Məhkəmə qərarları › İş №2(103)-2467/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2467/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2467/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6460/23 saylı iş üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı ünvan 1 ünvan üzrə "xxxx" ASC ilə müqavilə bağlayan şəxs X3 olsa da, həmin şəxs xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhumun həyat yoldaşıdır və həmin ünvanda yaşadığına görə faktiki istehlakçıdır. Qeyd olunan ünvanda "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacda olan nasazlıq səbəbindən akt tərtib olunmuş və vurulmuş maddi ziyana görə borc hesablanmışdır. Elektrik sayğacı iddiaçının yaşadığı həyətin daxilində yerləşir. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ona ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə aid (abonent kodu:**********6001B) hesablanmış 2318,04 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin yanvar ayından 2021-ci ilin oktyabr ayına kimi həmin evdə yaşayış olmayıb. Evə işıq sayğacı quraşdırılarkən "xxxx" ASC-nin işçiləri sayğacı həyət divarının içəri tərəfinə bərkidiblər. Dəfələrlə "xxxx" ASC-yə müraciət edərək sayğacın yerinin dəyişdirilərək, evin həyət divarının çöl tərəfinə quraşdırılması xahiş edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları həyətdə yerləşən işıq sayğacına baxış keçirib, həmin sayğacın yaşayış evinin həyətindən çıxararaq, çöl divarına quraşdırılması barədə 027020 saylı akt tərtib etmişlər. Həmçinin həmin aktda sayğacın alt qapaq möhürünün siminin kəsildiyini də qeyd ediblər. Bu hadisədən bir müddət sonra abonent hesabına 2318,04 manat borc yazıldığı müəyyən edilib. O, yazılmış borc məbləği ilə razı deyil. İşıq sayğacının həyət divarının içəri tərəfinə quraşdırılmasına görə də o məsuliyyət daşımır. Sayğacın alt qapaq möhürünün siminin qırıq olması onun təqsiri və ya müdaxiləsi səbəbindən baş verməyib.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6460/23 saylı iş üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia rədd edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 5, 6.1, 7.11, 7.13, 8.33-cü bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin borc məbləğinin necə hesablanması, nəyə əsasən müəyyən edilməsi aydın deyildir. Mənzildə 2318,04 manat dəyərində elektrin enerjisindən istifadə edilməsi həqiqətə uyğun bir göstərici deyildir. Çıxarılmış işıq sayğacında plombun qırıq olması "xxxx" ASC-yə əsas vermir ki, bu səbəbə görə dəymiş zərər məbləği hesablasın. Zərər vurulması halı sübut edilməlidir. Sayğacın alt qapaq möhürünün qırılmasına gəldikdə isə bu hal da sübut edilməmişdir. Bu halı sübut edəcək, akta imza etmiş hal şahidləri də yoxdur. Yoxlamaya aparılan işıq sayğacının alt qapaq möhürü yolda da qırıla bilərdi. İşıq sayğacının həyətin daxilinə quraşdırılmasına görə məsuliyyəti "xxxx" ASC daşıyır. “Qaydalar”a görə həmin sayğac həyət divarının bayır tərəfinə quraşdırılmalı idi. Lakin "xxxx" ASC bunu etməmişdir. Hətta sayğac həyət divarının içəri tərəfinə quraşdırılmışsa da belə, hər bir halda həmin sayğacın işlək vaziyyətdə saxlanmasına görə məsuliyyəti "xxxx" ASC daşıyır. Həmçinin sayğacda aşkarlanan qüsur kimi yalnız sayğacın alt qapaq möhürünün qırılması qeyd edilir. Sayğacın alt qapaq möhürünün qırılması o demək deyildir ki, sayğac sərf edilən elektrik enerjisini qeydə almır, yaxud işlək vəziyyətdə deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. «Elektrik enerjisindən istifadə Qaydaları»

Bənd 5. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyriistehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Bənd 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər normativ sənədlərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsi həyata keçirir. Bənd 7.13. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 7.11. yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

16. Belə ki, iddiaçı iddia edir ki, 2019-cu ilin yanvar ayından 2021-ci ilin oktyabr ayına kimi Sabunçu rayonu, Şəhər şossesi, ev 0016, mənzil 001B ünvanında daimi yaşayış olmamış, hərdənbir evi nəzarətsiz qoymamaq məqsədilə qısa müddətə gəlibgedilmişdir. İddiaçı bu faktın təsdiqi kimi məhkəməyə qonşuların notarial qaydada təsdiq olunmuş ərizələrini də təqdim etmişdir.

17. Cavabdeh isə iddiaçının həmin ünvanda yaşadığını, sayğaca iddiaçı tərəfindən müdaxilə olunduğunu bildirərək iddiaya etiraz etmişdir.

18. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinin tələbinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

19. 027020 saylı aktın məzmunundan göründüyü kimi, həmin akt hal şahidləri tərəfindən imzalanmamışdır. Bu isə aktın birtərəfli qaydada tərtib olunmaqla mötəbər olmaması barədə iddiaçının dəlillərinin əsaslı olduğunu göstərir.

20. Cavabdeh həmçinin, tələb olunan borcun əhatə etdiyi dövrdə iddiaçının həmin ünvanda yaşadığını sübuta yetirə bilməmişdir.

21. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

23. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları tam sübut edə bilməmişdir.

24. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

26. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. ünvan 1 fərdi yaşayış evinə aid (abonent kodu:**********6001B) hesablanmış 2318,04 manat (iki min üç yüz on səkkiz manat, dörd qəpik) məbləğində borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar