Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2463/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Firmasının cavbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kommunal xidmət haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1953/2025 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Cavabdehlər çoxmənzilli binada ayrı-ayrı mənzillərdə yaşayırlar. İddia ərizəsində onların hər birinə qarşı kommunal xidmət haqqının və həmin haqqın ödənilməsinin gecikdirilməsinə görə faizin ödənilməsi barədə ayrı-ayrı tələblər irəli sürülüb. 2.Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsində iki cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilib. Hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır 3.İddiaçının şikayətində tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, tələblər bir-biri ilə bağlıdır, ona görə də tələblər bir iddia ərizəsində birləşdirilə bilər. 4.Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və onu mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 5.AR Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsi tətbiq olunarkən MPM-in 149.3-cü maddəsinin göstərişi nəzərə alınmalıdır. 149.3-cü maddəyə görə, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Göründüyü kimi, iddiaçıya bir-biri ilə bağlı olan tələbləri bir iddia ərizəsində birləşdirmək hüququ verilib. Əgər birləşdirilən tələblər bir-biri ilə bağlı deyilsə, məhkəmə 152.1.7-ci maddəni tətbiq etməklə iddia ərizəsini geri qaytarmağa halıdır. 6.MPM-in 149.3 və 152.1.7-ci maddələrdə işlədilən “bağlı” və “əlaqədar” ifadələri sinonim sözlər olmaqla tələblər arasında istənilən bağlılığı deyil, yalnız hüquqi əhəmiyyət daşıyan bağlılığı nəzərdə tutur. Məs., kredit münasibətində borcalan və zaminlərə qarşı tələblər bir iddia ərizəsində birləşdirilə bilər, çünki tələblərin arasındakı bağlılıq hüquqi əhəmiyyət daşıyr. Əgər tələblər arasında bağlıq hüquqi əhəmiyyət daşımırsa, onlar bir iddia ərizəsində birləşdirilə bilməz, çünki belə halda məhkəmə araşdırmasına sərf olunan vaxt, toplanan sübutlar, işdə iştirak edən şəxslərin sayı və s. baxımından işin həlli çətinləşdir. Hazırkı iddia ərizəsində iki cavabdehə qarşı irəli sürülmüş tələblər arasındakı bağlılıq hüquqi əhəmiyyət daşımır, yalnız fiziki bağlılıq mövcuddur, yəni cavabdehlərin mənzili eyni binada yerləşir. Kommunal xidmət haqqının ödənilməsi hər bir cavabdehin ayrıca vəzifəsidir, bir cavabdehin vəzifəsinin digər cavabdehin vəzifəsi ilə əlaqəsi yoxdur. Odur ki, cavabdehlərin hər birinə qarşı ayrıca iddia ərizəsi verməlidir. 7.Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. 8.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki-Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1953/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2463/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2463/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver