz apellyasiya şikayətlərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

17. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

18. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

19. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

20. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

21. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

22. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırkı halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

34. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

35. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

37. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

38. İddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək müvafiq iddia tələbini irəli sürür; cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir.

39. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər (§ 16-17). Bununla belə qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir.

40. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 24-27).

41. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut təqdim etməmiş, mənzili təhvil alqdan sonra ölçdüyü zaman onun ölçüsünün müqavilədə nəzərdə tutulduğundan az, yəni 53 m2 olduğunu müəyyənləşdirdiyini bildirmişdir.

42. Birinci instansiya məhkəməsi iddiaçının irəli sürdüyü bu halı (mübahisəli halı) yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli rəyində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi, 18 saylı evin 3 saylı mənzilinin faktiki ümumi sahəsinin 54.2 kv.metr təşkil etdiyi göstərilmiş, mənzildə 6 tikilinin olduğu vurğulanaraq tikililərin ayrı-ayrılıqda sahələri qeyd olunmuşdur (1 saylı tikilinin sahəsi 6 kv.metr, 2 saylı tikilinin sahəsi 4 kv.metr, 3 saylı tikilinin sahəsi 3.7 kv.metr, 4 saylı tikilinin sahəsi 13.3 kv.metr, 5 saylı tikilinin sahəsi 25.7 kv.metr, 6 saylı tikinti sahəsi 5.1 kv.metr).

43. Həmin rəyin tədqiqat və nəticə hissələrinin qarşılıqlı təhlilindən aydın olur ki, ekspert mənzilin tikililərinin ölçülərini ümumilikdə 57,8 m2 hesablamış, ölçüsü 5,1 m2 olan 6 saylı tikiliyə 0,3 əmsalı tətbiq etməklə mənzilin ümumi sahəsini 54,2 m2 kimi nəzərə almışdır.

44. Apellyasiya baxışı zamanı əlavə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, C. Zeynalov küçəsi 18 saylı evin 30 saylı mənzilinin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 57,8 m2 təşkil edir.

45. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir (§ 28).

46. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin (§ 20-22), buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.

47. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.

48. Kollegiya tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini ekspert rəyi ilə müəyyən olunan halla (§ 44) birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz və birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmuşdur.

49. Belə ki, cavabdeh MTK-nın iddiaçı qarşısında götürdüyü öhdəliyə lazımi qaydada əməl etməyərək, ona 65,8 m2 ölçülü mənzil əvəzinə, 57,8 m2 ölçülü mənzil verdiyi müəyyən edilmişdir.

50. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5054/2021 saylı iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh MTK-dan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar