Məhkəmə qərarları › İş №2(103)-2467/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2467/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2467/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Dövlət Vergi Xidməti cəlb edilməklə) “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: müqavilədən əmələ gələn öhdəliklərin icra edilməməsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2272/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı cavabdehin övladı X2 rus dillərində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. “Liseydə təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının 15-dən iyun ayının 15-dək olan dövrü əhatə edir. Müqavilə üzrə bir tədris ili üçün xidmət haqqı 8.500 manat müəyyən edilmişdir. 2.İddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir. İlk iddia üzrə Cavabdeh isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edilməsini rədd edir, həmçinin qarşlıqlı iddia irəli sürərək son üç ildə Liseyə ödədiyi 8.750 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 2022-2023-cü təhsil ili üzrə ödənməmiş 3.843 manat miqdarında əsas borcun, ona uyğun hesablanmış 1.270 manat miqdarında dəbbə pulu və dövlət rüsumu qismində ödənilmiş 72 manat olmaqla, yekunda 5.185 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X2 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış sonuncu müqavilənin 5.1-ci maddəsinə əsasən 1 tədris ili üçün təhsil haqqı 8.500 manat təşkil edir. Lisey tərəfindən öhdəliklər tam yerinə yetirilsə də, Valideyn şagirdin Liseydən ayrıldığı xx.xx.2024-cü il tarixinə qədər mövcud olan borcunu ödəməmişdir. Həmin tarixə qədər Valideynin Liseyə olan borcu 3843 manat təşkil etmişdir. Aralarında bağlanan Müqavilənin 7.2-ci maddəsinə əsasən, valideyn borcun ödənişinə görə hər gecikdirilmiş gün üçün 0,2 faiz dəbbə pulu ödəyir. Beləliklə valideynin dəbbə pulu 1.270 manat təşkil edir. Aralarında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, müddətindən və səbəbindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil ayalarının haqqı hər bir halda ödənməlidir. Müqavilənin 4.1.1-ci maddəsində təhsil haqqının ödənilməsi valideynin öhdəliyi qismində müəyyənləşdirilir. 4.1.6-cı maddəyə əsasən, şagirdlə əlaqəli Liseyə dəvət olunduqda 5 iş günü ərzində Liseyə yaxınlaşmaq valideynin müqavilə üzrə öhdəliyidir. 6.3-cü maddəyə əsasən, valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Lisey birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər Həmçinin, müqavilənin 3.2.7-ci maddəsinə görə, valideyn tərəfindən təhsil haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq gecikdirildikdə təhsil haqqı tam ödənilənədək Lisey şagirdin dərsə buraxılmasını və digər öhdəliklərinin icrasını dayandıra bilər. 7.2-ci maddəyə əsasən, Valideyn hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində dəbbə pulu ödəyir. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf(valideyn) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilələrdən aydın olur ki, hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. Borcun ödənilməsinə dair tərəfimizdən Valideynə xəbərdarlıq ünvanlansa da, hər-hansı ödəniş həyata keçirilməmişdir. 5.Cavabdeh İddiaçınə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini tam və lazımınca icra etməməsi nəticəsində 8.750 manat məbləğində təhsil haqqı, 400 manat məbləğində hüquqi xidmətlərin göstərilməsinə görə və 112 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 9.162 manat məbləğində ona dəymiş maddi ziyanın İddiaçındən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Qarşılıqlı iddia tələbi onunla əsaslanıdırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq tələb irəli sürmüşdür ki, güya müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyi üçün İddiaçı qarşısında 3.843 manat məbləğində əsas borc, ona uyğun hesablanmış 1.270 manat məbləğində dəbbə pulu və dövlət rüsumu qismində ödənilmiş 72 manat dövlət rüsumu olmaqla, cəmi 5.185 manat məbləğində öhdəliyi yaranmışdır. İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2022-2023-cü il tədris ili üçün və 2021-2022-ci il tədris ili üçün bağlanmış Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələrin 1.1-ci bəndinə əsasən “Lisey” şagirdə Rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, “Valideyn” isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilələrin 3.1.2-ci bəndinə əsasən “Lisey” müasir tədris metodikalarından istifadə etməklə şagirdə bu müqavilənin 1-ci bəndində göstərilmiş dil üzrə keyfiyyətli təhsil vermək vəzifəsi daşıyır. Həmin müqavilələrin 4.2.1-ci bəndinə görə valideynin bu müqavilə üzrə vəzifələri “Lisey” tərəfindən tam və vaxtında yerinə yetirilməsini tələb etmək hüququ vardır. Həmin müqavilələrin 4.2.3-cü bəndinə əsasən valideynin “Şagird”in təhsilə münasibəti, onun bilik qabiliyyəti, biliyin qiymətləndirilməsi və qiymətləndirilmə üsulları barədə məlumat almaq hüququ vardır. İddiaçı 2023-2024-cü il tədris ili üçün şagirdin qiymət cədvəlindəki 1, 2 və illik yarımillər üzrə qiymətlərindən də məlum olur ki, “Lisey" müqavilələrin 1.1-ci bəndində göstərilən vəzifəsini tam icra etməmişdir. Həmin müqavilələrin 5-ci bəndinə əsasən 2023-2024-cü il tədris ili üçün 1.350 manat, 2023-cü il tədris ili üçün 3.700 manat və 2021-2022-ci il tədris ili üçün isə 3.700 manat olmaqla, son üç il ərzində İddiaçınə 8.750 manat məbləğində pul ödəmişdir. Lakin İddiaçı tərəfindən övladına müqavilə üzrə şərtləşdirilmiş Rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərilməmişdir. İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklərin pozulmasının əyani sübutu övladının qiymət cədvəlləridir. Həmin müqavilələrin 6.3.2-ci bəndinə görə “Lisey” tərəfindən aparılan illik monitorinqin nəticələrinə görə şagird müəyyən edilmiş keçid balından aşağı bal toplayarsa “Lisey” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Lakin İddiaçı övladının keyfiyyətsiz təhsil aldığını bildiyi halda müqavilələrə xitam verməməklə öz öhdəliklərinin icrasına vicdansızca davranmaqla iddiaçıdan əsassız olaraq xeyli miqdarda vəsait əldə etmişdir. Həmin müqavilələrin 7.1-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn öhdəliklərin tam və ya qismən icra olunmamasına görə bu müqavilə və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Əlavə olaraq onu da qeyd edir ki, İddiaçınə dəfələrlə şifahi müraciət etsə də, 2022-cü il tədris ili üçün və 2021-2022-ci il tədris ili üçün bağlanmış Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilənin bir nüsxəsi ona təqdim edilməmişdir. Sözügedən sübutları əldə edə bilmədəyi üçün məhkəmə prosesinin gedişində vəkili tərəfindən müqavilələrin surətinin təqdim edilməsi barədə vəkil sorğusu təqdim ediləcəkdir. İddiaçı ilə aralarında bağlanmış müqavilələrin müddəalarından və faktiki hallarından da görünür ki, İddiaçınə son üç ildə ümumilikdə 8.750 manat ödəsə də, İddiaçı övladına yüksək keyfiyyətli təhsil vermədiyi üçün onun hüquqları pozulmuşdur. Pozulmuş hüquqlarının müdafiəsi məqsədilə “Femida” Vəkil bürosunun vəkili Vəkil ilə Hüquqi Xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayaraq 400 manat məbləğində pul ödəmişdir. Həmçinin 112 manat məbləğində isə dövlət rüsumu ödəmişdir. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini tam və lazımınca icra etməməsi nəticəsində 8.750 manat məbləğində təhsil haqqı məbləğində, 400 manat məbləğində hüquqi xidmətlərin göstərilməsinə görə və 112 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 9162 manat məbləğində ona maddi ziyan dəymişdir. 7.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – məhkəmə) 2(005)- 2272/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 3.843 manat ödənilməmiş təhsil haqqı, 100 manat dəbbə pulu olmaqla cəmi 3943 manat və 54,75 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddianın təmin edilməməsi, mülki iş üzrə İddiaçı tərəfindən ödənilmiş 17,25 manat dövlət rüsumu, habelə qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 112 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. 8.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər iki iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “tapşırıq” müqaviləsi təşkil edir. Bu baxımdan tərəflər arasında təhsil xidmətlərinin göstərilməsi ilə bağlı yazılı tapşırıq müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Mübahisə isə, ilk iddiaçıya görə yerinə yetirilmiş xidmətin (tədrisin) haqqının tam ödənilməməsi ilə bağlıdır. İddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir. İlk iddia üzrə cavabdeh isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edilməsini rədd edir, həmçinin son üç ildə Liseyə ödədiyi 8.750 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Məhkəmə ilk növbədə qarşılıqlı iddianın dəlillərinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Lisey tərəfindən onun övladına verilmiş təhsildən narazılıq edərək, təhsilin keyfiyyətsiz olduğunu, övladının qiymətlərinin yaxşı olmamasını bildirir və buna görə son üç ildə ödədiyi ümumilikdə 8.750 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. Qarşılıqlı iddiaçı tərəfindən övladının təhsil qiymətləri məhkəməyə təqdim edilərək, bildirilir ki, 1-ci sinifdən 8-ci sinifə qədər Liseydə təhsil almasına baxmayaraq, övladının qiymətləri yaxşı deyildir. Liseyin hüququ var idi ki, övladının qiymətləri yaxşı olmadığı təqdirdə təhsil ili üçün bağlanmış müqaviləyə xitam versin. Lakin Lisey bunu etməyərək ondan əsassız təhsil pulları tələb almışdır. Halbuki, bu illər ərzində övladına verilmiş təhsilin həqiqtən keyfiyyətsiz olmasını təsdiq edən hər hansı mötəbər sübutu mövcud deyil. Belə ki, Cavabdeh ilk iddiaçının müqavilə üzrə vəzifələrini lazımı qaydada və keyfiyyətdə icra etməməsini bildirsə də bu barədə mötəbər sübutlarını təqdim edə bilməmiş, işin faktiki hallarında isə iddiaçı tərəfindən müqavilə üzrə vəzifələrinin lazımi qaydada yerinə yetirilməməsi müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçının göstərilən əsasları sübut olunmur. Bundan başqa, əgər qarşılıqlı iddiaçı son üç ildə iddia etdiyi kimi təhsilin keyfiyyətsiz olduğunu hesab edirdisə, övladının üç il ərzində həmin tədris Liseyində bir tədris ili üçün kifayət qədər yüksək xidmət haqqı verməsi nəzərə alındıqda övladının həmin müəssisədə təhsilini davam etdirməsinə razı olması başa düşülən deyil. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır. 9.Məhkəmə ilk iddianın “cavabdeh tərəfindən ödənilməmiş təhsil haqqının qalığının tutulması” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia göstərilən hissədə təmin edilməlidir. Belə ki, müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisə iddiaçıya görə yerinə yetirilmiş xidmətin (tədrisin) haqqının tam ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə 3.843 manat məbəğində təhsil haqqı borcunun, gecikdirilən hər gün üçün 0,5% olmaqla, cəmi 1.270 manat dəbbə pulunun və 72 manat dövlət rüsumunun, cəmi 5.185 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını iddia etmiş, cavabdeh isə ödədiyi vəsaitin qarşılığında heç bir vəzifə yerinə yetirilməməsi, təhsilin çox keyfiyyətsiz olduğunu əsas göstərərək iddiaya etiraz etmişdir. Başqa sözlə, iddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir, cavabdeh isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edilməsini rədd edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən də göründüyü kimi, iddiaçının öhdəlikləri dairəsi cavabdehin övladına keyfiyyətli təhsilin verilməsindən başqa, həm də onun gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin etmək, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaratmaq, habelə təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. Başqa sözlə, tərəflər arasında müvafiq xidmətin göstərilməsinə dair müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və bu bağlanmış müqavilədə tapşırıq müqaviləsinin elementləri mövcuddur. Belə ki, işin materiallarından görünür ki, bir uşaq üçün xx.xx.2023-cü il tarixində İddiaçı Bakı filialı və Cavabdeh arasında olan müqavilənin adından (Təhsil xidmətlərinin göstərilməsinə dair”) da göründüyü kimi, təhsil xidmətləri göstərilməsi ilə bağlı olmuşdur. Məhkəmə bildirir ki, tədrisin keyfiyyət meyarı şagirdlərin fənlər üzrə əldə etdikləri biliklərinin sonradan test yoxlaması nəticələrinin göstəricilərindən asılı olaraq qiymətləndirilməlidir. Nəticələr nə qədər yüksək olarsa, tədrisin keyfiyyəti bir o qədər qənaət bəxş hesab edilməlidir. Cavabdeh tədrisin keyfiyyətini mübahisələndirərək xidmət haqqının qalıq hissəsini ödəməkdən imtina etməsini bununla əsaslandırsa da, lakin tədrisin keyfiyyətinin aşağı olması işin hər hansı halı ilə müəyyən edilməmişdir. Belə ki, iş materiallarında iddiaçı tərəfindən təqdim edilən şagirdlərin qiymətləndirmə cədvəllərindən müəyyən edilir ki, şagirdlərin təhsili barədə məlumatlar (qənaətbəxş olubolmaması, çalışqanlığının dərəcəsi, dərsdə aktivliyi, dərslərə hazırlıqlı gəlib-gəlməməsi və s) onların valideynlərinə həmin cədvəllərdə qeyd edilməklə müəyyən qədər çatdırılmışdır. Həmçinin cavabdeh tərəfindən təqdim edilən övladının qiymətləri barədə məlumatlardan da müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehin övladının qiymətləri əsassız olaraq şişirdilməmiş, cavabdehin dediyi kimi xidmət haqqının kəsilməməsi üçün cavabdehə yalan məlumat verilməmiş və cədvəllərdə övladının tapşırıqları qismən yerinə yetirdiyi, daha çox çalışmalı olduğu və s. bildirilmişdir. Cavabdeh həmçinin bildirir ki, müqavilədə nəzərdə tutulduğu kimi iddiaçı övladının illik monitorinqin nəticələrinə görə keçid balını keçməməsinə rəğmən aralarında bağlanmış xidmət müqaviləsinə xitam verməmişdir. Məhkəmə həmin hala hüquqi qiymət verərək, hesab edir ki, şagird illik monitorinqin nəticələrinə görə keçid balını keçməzsə valideynlə bağlanmış müqaviləyə xitam verilməsi iddiaçı müəssisənin hüququ olaraq nəzərdə tutulmuş, vəzifəsi olaraq müəyyən edilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış sonuncu 2023-2024 tədris ili üçün nəzərdə tutulmuş müqavilədə, tərəflər razılığa gəlmişdirlər ki, həmin müqaviləyə sonradan hər hansı səbəbdən xitam verilərsə belə, müqavilə üzrə nəzərdə tutulmuş təhsil haqqı ödənilməlidir. Beləliklə də, araşdırılmış sübutlar əsasında İddiaçı tərəfindən cavabdehin övladına lazımi qaydada təhsil verilməsi faktı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsinə dair cavabdehin etirazının dəlillərinə Mülki Məcəllənin sadalanan müddəaları baxımından iddiaçının hazırki tələblərinin məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməsi barədə qənaəti qanunauyğundur. Belə ki, tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin övladına müqavilədə nəzərdə tutulmuş təhsil xidmətlərini göstərməsi faktı təsdiq edilsə də, sonuncunun müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək təhsil haqqını müqaviləyə uyğun qaydada ödəməmişdir. Bu isə müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış müqavilənin qüvvəsini itirməsi, valideyni həmin müqavilə üzrə yaranmış təhsil haqqı borcundan azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməklə iddiaçıdan cavabdehin xeyrinə 2023-2024 tədris ili üzrə 3.843 manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdehin mövcud olmuş müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və ilk iddiaçıya borclu olması işin araşdırılmış halları ilə öz təsdiqini tapdığından, qanunvericiliyin və eləcə də tərəflər arasında bağlanmış müqavilənin tələbi baxımından tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi tərəfləri həmin müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir. Məhkəmə həmçinin iddiaçının dəbbə pulunun tutulması barədə tələbinə qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasını aralarında bağlanmış müqavilənin 7.2-ci maddəsinin tələbləri baxımından əsaslandırmışdır. Lakin cavabdehin təhsil haqqını hansı vaxtdan gecikdirməsi və müddətin nə qədər olması işin müəyyən edilməyən halıdır. Odur ki, məhkəmə tələb edilən dəbbə borcuna Mülki Məcəllənin 467-ci maddəsinə əsasən şişirdilmiş borc olaraq qiymət verir və həmin məbləğin 100 manat tutulmasını məqsədəmüvafiq və ədalətli hesab etmişdir. 10.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385.1, 386.1, 442, 445, 448.1, 389.1, 390.1, 777.1, 777.2, 778.1, 778.2, 405.1, 462.1, 467-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11.Qətnamədən qarşılıqlı iddia üzər iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini, ilk iddia tələbinin tamamilə rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsində verdikləri qarşılıqlı iddia ərizəsindən və təqdim edilmiş sübutlardan, işin faktiki hallarından da göründüyü kimi İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməməsinə baxmayaraq hüquqlarından sui-istifadə edərək ondan əlavə pul tələb etmişdir. Eyni zamanda Liseylə arasında bağlanmış müqavilənin 6.3.2-ci maddəsinə əsasən, “Lisey” tərəfindən aparılan illik monitorinqin nəticələrinə görə şagird müəyyən edilmiş keçid balından aşağı bal toplayarsa “Lisey” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Lakin İddiaçı övladının keyfiyyətsiz təhsil nəticələrinə əsaslanmaqla müqaviləyə vaxtından əvvəl xitam vermək hüququndan istifadə etməməklə öz öhdəliklərinin icrasına vicdansızca davranmaqla ondan əsassız olaraq xeyli miqdarda vəsait əldə etmişdir. 2023- 2024-cü il tədris ili üçün şagirdin (qarşılıqlı iddia üzrə iddiaçının övladı İsmayılova Füzulət Rövşən qızı) qiymət cədvəlindəki İ yarımil üzrə əsas ixtisas fənləri üzrə qiymətlər 9 fənn olmaqla əsasən 5 ballıq sistem üzərindən 3 bal olaraq qiymətləndirilmişdir (fənnlər üzrə qiymətlər cədvəli qarşılıqlı iddia ərizəsində detallı şəkildə təqdim edilmişdir). Həmçinin, İddiaçı 2022-2023-cü il tədris ili üçün şagird İsmayılova Füzulət Rövşən qızının İ və İİ yarımil üzrə qiymətlərindən də məlum olur ki, “Lisey” müqavilələrin 1.1-ci bəndində göstərilən vəzifəsini tam icra etməmişdir. Sözügedən tədris ilində də qiymətlər 10 fənn üzrə əsasən aşağı qiymətlər olmuşdur. Eyni mənzərə İddiaçı 2021-2022-ci il tədris ili üçün şagirdin qiymət cədvəlində müşahidə olunur. Həmin müqavilələrin 5-ci bəndinə əsasən, 2023-2044-cü il tədris ili üçün 1350 manat, 2022-2023-cü il tədris ili üçün 3700 manat və 2021-2022-ci il tədris ili üçün 3700 manat olmaqla son üç il ərzində İddiaçınə 8750 manat məbləğində pul ödəmişdir. Lakin İddiaçı tərəfindən övladına müqavilə üzrə şərtləşdirilmiş Rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməmişdir. İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklərin pozulmasının əyani sübutu övladının qiymət cədvəlləridir. Sözügedən müqavilələrin 6.3.2- ci bəndinə görə “Lisey” tərəfindən aparılan illik monitorinqin nəticələrinə görə şagird müəyyən edilmiş keçid ballarından aşağı bal toplayarsa “Lisey” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Lakin İddiaçı övladının keyfiyyətsiz təhsil aldığını bildiyi halda müqavilələrə xitam verməməklə öz öhdəliklərinin icrasına vicdansızca davranmaqla ondan əsassız olaraq xeyli miqdarda vəsait əldə etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

14.Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, övladı ibtidai sinifdə oxuduğu zaman hər şey qaydasında idi, dövlət məktəblərində göstərilən təhsil xidmətlərindən daha yüksək səviyyədə təhsil xidməti göstərilməsi üçün ödəniş etmişdir, kifayət qədər yüksək məbləğ ödənilib. Çünki övladının yüksək səviyyədə təhsil alması onun üçün vacibdir. Övladı 5-ci sinif riyaziyyat proqramını bilmirdi. İ yarımil üzrə əsas ixtisas fənləri üzrə qiymətləri çox aşağı olub. Lisey vaxtında xəbərdar etməli idi ki, dərslərində zəiflik var, övladını başqa məktəbə qeydiyyatdan keçirmişdir. onun psixologiyası pozulub, dərslərində zəif olması, bilməməsi onda kompleks yaradıb, Lisey ona israrla bildirir ki, müqaviləyə görə ödənişi etməlidir, amma müqavilə öhdəliyini Lisey özü yerinə yetirməyib, ona vaxtında məlumat verməyib, özəl lisey olmasından sui-istifadə edib. Övladının nəticələri aşağı idisə ona bu barədə bildirilməli idi, sinifdən başqa uşaqlar da çıxıb, hazırda 2 ayrı sinifi birləşdiriblər, nazirlikdə ekspertizanın təyin edilməsini xahiş etdi, lakin özəl məktəb olduğu üçün alınmadı, müqavilənin 1-ci bəndini qarşı tərəf pozub, ödənişi övladının qidalanmasına, təhlükəsizliyinə görə də ödəyirlər, onlarla bağlı narazılığı yoxdur, lakin dərsləri barədə ona vaxtaşırı məlumat verilməli idi, valideyn iclaslarında da həmişə iştirak etmişdir, valideyn iclaslarında narazılığını bildirmişdir, ona dedilər ki, dərsdən sonra əlavə dərslər keçirilir, iclasda deyərdilər ki, şagirdin dərsləri yaxşı deyil, o, da vaxtında tədbir görərdi, övladımnn riyaziyyatı çox zəifdir. 5-ci sinifin proqramını bilmirdi, fərdi dərslər keçirilməklə öyrənib. 15.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini qətnamənin dayişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında əlavə olaraq qeyd etdi ki, qarşı tərəf məlumatlandırılıb, valideyn iclaslarında övladının dərsləri barədə məlumat verilib, Direktor xanıma bilidirib ki, şagirdin dərslərində zəiflik var, qənaətbəxş deyil. Lisey və valideyn arasında olan müqavilə bir növ tapşırıq xarakterli müqavilədir. Nazirlər Kabinetinin təhsil standartları ilə bağlı qəbul etdiyi qərarı təqdim etmişlər. Şagird 1-ci sinifdən liseydə oxuyur. Valideynin narazılığı olsa övladını çoxdan liseydən çıxarardı. Lisey keyfiyyətsiz dərs tədris etməyib, müqavilənin xitam verilməsi üçün əsaslar yoxdur. Lisey öhdəliyini yerinə yetirib, müntəzəm olaraq şagird barədə valideynə məlumat verilib.

Tətbiq edilən hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 20.Hazırki halda qarşılıqlı iddia üzrə iddiaçı qətnaməni ilkin iddianın qismən təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində mübahisələndirdiyindən və ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti vermədiyindən apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qətnaməni ilkin iddianın qismən təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 22.İşin müəyyən edilmiş halı odur ki, Cavabdeh övladı İddiaçındə təhsil almışdır. Hazırda övladı həmin məktəbdə təhsilini davam etdirmir. Cavabdeh övladının İddiaçındə aldığı ibtidai təhsildən razıdır, lakin həmin liseydə ibtidai təhsildən sonra aldığı təhsilin keyfiyyətindən narazı olduğundan ödədiyi təhsil haqqını geri tələb edir. İddiaçı isə ödənilməmiş təhsil haqqını tələb edir. 23.İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı cavabdehin övladı X2 rus dillərində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. “Liseydə təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının 15-dən iyun ayının 15-dək olan dövrü əhatə edir. Müqavilə üzrə bir tədris ili üçün xidmət haqqı 8.500 manat müəyyən edilmişdir. 24.Həmçinin, tərəflər arasında xx.xx.2014-cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin 6.3.2-ci bəndinə əsasən, “Lisey" tərəfindən aparılan illik monitorinqin nəticələrinə görə şagird müəyyən olunmuş keçid balından aşağı bal toplayarsa “Lisey” birtərəfli qaydada bu müqaviləyə vaxtından əvvəl xitam verə bilər. 6.5-ci maddəsinə əsasən, bu müqavilənin qüvvəsinə nər hansı səbəbdən xitam verilməsi tərəfləri bu müqavilədən irəli gələn öhdəliklərini sonadək icra etmək vəzifəsindən azad etmir. 6.6-cı maddəsinə əsasən, Bu müqavilənin bəndlərinə dəyişiklik etmək hüququnu Lisey özündə saxlayır. Müqaviləyə edilən dəyişikliklər tərəflərin imzası ilə təsdiq edilikdən sonra müqaviləyə əlavə olunur. 7.2-ci maddəsinə əsasən, təhsil haqqı “Valideyn” tərəfindən “Lisey”ə bu müqavilənin 5-ci bölməsində nəzərdə tutulmuş müddətdə və məbləğdə “Valideyn” tərəfindən ödənilmədikdə, “Valideyn” hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.2 %-i həcmində dəbbə pulunu “Lisey”ə ödəyir. 10.2-ci maddəsinə əsasən, bu müqavilə imzalandığı andan tərəflər arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsi haqqında olan bütün əvvəlki müqavilələr öz hüquqi qüvvəsini itirir. Əvvəlki müqavilələrin öz hüquqi qüvvəsini itirməsi "Valideyn”i hüquqi qüvvəsini itirmiş müqavilələr üzrə yaranmış təhsil haqqı borcundan azad etmir. 25.Beləliklə, göründüyü kimi tərəflər arasında yaranmış mübahisə onlar arasında təhsil xidmətlərinin göstərilməsi ilə bağlı yazılı tapşırıq müqaviləsinin bağlanması ilə əlaqədar olmaqla, ilkin iddia tələbi bu müqavilə üzrə yerinə yetirilmiş xidmətin (tədrisin) haqqının tam ödənilməməsi ilə bağlıdır. İddiaçı müqavilədə göstərilən xidməti, yəni tədrisi müqavilədə göstərilən öhdəliyinə uyğun yerinə yetirdiyini iddia edərək xidmət haqqının qalıq hissəsini tələb edir. İlk iddia üzrə cavabdeh isə tədrisin müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə aparılmadığını və yerinə yetirilməyən xidmət haqqının ondan tələb edilməsini rədd edir, həmçinin qarşlıqlı iddia irəli sürərək son üç ildə Liseyə ödədiyi 8.750 manat pul vəsaitinin ona geri qaytarılmasını tələb edir. 26.Məhkəmə kollegiyası öncə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz mövqeyini Lisey tərəfindən müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməməsinə istinad edərək cavabdeh tərəfindən təhsilin keyfiyyətsiz olduğunu, övladının qiymətlərinin yaxşı olmamasını bildirir. 27.Kollegiya qarşılılqlı iddia tələbinin əsassızlığı ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qarşılqılı iddia tələbinin əsasını təşkil edən fakitki hallar iş materialları ilə öz təsdiqini tapmamış, həmçinin iddiaçı tərəfindən bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 28.Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Lisey tərəfindən təhsilin keyfiyyətsiz tədris edilməsini irəli sürsə və bunu onun övladının aldığı zəif qiymətlərlə əsaslandırsa da kollegiya qeyd edir ki, aşağı qiymətlər şagirdin şəxsi keyfiyyətlərindən də asılı olan bir göstərici olduğundan Lisey tərəfindən təhsilin kefiyyətsiz tədris edilməsinin birmənalı göstəricisi hesab edilə bilməz. 29.Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçının övladının nəticələrinin aşağı olması barədə Liseyin ona məlumat verməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının bu dəlili də yalnız onun izahatı ilə dəstəklənməklə başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından əsaslı hesab edilə bilməz. 30.Halbuki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 31.Qeyd edilənin əksinə iş materiallarında Lisey tərəfindən təqdim edilən şagirdlərin qiymətləndirmə cədvəllərindən müəyyən edilir ki, şagirdlərin təhsili barədə məlumatlar (qənaətbəxş olub-olmaması, çalışqanlığının dərəcəsi, dərsdə aktivliyi, dərslərə hazırlıqlı gəlib-gəlməməsi və s) onların valideynlərinə həmin cədvəllərdə qeyd edilməklə müəyyən qədər çatdırılmışdır. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilən övladının qiymətləri barədə məlumatlardan da müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehin övladının qiymətləri əsassız olaraq şişirdilməmiş, cavabdehin dediyi kimi xidmət haqqının kəsilməməsi üçün cavabdehə yalan məlumat verilməmiş və cədvəllərdə övladının tapşırıqları qismən yerinə yetirdiyi, daha çox çalışmalı olduğu və s. bildirilmişdir. 32.Bundan başqa qarşılqılı iddia üzrə iddiaçının əsaslandığı digər bir hal müqavilədə nəzərdə tutulduğu kimi iddiaçı (Lisey) övladının illik monitorinqin nəticələrinə görə keçid balını keçməməsinə rəğmən aralarında bağlanmış xidmət müqaviləsinə xitam verməməsi ilə bağlıdır ki, bununla bağlı məhkəmə düzgün olaraq qeyd etmişdir ki, şagird illik monitorinqin nəticələrinə görə keçid balını keçməzsə valideynlə bağlanmış müqaviləyə xitam verilməsi iddiaçı müəssisənin vəzifəsi deyil, hüququ olaraq nəzərdə tutulmuşdur. 33.Həmçinin, tərəflər arasında bağlanmış sonuncu 2023-2024 tədris ili üçün nəzərdə tutulmuş müqavilədə, tərəflər razılığa gəlmişdirlər ki, həmin müqaviləyə sonradan hər hansı səbəbdən xitam verilərsə belə, müqavilə üzrə nəzərdə tutulmuş təhsil haqqı ödənilməlidir. 34.O cümlədən nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı ondan təhsil haqqının qalıq hissəsinin ödənilməsi tələb edildikdən sonra ödədiyi təhsil haqqlarının geri alınması tələbini rəli sürmüşdür. 35.Eyni zamanda kollegiya hesab edir ki, qarşılqlı iddianın əsassızlığı ilə bağlı işin müəyyən edilən fakitki halları onu deməyə əsas verir ki, ilkin iddia üzrə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü ödəliyi icra etsə də cavabadeh Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada icra edilmədiyindən İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 36.Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən də göründüyü kimi, iddiaçının öhdəlikləri dairəsi cavabdehin övladına keyfiyyətli təhsilin verilməsindən başqa, həm də onun gigiyenik tələblərə cavab verən və keyfiyyətli qida ilə təmin etmək, dərsdən kənar vaxtda onların istirahəti, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaratmaq, habelə təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. 37.Kollegiya məhkəməni mövqeyi ilə razılaşaraq hesab edir ki, tədrisin keyfiyyət meyarı şagirdlərin fənlər üzrə əldə etdikləri biliklərinin sonradan test yoxlaması nəticələrinin göstəricilərindən asılı olaraq qiymətləndirilməlidir. Nəticələr nə qədər yüksək olarsa, tədrisin keyfiyyəti bir o qədər qənaətbəxş hesab edilməlidir. Cavabdeh tədrisin keyfiyyətini mübahisələndirərək xidmət haqqının qalıq hissəsini ödəməkdən imtina etməsini bununla əsaslandırsa da, lakin tədrisin keyfiyyətinin aşağı olması işin hər hansı halı ilə müəyyən edilməmişdir. 38.Beləliklə iş materiallarından göründüyü kimi iddiaçının cavabdehin övladına müqavilədə nəzərdə tutulmuş təhsil xidmətlərini göstərməsi faktı təsdiq edilsə də, sonuncunun müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək təhsil haqqını müqaviləyə uyğun qaydada ödəməmişdir. Bu isə müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmış müqavilənin qüvvəsini itirməsi, valideyni həmin müqavilə üzrə yaranmış təhsil haqqı borcundan azad etmir. 39.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 40.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2272/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar