Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2462/2023 26.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cavabdehin mübahisəli mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün, onun vəkili (nümayəndəsi) Vəkil2, Cavabdeh nümayəndələri (anası) X3 və (vəkili) Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı bacısı oğlu olan cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olan və ünvan 2-də yerləşən 6 saylı mənzildən cavabdehin çıxarılması və onun özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Ağamusa İsmayılov və anası Səkinəxanım qeyd edilən mənzili alaraq, orada yaşamağa başlamışlar. Daha sonra iddiaçı ərə gedərək Göyçay rayonunda yaşamışdır. Atası vəfat etdikdən sonra iddiaçının anası həmin mənzili öz övladlarından ikisinə, yəni iddiaçıya və İİ qrup əlil olan (iddiaçının qardaşı) Həsən İsmayılova vəsiyyət etmişdir. Bununla bağlı anasının dedikləri diskə yazılmışdır. Buna baxmayaraq, iddiaçının bacısı – cavabdehin anası (nümayəndəsi) Səmayə Məmmədova özünə məxsus olan mənzili sataraq, əri Novruz Məmmədov və övladı (cavabdeh) Cavabdehla birlikdə özbaşına olaraq mənzilə köçmüş və mənzildə yaşamağa başlamışlar. Bir müddət sonra isə Səmayə Məmmədova heç kimdən icazə almadan həmin mənzilə qeydiyyata düşmüşdür. Göstərilən səbəbdən iddiaçı ilə Səmayə Məmmədova və digər qardaşları Elçin İsmayılov ilə arasında mənzillə bağlı mülki mübahisələr yaranmış və həmin mübahisələr dəfələrlə məhkəmə baxışlarının predmeti olmuşdur. Məhkəmə qərarı ilə Səmayə Məmmədova həmin mənzildən çıxarılmış və iddiaçıya habelə onların qardaşı Həsən İsmayılova həmin mənzildə yaşamaq hüququ verilmişdir. Digər qərarla isə Elçin İsmayılovun hazırki iş üzrə iddiaçıya qarşı irəli sürdüyü “mənzildən çıxarılma tələbi barədə” iddia rədd olunmuşdur. Həmçinin hazırki iş üzrə iddiaçının şikayəti əsasında Səmayə Məmmədovanın mənzilə olan qeydiyyatı ləğv olunmuşdur. İddiaçı, xəstələnmiş övladına baş çəkmək üçün evdən getdikdə Səmayə Məmmədovanın övladı olan Cavabdeh mənzilinin giriş qapısının kilidini sındıraraq mənzilə daxil olmuş, qapıya yeni kilid quraşdıraraq iddiaçını mənzilə buraxmamışdır. Halbuki, Cavabdeh özünün həmin mənzildə yaşamaq üçün heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, cavabdeh ona məxsus olan mənzildən çıxarılmalı, o özü isə həmin mənzilə köçürülməlidir. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Cavabdehin vəkili (nümayəndəsi) yazılı etiraz ilə Rayon Məhkəməsinə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ümumiyyətlə belə bir iddia qaldırmaqda subyektiv hüququ yoxdur Çünki həmin mənzil, dövlət mənzil fondunun balansındadır və mənzilin mülkiyyətçisi dövlətdir. Mübahisəli mənzili iddiaçının valideynləri deyil, qardaşı Elçin İsmayılov mənzilin əvvəlki sahibi X2 15.200 manata almışdır. Bu hal Binəqədi Rayon Xalq Məhkəməsinin 2- 269/1997 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsi ilə təsdiq edilir. Belə ki, mənzilin əvvəlki sahibi X1rşı “mənzildən çıxarılma tələbi barədə” iddia ilə Binəqədi Rayon Xalq Məhkəməsinə müraciət etdikdən sonra, Elçin İsmayılov da öz növbəsinə Məcid Süleymanova qarşı “mənzilə dair verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddia irəli sürmüşdür. İşə baxmış məhkəmə də, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini, Bakı Şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən həmin mənzilə dair Məcid Süleymanovun adına verilmiş xx.xx.1997-ci il tarixli, 061156 saylı “Qeydiyyat vəsiqəsinin” etibarsız hesab edilməsini qət etmişdir. Ondan əvvəl də həmin mənzil xx.xx.1989-ci il tarixli order əsasında cavabdehin atası Novruz Məmmədov arasında 108240 saylı həmin ünvandakı 20 saylı mənzillə dəyişdirilmişdir. Elçin İsmayılovun iddiası əsasında Binəqədi Rayon Məhkəməsinin 2-1458/2001 nömrəli, xx.xx.2001-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Məcid Süleymanovun mübahisəli mənzilə olan hüquqları itirilmiş hesab edilmişdir. Qeyd olunan məhkəmə qərarlarından da müəyyən edilir ki, sözügedən mənzil Elçin İsmayılova məxsus olmuşdur. Bundan əlavə iddiaçı qeyd edilən mənzilin anası tərəfindən ona və qardaşı Həsən İsmayılova vəsiyyət etməsini bildirsə də, əslində belə bir vəsiyyətnamə mövcud deyil. İddiaçı iddia ərizəsində bildirir ki, məhkəmə qərarı ilə ona və qardaşı Həsən İsmayılova həmin mənzildə yaşamaq hüququ verilmişdir. Bu məlumat yalandır. Çünki belə bir qərar mövcud deyil. c) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, cavabdehin mübahisəli mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bundan başqa iddiaçı mübahisəli mənzildə deyil, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. d) Apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) cavabdehin apellyasiya şikayətində dair münasibəti barədə məlumat
9. Cavabdehin vəkili (nümayəndəsi) “iddia tələbinə qarşı etirazın” məzmununa uyğun olan “apellyasiya şikayətinə qarşı etiraz” verərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
10. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. İddiaçı əlavə olaraq bildirdi ki, cavabdeh 2022-ci ilin aprel ayına mənzilə qanunsuz olaraq daxil olmuş və həmin vaxtdan etibarən onu mənzilə buraxmır, baxmayaraq ki, ona məxsus əşyalar mənzildə qalmışdır.
11. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdilər.
12. Cavabdehin nümayəndəsi olan anası Səmayə Məmmədova bildirdi ki, iddiaçı ərə getdikdən sonra Göycay şəhərinə gəlin köçmüş və bir neçə il ərzində orada yaşamışdır. 2009-ci ildə iddiaçı Bakı şəhərinə qayıdaraq mübahisəli mənzildə yaşamağa başlamışdır. Bundan sonra iddiaçı ilə onların arasında mənzillə bağlı mübahisələr yaranmış və həmin mübahisələr dəfələrlə müxtəlif məhkəmələrin baxışı predmeti olmuşdur. Bu səbəbdən o və onun əri Novruz Məmmədov qərara gəlmişlər ki, həmin mənzildə yaşamasınlar. Mənzildə onların övladları – Cavabdeh və iddiaçı yaşayırdılar. 2022-ci ilin aprel ayında isə, iddiaçı, mənzilin giriş qapısının kilidini dəyişmiş və yeni kilidin açarını Fəridə vermədiyi üçün Fərid mənzilə girə bilməmişdir. Bundan sonra iddiaçı ilə onların arasında mübahisə yaranmış və xx.xx.2022-ci il tarixdə iddiaçı mənzili tərk edərək, bir daha mənzilə qayıtmamışdır. İddiaçı yaşayış yeri üzrə Göycay şəhərində qeydiyyatda olduğu üçün mübahisəli mənzilə dair hər hansı bir iddia irəli sürə bilməz. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi “iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə tələbin” təmin edilməməsi hissəsində ləğv edilməli və həmin tələbin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, qalan hissədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə İddiaçı özünə məxsus olan mübahisəli mənzildə olmadığı müddət ərzində iddiaçının bacısı Səmayə Məmmədova ailə üzvləri (əri Novruz Məmmədov və övladı (cavabdeh) Cavabdeh) ilə birlikdə həmin mənzilin qapısını sındırmış, mənzilə daxil olaraq mənzili zəbt etmişlər. Araşdırma zamanı onların hərəkətində hər hansı bir cinayət əməlinin tərkibi aşkar edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5193/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin qərarla iddiaçı Səmayə Məmmədovanın cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs İddiaçı) qarşı irəli sürdüyü (hazırki iş üzrə mübahisə predmetini təşkil edən) mənzilə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin Binəqədi RPİ-nin üzərinə qoyulması barədə iddiasının təmin edilməməsi qərara alınmışdır.
16. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı Elçin İsmayılovun cavabdeh İddiaçı qarşı irəli sürdüyü (mübahisəli) mənzildən çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
17. Binəqədi Rayon Məhkəməsinin 2(001)-8356/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı Səmayə Məmmədovanın cavabdeh İddiaçı və başqalarına qarşı irəli sürdüyü (mübahisəli) mənzilə köçürülməsi barədə iddiasının təmin edilməsi qət edilmişdir.
18. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil dəyişmə İdarəsinin arxiv sənədləri arasında olan 108239 №-li xx.xx.1989-cu il tarixli order əsasında Novruz Məmmədov ünvan 2 ünvanında yerləşən 2 otaqdan ibarət 6 nömrəli (mübahisəli) mənzili Məcid Süleymanova məxsus olan və həmin binada yerləşən 3 otaqdan ibarət 20 nömrəli mənzillə dəyişmişdir.
19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Səmayə Məmmədovaya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********36 nömrəli məktubdan görünür ki, mübahisəli mənzil üzərində Səmayə Məmmədovanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərizəsinə baxılmış və ərizənin icrası zamanı məlum olmuşdur ki, sözügedən mənzilə dair “Mənzil fondunun özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, ərizənin icrasından imtina edilmişdir.
20. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli 1146 №-li məktubundan görünür, Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş mənzil fondu, o cümlədən mübahisəli mənzilin yerləşdiyi yaşayış binası Azərbaycan Dövlət Dəmir Yolunun xx.xx.2021-ci il tarixli, 46/H saylı əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 193 saylı sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda həmin yaşayış binası 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Mübahisəli mənzil ilə bağlı çoxsaylı məhkəmə işlərinin olmasını nəzərə alan Departament mənzilə dair heç kim ilə kirayə müqaviləsi bağlamamışdır.
21. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı yaşayış yeri ünvan 1 ünvanıdır.
22. İşə baxmış Rayon Məhkəməsi iddiaçının mübahisəli mənzildə deyil, ünvan 1 ünvanında qeydiyyatda olmasını, eləcə də mübahisəli mənzilin iddiaçının mülkiyyətinə və ya qanuni sahibliyinə verilməməsini, eyni zamanda iddiaçının həmin mənzilə dair istifadə hüququnun müəyyən edilməməsinə istinad edərək hesab etmişdir ki, iddiaçı, cavabdehin mübahisəli mənzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil.
23. Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsinin “cavabdehin mübahisəli mənzildən çıxarılması barədə tələbin rədd edilməsi barədə” hissəsi ilə razılaşsa da, “iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə tələbin rədd edilməsi barədə” hissəsi ilə razılaşmır.
24. Belə ki işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və iddiaçının mübahisəli mənzilə hər hansı bir hüququ tanınmamışdır. Bununla belə müəyyən edilir ki, iddiaçı, 2009-cu ildən xx.xx.2022-ci il tarixədək həmin mənzildə yaşamış və qeyd edilən tarixdə cavabdehin özü və cavabdehin valideynləri tərəfindən yaşadığı mənzildən qovulmuşdur.
25. Cavabdeh və onun nümayəndələri hesab edirlər ki, mübahisəli mənzil cavabdehin dayısı, yəni iddiaçının qardaşı Elçin İsmayılov tərəfindən mənzilin əvvəlki sahibindən satın alındığı üçün və iddiaçının həmin mənzildə deyil, Göyçay şəhərində yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün iddiaçı həmin mənzilə köçürülə bilməz.
26. Bununla bağlı Məhkəmə qeyd edir ki, yuxarıda (bax: qətnamənin 16-cı bəndinə) qeyd edildiyi kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3595/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı Elçin İsmayılovun cavabdeh İddiaçı qarşı irəli sürdüyü (mübahisəli) mənzildən çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnaməni qəbul etmiş məhkəmə tərəfindən müəyyən edilmiş və qətnamədə də qeyd edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan, 2002-ci ildən Azərbaycan Respublikasında yaşamayan Elçin İsmayılovun dövlət mülkiyyətində olan (mübahisəli) mənzilinə dair mülkiyyət və istifadə hüquqları mövcud deyildir, çünki mənzil dövlət mülkiyyətinə qaytarıldıqdan sonra mənzili balansında saxlayan dövlət qurumu ilə Elçin İsmayılov arasında mənzilə dair kirayə müqaviləsi bağlanmamışdır. Buna görə də, Elçin İsmayılov, hər hansı bir hüququ olmadan mənzildə yaşayan İddiaçı mənzildən çıxarılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyil. Bu səbəbdə də, Elçin İsmayılovun iddiası təmin edilməməlidir.
27. Bunu və cavabdehin nümayəndəsi olan anasının Məhkəməyə verdiyi izahatı (bax: qətnamənin 12-ci bəndinə) nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildə yaşamasının hüquqi əsası olmasa da, onun həmin mənzildə yaşamasının qarşısı yalnız mənzilin qanunu sahibinin – mənzili balansında saxlayan Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfatı Birliyinin iddiası əsasında alına bilər. Cavabdeh, iddiaçının mübahisəli mənzildə yaşamasının qarşısını almaq üçün subyektiv hüquqa malik deyil, çünki onun özünün həmin mənzildə yaşamasının hüquqi əsası mövcud deyil.
28. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
29. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iddiaçıya təsir edərək onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc və ya sair təsir tətbiq etməklə mənzildən çıxarma, güc və ya sair təsir tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin mübahisəli mənzil üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəmələrə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (təsir etməklə mənzildən çıxarma) qanunsuzdur. Cavabdehin mübahisəli mənzilə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı (mülkiyyət hüququ, sahiblik hüququ və s.) üçün iddiaçının yaşadığı yerdən məhrum edilməsinin qanuni əsası yoxdur.
30. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur; pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir.
31. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə tələbi rədd etməklə, iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili formal mülahizə xarakteri daşımır.
32. Məhkəmə eyni zamanda qeyd edir ki, Rayon Məhkəməsinin “cavabdehin mübahisəli mənzildən çıxarılması barədə tələbin rədd edilməsi barədə” nəticəsi əsaslıdır.
33. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi mübahisəli mənzil Bakı Şəhər İcra Hakimiyyətinin 2 saylı Xüsusi Təyinatlı Mənzil – Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçının mübahisəli mənzilə cavabdehə münasibətdə hər hansı üstün hüququ (mülkiyyət hüququ, sahiblik hüquq və s.) yoxdur. Belə olan halda o, cavabdehin mənzildən çıxarılması tələb etmək üçün subyektiv hüquqa malik deyil.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında təsbit edilmiş hüquqi mövqeyini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin mübahisəli mənzilə çıxarılması barədə tələbi yuxarıda qeyd edilən əsasla rədd etməklə işin hallarına uyğun olan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili formal mülahizə xarakteri daşıyır.
36. Odur ki, qeyd edilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə MPM-nin 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli qətnamə qismən, yəni İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə” tələbin təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və həmin tələb təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə köçürülsün. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2023cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.