Məhkəmə qərarları › İş №2(103)-2473/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2473/2025

18.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2473/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Asim Abdullayevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-321/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı 2019-cu ildə Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru təyin olunub. 2023-cü ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb, iddiaçının direktor kimi tabe olduğu Bakı şəhəri üzrə Təhsil İdarəsi əvvəlki kimi birbaşa Təhsil Nazirliyinə deyil, həmin Agentliyin tebeliyinə keçib. Odur ki, Təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə əmr olunub ki, 101 məktəbin direktoru, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ləğv edilsin və onlar direktor vəzifəsindən azad olunsunlar (iş v. 146). 2.İddiaçının direktor vəzifəsindən azad olunmasından 1 gün sonra – xx.xx.2023-cü ildə onun yenidən eyni vəzifəyə təyin olunması barədə ərizəsi Bakı şəhəri üzrə Təhsil İdarəsində qəbul edilib, həmin tarixdə iddiaçının Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması barədə əmr verilib, lakin əmək müqaviləsi bağlanmayıb. Bu məlumat Bakı şəhəri üzrə Təhsil İdarəsininin xx.xx.2024-cü il tarixli 3-29-59/2-2429/2024 nömrəli məktubunda qeyd olunub (iş v. 76). 3.Əmək müqaviləsi mövcud olmasa da iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə kimi, yəni 5 ay 2 gün Bakı şəhəri 25 nömrəli tam orta məktəbə “direktor” kimi rəhbərlik edib. İddiaçı direktor olmadığı halda onun direktor vəzifəsindən azad edilməsi barədə yenidən əmr verilib. Belə ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-604 K/2024 nömrəli əmri ilə əmr edilib ki, Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü ildən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi nəzərə alınsın (iş v. 96). Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-604 K/2024 nömrəli əmri etibarsız hesab olunsun, iddiaçı əvvəlki vəzifəsinə - Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunsun, iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı və son haqq-hesab ödənilsin. 5.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin əmr etibarsız hesab olunsun, iddiaçıya son haqq-hesab ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin, iddiaçı ilə əmək qanunvericiliyində müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla onun Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması və iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə yeni qətnamə qəbul olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Asim Abdullayev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Qətnamənin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin yalnız həmin hissəsi yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 9.Belə ki, AR Əmək Məcəlləsinin 7-ci maddəsinə görə, əmək münasibətinin yaranması üçün əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr verilərkən əmək müqaviləsi mövcud olmayıb. Mövcud olmayan əmək müqaviləsi ləğv edilə bilməz, ona görə də həmin əmr etibarsızdır. Eyni səbəbdən iddiaçı direktor vəzifəsinə bərpa edilə və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilə bilməz. 10.Əmək müqaviləsinin ləğvi barədə xx.xx.2024-cü il tarixli əmr (ikinci əmr) verilərkən istinad olunan halların həqiqi olub-olmadığının araşdırılmasına zərurət yoxdur. Belə ki, subyektsiz hüquqpozma olmur, odur ki, bütün hüquqpozmaların subyekti olmalıdır. Əmrdə istinad olunan hüquqpozmaların subyekti direktor ola bilər, iddiaçı direktor olmadığına, yəni əmək müqaviləsi mövcud olmadığına görə, əmr verilərkən istinad olunan hallar hüquqpozma sayılmır. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdən (birinci əmrdən) əvvəl yol verilən pozuntulara isə artıq istinad oluna bilməz, çünki həmin əmrlə əmək müqaviləsi ləğv edilərkən hər hansı hüquqpozmaya istinad olunmayıb. 11.Beləliklə, qətnamə iddianın rədd edilməsinə aid olan hissədə qanunidir. 12.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-321/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar