Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2483/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri X4 və X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri Həsənov Pənah Binnət oğlu ilə cavabdeh arasında 18.06.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və cavabdeh tərəfindən iddiaçının ərinə müvafiq sığorta şəhadətnaməsi verilmişdir. İddiaçının əri P.Həsənov 08.10.2020-ci il tarixdə “miokardın dəqiqləşdirilmiş lokalizasiyalı kəskin transmural infarktı” səbəbindən vəfat etmişdir. Tərəflər arasında bağlanmış HYS- 01832/19 saylı həyatın yaşam sığortası şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Qoşmanın “sığorta riskləri” adlanan 1 saylı cədvəlindən müəyyən olunur ki, istənilən səbəbdən ölüm halında sığorta məbləğinin 100% həcmində sığorta ödənişi ödənilməlidir. Sığota məbləği 81954,09 manat razılaşdırılmışdır. Buna görə də iddiaçı cavabdeh şirkətə müraciət etsə də, onlar sığorta ödənişinin verilməsindən imtina etmişlər. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri sığorta təminatından öncə xəstə olmuşdur. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən, cavabdehdən 81954,09 manat sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli, 2(006)-6793/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına və həmin hallara dair iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh tərəf etirazını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı Həsənov Pənah Binnət oğlu “miokardın dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin transmural infarktı” səbəbindən ölmüşdür. Baş vermiş ölüm faktının sığorta hadisəsi olub-olmaması tərəflərindən yoxlanılarkən X1 əldə edilmiş sənədlərlə onun Sığorta şəhadətnaməsi qüvvəyə minməzdən əvvəl ürək xəstəliyindən əziyyət çəkdiyi öz təsdiqini tapmışdır. Sığortalı P.Həsənov səhhətinin mövcud vəziyyəti barədə özünə məlum olanları sığortaçıya doğru şəkildə bildirməli olsa da, sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ərizə formasında qoyulmuş suala “xeyr” cavabı verərək ürəyin işemik xəstəliyini və digər xəstəliklərin hər hansı birini keçirmədiyini bildirmişdir. Sığortalının ölüm səbəbinin müqavilə dövründən əvvəl yaranması isə sığorta ödənişinin həyata keçirilməsini istisna edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş istinad etdikləri ərizədən aşkar görünür ki, həmin ərizə sığortalı tərəfindən imzalanmamışdır. Həmin ərizədə sığortalının imzasının olmaması cavabdeh tərəfin diqqətinə çatdırılarkən belə izah verilmişdir ki, həmin ərizə sığortalıya “şəxsi kabineti” vasitəsilə göndərilmiş, sığortalı həmin ərizəni doldurmuş, sığortalının həmin ərizəni doldurması sığorta şəhadətnaməsinin tərkib hissəsi olan qoşmaları imzalaması ilə də bir daha təsdiq olunur. Sığortalı tərəfindən həqiqətən də doldurulmuş - imza edilmiş skan edilərək cavabdehə göndərilmiş sözügedən ərizə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi də qətnaməsində göstərmişdir ki: “İşdən göründüyü kimi sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi hesab olunan ərizə formasında Həsənov Pənah Binnət oğlu müxtəlif xəstəliklərdən, o cümlədən ürəyin işemik xəstəliyindən əziyyət çəkmədiyini bəyan edərək müvafiq sənədi imzası ilə təsdiq etmişdir.” Halbuki, yuxarıda da qeyd etdikləri kimi iş materiallarında belə bir ərizə mövcud deyildir. Məhkəmənin “müvafiq sənəd” dedikdə isə konkret olaraq hansı sənədi nəzərdə tutması anlaşılan deyildir. Çünki həm onların tərəfindən, həm də cavabdeh tərəfindən məhkəməyə bir neçə fərqli - bir-birinə uyğun olmayan sığorta şəhadətnaməsinin tərkib hissəsi olduğu iddia edilən “Qoşma-1” və “Qoşma-2” təqdim edilmişdir. Həmin Qoşmalarda isə cavabdeh tərəfin istinad etdiyi Ərizənin nömrəsi fərqli göstərilmişdir. Belə ki, cavabdeh tərəf sığortalının 56595 saylı Ərizəni doldurmasını iddia etsə də, 09.08.2019-cu il tarixli Qoşma-1 də Ərizənin nömrəsi - 55954, 20.07.2020-ci il tarixli Qoşma-1 də isə 78089 kimi göstərilmişdir. Halbuki Sığorta şəhadətməsinin tərkib hissəsi olan Qoşmalarda göstərilmişdir ki: “Hər bir Ərizə forması sığortaçı tərəfindən verilmiş xüsusi identifikasiya nömrəsinə malikdir. Sığorta müqaviləsinin bağlanması üçün müraciət, sığorta şəhadətnaməsinə dəyişikliklər və yə əlavələr müvafiq ərizə formasının doldurulması yolu ilə həyata keçirilir. Ərizə forması “onlayn müraciət”, “şəxsi kabinet” vasitəsilə və ya birbaşa yazılı şəkildə doldurula bilər. Cavabdehin istinad edərək məhkəməyə təqdim etdiyi Ərizə birbaşa yazılı şəkildə doldurulmaq üçün nəzərdə tutulsa da, Ərizə nə sığortaçı, nə də sığortalı tərəfindən imzalanmamış, Ərizədə hər hansı tarix göstərilməmişdir. Cavabdeh mərhum sığortalının Ərizəni imzalayaraq, şəxsi kabineti vasitəsilə onlara göndərdiyini iddia etsə də, sığortalı tərəfindən imzalanaraq (skan edilərək) onlara göndərilmiş hər hansı Ərizəni məhkəməyə təqdim edə bilməmiş, tərəflərindən sığortalının elektron kabinetindən Ərizənin onlara həqiqətən də göndərilməsinin təsdiqi kimi müvafiq çıxarışların təqdim edilməsi tələb edilsə də, cavabdeh məhkəməyə bununla bağlı nəsə təqdim etməmişdir. Ərizələrin nömrələrinin belə fərqli göstərilməsi də bir daha onu təsdiq edir ki, həmin Qoşmalarda “Ərizə ilə bağlı müddəalar” sığortaçı şirkət tərəfindən müqavilənin - Qoşmaların standart şərtləri qaydasında hazırlanır. Çünki yuxarıda da qeyd etdikləri kimi sığorta müqaviləsinin bağlanması zamanı sığortalı bir neçə məsələ (müqavilənin özünün bağlanması ilə əlaqədar Ərizə ilə müraciət edə bilər, müqaviləyə hər hansı əlavə və dəyişiklik təklifi ilə bağlı Ərizə ilə müraciət edə bilər və s.) ilə bağlı sığortaçıya Ərizə ilə müraciət edə bilər və hər bir Ərizənin xüsusi identifikasiya nömrəsi olur. İddiaçının mərhum əri ilə sığorta müqaviləsi bağlanarkən ondan sağlamlığı ilə bağlı hər hansı Ərizənin doldurulması tələb edilməmişdir, əks halda sığorta müqaviləsinin bağlanması zamanı xüsusi əhəmiyyəti olan həmin Ərizənin nömrəsi hər Qoşmada fərqli göstərilməz, ona xüsusi diqqət yetirilərdi. Ümumiyyətlə, cavabdeh tərəfin Qoşmalarda (fərqli nömrələrlə) göstərdikləri Ərizənin başqa məsələ ilə bağlı deyil, məhz sığortaçının iddia etdiyi sığortalının sağlamlığı ilə bağlı Ərizə olduğunu müəyyən etmək mümkün olmur. Yuxarıda qeyd olunanlardan görünür ki, tərəflər arasında sığorta müqaviləsi 18.06.2019-cu ildə bağlanmışdır, məhz həmin tarixdə müqaviləyə əlavə kimi imzalanmış Qoşma-1 də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi sığortalı tərəfindən sığortaçıya səhhəti ilə bağlı hər hansı düzgün olmayan məlumatın verilməsi müəyyən edilmir. Belə olan halda bu qaydada sığortaçı sığortalı ilə sığorta müqaviləsi bağladığından, sonradan sığortalının tələb olunan məlumatı verməməsi faktına əsaslanıb sığorta ödənişini verməkdən imtina edə bilməz. İşə baxan birinci instansiyası məhkəməsi isə işdə olan sübutları hərtərəfli araşdırmadan, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndələri X9 və X10 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 18.06.2019-cu il tarixli, HYS- 01832/19 nömrəli “üçtərəfli həyatın yaşam sığortası şəhadətnaməsi”nin surətindən görünür ki, Həsənov Pənah Binnət oğlu sığorta şirkəti tərəfindən sığortalanmışdır. Həmin şəhadətnamənin şərtlərinə görə sığortalının istənilən səbəbdən ölümünə görə 81954,09 manat - sığorta riskinə təminat verilmişdir. Sığorta müddəti 30.06.2019-cu il tarixdən 30.06.2022-ci il tarixədək müəyyən olunmuşdur. İş materiallarında olan «həyatın yaşam sığortası üzrə ərizə forması»nın surətindən görünür ki, sığortalı Həsənov Pənah Binnət oğlu həyat sığortası ilə əlaqədar 16.01.2019cu il tarixində "xxxx" ASC-yə müraciət edərək özünün ürəyin işemik xəstəliyi olan şəxslərə aid olmadığını bəyan etmişdir. İş materiallarında olan 18.10.2020-ci il tarixli, AZ-İİ № 121149 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Pənah Binnət oğlu 08.10.2020-ci il tarixdə miokardın dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin transmural infarkt səbəbindən vəfat etmişdir. İş materiallarındakı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 08.10.2020-ci il tarixdə vəfat etmiş Həsənov Pənah Binnət oğlunun vərəsəsi - arvadı İddiaçıdır, o, miras əmlakdan 2/3 hissədə tam pay almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak Həsənov Pənah Binnət oğlunun "xxxx" ASC tərəfindən HYS-01832/19 nömrəli həyatın yaşam sığortası şəhadətnaməsinə əsasən 13027,73 manat məbləğində sığorta ödənişindən ibarətdir. İş materiallarındakı 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, 08.10.2020-ci il tarixdə vəfat etmiş Həsənov Pənah Binnət oğlunun vərəsəsi – oğlu X8, o, miras əmlakdan 1/3 hissədə tam pay almalıdır. Həmin şəhadətnaməyə əsasən miras əmlak Həsənov Pənah Binnət oğlunun "xxxx" ASC tərəfindən HYS-01832/19 nömrəli həyatın yaşam sığortası şəhadətnaməsinə əsasən 13027,73 manat məbləğində sığorta ödənişindən ibarətdir. İş materiallarında olan X2 02 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, 1961ci il təvəllüdlü Həsənov Pənah Binnət oğlu 21.11.2017-ci il tarixdən 01.12.2017-ci il tarixədək X2 ürək və damar xəstəlikləri şöbəsində stasionar müalicə almışdır. Ona ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya İİ B. Essensial hipertenziya İİ dərəcə, xroniki böyrək çatışmazlığı diaqozu qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı 20 sentyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Həsənov Pənah Binnət oğlu sığortaçı ilə sığorta şəhadətnaməsi bağlayarkən sağlamlıq vəziyyəti barədə məlumatlı olduğu halda şəhadətnamənin tərkib hissəsi olan 56595 nömrəli ərizə formasında ürək-damar xəstəliklərinin olmadığını sığortaçıya bəyan etmişdir. Bununla da, sığortalı kimi Qaydaların müvafiq bəndində nəzərdə tutulmuş vəzifəsini pozmuşdur. İşin araşdırılmış halları ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mərhum əri Həsənov Pənah Binnət oğlunun həyatı "xxxx" ASC tərəfindən HYS-01832/19 saylı şəhadətnaməyə əsasən sığortalının istənilən səbəbdən ölüm halına görə 81.954,09 manat məbləğində sığortalanmışdır. Həsənov Pənah Binnət oğlu 08.10.2020-ci il tarixində vəfat etmişdir. Bu vəziyyətlə əlaqədar İddiaçı "xxxx" ASC-yə sığorta şəhadətnaməsi üzrə ödənişin aparılması ilə bağlı müraciət etmiş, iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, Sığorta şəhadətnaməsinin tərkib hissəsi sayılan 16.01.2019-cu il tarixli həyatın yaşam sığortası üzrə ərizə formasında sığortalı onda ürəyin işemik xəstəliyinin olmamasını öz imzası ilə təsdiq etmişdir. Lakin təqdim olunmuş tibbi sənədlərə əsasən sığortalıya 2017-ci ildə X3 «ürəyin işemik xəstəliyi» diaqnozu qoyulmuş və o, 08.10.2020-ci il tarixdə həmin xəstəlikdən vəfat etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin o hallarına istinad etmişdir ki, sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi hesab olunan ərizə formasında Həsənov Pənah Binnət oğlu müxtəlif xəstəliklərdən, o cümlədən ürəyin işemik xəstəliyindən əziyyət çəkmədiyini bəyan edərək müvafiq sənədi imzası ilə təsdiq etmişdir. Halbuki, X5 tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Həsənov Pənah Binnət oğluna 21.11.2017-ci il tarixində «ürəyin işemik xəstəliyi» diaqnozu qoyulmuş və 08.10.2020-ci il tarixdə keçirdiyi xəstəlik səbəbindən vəfat etmişdir. Məhkəmə hesab etmişdir ki, mərhum Həsənov Pənah Binnət oğlu istər sığorta müqaviləsi bağlayarkən, istərsə də müqavilə bağlandıqdan sonra özünün xəstəliyi və səhhətində baş vermiş dəyişikliklər haqqında sığortaçıya məlumat verməyərək, qanunvericiliklə onun üzərinə vəzifə kimi qoyulmuş hərəkətləri yerinə yetirməmişdir. Bununla da o, sığortaçını riski öz üzərinə götürməyib müqavilə bağlamaqdan imtina etmək və ya müqaviləni şərtləri dəyişdirilmiş şəkildə bağlamaq imkanından məhrum etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsası kimi göstərilən hadisə tərəflər arasında imzalanmış sığorta müqaviləsinin şərtlərinə görə sığorta hadisəsi hesab edilmir və bu səbəbdən "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsindən qanuni və əsaslı olaraq imtina olunmuşdur. Məhkəmə kollegiyası işin hallarını və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq onları əsaslı hesab edir və onlarla razılaşır. İddiaçı apellyasiya şikayətinin dəlilləri kimi onun mərhum əri tərəfindən həqiqətən də doldurularaq imza edilmiş skan edilərək cavabdehə göndərilmiş sözügedən ərizənin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi halda, məhkəmənin qətnamə qəbul edərkən iş materiallarında mövcud olmayan bu sənədə əsaslanmasına, cavabdeh tərəfindən doldurulan ərizələrin identifikasiya nömrələrinin fərqli olmasına, bu ərizənin nə sığortaçı, nə də sığortalı tərəfindən imzalanmamasına, ərizədə hər hansı tarix göstərilməməsinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlillərinə etiraz edən cavabdeh isə bu ərizələrin identifikasiya nömrəsinin fərqli olmasını onunla izah etmişdir ki, onlarla sığortalı arasında əvvəllər bağlanmış bədbəxt nəticəsində ölüm təminatı ilə bağlı müqavilə sonradan istənilən səbəbdən ölüm hadisəsinə görə təminatla dəyişdirildiyinə görə, iddiaçının mərhum ərindən bununla bağlı yeni ərizə forması almışlar. Yeni alınmış ərizə formasının identifikasiya nömrəsi isə 56595 olmuşdur ki, həmin ərizə iş materiallarına əlavə edilmişdir. Həmçinin bildirmişdir ki, mövcud praktikaya görə müqavilədə hər hansı dəyişiklik ediləndə onlar köhnə Qoşma-1-ləri saxlamaqla, yeni Qoşma-1 tərtib edirlər, bu zaman hər əməliyyata görə yeni ərizə alınır, lakin bu digərlərinin qüvvədən düşməsi anlamına gəlmir. Məhkəmə kolegiyası qeyd edilənlərlə bağlı bildirir ki, iş materiallarında olan 16.01.2019-cu il tarixdə tərtib edilmiş «Həyatın yaşam sığortası üzrə ərizə forması»nın surətindən görünür ki, sığortalı Həsənov Pənah Binnət oğlu həyat sığortası ilə əlaqədar "xxxx" ASC-yə müraciət edərək özünün ürəyin işemik xəstəliyi olan şəxslərə aid olmadığını bəyan etmişdir. Həmin ərizədən həmçinin bəlli olur ki, bu ərizədəki məlumatlar tərəflər arasında bağlanmış müqavilədə “bədbəxt hadisədən ölüm” haqqında məlumat dəyişdirilərək “istənilən səbəbdən ölüm” haqqında yeni məlumat daxil edilmiş, dəyişikliyin baş verdiyi tarix kimi 27.08.2019-cu il müəyyən edilmişdir. Qeyd edilən ərizə forması nə sığortaçı, nə də sığortalı tərəfindən əl ilə imzalanmamışdır. Həmçinin, iş materiallarında olan HYS-01832/19 saylı Həyatın yaşam sığortası şəhadətnaməsinə Qoşma 1-in 7-ci bəndində müəyyən edilir ki, İİ Sığortalı (Həsənov Pənah Binnət oğlu) bu şəhadətnaməni imzalamaqla 56595 saylı ərizə formasındakı məlumatların düzgünlüyünü təsdiq edir. Həmin Qoşma-1 üçtərəfli müqavilə olmaqla, Sığortaçı "xxxx" ASC, İ Sığortalı SOCAR «Azneft» İB və İİ Sığortalı Həsənov Pənah Binnət oğlu tərəfindən imzalanmışdır. Qeyd edilən sənədin həqiqiliyini tərəflər mübahisələndirmirlər. Belə olan halda müəyyən edilir ki, mərhum Pənah Həsənov bu sənədi imzalamaqla 56595 saylı ərizə formasındakı məlumatların doğruluğunu, o cümlədən ərizədə sadalanan xəstəliklərinin olmaması ilə bağlı məlumatların doğruluğunu təsdiq etmişdir. Qeyd edilən 56595 saylı ərizə formasının iddiaçının mərhum əri olan sığortalı tərəfindən imzalanmaması ilə bağlı kollegiya qeyd edir ki, həmin ərizə formasının mərhum Pənah Həsənov tərəfindən doldurularaq «Şəxsi Kabinet» vasitəsilə Sığortaçıya göndərilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, apellyasiya baxışının gedişində İddiaçı cavabdeh "xxxx" ASC-nin inzibati binasında olmuş və ASC-nin nümayəndələri ilə mərhum Pənah Həsənovun «Şəxsi Kabinetinə» baxış keçirilmiş, bu zaman sözü gedən ərizənin göndərilməsi faktı təsdiqini tapmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda bu faktı təsdiq etsə də, həmin göndərilən ərizənin mərhum əri tərəfindən imzalanmadığını qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə olunmuş HYS-01832/19 saylı Həyatın yaşam sığortası şəhadətnaməsinə Qoşma 2-in 20-ci bəndində müəyyən edilir ki, Sığortalı və Sığorta olunanın «On-line müraciət» və ya «Şəxsi Kabinet» vasitəsilə yerinə yetirdiyi bütün əməliyyatlar şəxsən onlar tərəfindən həyata keçirilmiş hesab edilir. Sığorta şəhadətnaməsinin bağlanması üçün müraciət, şəhadətnaməyə əlavə və dəyişikliklər müvafiq ərizə formasının doldurulması yolu ilə həyata keçirilir. Sığortalı və Sığorta olunan ərizə formasını «On-Line müraciət» və ya «Şəxsi Kabinet» vasitəsilə, habelə birbaşa yazılı şəkildə doldura bilər. Mülki Məcəllənin 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmçinin, "xxxx" ASC-nin «Həyatın Yaşam sığortası Qaydaları»nın 9.2.3-cü yarımbəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Qeyd edilən normanın və qaydaların tələblərindən göründüyü kimi, sığortalının səhhəti ilə bağlı məlumatların onun tərəfindən sığortaçıya verilməsi sığorta müqaviləsinin bağlanması üçün mühüm əhəmiyyətə malik olduğundan, habelə bu məlumatlara dair ona göndərilmiş ərizə formasında ayrıca bənd olduğundan sığortalı həmin məlumatları düzgün vermək öhdəliyi daşımışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həyatın yaşam sığortası üzrə ərizə formasının identifikasiya nömrələrində fərqlərin olması tərəflər arasında əvvəllər bağlanmış müqaviləyə sonradan dəyişiklərin edilməsi ilə əlaqədar olmuşdur. Kollegiya hesab edir ki, bu halın mövcudluğu həmin müqavilənin etibarlılığını, habelə ərizənin iddiaçının mərhum əri tərəfindən verilməsi kim halları şübhə altına almır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 911.2-ci maddəsinə görə sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 912.1-ci maddəsinə əsasən sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Həmin Məcəllənin 935.1.6-cı maddəsinə görə sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. «Həyat sığortası Qaydaları»nın 7.7.1.-ci bəndinə əsasən sığorta müqaviləsinin bağlanması üçün müraciət Sığortalı tərəfindən Sığortaçıya müəyyən edilmiş yazılı formada ərizə ilə və ya şifahi müraciət edildikdən sonra sorğu vərəqinin doldurulub imzalanaraq sığortaçıya geri qaytarılması ilə rəsmiləşir. Həmin Qaydaların 7.7.2.-ci bəndinə görə Sığortalı sığorta ilə bağlı müraciət zamanı özünə məlum olan bütün zəruri məlumatları Sığortaçıya bildirməlidir. Həmin Qaydaların 14.1.6-cı bəndinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, 56595 saylı ərizə formasının iddiaçının mərhum əri tərəfindən doldurularaq cavabdehə göndərilməsi «Şəxsi Kabinet» vasitəsilə yerinə yetirdiyindən, bu məlumatların doğruluğuna görə məsuliyyəti daşımışdır. Bu ərizənin onun tərəfindən imzalanmaması isə həmin məlumatların onun tərəfindən verilməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli, 2(006)-6793/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2483/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2483/2022
05.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver