Məhkəmə qərarları › İş №2(103)-2453/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2453/2025

13.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2453/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbi barədə iddiasına dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “torpaq sahəsinin boşaldılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) Cəmilli Muxtar Musa oğlu, Cavabdeh və onun nümayəndəsi Nümayəndə1, vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayələrinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəsinə olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən zəbt etdiyi 0,00508 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən zəbt etdiyi 0,00508 ha hissəsində inşa etdiyi evin bir hissəsinin sökülərək, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Şəhriyar Əliyev) ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 50.8 kv.m. zəbt edilmiş hissəsində inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi, onun, həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi qərara alınmış, Cavabdeh məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manatın tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Apellyasiya qaydasında işə baxılarkən X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri:

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, işə Xətai Rayon Məhkəməsində baxılan zaman cavabdeh tərəfindən iş materiallarına əlavə edilməsi üçün sübut qismində xx.xx.2021-ci il tarixli bölgü sxemi təqdim edilmişdir. Belə ki, həmin bölgü sxemi həmin tarixdə iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, 15 saylı notariat ofisində təsdiqlənmişdir. Bölgü sxeminə əsasən, İddiaçı 416.2 kv.m ərazinin onun istifadəsində olmasını təsdiq edərək imza etmişdir. Həmin bölgü sxemdə iddiaçı “razıyam, şikayətim, etirazım və əlavəm yoxdur” qeyd edilmiş və iddiaçı tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq hakim Şəhriyar Əliyev tərəfindən həmin razılaşma sənədinə qətnamədə toxunulmamış və qiymət verilməmişdir. Bundan başqa məhkəmədə həmin bölgü sxemlə bağlıcavabdeh tərəfindən izahat da verilmişdir. Hansı ki, rayon məhkəməsi həmin xüsusata da əhəmiyyət verməmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, torpağı birinci onlar alıb, 6 ay sonra iddiaçı tərəf alıbdır. İddiaçı həmin sahənin onlarda olması ilə razılaşıb, bununla bağlı notariat qaydasında təsdiq olunmuş sənəd mövcuddur, həmin razılaşmadan sonra onlar torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etmiş və köçüb həmin evdə yaşayırlar, aralarında başqa məsələlərə görə münaqişə yaranmış, bu səbəbdən də iddiaçı onlardan qisas alır, onlar iddiaçıya əvvəl 1500 manat təklif etmişlər, iddiaçı razı olmamışdır, iddiaçının istədiyi məbləğ real deyil.

8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, iddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli bölgü sxemi ilə razılaşaraq, 416.2 kv.m ərazinin cavabdehin istifadəsində olmasını təsdiq edərək imza etmişdir. Eləcə də həmin sahənin cavabdehə pul müqabilində verilməsi həmin razılaşmada nəzərdə tutulmamışdır. Bu baxımdan, onun hazırkı iddiası əsassızdır.

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (atası) M.Cəmilli apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli bölgü sxemi ilə bağlı bildirdi ki, o torpağı alandan sonra ölçmə aparanda bilmişdir ki, cavabdeh onun torpağının bir hissəsini zəbt etmişdir, bundan sonra mütəxəsisslərin iştirakı ilə ölçü işləri aparıldı və təsdiq olundu ki, cavabdeh onun sahəsinə girib, bundan sonra cavabdeh ondan xahiş etmişdir ki, onun ev tikməsi üçün bu sahə ona vacib lazımdır, həmin notarial razılaşmanın məqsədi əslində alqı-satqı olub, o, torpağının əvəzli qaydada cavabdehə keçməsinə razılaşmış, lakin cavabdeh hər dəfə pulun ödənilməsindən yayınmış, o da doğrudur ki, cavabdeh həmin sahədə ikimərtəbəli villa tikib, ailəsi ilə orada yaşayır, nəticə etibarı ilə o, cavabdehin tikdiyi evin sökülməsini istəmir, lakin cavabdeh onun pulunu vermir, rayon məhkəməsində də hakim onlara bunu təklif etmişdi, cavabdehin təklif etdiyi məbləğ ağlabatan deyil, o, 13800 manat ödənilməsini istəyir, əks halda evin sökülməsi və torpağın boşaldılmasını istəyir.

10. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs R.Nəzərov həmin torpaq sahəsinin qanuni əsaslarla X4 icarəsində olduğunu, həmin torpağı etibarnamə ilə tərəflərə özünün satdığını bildirdi, qeyd etdi ki, satarkən hər iki tərəfə hazırda mübahisə edilən sahənin məhz iddiaçıya məxsus olmasını izah etmişlər, cavabdeh bilirdi ki, həmin sahə onun deyil, sonradan hər iki tərəf də razı olub ki, cavabdehin tutduğu sahə onda qalsın, lakin bunu müqabilində onun iddiaçıya hansı məbləğdə pul verəcəyi barədə məlumatı yoxdur. Sübutların tədqiqi:

11. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Zeytun küçəsi 222 D ünvanında yerləşən sahəsi 0.0467 ha olan torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir.

12. 16.09.2020-ci il tarixli 3M-1090 saylı torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müqavilənin birinci bəndinə əsasən, satıcı X2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli ********** reyestr nömrəsi **********60 olan çıxarışa əsasən ünvan 1 sahədə ümumi sahəsi 0.0897 ha olan torpaq sahəsindən 0.023 ha torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə verir, müqavilənin ikinci bəndinə əsasən, satılan daşınmaz əmlak ƏMDK yanında DƏDR Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 10A2/972 saylı, xx.xx.2020-ci il tarixli arayışa əsasən müqavilə bağlanarkən daşınmaz əmlak üzərində icarə var.

13. 22.02.2021-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müqavilənin birinci bəndinə əsasən, satıcı X2 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********76 olan xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1 sahədə ümumi sahəsi 0.0467 ha olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir.

14. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, sahəsi 0.023 ha olan torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

15. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Xətai Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən "222 D" saylı sahə **********76 reyestr nömrəli çıxarışa əsasən 467.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 416.2 kv.m təşkil edir. İddiaçı adına **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin 50.8 kv.m hissəsi Cavabdeh adına **********77 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin mişar daş hasarı daxilindədir (50.8 kv.m üst-üstə düşmə mövcuddur). Bununla bağlı mübahisəli sahənin koordinatlarını əks etdirən izahlı sxem əlavə olunub.

16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2- 10/4388 saylı ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən "222 D' saylı sahə **********76 reyestr nömrəli çıxarışa əsasən 467.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 416.2 kv.m təşkil edir. İddiaçı adına **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin 50.8 kv.m hissəsi Cavabdeh adına **********77 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin hasar daxilindədir (50.8 kv.m üst-üstə düşmə mövcuddur). Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

17. Mülki iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, 15 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli bölgü sxemindən məlum olur ki, İddiaçı 416.2 kv.m ərazinin cavabdeh Ə. Alpaşayevin istifadəsində olmasını təsdiq edərək imza etmişdir. Həmin bölgü sxemdə iddiaçı tərəfindən “razıyam, şikayətim, etirazım və əlavəm yoxdur” qeyd edilmiş və iddiaçı tərəfindən təsdiqlənmişdir.

18. Tətbiq edilən maddi hüquq normaları:

19. Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

22. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

23. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

28. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

29. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

30. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

31. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

32. 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

33. 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir.

34. Maddə 173. Çıxıntılı binalar

35. 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.

36. 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər.

37. 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

38. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

39. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

40. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.

41. 389.4. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın.

42. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

43. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

44. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

49. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

50. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

51. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

54. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

55. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

56. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

57. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

58. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iddia tələbi təmin edilməməlidir.

61. Rayon məhkəməsi İddiaçı adına **********76 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin 50.8 kv.m hissəsinin Cavabdeh adına **********77 reyestr nömrəsi ilə qeydiyyata alınmış sahənin hasar daxilində olması, yəni iddiaçıya məxsus torpaq sahəsinin 50.8 kv.m hissəsinin hazırda Cavabdeh faktiki istifadəsində olmasını müəyyən edərək, iddia tələbini təmin etmişdir.

62. Halbuki mülki iş materiallarında olan iddiaçı ilə cavabdeh arasında razılaşdırılmış Bakı şəhəri, 15 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli bölgü sxemindən məlum olur ki, İddiaçı 416.2 kv.m ərazinin cavabdeh Ə. Alpaşayevin istifadəsində olmasını təsdiq edərək imza etmişdir. Həmin bölgü sxemdə iddiaçı tərəfindən “razıyam, şikayətim, etirazım və əlavəm yoxdur” qeyd edilmiş və iddiaçı tərəfindən təsdiqlənmişdir.

63. Bununla da müəyyən olunur ki, tərəflər öz aralarında iddiaçıya məxsus torpaq sahəsinin 50.8 kv.m. hissəsinin cavabdehin istifadəsində olmasını- qalmasını razılaşdırmış, bundan sonra həmin torpaq sahələrində cavabdeh ikimərtəbəli müasir fərdi yaşayış evi (villa) inşa edərək ailəsi ilə orada yaşayırlar.

64. MM-in 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

65. MM-in 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur

66. Hazırkı məhkəmə iclasında iddiaçı tərəf həmin bölgü sxemi razılaşdırdıqlarını, lakin torpağını əvəzsiz deyil, əvəzli olaraq cavabdehə verdiyini və hazırda 13800 manat tələb etdiyini bildirmişdir. Cavabdeh ziddiyyətli izahat vermiş, əvvəl iddiaçının torpaq sahəsinin ona əvəzsiz güzəş edildiyini, lakin sonra həmin sahəyə görə 1500 manat qarşı tərəfə təklif etdiyini bildirmişdir.

67. MM-in 397.3-cü maddəsinə görə, bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir.

68. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı nə qədər ki, həmin torpaq sahəsinin cavabdehdə qalmasına dair notariat qaydasında razılaşmanı təsdiq etmiş, lakin torpağı əvəzsiz olaraq cavabdehin istifadəsinə vermədiyini bildirmişdir, eləcə də boşaldılması tələb edilən torpaq sahəsində cavabdeh tərəfindən müasir tipli yaşayış evi inşa edilmiş və orada yaşayış var, ona görə də hazırkı iddia tələbi təmin edilməməlidir. Çünki məhkəmə araşdırması ilə həmin torpaq sahəsinin iddiaçının bildirdiyi kimi cavabdeh tərəfindən zəbt olunması yox, əksinə, tərəflərin öz aralarında notarial müqavilə ilə hazırkı bölgünü razılaşdırdıqları müəyyən edilmişdir.

69. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair hazırkı iddia tələbi təmin edilə bilməz. Eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus torpaq sahəsinin 50.8 kv.m. hissəsini cavabdehə əvəzsiz deyil, məhz əvəzli olaraq vermişdir. Lakin bunun məbləğinin müəyyən olunması hazırkı icraat daxilində həll edilməli olan məsələ deyildir. Belə olan halda iddiaçıya notariat qaydasında təsdiq olunmuş razılaşmaya uyğun bölgüyə əsasən cavabdehə keçən həmin sahənin dəyərinin ümumi qaydada cavabdehdən tələb etmək hüququnun olması izah edilməlidir. Nəticə:

70. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi və proessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, iddiaçıya isə torpağın bölgü sxemi ilə bağlı razılaşdırdıqları məbləği ümumi qaydada cavabdehdən tələb etmək hüququnun olması izah edilməlidir.

71. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, ekspertiza xərci isə iddiaçıdan tutulmalıdır.

72. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-138/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. İddiaçıya torpağın bölgü sxeminə əsasən cavabdehə keçən sahənin real bazar dəyərini ümumi qaydada cavabdehdən tələb etmək hüququnun olması izah edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat İddiaçı alınaraq Cavabdeh verilsin. İddiaçı məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar