Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2479/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(008)-154/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətlərinə əsasən mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 13 yanvar 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan rezin boru vasitəsi ilə qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir.
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 oktyabr 2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir.
3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 yanvar 2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin rezin boru vasitəsi ilə sayğacdan kənar xətdən istifadə etdiyi aşkar edilmişdir.
4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 yanvar 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etdiyi aşkar edilmişdir.
5. Abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə qalıq və aktlar əsasında 2016-cı ilin fevral ayında 334,80 manat, 2017-ci ilin oktyabr ayında 454,80 manat, 2018-ci ilin yanvar ayında 712 manat, 2021-ci ilin yanvar ayında 1188 manat, 2022-ci ilin yanvar ayında 1425,60 manat, 2022-ci ilin aprel ayında 2,80 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4374,46 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ünvan faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bir hal heç vaxt baş verməyib. Cavabdeh əməkdaşları tərəfindən faktiki olaraq onun sahibliyində və istifadəsində olan ünvan 3 ünvanında yerləşən mənzildə G-4 markalı 1102AQ**********5 nömrəli məişət qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmuşdur. Ünvanından çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxışı rezin boru vasitəsi ilə qeyri-qanuni qazdan istifadə olunduğu qeyd olunmuşdur. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* akt tərtib olunmuşdur. Ona borc tam qərəzli şəkilədə yazılmışdır. Yoxlamanın nəticəsi ilə razı deyildir. Sayğac yararsız hesab edilə bilər, lakinqazdan qeyriqanuni istifadə olunması mümkün deyil. Bəlkə, elə Cavabdeh İB-nin əməkdaşları sayğacı çıxaran zaman ya da ki, sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, ya da ki, sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa, sayğacın təmir edilməsinin tərəfindən 15 gün müddətində təmin edilməsi, əks təqdirdə qaz təchizatının əlavə məlumat verilmədən dayandırılması göstərilmişdir. Ümumiyyətlə, Cavabdeh əməkdaşları tərəfindən 4374,46 manat borcun nəyə əsasən yazılması və hesablanma qaydası göstərilməmişdir. Həmin borcun hansı əsasla yaranması barədə İdarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini ona izah etmədilər. O, əsassız borcun silinməsi barədə Cavabdehnə müraciət etmişdir. Lakin müsbət nəticə əldə edə bilməmişdir.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1252 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4, 1 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (əlavə xətlə əlaqədar qaynaq izi) və əlavə xətt aşkar edilmədi.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(008)- 154/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 2016-cı ilin fevral ayında 334,80 manat, 2017-ci ilin oktyabr ayında 454,80 manat, 2018-ci ilin yanvar ayında 712 manat, 2021-ci ilin yanvar ayında 1188 manat, 2022-ci ilin yanvar ayında 1425,60 manat, 2022-ci ilin aprel ayında 2,80 manat, cəmi 4118 manat məbləğində borc silinməsi qət edilmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, hazırkı mübahisədə iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı tərtib edilsə də, cavabdeh həmin aktlar əsasında hesablanmış borcun iddiaçının hüquqazidd hərəkətləri nəticəsində yaranmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bundan başqa iddiaçının abonent koduna qalıq və aktlar bölməsində 2016-cı ilin fevral ayında 334.80 manat, 2017-ci ilin oktyabr ayında 454.80 manat, 2018-ci ilin yanvar ayında 712 manat, 2021-ci ilin yanvar ayında 1188 manat, 2022-ci ilin yanvar ayında 1425.60 manat, 2022-ci ilin aprel ayında 2.80 manat borchesablansa da, məhkəməyə yalnız 2017-ci ilin oktyabr, 2018-ci ilin yanvar, 2021-ci ilin yanvar, 2022-ci ilin yanvar aylarında tərtib edilmiş aktlar təqdim edilmiş, 2016cı ilin fevral və 2022-ci ilin aprel ayında hesablanmış borca dair sübutlar (təbii qazdan istifadə qaydalarının pozulması barədə akt, dəymiş ziyanın hesablanmasına dair tələbnamə və s.) təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının abonent koduna 2016-cı ilin fevral ayında 334.80 manat, 2017-ci ilin oktyabr ayında 454.80 manat, 2018-ci ilin yanvar ayında 712 manat, 2021-ci ilin yanvar ayında 1188 manat, 2022-ci ilin yanvar ayında 1425.60 manat, 2022-ci ilin aprel ayında 2.80 manat olmaqla, cəmi hesablanmış 4118 manat borc əsassızdır və həmin borc silinməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbini 256.46 (43xx.xx-4118) məbləğində borcun silinməsi hissəsində əsassız hesab edir. Belə ki, iş materiallarından və abonent saldosundan görünür ki, 256.46 manat borc iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmış debitor borcdur və həmin borc cavabdehə ödənilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11 və 13-cü maddəsinə, “Qazdan istifadə qaydalarının” 4.1, 4.2, 4.8, 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməklə iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir
13. Şikayətin dəlillərinə görə qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulmasımülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu və s) Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirəm ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (onun nümayəndəsinə) təqdim edilmişdir və həmin şəxsin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyriqanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı aktlar (birinci instansiya məhkəməsinə təqdim edilib) tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda Cavabdeh İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. İş materiallarından da məlum olduğu kimi məhkəmə tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-trasoloji ekspertizasının rəyinə qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 4, 1 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (halhazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (əlavə xətlə əlaqədar qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Məhkəmə də qeyd olunan ekspert rəyinə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Bununla əlaqədar qanunvericiliyin tələblərini nəzərə alaraq bildiririk ki, trasoloji ekspertiza rəyindən də məlum olduğu kimi ekspert yalnız sayğaca və sayğacın giriş-çıxış xətlərinə baxış keçirməklə rəy vermişdir. Halbuki tərəfimizdən təqdim olunmuş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, sayğacdan kənar qoşulma sayğacın giriş-çıxış xəttindən yox, başqa yerdən olmuşdur. Lakin ekspert tədqiqatı iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə aparmamış, qanunsuz birləşmənin mövcud olduğu yerləri tədqiq etməmişdir. Bu səbəbdən də ekspert rəyi ilə iş materiallarında olan digər sübutlar, xüsusilə də fotoşəkillər arasında kifayət qədər ziddiyyətlərin (fotoşəkillərdən açıqaşkar görünür ki, iddiaçıya məxsus ünvanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur), həmçinin də ekspert rəyinin mötəbərliyi ilə bağlı kifayət qədər şübhələrin olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza təyin etməmiş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş və bununla da birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol verilmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən hazırki iddia tələbləri üzrə Bakı Apellyasiya Məhkəməsinin formalaşdırdığı mövqe də nəzərə alınmamışdır. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kolegiya Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli və 14 dekabr 2023-cü il tarixli tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmə barədə rəylərinə tənqidi yanaşaraq hesab edir ki, müdaxilədən uzun müddət keçdikdən sonra, ekspert tərəfindən, həmin ünvanda o izlərin aşkar edilməməsi mümkün və ağılabatandır. Ən azından o səbəbdən ki, ekspertizanın keçirilməsini bilən iddiaçı tərəfin tədqiqatın aparılmasına qədər qanunsuz qoşulma yerində “zəruri təmizləmə işləri aparması” mümkün və realdır (Qətnamənin 34- 35-ci bəndləri)”. Lakin qanunsuz qoşulmaya dair tərəfimizdən kifayət qədər təsdiqedici sübutlar təqdim olunmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuş, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş, nəticədə də BakıApellyasiya Məhkəməsinin yuxarıda göstərilən qətnamələrində formalaşdırdığı mövqeni də nəzərə almamışdır. İddia tələbi tamamilə əsassız olduğu və cavabdeh tərəf olaraq da bu halı sübuta yetirdiyiz halda birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan, yalnız iddiaçının özünümüdafiə xarakterli çıxışlarına və mötəbərliyi şübhə doğuran ekspert rəyinə istinad edərək qismən təmin etmişdir. Halbuki iddiaçı iddia tələbi ilə bağlıməhkəməyə hər hansı bir mötəbər sübut da təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə qanuni və əsaslı ola bilməz. Bildirir ki, birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini tam rədd edərdi. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktları abonentin imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, davamlı olaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Lakin birinci instansiya məhkəməsi qeyd olunan prosessual normaların tələblərini işə düzgün tətbiq etməmiş və yuxarıda qeyd etdiyimiz hallara, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Odur ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar iddia tələbinin tamamilə əsassız olmasını təsdiq etdiyi halda birinci instansiya məhkəməsi mötəbər olmayan sübutlara istinad etməklə səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. Həmçinin də şikayətin digər bəndində də göstərdiyimiz kimi birinci instansiya məhkəməsi hazırki iddia tələbləri ilə bağlı sübutların qiymətləndirilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin formalaşdırdığı (xx.xx.2024-cü il tarixli 2(103)-4160/2024 saylı qətnamə, xüsusilə də qətnamənin 34-35-ci bəndləri) mövqeni də nəzərə almamışdır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, istehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ istehlakçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Göstərilənlər və Məhkəmənin yuxarıda qeyd etdiyimiz maddi və prosessual hüquq normalarının tətbiqində yol verdiyi pozuntular həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. Bildiririk ki, iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir;
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
21. Cavabdeh apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunan hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddia üzrə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddianın rədd olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. Məhkəmə kollegiyası şikayətin Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktların cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut etməsi barədə dəlili ilə razılaşmır.
24. Belə ki, iddiaçının qanunsuz qoşulma faktınının təsdiqi kimi istinad etdiyi aktlardan müəyyən edilir ki, həmin aktlar cavabdeh tərəfindən imzalanmamış, aktların hazırlanmasına hal şahidləri cəlb edilməmiş, hər iki akt iddiaçının əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Həmçinin, iddiaçı “Qazdan istifadə Qaydaları”nın 6.5 və 6.7-ci bəndlərinin tələblərinə əməl etməyərək, qaz xəttinə qanunsuz qoşulma aşkar edilən kimi qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmamış, dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbir görməmişdir.
25. Belə olan halda, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə riayət edilmədən birtərəfli qaydada tərtib edilmiş aktlar mötəbər sübut kimi qəbul edilə bilməz.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aktlar tərtib olunarkən çəkilən fotoşəkillərin də qanunsuz qoşulma faktını təsdiq etməsi barədə dəlilləri ilə də razılaşmır.
27. Ona görə ki, həmin fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən müstəqil sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz.
28. Həmçinin, ekspert rəyinə əsasən də sayğaca müdaxilə faktı təsdiqini tapmır.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(008)- 154/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2(008)- 154/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.