Məhkəmə qərarları › İş №2(103)-2460/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2460/2024

07.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2460/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli qərardaddan cavabdehin verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “torpaq sahəsinin boşaldılması və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qərardadla iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və bununla əlaqədar olaraq iş üzrə icraatı dayandırmışdır. Cavabdeh həmin qərardaddan Rayon məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qərardadla şikayətin qaytarılmasını qərara almışdır. Bundan sonra isə Rayon Məhkəməsi mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki yuxarıda artıq qeyd edildiyi kimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə cavabdehin xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayətin qaytarılmasını qərara almışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli qərardaddan şikayət verilməmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Qərardad qüvvəyə mindiyi üçün Rayon Məhkəməsi iş üzrə ilk olaraq qəbul etdiyi “iş üzrə ekspertizanın təyin edilməsi və iş üzrə icraatı dayandırılması” barədə xx.xx.2023-cü il tarixli qərardadı icraya yönəltməli və işi ekspertizaya göndərməli idi. Lakin Rayon Məhkəməsi işi ekspertizaya deyil, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in tələblərinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər (maddə 267.1.). Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1.). Şikayət əsaslı deyilsə, şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddələr 269.3., 397.1.). Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır (maddə 366.1.). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir (maddə 366.2.). Qeyd edilən prosessual normalarının işin yuxarıda müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və mülki iş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar