Məhkəmə qərarları › İş №2(103)-2469/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2469/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2469/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli qərardaddan cavabdeh İstehsalat Birliyinin buna səlahiyyəti olan nümayəndəsinin verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh Birliyə qarşı irəli sürdüyü iddiasına baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla cavabdeh Birliyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 78.4-cü maddəsinə əsasən (məhkəmənin tələb etdiyi sübutun üzürsüz səbəbdən təqdim edilməməsinə görə) 200 manat məbləğində cərimə etmişdir. Cavabdeh Birlik həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi cavabdeh Birlik tərəfindən verilmiş şikayətə baxaraq, iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, aşağıda göstərilən əsaslara görə hazırki iş üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, Rayon Məhkəməsinin istinad etdiyi prosessual normanın mənasına görə, tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur (MPM; maddə 78.4.). Lakin müzakirə edilən məsələnin Rayon Məhkəməsi tərəfindən həlli prosedurundan görünür ki, nə cavabdeh Birlik, nə də ki, Rayon Məhkəməsi nəzərə almamışlar ki, MPMnin tələblərinə görə, üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər (maddə 127.1.). Bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur (maddə 127.2.). Cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər (maddə 127.3.). Göründüyü kimi, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilən xx.xx.2023-ci il tarixli qərardad barəsində ayrıca şikayət verilə bilməyən kateqoriyaya aid olan qərardaddır və ondan şikayət verilə bilməz. Lakin cavabdeh Birlik həmin qərardaddan şikayət vermiş və Rayon Məhkəməsi həmin şikayətə mahiyyəti üzrə baxaraq, şikayətə hüquqi qiymət vermiş, şikayəti təmin etməmiş və baxılması üçün şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 261, 366 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 yanvar 2023-cü il tarixli qərardaddan cavabdeh İstehsalat Birliyinin buna səlahiyyəti olan nümayəndəsinin verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün şikayət mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar