Məhkəmə qərarları › İş №2(103)-2477/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2477/2022

19.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2477/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndələri X7, X3 və X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)-6579/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Göygöl rayon EŞ-nin rəisi vəzifəsində işləyərkən səhhətində yaranmış problemlə bağlı məzuniyyətə buraxılmışdır. Bundan sonra müalicələr davam etmiş, sağaldıqdan sonra rəsmi ərizə ilə "xxxx" ASC-nin Qərb RHSİ-nin rəisi Elmar Mahmudova müraciət etmişdir. Həmin ərizəsində sağaldığını və işinə davam etmək istədiyini bildirmiş, bundan sonrada əvvəlki iş yerininə getmişdir. Lakin ora gedərkən onun əvəzinə başqa bir işçinin işlədiyini görmüş, ona bildirmişlər ki, artıq onun səlahiyyətlərini başqa şəxs icra edir, burada ona işləməyə yer yoxdur. Ona görə də o, məcbur olub geri qayıtmış və ikinci ərizə ilə müraciət etmiş, 01 aprel 2021-ci il tarixdən Göygöl EŞ-nin rəis kimi vəzifə fəaliyyətinə başlamaq üçün lazimi köməklik göstərməyini xahiş etmişdir. Buna baxmayaraq bugünə qədər bu haqda heç bir tədbir görülməmişdir. İkinci müraciətindən sonra Elmar Mahmudov 21 iyun 2021-ci il tarixli, 1/366 saylı məktubla ona cavab vermişdir ki, Şəmkir rayonunda yaşadığından və Göygöl rayonu yaşadığı yerdən aralı olduğundan, həmçinin səhhəti ilə bağlı ona X4 aparıcı mühəndis vəzifəsində işləmək təklif olunmuşdur. Göründüyü kimi onu işinə buraxmırlar, eyni zamanda başqa bir aşağı vəzifədə işləməyi təklif edirlər. Lakin bugünə qədər ona işdən azad olunubolunmaması ilə bağlı hər hansı əmr verilməmişdir. Vəzifəsinin icrasına buraxılmamasının səbəbləri ona aydın deyildir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)- 6579/2021 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilmiş hissəsində qətnamənin ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının hazırda "xxxx" ASC-nin X5 rəisi vəzifəsində olduğu halda məhkəmə tərəfindən onun həmin vəzifəyə bərpa olunmasının qət edilməsi, iddiaçıya “Azərişıq" ASC tərəfindən hansı qaydada maneələrin yaradılmasının və bu maneələrin nədən ibarət olmasının aydınlaşdırılmaması, iddiaçı tərəfindən onun işdən azad olunması barədə məhkəməyə heç bir sübut təqdim edilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı rəsmi olaraq işdən azad olunmamış, xəstəliyi ilə əlaqədar işə çıxmadığından onun vəzifəsinin icrası digər işçiyə həvalə olunmuşdur. İddiaçının istinad etdiyi "xxxx" ASC-nin “X14 Təchizatı və Satışı İdarəsinin məktubu "xxxx" ASC-nin rəsmi mövqeyi sayıla bilməz, iddiaçı birbaşa "xxxx" ASC-nin sədrinə müraciət etməli idi. Hesab edirlər ki, iddiaçı işinin icrasına başlaması üçün ilkin olaraq "xxxx" ASC-nin hüquq departamentinə gəlməli, danışıqlar aparılmalıdır. Lakin, iddiaçı hazırki vaxtadək onlarla əlaqə saxlamamışdır. İddiaçı işdən azad olunmadığı və hər hansı mübahisə olmadığı halda, birinci instansiya məhkəməsi əsassız olaraq işə bərpa barədə qətnamə qəbul etmişdir. Hesab edirlər ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi halda işə bərpa barədə iddia ilə məhkəməyə müraciət oluna bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdikləri izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçı sağaldıqdan sonra bir neçə dəfə rəsmi müraciət etməsinə baxmayaraq hələ də faktiki olaraq işinin icrasına buraxılmır, ona süni maneələr yaradılır. Cavabdehin nümayəndələri iddiaçıya qarşı maneələrin olmamasını bildirsələr də, vəzifəsinin icrasına başlaması üçün heç bir şərait yaradılmır, iddiaçı ümumiyyətlə işinin icrasına buraxılmır. Məhkəmə kollegiyasının da müddət verməsinə və bu məqsədlə məhkəmə iclasını təxirə salmasına baxmayaraq yenə də cavabdeh tərəfindən heç bir addım atılmamışdır. İddiaçı sonuncu dəfə "xxxx" ASC-nin sədrinə 30 dekabr 2021-ci il tarixli ərizə ilə müraciət edərək, X5 rəisi kimi fəaliyyətinin davam etdirilməsinə köməklik göstərməsini xahiş etmiş, ərizəsi 10 yanvar 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən qəbul edilmiş, lakin yenə də heç bir nəticə olmamışdır. İddia ərizəsində işə bərpa barədə tələb irəli sürməsi özü-özlüyündə maneələrin aradan qaldırılaraq işinin icrasına buraxılmasını da ehtiva edir. Əgər cavabdeh tərəfindən ona qarşı heç bir maneə yoxdursa onda nəyə görə hələ də işinin icrasına buraxılmır, əksinə ona rəsmi məktub ünvanlanaraq başqa yerdə digər iş təklif olunur. Bütün bu hallar onu göstərir ki, cavabdeh ona qarşı qərəzlidir və vəzifəsinin davam etdirilməsini istəmir. Belə olan halda isə iddiaçının əmək hüquqları kobud surətdə pozulur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin rədd olunmasını xahiş edirlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan iddiaçının 20 aprel 2021-ci il tarixli ərizəsindən və "xxxx" ASC-nin “X14 Təchizatı və Satışı İdarəsinin iddiaçıya ünvanladığı cavab məktubundan görünür ki, Şəmkir rayonunda yaşadığı, Göygöl rayonu ilə yaşayış yerinin bir-birindən aralı olduğu, həmçinin səhhəti ilə bağlı iddiaçıya X6 aparıcı mühəndis vəzifəsində işləmək təklif olunmuşdur. İş əlavə edilmiş Azərişıq” ASC-nin k/20-04456 saylı 02 oktyabr 2020-ci il tarixli Əmrdən görünür ki, X1 RETSİ-nin Enerji Satış şöbəsinin aparıcı mühəndisə 02.10.2020-ci il tarixindən müvəqqəti olaraq (İddiaçı xəstəlik müddətinə) QƏRB RETSİ-nin X10 rəis vəzifəsinin icrası əmək haqqı fərqi ödənilməklə həvalə edilmişdir. Məhkəmə kollegiyası tələbin hüquqi və faktiki əsaslarını nəzərdən keçirib, işdə olan sübutları araşdıraraq ilkin olaraq qeyd edir ki, iddiaçının "xxxx" ASC-nin Göygöl rayon EŞnin rəisi vəzifəsində işləməsi, bir müddət səhhəti ilə əlaqədar işə çıxa bilməməsi, bu səbəbdən də cavabdehin müvafiq əmri ilə vəzifəsinin icrasının digər şəxsə həvalə olunması, hazırda da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsinin 3cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. ƏM-in 9-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək hüququ vardır. ƏM-in 12-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri, cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməkdir. ƏM-in 54-cü maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi üçün əmək şəraitini təmin etməlidir. Kollegiya vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. Bu prinsip “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Həmçinin əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi müəssisədaxili intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını şəxsən yerinə yetirməlidir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etməli və əməyinin qarşılığını ödəməlidir. İddia tələbinin mahiyyətindən açıq-aşkar görünür ki, iddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinin icrasına (əmək funksiyalarının həyata keçirilməsinə) şəraitin yaradılmasını istəyir, bu məqsədlə bir neçə dəfə yazılı müraciət etmiş, lakin nəticəsi olmamışdır. Əksinə, işdə olan "xxxx" ASC-nin “X14 Təchizatı və Satışı İdarəsinin iddiaçıya ünvanladığı cavab məktubundan görünür ki, Şəmkir rayonunda yaşadığı, Göygöl rayonu ilə yaşayış yerinin bir-birindən aralı olduğu, həmçinin səhhəti ilə bağlı iddiaçıya X6 aparıcı mühəndis vəzifəsində işləmək təklif olunmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat nəinki faktiki hərəkətləri ilə, eyni zamanda rəsmi qaydada da münasibət bildirməklə iddiaçının öz vəzifiəsinin icrasının davam etdirilməsində maraqlı deyildir. Bu hal isə maneə kimi qiymətləndirilməlidir. Cavabdehin nümayəndələri "xxxx" ASC-nin “X14 Təchizatı və Satışı İdarəsinin qeyd edilən məktubunun "xxxx" ASC-nin rəsmi mövqeyi olmamasını bildirsə də, bunun əksini təsdiq edən hər hansı sübutu, yəni fərqli mövqe barədə hər hansı sənədi də məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, cavabdehin nümayəndələri iddiaçının rəsmi qaydada işdən azad olunmamasını, ona qarşı hər hansı maneənin olmamasını bildirsələr də, məhkəmə kollegiyasının da vaxt verməsinə baxmayaq, iddiaçının vəzifəsinin icrasını həyata keçirməsi, yəni müvafiq əmək şəraitinin yaradılması üçün heç bir addım atılmamış, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfin mövqeyi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Cavabdehin nümayəndələri yalnız formal mülahizələrdən çıxış etməklə iddiaçının rəsmi qaydada işdən azad olunmamasını, onun işinin davam etdirilməsinə maneənin olmamasını və s. bildirməklə kifəyətlənir, lakin bu istiqamətdə əmək qanunvericiliyinin tələblərinə uyğun heç bir hərəkət etmir. Aydın deyildir ki, hazırki vəziyyətdə iddiaçı özü necə davranmalıdır ki, vəzifəsinin icrasını, əmək funksiyalarını icra edə bilsin. Ən azından onun işinin icrası cavabdehin müvafiq əmri ilə digər şəxsə həvalə edilmişdir və həmin əmr ləğv olunmamışdır. İddiaçının bu istiqamətdə rəsmi müraciətləri də nəzərə alınmır, əksinə yuxarıda da qeyd edildiyi kimi ona başqa iş təklif olunur. Göründüyü kimi, cavabdeh işəgötürən kimi iddiaçıya münasibətdə açıq-aşkar əmək qanunvericiliyinin tələblərinə uyğun olmayan mövqe sərgiləməklə, onun hüquqlarını kobud şəkildə pozur və bu pozuntu məhkəmə araşdırmaları gedişində də aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin – iddiaçı tərəfindən düzgün iddia verilməməsi, işdən azad olunmadığı halda işə bərpa olunma barədə iddianın verilməsinin düzgün olmaması və s. bu istiqamətdə dəlillərini də əsassız sayır. Qeyd edilməlidir ki, iddia tələbi yalnız iddia ərizəsinin “xahiş etdi” hissəsindən ibarət deyildir. İddia ərizəsinin mahiyyətindən açıq-aşkar görünür ki, iddiaçı əmək müqaviləsi üzrə vəzifəsinin icrasına davam etmək istəyir, lakin buna cavabdeh tərəfindən şərait yaratmır, süni maneələr mövcuddur. İddiaçının istəyi işinə bərpa olunmaq, yəni vəzifəsinin icrasına nail olmaqdır. Hər bir işçi rəsmi qaydada işdən azad olunmasa da (əmək müqaviləsinə xitam verilməsə də) işəgötürən tərəfindən əmək funksiyalarının icrasına törədilən faktiki maneələrdən də müdafiə hüququna malikdir. Əks halda, işəgötürənlər işçilərlə bağlanmış əmək müqavilələrinə rəsmi qaydada xitam vermədən, onlara qarşı belə məhdudiyyətlər yaratmaqla onları məhkəmə müdafiəsindən məhrum etmiş olardı. Bu hal isə yolverilməzdir. ƏM-nin 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin əsas hüquqlarındandır. Lakin, birinci instansiya məhkəməsi iddiaçının tələbinin həqiqi mahiyyətini tam dəqiqləşdirmədən onun "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsini qət etmişdir. Bu səbəbdən də, hüquqi müəyyənlik baxımından da qətnamə iddianın təmin olunan hissəsində dəyişdirilməli, iddiaçının "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq şəraitin yaradılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bu hal məhkəmə kollegiyasının yuxarıda göstərilən hüquqi mövqeyinə görə iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, əksinə ədalət mühakiməsinin düzgün və hərtərəfli həyata keçirilməsi, iddiaçının işçi kimi işəgötürən tərəfindən əmək hüquqlarının pozulmasının aradan qaldırılması və hüquqlarının bərpası istiqamətində zəruridir. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını (apellyasiya şikayətinin dəlillərini) ümumi və formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın təmin olunan hissəsində dəyişdirilməli, İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq, vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əvvəlki işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)-6579/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)- 6579/2021 saylı qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilsin, İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar