Məhkəmə qərarları › İş №2(103)-2467/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2467/2023

30.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2467/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Neft və Sənayə Universitetinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "işə bərpa və s. tələbi"nə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(006)-4343/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 1986-cı ildən universitetin “Xarici dillər” kafedrasında müəllim vəzifəsində çalışmışdır. Cavabdeh xx.xx.2022-cı il tarixli, 04-463 saylı əmrindən görünür ki, İddiaçı 04 may 2022-ci il tarixindən ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu “xarici dillər” kafedrasının müəllimi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, işin materiallarında olan sənədlərdən görünür ki, İddiaçı işdən azad olunarkən ona qanunla müəyyən olunmuş qaydada son haqq hesab verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı "işə bərpa və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Müəllim adına xələl gətirən heç bir hərəkəti olmayıb, tələbələrin və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Bu ilin əvvəlində universitetdaxili attestasiya olacağı ilə bağlı elan vermişdilər, lakin attestasiya cəlb edilən müəllimlər yalnız “Xarici dillər” kafedrasının müəllimləri idi, onlardan başqa yalnız texniki personal attestasiyadan keçmişdir. Rektorun qərarına əsasən attestasiya komissiyası yaradılmışdır və tədris üzrə prorektor Qasım Məmmədov sədr təyin edilmişdir. Attestasiya komissiyasının tərkibi ilə bağlı onlara heç bir məlumat verilməmişdir. Ən böyük pozuntu isə ondan ibarət idi ki, aprel ayında attestasiya zamanı sədr daxil olmaqla 9 nəfər komissiya üzvü var idi və onlardan cəmi 3 nəfəri onların ixtisasına uyğun gələn üzvlər idi. Digər üzvlərin isə ingilis dili üzrə təhsili və ya peşəkarlığı yox idi. Bu da attestasiyanın düzgün keçirilməməsi və Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na zidd olmasının anlamına gəlir. Bundan başqa, xx.xx.2022-ci ildə keçirilən attestasiya zamanı ddiaçıya verilən suallar subyektiv suallar idi, bilik və savadını yoxlamaq üçün verilən suallar deyildir, sadəcə iddiaçının fikirlərini öyrənmək üçün verilən suallar idi. Belə sualların verilməsi yolverilməzdir. Attestasiyadan sonra iddiaçıya şifahi formada öz ərizəsi ilə işdən çıxarılması təklif edildi. İddiaçı buna etirazını bildirəndə dedilər ki, bu rektorun göstərişidir. İddiaçının apellyasiya vermək hüququ olmasına baxmayaraq, bu hüququ ona vermədilər, səhəri gün prorektora yaxınlaşanda “apellyasiya olmayacaq, rektorun göstərişi var!” kimi cümlələr ilə cavab verdilər. Attestasiya qaydalarına uyğun olaraq iddiaçıya attestasiya nəticələrini rəsmi qaydada təqdim etməli idilər, iddiaçı həmin nəticələr ilə tanış olmalı və imza atmalı idi, lakin ona şifahi qərarı açıqlayaraq yola saldılar. Yuxarıda qeyd olunanlar ciddi qanun pozuntularıdır. 05 may 2022-ci il tarixində iddiaçını və digər müəllimləri kadrlar şöbəsinə dəvət etdilər. Kadrlar şöbəsinin rəisi onların 04 may tarixində işdən azad olunduqlarını bildirdi. İddiaçının işdən azad olunmağı ciddi qanun pozuntuları ilə müşahidə olunurdu. İlkin olaraq 29 aprel 2022-ci il tarixində imzalanan 04-448 saylı əmrlə onları işdən azad etmişdilər. İddiaçı buna baxmayaraq, 29 aprel tarixində və 04 aprel tarixində iş yerində olmuş və dərs demişdir. Sonra əmr dəyişdirilərək 04 may 2022-ci il tarixli ilə iddiaçıya 04- 460 saylı əmr təqdim etdilər və köhnə tarix ilə əmrə qol çəkməklərini istədilər, lakin onlar buna etiraz etdilər və köhnə tarixlə əmrə qol çəkmədilər. Müvafiq elektron sistemdə yoxlayanda ilkin olaraq 29 aprel tarixi ilə fərqli əmr nömrəsi ilə, sonra isə 04 may tarixi fərqli əmr nömrəsi ilə işdən azad olunduğunu gördü. Bunun özü çox ciddi qanun pozuntusu hesab edilir. Attestasiya zamanı komissiyanın üzvlərindən cəmi 3 nəfəri ingilis dili mütəxəssisi idi, bundan başqa attestasiyanın sonunda nəticələr iddiaçıya rəsmi təqdim edilməyib və iddiaçı tərəfindən imzalanmayıb. İddiaçı ilə bağlı verilən əmr 2 dəfə dəyişdirilib, verilən əmrə köhnə tarix ilə qol çəkdirmək istəyiblər. İndiki anadək iddiaçıya nə attestasiya nəticələri təqdim edilib, nə əmr təqdim edilib, nə əmək kitabçası təqdim edilib, son haqq-hesabın ödənişi nəyin əsasında aparılması məlum deyil və bunların hər biri, ayrı ayrılıqda qanun pozuntusudur. Bu günkü gündə iddiaçını universitetin daxilinə buraxmırlar və o, öz sənədlərini götürə bilmir. Kafedranın hamısı qadın olduğu üçün onlar kollektiv olaraq çox təhdid və hədə qorxu ilə üz-üzə qalmışlar. Kollektivin bir çox üzvü işdən çıxarılmışdır, bir çoxuna təzyiq göstərilərək öz istəkləri ilə ərizələri alınaraq işdən çıxarılmışdır. Göstərilənlərə əsasən Cavabdehndə xarici dilləri tədris edən müəllimlərin bilik və bacarıqlarının müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun əsasında rektor M.Babanlı tərəfindən imzalanmış əmək müqavilələrinə xitam verilməsi barədə 04 may 2022-ci il tarixli, 04-460 saylı əmrin ləğv edilərək cavabdeh müəssisədə əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 oktyabr 2022-ci il tarixli, 2(006)-4343/2022 saylı qətnaməsi ilə (hakimSəmədov Rəşid) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən attestasiya keçirilərkən həyata keçirdiyi çoxsaylı pozuntuların birbaşa rəhbər kimi prorektorun komissiyada iştirakının qanunsuz olması məsələsinə münasibət bildirsədə, onu da düzgün etməmişdir. Ümumiyyətlə 5 səhifəlik bir qətnamədə əsaslandırma hissəsi cəmi bir neçə cümlədən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən attestasiya komissiyasının fəaliyyəti, onun qanuniliyi araşdırılmayıb. Ən böyük pozuntu ondan ibarət idi ki, aprel ayında attestasiya zamanı sədr daxil olmaqla 9 nəfər komissiya üzvü var idi və onlardan cəmi 3 nəfəri onun ixtisasına uyğun gələn üzvlər idi. Digər üzvlərin isə ingilis dili üzrə təhsili və ya peşəkarlığı yox idi. Bu da attestasiyanın düzgün keçirilməməsi və Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na zidd olmasının anlamına gəlir. Bundan başqa, xx.xx.2022-ci ildə keçirilən attestasiya zamanı ona verilən suallar subyektiv suallar idi, bilik və savadını yoxlamaq üçün verilən suallar deyildir, sadəcə onların fikirlərini öyrənmək üçün verilən suallar idi. Belə sualların verilməsi yolverilməzdir. Qarşı tərəfin təqdim etdiyi video disk məhkəmə tərəfindən araşdırılmayıb, dəfələrlə məhkəməyə müraciət etdiyimə baxmayaraq komissiya üzvləri məhkəməyə dəvət edilməyib. xx.xx.2022ci il tarixli 02 saylı protokola əsasən 9 komissiya üzvləri onun əlehinə səs vermişdir. 9 üzvdən 3 nəfəri ingilis, 1 nəfəri alman, 1 nəfəri fransız, 1 nəfəri rus dili müəllimidir. Komissiya sədri Mexanika üzrə dərs deyir, digər 2 üzvü kadrlar şöbəsinin rəsi və Həmkarlar ittifaqının Universitet nümayəndəsidir. Attestasiya tam olaraq ingilis dilində keçirilmişdir və ingilis dili təhsili və bilik səviyyəsi ondan aşağı olan komissiya üzvlərin onun haqqında qərar vermək səlahiyyəti yox idi. Attestasiya komissiyasının yekun qərarında onun vəzifəsinə uyğun gəlmədiyi göstərilmişdir. Yekun nəticələri ona şifahi bildirmişdilər, heç bir akt, protokol və ya digər sənəd mənə təqdim edilməyib, heç bir sənədə qol çəkdirilməyib. Bu əməl qaydalara ziddir. NK-nin 97 saylı, xx.xx.2001-ci il tarixli qaydalarının 2.7 bəndinə əsasən Attestasiya nəticələri (qiymətləndirmə və tövsiyyələr, attestasiya keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxədə tərtib olunana attestasiya vərəqəsinə (qaydalara əlavə olunaraq təstiq olunmuş formada) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur, işçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır. Məhkəmə qətnaməsində də qeyd edilmişdir ki, komissiya 3 əsas meyar – sahə üzrə bilik və bacarıqlar, kommunikativ bacarıqlar və təqdimat bacarıqları əsasında attestasiya keçirmişdir. Yəni, komissiyanın əsas məqsədi təkcə iddiaçının ingilis dili biliyinin müəyyən edilməsi deyil, həmçinin müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olubolmamadığını müəyyən etmək idi. Bunun özü isə həm yuxarıda qeyd edilən qaydalar, həm də Əmək Məcəlləsinin tələblərinə ziddir. Belə ki, ƏM-nin 65-ci maddəsinin 1-ci hissəsinə görəişçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yəni onun attestasiyası yalnız peşəkarlıq səviyyəsinin yoxlanılmasından, ixtisasın tutduğu müəllim vəzifəsinə uyğunluğunu yoxlanılmasından ibarət olmalı idi. Meyarlarda və qətnamədə göstərilən, guya müasir dövrün tələblərinə uyğunluğu ölçən digər meyarlar isə qanunun tələblərində qeyd edilməyib. Bu səbəbdən də hər hansı digər meyarların yoxlanılması və ona əsaslanaraq işdən azad edilməyi qanunsuz olmuşdur. Halbuki o özünü o meyarlara da tam uyğun hesab edir və ona o meyarlar üzrə verilən qiymətlərlə razılaşmır. Bundan başqa iddia ərizəsində rəhbər şəxs – Q.Məmmədovun tədris işləri üzrə prorektor kimi iş yeri üzrə rəhbərimiz hesab edildiyindən, attestasiya komissiyasında nəinki sədrlik, heç üzv belə ola bilmədiyi əsasına isə məhkəmə qətnamədə qeyd etmişdir ki, işəgötürənin rektorun olması və bilavasitə rəhbərimin isə kafedra müdirinin olması səbəbindən bu tələbi əsassızdır və tədris işləri üzrə prorektorun attestasiya komissiyasının tərkibində iştirakında hər hansı pozuntu yoxdur. Hesab edir ki, məhkəmə hazırkı halda qanunu səhv təfsir etmişdir. Belə ki, Əmək Məcəlləsinin 65-ci maddənin tələblərinə görə işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Qanunda “bilavasitə” sözü işlədilməyib. Məhkəmə isə qətnamədə “bilavasitə rəhbəri”nin kafedra müdiri olmasını qeyd edərək, dolayısı ilə prorektorun rəhbər olmaması fikrini irəli sürmüşdür. Halbuki qanunda iş yeri üzrə rəhbər şəxslərin komissiya üzvü olmamalarına dair qadağa qeyd edilib. Hesab edirəm ki, prorektor da rəhbər şəxs kimi iş yerim üzrə rəhbərim sayıldığı üçün, kafedra müdirim və rektor kimi, o da attestasiya komissiyasında nəinki sədr, heç üzv belə ola bilməzdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

10. Maddə 11.1 Əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

11. Maddə 12. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

12. Maddə 65. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

13. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

14. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. İş materiallarında olan Cavabdeh xx.xx.2022-cı il tarixli, 04-463 saylı əmrindən görünür ki, İddiaçı 04 may 2022-ci il tarixindən ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu “xarici dillər” kafedrasının müəllimi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, işin materiallarında olan sənədlərdən görünür ki, İddiaçı işdən azad olunarkən ona qanunla müəyyən olunmuş qaydada son haqq hesab verilmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız ADNSU-nun rektoru işəgötürən qismində çıxış edir. Əmək müqavilələri, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən qismində məhz ADNSU-nun rektoru tərəfindən imzalanır. İddiaçının bilavasitə rəhbəri “Xarici dillər” kafedrasının müdiridir, işəgötürəni isə rektordur. Tədris işləri üzrə prorektorun attestasiya komissiyasının tərkibində iştirakında hər hansı pozuntu yoxdur. Çünki bu vəzifədə çalışan şəxs nə işəgötürən, nə də ki müəllimin bilavasitə rəhbəri deyildir.

25. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, ADNSU-da keçirilmiş xarici dilləri tədris edən müəllimlərin attestasiyasının qaydalarını, məqsədlərini və həyata keçirilmə prinsiplərini özündə əks etdirən qaydalar ADNSU-nun Elmi Şurasının iclasında qəbul edilərək təsdiq edilmişdir. Sözügedən qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsi və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 saylı qərarına uyğun tərtib edilmişdir. Həmin qaydalara müvafiq olaraq ADNSU rektorunun əmri ilə attestasiyanın keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət attestasiya komissiyası yaradılmışdır. Həmin attestasiya komissiyasının üzvləri attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar vermişdir. Xarici dilləri tədris edən müəllimlərin tutduqları vəzifələrə uyğun olub-olmamasını müəyyən etmək məqsədilə komissiya üç əsas meyar sahə üzrə bilik və bacarıqlar, kommunikativ bacarıqlar və təqdimat bacarıqları əsasında attestasiyanı keçirmişdir. Yəni, komissiyanın əsas məqsədi təkcə iddiaçının ingilis dili biliyinin müəyyən edilməsi deyil, həmçinin müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamağını müəyyən etməkdir. Eyni zamanda iddiaçının attestasiyanın düzgün aparılmaması, o cümlədən 3 meyar üzrə deyil, əsasən onun ingilis dili biliyi ilə bağlı olmasını qeyd etməsinə münasibətdə qeyd edilməlidir ki, attestasiyanın 3 meyar üzrə aparılması və nəticələri açıqlandıqdan sonra (disc) komissiya üzvləri tərəfindən iddiaçıya keçirilən attestasiya ilə bağlı narazılığının olub-olmaması soruşulmuş, iddiaçı isə heç bir narazılığının, sualının olmadığını bildirməklə hər hansı bir etiraz etməmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir.

27. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(006)- 4343/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar