Məhkəmə qərarları › İş №2(103)-2463/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2463/2022

20.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2463/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələblərinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus olan ünvan 1 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi ipoteka predmeti kimi "xxxx" BOKT MMC-yə təqdim etmiş və bu barədə 04 fevral 2019-cu il tarixli 2018/00528-İP nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 08 fevral 2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bununla əlaqədar BOKT tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx.xx.2021-ci il tarixinə kredit üzrə ümumi 33158.15 manat məbləğində, 18019.76 manat əsas borc, 7733.48 faiz borcu və 6118.00 manat dəbbə pulu və tərəflər arasında imzalanmış 04 fevral 2019-cu il tarixli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz məbləğləri daxil olmaqla) 5 (beş) faizi miqdarında Borc verənə ödəməli olduğu 1286.91 manat (cərimə) məbləğində borc yaranmışdır. Qeyd olunanlara əsasən hesab edirlər ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən 09 fevral 2021-ci il tarixinə kredit üzrə ümumi 33158.15 manat məbləğində, 18019.76 manat əsas borc, 7733.48 faiz borcu və 6118.00 manat dəbbə pulu və tərəflər arasında imzalanmış 04 fevral 2019-cu il tarixli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz məbləğləri daxil olmaqla) 5 (beş) faizi miqdarında Borc verənə ödəməli olduğu 1286.91 manat (cərimə) məbləğində borcun və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti açıq hərrac vasitəsilə satılaraq, satışdan əldə edilmiş vəsait hesabına borc bağlanmalı, ipoteka predmeti satıldıqdan sonra cavabdehin 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə həmin əmlakdan çıxarılmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 09 fevral 2021-ci il tarixinə ümumi 33158.15 manat məbləğində, 18019.76 manat əsas borc, 7733.48 faiz borcu və 6118.00 manat dəbbə pulu və tərəflər arasında imzalanmış 04 fevral 2019-cu il tarixli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz məbləğləri daxil olmaqla) 5 (beş) faizi miqdarında Borc verənə ödəməli olduğu 1286.91 manat (cərimə) məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan ünvan 2 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 33158.15 manat məbləğində (18019.76 manat əsas borc, 7733.48 faiz borcu və 6118.00 manat dəbbə pulu və tərəflər arasında imzalanmış 04 fevral 2019-cu il tarixli kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən borc məbləğinin (əsas və faiz məbləğləri daxil olmaqla) 5 (beş) faizi miqdarında Borc verənə ödəməli olduğu 1286.91 manat cərimə) məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun "xxxx" BOKT MMC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə əlavə və dəyişiklik edilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 15 noyabr 2021-ci il tarixinə yaranmış 41986.26 manat məbləğində, (18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 8094.10 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan ünvan 2 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" BOKT MMC-nin xx.xx.2021-ci il tarixinə yaranmış 41986.26 manat məbləğində, (18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 8094.10 manat dəbbə pulu) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilimiş, Cavabdeh ilə iddiaçı "xxxx" BOKT MMC arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu və 804 manat cərimə borcu olmaqla, cəmi 34696.16 manat iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, tələb Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin (likvid) qiyməti 100000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən çıxarılması və həmin mənzilin onun tərəfindən boşaldılması, iddia qismən təmin edildiyi üçün iddiaçı "xxxx" BOKT MMC-si tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilməsi, Eyni zamanda iddia qismən təmin edildiyindən, 300 manat qiymətləndirmə xərcinin 50%, yəni 150 manat Cavabdeh, 50%, yəni 150 manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirmə şirkəti tərəfindən rəy tərtib edilib məhkəməyə təqdim edildikdən sonra, işə baxana hakim tərəfindən məhkəmə iclası təyin edilməsi barədə tərəflərə (cavabdeh və onun nümayəndəsi və vəkilinə) rəsmi qaydada bildiriş və elektron bildiriş göndərməli olduğu halda göndərilməmiş, qərəzli şəkildə cavabdehin və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclası keçirilmiş və yalnız iddiaçının məhkəməyə təqdim etmiş olduğu borc barədə arayış və iddia tələblərinin həcminin artırılmasına dair ərizə əsasında qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən AR MPM-nin 9-cu maddəsinin imperativ tələbləri ( cəkişmə prinsipi) kobud və qərəzli surətdə pozulmuşdur. Halbuki, iddiaçı tərəfin məhkəməyə təqdim etmiş olduğu maliyyə arayışı tərəflərindən mübahisələndirildiyi halda məhkəmə tərəfindən bununla bağlı müvafiq ekspertiza təyin edilməli və borcun faizlərin məbləğləri və hesablanma qaydası qanunvericiliyə uyğun aparılıb-aparılmadığı müəyyən edilməli idi. Qətnamənin əsaslandırıcı hissəsinə də diqqət yetirdikdə məlum olur ki, işə baxan hakim tərəfindən məhkəmə qətnaməsi tam müfəssəl əsaslandırılmalı olduğu halda şablon və kortəbii şəkildə qətnamə tərtib edilmiş, qanunvericilik normalarının qətnaməyə köçürülməsi ilə kifayətlənmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən iddia tələblərinin təmin edildiyi hissədə hansı əsaslarla və hansı qaydada borc məbləğini hesablaması və dəyərləndirilməsi qeyri müəyyən olaraq qalmışdır. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh tərəf yalnız qeyd edilən hissədə mübahisələndirməklə həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi “04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməklə, əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat, faiz borcu isə 6172,90 (altı min bir yüz yetmiş iki manat, doxsan qəpik) manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC-si tərəfindən illik 30 % olmaqla 24 ay müddətinə Cavabdeh 23000 manat məbləğində kredit verilmişdir. İş materialında olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus olan ünvan 2 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsi BOKT qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri 54000 manat məbləğində qiymətləndirilmişdir. İş materialında olan "xxxx" BOKT MMC–si tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 18019.76 manat əsas borcu, 15872.40 manat faiz borcu, 8094.10 manat cərimə borcu vardır. İş materiallarında olan "xxxx" BOKT MMC-nin cavabdehə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank, cavabdehə borcun ödənilməsini təklif etmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədovküçəsində yerləşən 205 saylı binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin 24 sentyabr 2021-ci il tarixinə bazar qiyməti 110000 manat, likvid dəyəri isə 100000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntuayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Ona görə əgər borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra etmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki iddia tələbindən görünür ki, iddiaçı 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 15 noyabr 2021-ci il tarixinə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu tələb etmiş və məhkəmə iddia tələbini əsas və faiz borcu hissəsində tam təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya şikayətinin dəlillərini araşdırma məqsədi ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq еkspеrtizаsı təyin еdilmiş və ekspеrtizаnın kеçirilməsi Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə həvаlə еdilmişdir. Apellyasiya icraatı zamanı tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 9/3569 nömrəli, 21 iyun 2022-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ekspertiza qarşısında qoyulmuş sual üzrə müqavilənin müddətinin bitfiyi, yəni xx.xx.2021-ci il tarixinə olan ödənişlər nəzərə alınmaqla iddiaçı "xxxx" MMC-yə olan borcu 23756,19 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 17583,29 manat; faiz borcu üzrə 6172,90 manat müəyyən edilir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Mülki işin hallarından isə görünür ki, cavabdeh alınmış kreditdən müəyyən miqdar ödənişlər etmiş olsa da, üzərinə düşən öhdəliyi tam yerinə yetirməmiş və öhdəliyini gələcəkdə yerinə yetirməklə bağlı hərəkət etmək niyyətini də göstərmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehdən 04 fevral 2019-cu il tarixli 2019/00528 nömrəli kredit müqaviləsi üzrə tutulması müəyyən edilən 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcu dəyişdirilməli və iş üzrə təyin edilmiş ekspert rəyi nəzərə almaqla həmin məbləğ əsas borc üzrə 17583,29 manat; faiz borcu üzrə 6172,90 manat müəyyən edilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin ödənilməmiş əsas borcuna uyğun olaraq cavabdehdən 804 manat cərimə tutulmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Yuxarıda qeyd edilən normaları nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tələb Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında olan 5 mərtəbəli binanın zirzəmisində yerləşən 56.90 kv.m ümumi sahəsindən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin mənzil ilkin qiyməti (likvid dəyər) 100000 manat olmaqla açıq hərracda satılmalı və satışdan əldə olunacaq məbləğ cavabdehin "xxxx" BOKT MMC-yə olan borcunun ödənilməsinə yönəldilməlidir. Mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxs mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyiri 100 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş ekspertizanın dəyərini təşkil edən 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbayacan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi “04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməklə, əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat, faiz borcu isə 6172,90 (altı min bir yüz yetmiş iki manat, doxsan qəpik) manat müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4472/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi “04 fevral 2019-cu il tarixli, 2019/00528 nömrəli kredit müqaviləsi üzrə 18019.76 manat əsas borc, 15872.40 manat faiz borcunun tutulması” hissəsində dəyişdirilməklə, əsas borc 17583,26 (on yeddi min beş yüz səksən üç manat, iyirmi altı qəpik) manat, faiz borcu isə 6172,90 (altı min bir yüz yetmiş iki manat, doxsan qəpik) manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar