Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2464/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********9 saylı əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsin “Ümumi” şöbəsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi tərəfindən ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8526/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3564/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8526/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)- 1727/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldığından xx.xx.2021-ci il tarixində icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Sonradan kassasiya şikayətinin nəticəsinə uyğun olaraq icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı Yasamal Rayon İcra Şöbəsinə 12 avqust 2022-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi üzrə təmin edilmiş tələb üzrə işə bərpa olunma hissəsində hansı müddətlər iş stajına əlavə edilərək qeyd aparılması, buraxılmış müddətin hansı müddətlər hesab olunması və buraxılmış müddət üzrə əmək haqqının (elektron sistemdə aylıq 1000 manat göstərilib, lakin görmədiyi müqaviləsində cavabdeh bildirir ki, əmək haqqı 500 manat olmuşdur) hansı məbləğdə ödənilməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin (hakim F.Abdiyev) xx.xx.2020-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin Qətnamə ilə "Əmək müqaviləsinə xitam verilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********29 saylı əmrin ləğv edilməsi, onun "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" Publik hüquqi şəxsin "Ümumi" şöbəsində mütəxəssis vəzifəsinə işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin (hakim: N.Cəfərov) xx.xx.2021-ci il tarixli 2(103)-8526/2021 saylı qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3564/2022 saylı Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla da Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı qətnaməsi qanuni qüvvəsini alaraq Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi icra məmuru Aslanın icraatına verilmişdir. İcra mərhələsində icra məmurunun dəfələrlə xəbərdarlıq etməsindən sonra onu cavabdeh orqan AR ƏƏSMN-nin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" Publik hüquqi şəxs onu dəvət edǝrǝk hazırda "Ümumi şöbədə əvvəl işlədiyi mütəxəssis vəzifəsi ləğv olunduğundan əmək haqqı 900 manat olan başqa bir iş təklifi edilmişdir. O, xx.xx.2022ci il tarixində razılaşmayaraq əmək haqqının az olduğunu (yəni əvvəl 1000 manat yeni təklif olunan əmək haqqı isə 900 manat olduğundan) qeyd edərək razılaşmamışdır. Lakin daha sonra "Ümumi" şöbədə mütəxəssis vəzifəsinin olmadığını və cavabdehin səhvi və məhkəmə mübahisələrinin cavabdeh tərəfindən qəsdən uzadılması nəticəsində 2 ildən çox işsiz qaldığını nəzərə alaraq yeni işi qəbul etmişdir. Beləliklǝ də, cavabdeh Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədini qismən icra edərək onu işə bərpa etmişdir. Lakin cavabdeh onun əmək kitabçasında və elektron sistemdə işdən çıxarıldığı dövrdən yəni xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu xx.xx.2022-ci il tarixədək qeyd apararaq iş stajına daxil etməmiş, eyni zamanda da buraxılmış müddət üçün ödəməli olduqları əmək haqqı məbləği 30 ay hər ayı 1000 manat olmaqla cəmi 30000 manat əmək haqqı, əlavə premiya və məzuniyyət ödənişləri olduğu halda onun kart hesabına cəmi 3693 manat pul ödəmişlər. Cavabdehin belə addım atmasının səbəbi kimi isə guya onun işdən çıxarılandan 6 ay sonra əvvəlki vəzifəsinin ləğv edilməsi olmuşdur. Bu səbəbdən də onun əmək stajına cəmi 6 ay əlavə edilmiş və həmin 6 ayın pulu ödənilmişdir. Ödənilmiş 6 ay buraxılmış müddəti də elekton sistemdə olan 1000 manatla deyil hər ayı 500 manatla hesablayaraq ödəniş etmişlər. Hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədi cavabdeh tərəfindən tam təmin edilməli buraxılmış müddət, yəni işdən çıxarıldığı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu xx.xx.2022-ci il tarixədək əmək kitabçasında və elektron sistemdə qeyd apararaq iş stajına daxil etməli, eyni zamanda da buraxılmış müddət üçün, yəni işdən çıxarıldığı dövrdən xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu xx.xx.2022-ci il tarixədək elekton sistemdə olduğu əmək haqqına münasibətdə 30 ay hər ayı 1000 manat olmaqla cəmi 30000 manat əmək haqqı ona ödənilməlidir. Cavabdeh tərəfindən də 3693 manat buraxılmış müddət üçün əmək haqqı ödənildiyini nəzərə alaraq 30000-3693-26307 manat buraxılmış müddət üçün qalıq əmək haqqı, bu müddət ərzində verilmiş əlavə premiyalar məzuniyyət ödənişləridə cavabdeh tərəfindən ona ödənilməlidir. Hətta bildirir ki, cavabdeh ona 3 ayı pandemiya dövrünə düşdüyü üçün ödədikləri aylıq 500 manat pulu nəzərə alaraq əsassız olaraq qalan aylarıda aylıq 500 manatdan hesablamışdır. Halbuki, o, işdən çıxarılandan sonra qalıb işləyən işçilərə hər ayı elektron sistemdə olduğu kimi 1000 manatdan əmək haqqı ödəmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 şikayət ilə müraciət edərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə qətnaməyə izah verməlidir. Belə ki, məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilmiş və həmin qətnamə ilə "Əmək müqaviləsinə xitam verilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********29 saylı əmrin ləğv edilməsi, iddiaçının "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya "Publik hüquqi şəxsin "Ümumi" şöbəsində mütəxəssis vəzifəsinə işə bərpa edilməyi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda mübahisə qətnamənin məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsidir ki, tərəflər arasında məcburi iş buraxma müddətin hesablanmasında və əmək haqqının ödənilməsində fikir ayrılığı vardır. Məhkəmə isə öz qətnaməsinə izah edərək bu fikir ayrılığına münasibət bildirməlidir ki, qətnamənin icrasında problem olmasın. Belə ki, cavabdeh buraxılmış müddətin əmrin ləğv edildiyi andan bərpa olunduğuna qədər olan müddət hesab olunduğunu bildiklərini anlasa da, iddiaçının ştat ləğv edildiyi anadək olan müddəti əmək ştajına daxil edir, qalan müddəti isə ştat ləğv olunduğundan həmin müddəti etmir. Belə olan halda sual ortaya çıxır ki, əmr ləğv olunursa o, işə bərpa olunan tarixədək əmək müqaviləsi qüvvədə qalır və ştatın ləğv edildiyi anada başqa bir əmək müqaviləsinə xitam yoxdusa qalan müddət necə olmalıdır? Daha sonra əmək haqqının ödənilməsindədir ki, cavabdeh əmək haqqının 500 manat olduğunu və bu məbləğin əmək müqaviləsində deyil ştat cədvəlində olduğuna əsaslanır və elektron əmək bildirişində yazılan 1000 manat pulun formal olduğunu və vergi ödənişlərinin ödənilməsində problem olmaması üçün yazıldığını bildirir və əmək haqqının 500 manatdan hesablanmalı olduğunu qeyd edir. Halbuki, cavabdeh Əmək Məcəlləsinin maddəsinin tələblərini pozur, əmək müqaviləsində əmək haqqının məbləğini qeyd etmir, eyni zamanda da, istinad etdiyi ştat cədvəli ilə işçini tanış etməmişdir. İddiaçı isə elektron bildirişlə əmək haqqının 1000 manat olduğunu görür. Məhkəmə isə qətnaməsinin icrasında olan və tərəflər arasında anlaşılmayan məsələlər yarandığını bilərək qətnaməsinə izah verməmiş və bunun səbəbini isə yeni iddia tələbi kimi qiymətləndirmişdir. Hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1727/2021 saylı qərardadı əsassız olduğundan ləğv edilməli və ərizə təmin edilərək qətnaməyə izah verilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı, 22 fevral 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizə üzrə qənaətində göstərir ki, qanunvericilikdə qətnamənin məzmununun dəyişdirilmədən izah edilməsinə yol verilir. Qətnaməyə izah verilməsi dedikdə qətnamədəki qeyri-müəyyənlik və ya anlaşılmazlıq oradakı hüquqi terminlərin və ifadələrin yerində, dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunmasını nəzərdə tutulur. Halbuki iddiaçının ərizəsinin əsasını təşkil edən hallar, cavabdehin etirazının dəlilləri onu göstərir ki, tərəflər arasında qətnamənin icrası ilə bağlı mübahisə əmək haqqının məbləği və hesablanması qaydası, ştatın ləğv edilməsinin hüquqi nəticəsi, məcburi işburaxma dövrünün iş stajına daxil edilib-edilməməsi ilə bağlı olmuşdur. Hərçənd ki, məcburi iş buraxma dövrü ilə əlaqədar tərəflər arasında mübahisə yoxdur və cavabdehin nümayəndəsi məcburi iş buraxma müddətinin əmrin ləğv edildiyi tarixdən qətnamənin icra edilərək işə bərpa olunduğu tarixədək olan dövrü əhatə etdiyinin fərqində olduğunu qeyd edir. Göründüyü kimi, tərəflər arasında olan mübahisə və qətnaməyə izah verilməsi şəklində həll olunması xahiş edilən məsələ əslində, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən işçinin başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022ci il tarixədək olan dövr üçün əmək haqqının məbləği, hansı ki, iddiaçı hesab edir ki bu məbləğ 1000 manatdır, cavabdeh tərəf isə hesab edir ki bu məbləğ 500 manatdır; ştatın ixtisar edildiyi 2021-ci ilin yanvar ayından(təxmini tarix) qətnamənin qismən icra edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməli olub-olmadığı, həmin dövrün iş stajına daxil edilib-edilmədiyi ilə bağlı olmuşdur. Yəni cavabdeh faktiki olaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə əsasən əmək haqqı 500 manatdır və əmək müqaviləsinin əmək haqqı barədə müddəası bunu deməyə əsas verir, iddiaçı isə əksini iddia edir. Göründüyü kimi burada mübahisənin predmeti başqadır və yeni iddianın əsasını təşkil edir. Çünki cavabdeh nə apellyasiya şikayətinin, nə kassasiya şikayətinin dəlillərində, iddiaçı isə iddia tələbində əmək müqaviləsinin həmin müddəası ilə bağlı məsələni mübahisələndirməmişdir. Bundan başqa ikinci məsələ ştatın ixtisarından qətnamənin icra edildiyi və işçinin başqa vəzifəyə bərpa olunduğu günədək olan dövr üçün hüquqi tənzimləmə ilə bağlıdır. Çünki cavabdeh nə apellyasiya şikayətinin, nə kassasiya şikayətinin dəlillərində bu barədə heçnə bildirməmişdir,hansı ki ştat artıq ixtisar edilmişdir. Odur ki, bu məsələ də qətnaməyə izah verilməsi barədə prosessual qaydaya uyğun tənzimləmə imkanı xaricindədir. Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin başqa əsasla təmin edilməməsi üçün əsasdır. Əvvəla, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Qanunun 14.1-ci maddəsində icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə ərizə ilə müraciət etməlidir. İcra sənədində tələblər dəqiq və aydın göstərildiyindən həmin icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə izahverilməsinə də hər hansı bir lüzum olmamışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq göstərib ki, qətnaməyə izah verilməsi dedikdə qətnamədəki qeyri-müəyyənlik və ya anlaşılmazlıq oradakı hüquqi terminlərin və ifadələrin yerində, dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunmasını nəzərdə tutulur. Ancaq birinci instansiya məhkəməsi ərizəni rədd edərkən rəddin əsasını düzgün müəyyən etməmişdir. Əvvəla ona görə ki, tərəflər arasında qətnamənin icrası ilə bağlı mübahisə ola bilməz. Çünki, qətnamə dövlətin adından qəbul edilir və məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurunun tələbləri də Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Başqa sözlə cavabdehin-icra sənədi üzrə icraatda borclunun qanuni qüvvədə olan icra sənədinin icrasına hansısa formada etiraz edə yaxud bundan imtina edə bilməz. Çünki, bu hal hüquqi məsuliyyət yaradar. İkincisi, əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli əmrdən iddiaçının başqa vəzifəyə bərpa edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqı, yəni məcburi iş buraxma müddəti üçün, əmək müqaviləsinin əsassız ləğv edildiyi tarixədək aldığı əmək haqqı ilə eyni məbləğdə ödənilməlidir, bir şərtlə ki, həmin müddətdə(məcburi iş buraxma müddətində)qeyd olunan vəzifə üzrə əmək haqqının məbləği artırılmamış yaxud azalmamış olsun. Üçüncüsü, ştatın ixtisar edildiyi 2021-ci ilin yanvar ayından(təxmini tarix) qətnamənin qismən icra edildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün əmək haqqının ödənilməli olub-olmadığı, həmin dövrün iş stajına daxil edilib-edilməməsi məsələsi də izah qaydasında həll edilməli məsələ deyildir. Çünki, qətnamədə bu məsələ konkret və dəqiq göstərilib. Məcburi iş buraxma müddətində ştatın ixtisar edilməsi həqiqi olsa belə bu hal iddiaçıya həmin dövr üçün əmək haqqının ödənilməməsi üçün əsas ola bilməz. Qeyd olunduğu kimi bu dövrdə əmək haqqının ödənilməməsi və həmin dövrün iş stajına daxil edlməməsi qətnamənin mahiyyətinə ziddir və onun məcburiliyinə xələl gətirə bilər. Dördüncüsü, dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamənin məcburi icrası ilə əlaqədar tərəflər arasında hansısa “mübahisə” olsa belə bu hal heç bir halda yeni iddianın predmeti yaxud əsasını təşkil edə bilməz. Tərəflərin qeyd olunan məsələləri iddia ərizəsində, apellyasiya və kassasiya şikayətində mübahisələndirməmələri də yeni müstəqil iddianın irəli sürülməsi üçün əsas ola bilməz. Çünki, bu hallar qanuni qüvvəyə minmiş qətnamənin sabitliyinə, məcburiliyinə və dayanıqlığına xələl gətirə bilər. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli, qətnaməyə izah verilməsi barədə ərizə yeni əsasla təmin edilməməli, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərin məcburiliyini tərəflər və icra məmuru nəzərə almalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı, 26 yanvar 2023cü il tarixli qərardadı ləğv edilsin və qətnaməyə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilməsin. Bu Qərardadın əsaslandırıcı hissəsində göstərilənlərin məcburiliyini tərəflər və icra məmuru nəzərə alsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2464/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2464/2023
13.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver