Məhkəmə qərarları › İş №2(103)-2475/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2475/2023

12.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2475/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə; kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(006)- 1008/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X4, anası Cavabdehdır. İddiaçı 2005-ci ildə Cavabdeh tərəfindən övladlığa götürülüb.

2. Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən, 1 otaqdan ibarət 1 saylı mənzil Cavabdeh adına xüsusi mülkiyyətçi kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 276 №-li reyestr kitabında xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır.

3. Cavabdeh və İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadırlar.

4. ünvan 2022-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs İddiaçı) qarşı “mənzildə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı nüayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsini, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının anasıdır. O, 2005-ci ildə iddiaçını övladlığa götürmüşdür. İddiaçının hazırda 19 yaşı vardır. Uzun illərdir ki, onlar birlikdə mübahisəli mənzildə yaşamışlar. Cavabdeh iddiaçını həmin mənzilə ailə üzvü kimi köçürmüşdür və mübahisəli sahə iddiaçının yeganə yaşayış evidir. O, tələbədir və ödənişli əsaslarla ali təhsil alır. İddiaçı hər zaman düşünürdü ki, onu övladlığa götürən cavabdeh ona ana kimi baxıb, doğma münasibət bəsləyəcəkdir. Lakin, ona bəlli olmayan səbəblərdən son dövrdə onun münasibəti kəskin şəkildə pisləşmişdir. İddiaçı hesab etmişdir ki, cavabdeh mübahisəli evi satmaq üçün onu evdən çıxarmaq istəyir. Bunun üçün müxtəlif bəhanələr danışır. Dəfələrlə ondan əşyalarını da götürüb evdən çıxıb getməyini tələb edib. Özü qəsdən dözülməz ab-hava yaratmış, aqresivlik etmişdir. Bunların nəticə vermədiyini görəndə cavabdeh 09 noyabr 2021-ci il tarixdə gecə saatlarında onunla mübahisə etməyə başlamış, iddiaçını evdən qovmuşdur. Cavabdeh açarları iddiaçıdan alıb, qapının kilidini bağlamış və o vaxtdan bu günədək onu evə buraxmır. İddiaçı cavabdehə izah edə bilmir ki, kimsəsiz tələbədir, qalacağı yeri yoxdur, dost-tanışlarından maddi və s. yardım istəməyə məcburdur, çıxılmaz, ağır vəziyyətdə qalmışdır. Buna görə də, son halda məhkəməyə müraciət etmişdir. Onun qalmağa başqa yeri yoxdur, cavabdehin isə iddiaçını yaşayış yerindən məhrum etməyə hüququ yoxdur.

7. Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sözügedən mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində əks etdirdiyi ifadələr doğru deyil və həqiqəti əks etdirmir. O, iddiaçını evdən qovmamışdır. İddiaçı özü 08 noyabr 2020-ci il tarixdə ürək nahiyyəsindən edilən əməliyyatdan sonra onu çarpayıda köməksiz vəziyyətdə, xəstə yatan halda qoyub, yeriyə bilmədiyi, baxıma ehtiyacı olması barədə israrlı yalvarışlarına məhəl qoymayaraq, ərə getdiyini, əri ilə 3 otaqlı mənzil kirayə götürdüklərini, bundan sonra orada yaşayacaqlarını bildirərək çıxıb getmişdir. Bütün bunlara və onun getdiyi vaxt onun yataq xəstəsi olduğuna qonşuları - X5, X6, X8 və qeyriləri də şahiddirlər. iddiaçının övladlıq vəzifəsini yerinə yetirməyərək, onu xəstə yatağında qoyaraq 08 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri işğaldan azad olunan gün, evi tərk etmişdir. Hazırda tək yaşayır, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir, ürək nahiyyəsindən ağır cərrahiyə əməliyyatı olunduğu üçün mütəmadi müalicə alır, Bakı şəhərində yaxın qohumları yoxdur, bacıları Moskva şəhərində yaşayırlar. Qeyd olunan mənzildə həmin günədək xx.xx.2002-ci ildə anadan olmuş, 2005-ci ildə övladlığa götürdüyü iddiaçı ilə birlikdə yaşamışdır. Ona bu çətin dövrdən bu günədək qonşuları yardım etmişlər. Bundan sonra iddiaçı evləndiyini dediyi tanışı X7 ilə birlikdə 2020-ci ilin noyabr ayının 15-də onun yaşadığı evə gəlmiş, ona meyvə və yarımkiloluq şüşə qabın yarısı həcmində plov verərək çıxıb getmişlər. Həmin plovdan 2 qaşıq yedikdən sonra vəziyyəti pisləşmiş, tibbi müdaxilədən sonra özünə gəlmişdir. Bundan 3 gün sonra iddiaçı zəng edərək, ona heç nə olmadığını biləndə çox təəccüblənmişdir. Sonralar öyrənmişdir ki, o, əməliyyat olunanda iddiaçı evləndiyi dediyi tanışı ilə birlikdə Xaçmaz rayonuna gedərək oradakı valideynlərindən ona miras qalan evi və torpaq sahəsini Elmir İsmayılzadəyə göstərmişdir. İddiaçı bir uşaq kimi çətin tərbiyə olunan, qəddarlığa meyilli olmuşdur. O, həmişə çalışmışdır ki, iddiaçını düzgün tərbiyə etsin. 2020-ci ilin sonunda onun səhhətində problem olanda iddiaçı evdən tez-tez çıxıb getmiş, gecələr evə gəlməmiş, bəzən isə səhərə yaxın evə gəlmişdir. İddiaçının qəddarlığa meyilli olmasını onun çəkdiyi rəsmlərdən də hiss etmişdir. Belə ki, iddiaçının çəkdiyi bütün insan və heyvan rəsmlərində qan əsas rol oynayır. Onun çəkdiyi bir qız rəsmində ingiliscə “mənimlə oyna“ yazıb, qızın ağzından, ürəyindən və çiynindən qan gəlir, qızın hər iki qolu dirsək nahiyyəsindən kəsilmiş, hər iki qolun kəsik yerlərindən qan gəlir. Digər bir rəsmdə o, zəncirlə birləşdirilmiş, ilan dolaşmış, qan içində qadın və kişi rəsmləri çəkmişdir. İddiaçının dediyinə görə həmin rəsmlər onun və sevgilisi Elmirin rəsmidir. Onları kim ayırsa rəsmdəki kimi qanı axacaqdır. İddiaçının çəkdiyi belə rəsmlər çox olmuş, indi isə onda 7 belə rəsm qalıb. Onların surətlərini qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa, iddiaçı evdən gedəndən sonra o, otaqdan 3 ədəd termometr və kəsici alət tapmışdır. Bu barədə qonşusu Fomaya da demişdir. O, və Foma iddiaçı ilə söhbət edəndə bildirmişdir ki, termometrləri o, özü alıb, onlar işləmir. O, həkimə bunu deyəndə həkim ona bildirmişdir ki, həmin termometrlərin birindəki civə kifayətdir ki, insan zəhərlənsin və ölsün. O, dərhal bilmişdir ki, işləməyən, xarab termometrləri iddiaçıya Elmirgil verib ki, onu termometrdə olan civə ilə zəhərləsinlər. Əks halda eyni markalı termometrləri alması, evdə gizli saxlaması, başqa nə məqsəd daşıdığı sual yaradır. Eyni zamanda 2021-ci ilin yanvar ayının 17-də iddiaçı, Elmir İsmayılzadə və onun atası evlərinin yanına gəlib ona demişlər ki, guya onlar nikaha daxil olmaq üçün qeydiyyat şöbəsinə gedirlər, hətta onu inandırmaq üçün gül də almışdılar. Lakin, o, bilmişdir ki, onu aldadırlar və istəyirlər ki, Rəşadı evə qeydiyyata aldırsınlar. Göründüyü kimi, onun həyatı indi də təhlükə altındadır. Sonradan bilmişdir ki, onlar bununla Elmir İsmayılzadənin onun mənzilinə qeydə alınmasına nail olmaq istəyiblər, lakin o, artıq onların necə bir insan olduqlarını bildiyi üçün buna razı olmamışdır. Bununla da iddiaçı və Elmir İsmayılzadə onu zəhərləyib öldürərək mənzilinə və Xaçmaz şəhərindəki ata mülkünə sahib çıxmaq istəmişlər. Qeyd olunan hadisə ilə bağlı o, Nəsimi rayon prokurorluğuna rəsmi şikayət ərizəsi yazmışdır. Həmin ərizə ilə əlaqədar Nəsimi rayon prokuroru 19 aprel 2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinə onun təhlükəsizliyinin təmin olunması üçün qanuni tədbir görülməsindən ötrü məktub yazmış, ona qarşı edilən qanunsuz hərəkətlər haqqında isə hazırda Nəsimi rayon prokurorluğunda araşdırma aparılır. Lakin, o, prokurorluqda izahat verəndə bildirmişdir ki, iddiaçı qəddarlığa meyilli qızdır, buna görə də onun təhlükəsizliyin təmin olunmasını xahiş etmişdir. Lakin iddiaçının cinayət məsuliyyətinə cəlb olunmasını bir ana kimi istəməmişdir. Odur ki, iddiaçının yaşamadığı, mülkiyyətçisi barədə cinayət törətməyə cəhd etdiyi mənzildə qeydiyyatda qalması üçün hüquqi əsas yoxdur, onun qeydiyyatı yalnız formal xarakter daşıyır, onun təhlükəsizliyinə xidmət etmir və eyni zamanda faktiki vəziyyəti əks etdirmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması barədə Nəsimi Rayon Polis İdarəsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Nəsimi Rayon Polis İdarəsindən vəkil Nümayəndə2 ünvanlanmış 18 may 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciətdə göstərilən şəxsin mübahisəli yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Göründüyü kimi, müraciətinin qanunvericilikdə göstərilən əsaslara tam cavab verməsinə baxmayaraq, inzibati orqan əsassız olaraq formal məzmunlu imtina verməklə onun hüquqlarını məhdudlaşdırmışdır. Hüquqlarının bərpa edilməsi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Ona görə də o, Bakı İnzibati Məhkəməsinə xx.xx.2021-ci ildə iddia ərizəsi verərək, iddiaçının mülkiyyətçisi olduğu ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsini Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı İnzibati məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatında baxılmaqdadır. Qeyd olunanlara əsasən, iddiaçının bu qanunsuz hərəkətlərindən sonra onunla eyni mənzildə yaşamağı qeyri-mümkündür, iddiaçının yaşadığı 1 otaqlı mənzilə köçürülməsi barədə qətnamə çıxarılması, baxıma ehtiyacı olan yaşlı və xəstə bir qadın kimi onun həyatına real təhlükə törədər, ağır nəticəyə gətirib çıxarmaqla, ədalətsizlik olardı.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1008/2022 saylı, 06 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) ilkin iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qadağan edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi ilk iddia tələbi ilə bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) öz əmlakını geri tələb etmək hüququ mövcuddur və o, həmin hüququndan istifadə etməklə hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.

11. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı bildirmişdir ki, mübahisələndirilən mənzilə iddiaçının (qarşılıqli iddia üzrə cavabdeh) da istifadə hüququ olduğundan, həmin mənzildə yaşayan və qeydiyyatda olan cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) həmin mənzildən iddiaçının qeydiyyatdan çıxarılması tələbi ilə ilkin iddia üzrə iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçı (qarşılıqli iddia üzrə cavabdeh) ünvan 1 ünvanına məcburi köçürülməli və həmin yaşayış evindən istifadəyə dair maneələr törədilməsi ilkin iddia üzrə cavabdehə qadağan edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına, Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və onun nümayəndəsi və vəkili Nümayəndə2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 1-dən istifadə hüququna konpensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən mülki iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 mart 2022-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin orta aylıq kirayə haqqı 250-300 manatdır. Lakin məhkəmə həmin arayışı və və arayışa əlavə edilmiş 276 PLS nömrəli hesab-fakturanı elektron məhkəmə portalında iş materiallarına əlavə etməmiş, həmin sənədləri tədqiq etməmiş, qətnamədə bu barədə heç nə göstərməmişdir. Eyni zamanda məhkəmənin birinci iclasında onların vəsatətinə iddiaçının təqdim etdiyi, guya onun mənzildən zorla qovulmasını “sübut” edən səs yazısı olan “CD” diskinə məhkəmədə qulaq asıldı. “CD” diskində olan səs yazısı aydın eşidilmirdi. Bir nəfər qadın rus dilində hündür səslə “atıb getdin” deyir, digər qadın isə yavaş səslə “yaxşı” deyirdi. Məhkəməyə təqdim edilmiş səs yazısı saxta sübut əldə etmək üçün qəsdən yazılmış, saxtalaşdırılmış səs yazısıdır. Onu təqdim edənlər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Səbinənin mənzildən özü getməsi təsdiq olunsa da bununla bağlı da məhkəmə zəruri araşdırma aparmamışdır. İddiaçının uzun müddət qeydiyyatda olduğu mənzildə yaşamaması, cavabdehlə (qarşılıqlı iddia üzrə iddiaçı) ilə münaqişədə olması, aqressiv xarakterə malik olması, çəkdiyi şəkillərdə insanlar və heyvanlar üzərində zorakılığı təbliğ edən rəsmlərin də ona dəlalət etdiyini göstərdiyini, onun bu rəsmlərlə cavabdehi (qarşılıqlı iddia üzrə iddiaçı) hədələdiyi barədə, onun cavabdehlə (qarşılıqlı iddia üzrə iddiaçı) cəmi 40 kvadratmetr olan mənzil sahəsində yaşaması yaşlı və ağır xəstə olan sonuncunun həyatı üçün təhlükəli olduğunu göstərən sübutlar heçə sayılaraq, iş üzrə ədalətsiz, qanunsuz və qərəzli qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş cəmi 2 iclasın heç birində, nə xx.xx.2022-ci il tarixdəki, nə də xx.xx.2002-ci il tarixdəki, hər biri cəmi 10 dəqiqə çəkmiş iclaslarda heç bir sübut tədqiq etməmişdir.

15. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, apellyasiya şikayətinin dəlilləri təklif edilən kompensasiyanın nə zaman, hansı qaydada, hansı məbləğdə birdəfəlik və ya hissə-hissə ödənilməsinin məlum olmadığından ibarətdir. Hazırda iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həqiqətən də həmin mənzildə yaşamır. O, bu halı təsdiqləyir və təkzib etmir. İddiaçı bildirir ki, 08 noyabr 2020-ci ildən mənzildən qovulub, həmin tarixdən bu günədək orada yaşamır, çünki analığı onu həmin mənzilə buraxmır. Lakin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin mənzildə könüllü olaraq getməyib, analığı onu qovmuş, kilidi dəyişdirmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nikaha daxil olması barədə qeyd aşkar edilməmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) övladlığa götürülməsə idi, dövlət tərəfindən təminatlı vətəndaş sıyahısına daxil olmaq hüququ olacaqdı. Lakin o, bu hüququndan məhrum edilmişdir. Çünki hazırda o, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) qızı kimi qeydiyyatdadır.

16. "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 mart 2022-ci il tarixli arayışla müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilin orta aylıq kirayə haqqı 250- 300 manatdır.

17. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən 1 nömrəli mənzilin sahəsinə uyğun olan mənzillərin aylıq kirayə haqqının dəyəri barədə hesablamalar aparılmış, MMCnin 16 avqust 2022-ci il tarixli arayışına əsasən, həmin məbləğ 420-480 manat təşkil etmişdir.

18. Həmçinin, apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən 1 nömrəli mənzilin sahəsinə uyğun olan mənzillərin aylıq kirayə haqqının dəyəri barədə hesablamalar aparılmış, müəssisənin 02 sentyabr 2022-ci il tarixli arayışına əsasən, həmin məbləğ 220-250 manat təşkil etmişdir.

19. Apellyasiya icraatı zamanı qarşılıqlı iddia üzrə iddiaçı (cavabdeh) ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) əvvəl 9.000 manat, daha sonra 10.000 manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4733/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair” ilk iddia tələbinin təmin edilməsi, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) ünvan 1 ünvanında yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evindən istifadəyə dair maneələrin törədilməsinin cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) qadağan edilməsi, cavabdehin iddiaçıya qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normaları mülkiyyətçinin hüquqlarının müdafiəsini təmin edən normalardır. İşin hallarından aydın olduğu kimi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) köçürülməsini istədiyi evin sahibi, mülkiyyətçisi deyil, həmin daşınmaz əmlakın mülkiyyətçisi cavabdehdir (qarşılıqlı iddia üzrə iddiaçı). İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) ailə üzvü olduğu üçün onun həmin mənzilə köçürülmək, həmin mənzildən istifadə etmək hüquqları vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) mübahisəli mənzilə mülkiyyət hüququ olmadığı halda onun mülkiyyət hüquqlarının pozulması barədə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

22. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməsə də, bununla bağlı hər hansı əsaslandırmaya istinad etməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) övladlığa götürüldüyü vaxtdan daimi olaraq mübahisəli evdə yaşamış, onun başqa daimi yaşayış yeri yoxdur, rəsmi nikaha daxil omayıb, tələbədir, daimi iş yeri və qazancı mövcud deyildir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə təklif etdiyi 10.000 manat kompensasiya məbləği cavabdehin oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli deyil, mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz.

24. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması, lakin təklif olunan kompensasiyanın məbləğinin iddianın təmin olunması üçün kifayət etməməsi qənaətinə gəldiyi halda, maddi hüquq normalarının tələblərinə əsasən təklif olunmalı kompensasiyanın məbləğini müəyyən etməlidir.

25. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutları nəzərə alaraq, kompensasiyanın məbləğinin 20.000 manat həddində müəyyən edilməsini ədalətli və adekvat olduğunu qeyd edərək, qarşılıqlı iddia üzrə cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) kompensasiyanın məbləğinin qaldırılmasını təklif etsə də, həmin tərəf daha artıq kompensasiya məbləğinin təklif olunması ilə razılaşmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) daimi yaşayış yerinin olmamasını nəzərə alınaraq onun istifadə hüququ olan həmin mənzilə köçürülməsinin zəruri olduğu hesab edilməlidir. Digər tərəfdən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) həmin mənzili öz iradəsi əleyhinə tərk etməsi onun anasına məxsus olan mənzildə yaşamaq hüququnun itirilməsinə əsas ola bilməz.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

28. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil Nümayəndə2) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış, Nəsimi rayon prokurorluğunun araşdırma materiallarında əks olunan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və X1 olmaları faktını, birlikdə yaşamaları barədə izahatlarını, cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) qarşı qanunsuz hərəkətlər edərək onun mənzilinə sahiblənmək cəhdlərini nəzərə almamış, nəticədə qeyd edilən maddi hüquq normalarının pozulması ilə, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mülkiyyət hüququnun pozulmasına yönələn qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə kollegiyası əsassız olaraq iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) daimi yaşayış yerinin olmaması, onun həmin mənzili öz iradəsi əleyhinə tərk etməsi, onun istifadə hüququ olan həmin mənzilə köçürülməsinin zəruri olduğu qənaətinə gəlmişdir. Lakin əksinə işdə olan sübutlar onun daimi yaşayış yerinin olmasına, işləməsinə, ödənişli əsaslarla təhsil almasına, mülkiyyətçiyə qarşı qanunsuz hərəkətlərə yol verdiyini və gələcəkdə də yol verəcəyini sübut edir. Bütün bunlar onun cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) məxsus mənzildə yaşamaq hüququnun itirilməsi üçün əsas olduğunu göstərir. Həmçinin, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) mənzili cəmi 41 kv.metr olmaqla köhnə, birinci mərtəbədə, təmirsiz, şəraitsiz olsa da, qiymətləndirmədə bunlar nəzərə alınmasa da, bazar qiyməti ilə 20.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələb edilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi zamanı müəyyən edildiyi kimi qarşılıqlı iddia tələbi ilə bağlı hər hansı əsaslandırmaya istinad etməmişdir. Bunula bağlı, məhkəmə kollegiyası da araşdırma zamanı birtərəfliliyə yol verilərək cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası "xxxx" MMC-nin araşdırma aparmadan reallığı əks etdirməyən həddən artıq şişirdilmiş rəqəmlərini əsas götürmüş, "xxxx" MMC tərəfindən yerində yoxlanılaraq, tərtib edilmiş arayışa, 18 vərəqədən ibarət araşdırma materiallarına əhəmiyyət verməmiş, onları tədqiq etməmiş, həmin qiymətləndirmə materialının əsası olan arayışları “elektron məhkəmə sisteminə” yerləşdirməmiş, qiymətləndirmə materialları ilə tanış olmaq üçün verilən işin təxirə salınması barədə vəsatətə belə baxmamışdır.

30. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29, 31-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(102)-211/2023 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4733/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Həmçinin, Cavabdeh ərizə təqdim edərək 15000 (on beş min) manat kompenasiya verilməklə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi 35 saylı evin 1 saylı mənzilinə istifadə hüququna xitam verilməsini xahiş etdi. Cavabdeh həmin məbləğdən artıq kompensasiya təklif edə bilməyəcəyini bildirdi.

33. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

35. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

37. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

38. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

44. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(006)-1008/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məmmədrza qızının ünvan 1dən istifadə hüququna 15000 (on beş min) manat konpesasiya verməklə xitam verilməlidir.

49. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. Hazırki iş üzrə həm ilkin, həm də qarşılıqlı iddia tələbi olduğundan hər bir tələb üzrə ayrı-ayrılıqda dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir.

51. Belə ki, işin hallarından aydın olur ki, İddiaçı köçürülməsini istədiyi evin sahibi, mülkiyyətçisi deyil, həmin daşınmaz əmlakın mülkiyyətçisi Cavabdehdır. İddiaçı Cavabdeh ailə üzvü olduğu üçün onun həmin mənzilə köçürülmək, həmin mənzildən istifadə etmək hüquqları vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ olmadığı halda onun mülkiyyət hüquqlarının pozulması barədə səhv nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

52. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə ı hər hansı əsaslandırma etməmiş, nəticədə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi barədə düzgün olmayan nəticə gəlmişdir.

53. Belə ki, iş üzrə kassasiya instansiya məhkəməsini yuxarıda qeyd olunan qərarından görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, qarşılıqlı iddianı rədd etməklə işin müəyyən etdiyi hallarına uyğun olaraq, təklif edilən 10.000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmaması barədə düzgün nəticəyə gəlsə də, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını müəyyən etməməklə səhvə yol vermişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən qətnamədə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alaraq, kompensasiyanın məbləğinin 20.000 manat həddində müəyyən edilməsini ədalətli və adekvat olduğunu qeyd edərək, qarşılıqlı iddia üzrə cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçı) kompensasiyanın məbləğinin qaldırılmasını təklif etdiyini, lakin həmin tərəfin daha artıq kompensasiya məbləğinin təklif olunması ilə razılaşmadığını müəyyən etməklə, mübahisəni tam həll etməməklə yanaşı, gələcəkdə mülkiyyətçi olan cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) 20.000 manatdan aşağı həddə kompensasiya ödənilməklə iddiaçının mənzilə istifadə hüququna xitam verilməsi barədə analoji iddia qaldırmaq hüququnu məhdudlaşdırmışdır. Hazırki işdə apellyasiya instansiya məhkəməsi tərəfindən 10.000 manat kompensasiya məbləğinin iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) oxşar şəraitli mənzildə davamlı surətdə yaşamaq imkanının təmin edilməsi üçün yetərli olmaması, mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmaması müəyyən edilsə də, kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olması müəyyən edilməmişdir.

54. Kollegiya kassasiya instansiya məhkəməsinin qeyd olunan mövqeyinə uyğun olaraq təkrar apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçı tərəfə kompensasiyanın məbləğinin qaldırılmasını təklif edilmiş və qarşılıqlı iddia üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 15000 (on beş min) manat kompensasiya verilməklə onun Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı evin 1 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

56. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir.

57. Göstərilənlərə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətçi kimi cavabdehin kompensasiya ödənilməklə mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi Mülki Məcəllənin 228.2-ci maddəsinə görə əsaslıdır və təmin olunmalıdır.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Beləliklə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu iləistifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.

59. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə kompensasiya məbləği mütləq şəkildə müəyyən edilməlidir. Belə ki, iddia ərizəsində göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır.

60. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür.

61. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilən kompensasiya məbləğinin 15000 manat müəyyən edilməsini xahiş etməsi barədə ərizəsini nəzərə almaqla hazırki iddia tələbinə təklif edilən məbləğ baxımından da qiymət verə bilər.

62. Kollegiya hesab edir ki, iddiaçının təklif etdiyi 15.000 manat məbləğində kompensasiya cavabdehin davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli evlə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamasına imkan verir. Belə ki, iş materiallarında görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 35 ünvanında yerləşən 1 nömrəli mənzilin sahəsinə uyğun olan mənzillərin aylıq kirayə haqqının dəyəri barədə hesablamalar aparılmış, müəssisənin 16 avqust 2022ci il tarixli Arayışına əsasən həmin məbləğ 420-480 (dörd yüz iyirmi-dörd yüz səksən) manat təşkil edir.

63. Kollegiya qeyd edir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməməklə yalnız mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Mülkiyyət hüququ qanunvericiliklə toxunulmazdı və mülkiyyətçiyə öz mənzilindən istifadə üçün hər hansı bir maneənin yaradılması yolverilməzdir.

64. Bundan əlavə, yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla kollegiya belə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi müqabilində 15000 manat kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilməlidir. Belə ki, mübahisəli mənzil 1 otaqlı olmaqla aylıq kirayə haqqı 420-480 (dörd yüz iyirmi-dörd yüz səksən) manat təşkil etməsi iş materialları ilə sübut olunur.

65. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi məhkəmənin yuxarıda qeyd olunan qənaətinə əsasən əsaslı hesab edildiyindən və ilkin iddia tələbi qarşılıqlı iddia tələbinin nəticəsindən aslı olduğundan İddiaçı mübahisəli mənzilə köçürülməsinə zərurət aradan qalxmış olur.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

67. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Kollegiya hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onların özünə aid edilməli, qiymətləndirmə xərci olan 100 (yüz) manat isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

69. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(006)- 1008/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məmmədrza qızının ünvan 1-dən istifadə hüququna 15000 (on beş min) manat konpesasiya verməklə xitam verilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(006)- 1008/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə dair maneələrin aradan qaldırılması və yaşayış sahəsinə məcburi köçürülmə tələbinə dair” ilkin iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məmmədrza qızının ünvan 1-dən istifadə hüququna 15000 (on beş min) manat konpesasiya verməklə xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qiymətləndirmə xərci olan 100 (yüz) manat İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar