Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2488/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə, Ərizəçi “tikiliyə sahiblik hüququnun təsdiqi” barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli, 2-168/1999 saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “tikiliyə sahiblik hüququnun təsdiqi” barədə Əzizbəyov rayon (indiki Xəzər rayonu) Məhkəməsinə müraciət etmişdir. Əzizbəyov rayon (indiki Xəzər rayonu) Məhkəməsinin 2-168/99 saylı, 12 aprel 1999-cu il tarixli qətnaməsi ilə ərizə təmin olunmuş, Əzizbəyov rayon XDS İK-in 18 iyun 1991-ci il tarixli qərarı əsasında Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi 14/9 saylı sahədə X2 adına verilmiş torpaq sahəsindəki yaşayış evinə Ərizəçi mülkiyyət hüququnun tanınması, həmin tikilinin Ərizəçi adına qeydiyyatdan keçirilməsi Əzizbəyov Rayon İcra Hakimiyyəti və Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinə tapşırılması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2-168/99 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv edilib, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon (indiki Xəzər rayonu) Məhkəməsinin 2- 168/99 saylı, 12 aprel 1999-cu il tarixli qətnaməsi ilk dəfə idarəyə 06.11.2021-ci il tarixdə poçt vasitəsilə təhvil verilmiş və həmin vaxt qətnamədən xəbərdar olmuşdurlar. 06 dekabr 2021-ci il tarixdə isə apellyasiya şikayəti apellyator tərəfindən poçt orqanına təhvil verilmişdir. Beləliklə də, prosessual müddət ötürülməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2-168/99 saylı, 26 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və apelyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəmənin icraatına götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Ərizəçi nümayəndəsi X3 ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, Əzizbəyov rayon (indiki Xəzər rayonu) Məhkəməsinin 2-168/99 saylı, 12 aprel 1999-cu il tarixli qətnaməsinin icraya yönəldilməsini xahiş etmiş, bundan sonra Xəzər rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli məktubu ilə qətnamə icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora 06.11.2021-ci il tarixdə çatdırılmış, apellyator isə həmin qətnamədən apellyasiya şikayətini 06.12.2021-ci il tarixdə poçt xidmətinə təhvil vermişdir. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyator apellyasiya şikayətini poçt xidməti vasitəsi ilə prosessual müddəti ötürmədən təqdim etmişdir. Bundan başqa, işdə olan apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə qəbzlərdən görünür ki, dövlət rüsumları Bakı Apellyasiya Məhkəməsinə ödənilməli olduğu halda, Azərbaycan Respublikasının Ali Məhkəməsinə ödənilmişdir. Apellyatora izah olunur ki, apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360 və 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması mərhələsində qeyd edilən nöqsan aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu baxımdan, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli, 2- 168/1999 saylı qərardadı ləğv edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 360 və 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəmənin icraatına götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 357-358, 360, 361, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli, 2-168/1999 saylı qərardadı ləğv edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360 və 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəmənin icraatına götürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2488/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2488/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver