Məhkəmə qərarları › İş №2(103)-2477/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2477/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2477/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinin verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilə öhdəliklərinin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, iddiaçının vəkili Vəkil3, cavabdehin nümayəndəsi Vəkil2, üçüncü şəxs Maraqlı şəxs, onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması tələbi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(004)-6625/2017 nömrəli qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” 10 avqust 2007-ci il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nın tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşmiş qeyri-yaşayış sahəsindən (market) 102 kv.m alıcı - İddiaçı verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyriyaşayış sahəsinin ümumi dəyəri 122400 manat müəyyən edilmişdir.

2. Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş 10 avqust 2007-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-ya məxsus tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 102 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 122400 manat məbləğdə pul ödəmişdir.

3. Cavabdeh MTK ilə Maraqlı şəxs arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” 30 oktybar 2017-ci il tarixli müqaviləyə əsasən, MTK Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-nın tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşmiş qeyri-yaşayış sahəsindən (market) 126,0 kv.m alıcı - Maraqlı şəxsn verməyi, alıcı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 126000 manat müəyyən edilmişdir.

4. Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş 30 oktyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən, Maraqlı şəxs Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-ya məxsus tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 126 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 126000 manat məbləğdə pul ödəmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

5. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın Yasamal rayonu Yeni Yasamal yaşayış massivi M.Xiyabani küçəsi 5 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nın ünvan 2 ünvanda cavabdeh MTK-ya məxsus inşa ediləcək hündürmərtəbəli yaşayış binasından qeyriyaşayış sahəsi almaq məqsədilə 10 avqust 2007-ci il tarixdə onunla MTK arasında qeyriyaşayış sahəsinin tikintisinə dair müqavilə bağlanmışdır. Müqavilədə qeyd olunan öhdəliklərə əsasən MTK tikilməkdə olan binanın 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri 122400 manat məbləğdə müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənildikdən sonra ona MTK tərəfindən 10 avqust 2007-ci il tarixli qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsinə dair maliyyə arayışı təqdim edilmişdir. İddiaçı müqavilə bağlanan anda qeyri-yaşayış sahəsinin tam dəyərini cavabdehə ödəmişdir. Müqavilə bağlanarkən o, üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Dəfələrlə tikinti rəhbərlərinə müraciət edərək üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirməyi tələb etmiş, lakin tikintidə yaranmış problemlər baxımından vaxtın uzadılmasını xahiş etmişlər. MTK-nın möhürü ilə təsdiqlənmiş maliyyə arayışına əsasən ünvan 3 ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.metr qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən tam ödənilmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Belə olan halda onun həmin qeyriyaşayış sahəsinə olan hüquqlarını həyata keçirməyə imkan vermir. Həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi haqqında tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmiş qalmışdır. Həmçinin MTK ilə aparılan danışıqlar heç bir nəticə verməmiş, qeyri-yaşayış sahəsini ona təhvil vermədiyinə görə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh bundan heç bir nəticə çıxartmamış, onun qanunla qorunan hüquqlarını pozmaqda davam etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(004)- 6625/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MTK arasında ünvan 4 ünvanında tikilən çoxmənzilli yaşayış evinin 1-ci giriş, 1-ci mərtəbə, ümumi sahəsi 102 kv.m olan, qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı 10 avqust 2007-ci il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzilin dəyəri 122400 manat məbləğdə dəyərləndirilmişdir. İddiaçı tərəfindən MMC-yə mənzilin dəyəri 122400 manat ödəniş edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. 10 sentyabr 2007-ci il tarixli müqavilənin bağlandığı andan MTK üzərinə düşən öhdəliyi 10 ildən artıq müddət ərzində icra edilməməsi öhdəliyi ağlabatan müddətdə icra edilməməsi sayılmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2, 442, 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ BİRİNCİ İCRAAT

10. Üçüncü şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MTK-nın ünvan 5 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin 1-ci girişindəki 126 kv.metr qeyri-yaşayış sahəsinin ona verilməsi, onun isə alıcı qismində MTK-ya 126.000 manat pay haqqını ödəməyi barədə MTK-nın sədri X2 ilə onun arasında xx.xx.2017-ci il tarixində müqavilə bağlanmış və o, həmin qeyri-yaşayış sahəsinin 126.000 manat dəyərini ödəyərək bu barədə maliyyə arayışı aldıqdan sonra, MTK-nın sədri tərəfindən həmin binanın 1-ci mərtəbəsinin 1-ci girişində 126 kv.metr qeyri-yaşayış sahəsi 1-ci mərtəbənin planına imza edilməklə onun istifadəsinə və sahibliyinə verilmiş, sahənin təmir işlərinə başlamışdır. Həmin sahəyə telefon, internet, su-kanalizasiya xətti çəkilərək, hər ay ödənişlər edilmişdir. Ümumiyyətlə market kimi istifadə edəcəyi qeyri-yaşayış sahəsinin təmirinə tərəfindən 11.000 manatdan artıq xərc çəkmişdir. xx.xx.2018-ci il tarixində onun obyektdə olmadığı vaxt icra məmuru və polis əməkdaşları tərəfindən obyektin qapısı sındırılaraq obyekt İddiaçı təhvil verilmişdir. Bu barədə o, xəbər tutuduqdan sonra ona Yona obyektin İddiaçı təhvil verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin olduğu bildirilmişdir. Halbuki, İddiaçı obyektin onun istifadəsində olduğunu və obyekti təmir etdirib istismara hazır vəziyyətə gətirdiyini bilirdi və bu barədə bilirdi, lakin obyektin ona məxsus olması barədə ona deməmişdir. İcra məmuru onu icra sənədinin könüllü icra etməsinə dair yazılı və ya şifahi şəkildə xəbərdar etməmişdir. İddiaçı ona qarşı deyil, Cavabdeh MTK-ya qarşı iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişində yerləşən 102 kv.metrlik qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyi onun deyil, Cavabdeh MTK-nın üzərinə qoymuşdur. Onun da həmin qeyriyaşayış sahəsinə istifadə və sahiblik hüququnun olmasını təsdiq edən müqavilə və maliyyə arayışının olduğu halda, icra məmuru mübahisənin məhkəmə qaydasında həllini gözləməli idi. O, birinci instansiya məhkəməsində icraat zamanı işdə iştiraka cəlb edilməmişdir. İddiaçı obyektin ona məxsus olduğunu bilsə də, bu barədə ona bildirməmişdir. İddiaçının iddia etdiyi sahə 102 kv.metr olduğu halda, onun istifadəsində olan sahə 126 kv.metrdir. İddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin binanın məhz 1-ci girişində olmasını təsdiq edən məlumat mövcud deyildir.

12. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin tikintitexniki ekspertizasının 18 mart 2019-cu il tarixli 28259 saylı rəyində qeyd olunmuşdur ki, İddiaçı adına verilmiş plan-sxemdə nəzərdə tutulan sahə ilə Maraqlı şəxs adına verilmiş plan sxemdə nəzərdə tutulan sahələrin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində, binanın həyətə tərəf olan hissəsində 1-ci girişin sol tərəfindəki eyni sahədə yerləşdiyi müəyyən olunmuşdur. Mübahisəli tikilinin faktiki sahəsinin 110,7 kv.metr (17,3X6,4) təşkil etdiyini nəzərə alaraq, İddiaçı satılmış 102,0 kv.metr qeyri-yaşayış sahəsinin bütünlükdə mübahisəli tikili ilə üst-üstə düşdüyü və faktiki sahədən 8,7 kv.metr az təşkil etdiyi, Maraqlı şəxs satılmış 126,0 kv.m. sahənin isə 110 kv.m hissəsinin mübahisəli tikili ilə üst-üstə düşdüyü və faktiki sahədən 15,3 kv.m. çox təşkil etdiyi müəyyən olunmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13/2022 saylı, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən əsas götürdüyü iddiaçı ilə MTK arasında bağlanmış müqavilə ilə bağlı qeyd etmişdir ki, həmin müqaviləyə düzəliş edilməsi gözlə görüldüyündən mötəbərliyi şübhə doğuran sübutdur. İddiaçının təqdim etdiyi müqavilədə olan 10 avqust 2017-ci il tarixindəki “1” rəqəminin "xxxx" kimi düzəldilməsi adi gözlə görülür. Kollegiya hesab etmişdir ki, düzəliş gözlə açıq-aşkar göründüyündən sənədlərin texniki ekspertizasının keçirilməsi zərurəti yoxdur və işin lüzumsuz şəkildə uzadılmasına xidmət edəcəkdir. Sənəddəki düzəlişlərin müəyyən edilməsi aşkar olmadıqda və düzəlişin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduqda, həmin sənədlər düzəlişin olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilir. Hazırki mübahisədə işə iddiaçının təqdim etdiyi müqavilədə çapla yazılmış 2017 rəqəmindəki “1”-in əl yazısı ilə "xxxx" kimi düzəldilməsinin adi gözlə müşahidə edilməsi həmin müqaviləyə düzəliş edilməsi mübahisəsizdir və həmin müqavilənin mötəbər sübut kimi istinad edilməsini istisna edir. Bundan başqa, kollegiya iclasında verdiyi izahatında Alışov Cahangir də iddiaçı ilə olan müqavilənin 2007-ci ildə deyil, 2017- ci ildə bağlandığını bildirmişdir. Lakin, üçüncü şəxs Maraqlı şəxsla olan müqavilədə düzəlişin olması müəyyən edilmir. Bu səbəbdən də həmin müqavilədə düzəlişin olub-olmaması ilə bağlı ekspertiza keçirilməsinə kollegiya zərurət görmür.

15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi üçün 2018- ci il tarixində telefon xətti çəkdirmiş, 2018-ci ildə sudan istifadə üçün haqq ödəmişdir. Müəyyən təmir işləri aparmışdır. Qeyd edilənlər onu göstərir ki, Maraqlı şəxs mübahisəli qeyriyaşayış sahəsindən istifadə etmişdir. Bu barədə mübahisə olmadığından, kollegiya həmin əraziyə yerində baxış keçirilməsinə zərurət görməmişdir. Həmçinin Maraqlı şəxs apellyasiya şikayətində və kollegiya iclasında verdiyi izahatında iddiaçının onu tanımasına və mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etdiyini bilməsinə baxmayaraq, bununla bağlı Maraqlı şəxs və ya MTK rəhbərliyinə müraciət etmədiyini, həmçinin iddia qaldırması barədə ona heç bir məlumat vermədiyini bildirmişdir. İddiaçı isə cavabında Maraqlı şəxs şəxsən tanımadığını, icra məmuru tərəfindən mübahisəli sahənin qapısı sındırıldıqdan sonra Maraqlı şəxs adlı şəxsin oranı təmir etdirib istifadə etdiyini öyrəndiyini bildirmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmçinin o səbəbdən əsassız saymışdır ki, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb etmişdir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsi həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsini MTK-nın deyil, Maraqlı şəxs müəyyən zərərlərə məruz qalmaqla təmin edilməsinə səbəb olmuşdur. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya Maraqlı şəxs həmin sahədən çıxarılması nəticəsində təhvil verilmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi üçün 126.000 manat ödəmişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarından görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini MTK-dan tələb edir və cavabdeh kimi MTKnı göstərmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əmlakdan istifadə hüququ əmlak hüququdur və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, hətta mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İşin faktiki hallarına əsasən, nə iddiaçı, nə də üçüncü şəxs sözügedən əmlakın mülkiyyəçisi deyillər. Lakin, üçüncü şəxsi Maraqlı şəxs sözügedən əmlakdan faktiki olaraq istifadə etməsi, orada təmir işləri aparması, kommunal ödənişlər ödəməsi iş materialları ilə öz təsdiqini tapdığından, kollegiya hesab edir ki, onun həmin sahədən çıxarılması Mülki Məcəllə ilə qorunan əmlak hüquqlarını pozur.

18. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı əgər MTK-ya 122.400 manat pul ödəməsində israr edirsə, mənzilin alınıb iddiaçıya təhvil verilməsinə dair hazırda baxılan iddianın təmin edilməməsi onun gələcəkdə ödədiyi məbləği MTK-dan tələb etməklə bağlı iddia qaldırmaq hüququnu əlindən almır. Başqa sözlə, iddiaçı ödədiyi vəsaitin MTK-dan geri alınması ilə bağlı iddia tələbi ilə müvafiq məhkəməyə müraciət edə bilər.

19. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, ekspert rəyini və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin həqiqətən də ona məxsus olmasını, həmin sahənin Maraqlı şəxs məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməməsini sübut edə bilmədiyindən, Alışov Cahangirin kollegiya iclaslarında müxtəlif tarixlərdə verdiyi izahatları arasında kəskin ziddiyyətlər olduğundan iddia tələbi rədd edilməlidir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.2, 158.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin, 15 fevral 2023-cü il tarixli, 2(102)- 140/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2022-ci il tarixli, 2(103)-13/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

16. Qərarın əsaslarına görə, “- ... 51. Lakin iş materialarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 18 avqust 2017-ci il tarixdə qəbul edilmiş, üçüncü şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti 13 iyun 2018-ci il tarixdə verilsə də, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinin tələbinə əməl edilməmiş, məhkəmə qəbul edilən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması məsələsini, apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamış, bunun nəticəsinə dair qərardad qəbul etmədən işi apellyasiya məhkəməsinə göndərmişdir. - 52. Apellyasiya instansiya məhkəməsi də öz növbəsində MPM-nin 366.1-ci maddəsinə uyğun olaraq apellyasiyanın mümkünlüyünü yoxlayarkən işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olub-olmamasına, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 364.2-ci maddəsinin tələbinə əməl edilməməsinə diqqət yetirməmiş, apellyasiya icraatının mümkün hesab edilməsi barədə 27 iyun 2018-ci il tarixli qərardadı qəbul etmişdir. - 53. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. ... - 66. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına görə iddiaçı ilə Cavabdeh MTK arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” 10 avqust 2007-ci il tarixdə bağladığı qeyd olunan müqavilədə həqiqətən də “1” rəqəminin "xxxx" kimi düzəldilməsi adi gözlə görülür. Lakin, iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-ya məxsus tikilməkdə olan binanın 1-ci mərtəbəsində yerləşən 102 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 122400 manat məbləğdə pulun ödənilməsi barədə 10 avqust 2007-ci il tarixli Maliyyə arayışı hər hansı şübhə doğurmur. Lakin həmin hala apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. - 67. Bundan başqa, iddiaçı qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə 13 iyul 2017-ci il tarixdə müraciət etmiş, həmin iddia ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi isə 18 avqust 2017-ci il tarixdə qəbul edilmişdir. Üçüncü şəxs Maraqlı şəxsla hazırki iş üzrə Cavabdeh MTK arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə isə qətnamənin qəbul edilməsindən sonraki tarixə, yəni 30 oktyabr 2017-ci il tarixə aiddir. Bu hal da apellyasiya instansiya məhkəməsi tərəfindən diqqətdən qaçırılmışdır. - 68. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən istinad etdiyi, MTK-nın sabiq rəhbəri Cahangir Alışovun izahatına münasibət bildirərək qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən həmin izahatlar qətnamədə təhrif edilməklə göstərilmişdir. Belə ki, iş materiallarının 1-ci cildinin 119-cu vərəqəsində və 2-ci cildinin 26-cı vərəqəsində yerləşən məhkəmə iclası protokollarında qeydə alınmış MTKnın sabiq rəhbəri Cahangir Alışovun izahatlarında onun iddiaçı ilə olan müqavilənin 2007ci ildə deyil, 2017-ci ildə bağlandığını bildirməsi barədə fikirləri əksini tapmamışdır. Əksinə qeyd olunan birinci izahatda Cahangir Alışov iddiaçının 2007-2008-ci illərdə qeydiyyatdan keçməsini, ikinci izahatında isə iddiaçının pul ödəyərək həmin obyekti almasını göstərmişdir. Apellyasiya məhkəməsində izahatı alınarkən Cahangir Alışova iddiaçı ilə bağlanmış müqavilənin tarixi və etibarlılığı ilə bağlı heç bir sual verilməmişdir. - 69. Göründüyü kimi iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 102 kv.metrini üçüncü şəxs Maraqlı şəxs daha əvvəl əldə etməsi şübhə dogurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırkı mübahisə üzrə 10 avqust 2007-ci il tarixdə bağlanması qeyd olunan müqavilədə “1” rəqəminin "xxxx" kimi düzəldilməsinin hazırkı vəziyyətdə hər hansı əhəmiyyəti yoxdur. Belə ki, qeyd olunan müqavilənin ləğv edilməsi, yaxud etibarsız hesab edilməsi barədə iddia tələbi və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olmadığı halda, müqavilənin nəzərə almaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi anlaşılan deyil. - 70. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 71. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.”

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayətinin dəlilləri qərarın 11-ci bəndində qeyd olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

25. Üçüncü şəxs Maraqlı şəxs və onun nümayəndəsi X5 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

26. İddiaçının vəkili Vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək izahatında göstərdi ki, mübahisəli qeyri-yaşayış sahəsi həqiqətən 2007-ci ildə cavabdeh MTK tərəfindən iddiaçıya satılmışdır. Maraqlı şəxs tərəfindən MTKya pul vəsaiti ödənilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; Maddə 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

32. Məhkəmə kollegiyası Ali Məhkəmənin işə baxan məhkəmələr tərəfindən MPMin 364.2-ci maddəsinin tələblərinin pozulması, iş materiallarında qətnamənin iş üzrə tərəf olmayan Maraqlı şəxs həqiqətən maraqlarına toxunub-toxunmamasının araşdırılması barədə qərardadın mövcud olmaması barədə mövqeyi ilə bağlı qeyd edir ki, həmin maddə 09 iyul 2021-ci il tarixli qanunla Məcəlləyə əlavə edilmiş, qanun isə 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş və qeyd olunmuşdur ki, bu qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir.

33. Hazırkı iş üzrə üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti 13 iyun 2018-ci il tarixdə verilmiş və baxılması üçün iş materialları ilə birlikdə 21 iyun 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Buna görə də MPM-in 364.2-ci maddəsinin tələblərinin hazırkı apellyasiya şikayətinə münasibətdə tətbiqi zəruri hesab oluna bilməz. Digər tərəfdən işin faktiki hallarından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi barədə üçüncü şəxsin də tərəf olduğu müqavilə mövcuddur və apellyasiya instansiyası məhkəməsi də bu halı nəzərə alıb, onun şikayəti üzrə qətnamə qəbul etməklə faktiki olaraq onu maraqlarına toxunan şəxs kimi tanımışdır.

34. İşdən görünür ki, hazırkı iddia Cavabdeh MTK-nın ünvan 6 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 102 kv.m. olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçı ilə MTK arasında qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı 10 avqust 2007-ci il tarixdə müqavilə imzalanmasına, müqaviləyə əsasən mənzilin dəyəri 122400 manatın ödənilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilənin bağlandığı andan 10 ildən artıq müddət keçməsinə baxmayaraq öhdəliyi ağlabatan müddətdə icra etməmişdir.

35. Üçüncü şəxsin tələbi də ondan ibarət olmuşdur ki, həmin ünvandakı qeyriyaşayış sahəsini o MTK-ya 126000 manat ödəməklə 30 oktyabr 2017-ci il tarixli müqavilə əsasında əldə etmişdir. Üçüncü şəxs mövqeyini əsaslandırarkən ona istinad etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2007-ci il tarixli müqavilə həqiqəti əks etdirmir. Ona görə ki, müqavilədə “1” rəqəminin "xxxx" rəqəminə dəyişdirildiyi aydın görülür. Bundan əlavə, MTK-nın rəhbəri Cahangir Alışov da iddiaçı ilə olan müqavilənin 2007-ci ildə deyil, 2017-ci ildə bağlandığını bildirmişdir.

36. Məhkəmə kollegiyası üçüncü şəxsin bu mövqeyinə münasibətdə qeyd edir ki, müqavilənin etibarsızlığı əsas olan digər hallar müəyyən edilmədiyindən, bu hal özlüyündə həmin müqavilənin etibarsız olmasına əsas ola bilməz. Ona görə ki, tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Hazırkı halda isə müqavilənin hər iki tərəf bu müqavilənin öz iradələri ilə bağlandığını təsdiq edirlər. Baxmayaraq ki, üçüncü şəxs MTK-nın rəhbəri Cahangir Alışovun məhkəmə iclaslarında bunun əksini dediyini iddia edir, mülki işin materiallarının 1-ci cildinin 119-cu vərəqəsində və 2-ci cildinin 26-cı vərəqəsində yerləşən məhkəmə iclası protokollarında qeydə alınmış MTK-nın keçmiş rəhbəri Cahangir Alışovun izahatlarında onun iddiaçı ilə olan müqavilənin 2007-ci ildə deyil, 2017-ci ildə bağlandığını bildirməsi barədə fikirləri əksini tapmamışdır. Bunun əksinə qeyd olunan birinci izahatda Cahangir Alışov iddiaçının 2007-2008-ci illərdə qeydiyyatdan keçməsini, ikinci izahatında isə iddiaçının pul ödəyərək həmin obyekti almasını göstərmişdir.

37. Bundan əlavə, iş materiallarında iddiaçı tərəfindən cavabdehə qeyri-yaşayış sahəsinin pay dəyərindən 122400 manat məbləğdə pulun ödənilməsi barədə 10 avqust 2007-ci il tarixli maliyyə arayışı mövcuddur və bu arayışın mötəbərliyi hər hansı şübhə doğurmur. Məhkəmə kollegiyası bu arayış da həqiqətən iddiaçı və cavabdeh arasında 10 avqust 2007-ci il tarixdə sözügedən müqavilənin imzalandığını təsdiq edən sübut kimi qəbul edir.

38. Üçüncü şəxsin dəlillərini təkzib edən digər hal ondan ibarətdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 13 iyul 2017-ci il tarixdə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi isə 18 avqust 2017-ci il tarixdə qəbul edilmişdir. Üçüncü şəxsin istinad etdiyi müqavilə isə qətnamənin qəbul edilməsindən sonraki tarixə, yəni 30 oktyabr 2017-ci il tarixə aiddir. Apellyasiya şikayətinin dəlillərini təkzib edən yuxarıdakı hallar mövcud olduğundan məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin təhlil edilməsinə zərurət yoxdur və rəydə qeyd olunan xüsusatlar iddianın rədd edilməsi üçün əsas ola bilməz.

39. İddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 102 kv.m. hissəsini üçüncü şəxsdən daha əvvəl əldə etməsi şübhə dogurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, bu müqavilə hazırda qüvvədə olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə cavabdehə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi vəzifəsini həvalə etməkdə düzgün nəticəyə gəlmişdir.

40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(004)- 6625/2017 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli, 2(004)- 6625/2017 nömrəli qətnaməsi dəyişdirilsmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar