Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2492/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (ərizənin baxılmamış saxlanması barədə) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdeh, onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildə yaşamağa törədilən maenələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(005)-3377/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildə yaşamağa törədilən maenələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun 18 fevral 2016-cı il təvəllüdlü X3, 20 noyabr 2017-ci il təvəllüdlü X4 və X6 adlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin yaşayış evinə bitişik qarajdan istifadə etməsinə maneələr yaradılmasının cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(005)- 3377/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin edilərək, iddiaçının övladları ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış evində yaşamasına və həmin yaşayış evinə bitişik qarajdan istifadə etməsinə maneələr yaradılmasının cavabdehə qadağan edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat verilmsinə baxmayaraq işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılması, mübahsəli ünvanın özbaşına tikili olması, iddiaçının həmin yaşayış sahəsinə dair hər hansı hüququnun olmaması, ona görə də hazırkı iddia ilə müracit etmək üçün subyektiv hüqunun olmaması ilə əsaslandırlmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi (vəkili), apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun eyni məzmunda izahat vermiş və məhəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Cavabdeh suallara cavab olaraq, həmçinin bildirmişdir ki, mübahisəli ev 2005-ci ildə atası tərəfindən tikilib və o, 2015-ci ildə cavabdehlə ailə quraraq orada yaşamağa başlamış, 3 uşaqları olmuşdur. Sonradan isə münasibətləri pozulmuş və 2019-cu ilin noyabr ayından o evdən çıxmışdır. Hazırda da cavabdeh uşaqları ilə birlikdə həmin evdə yaşayır və tərəfindən onlara heç bir maneə törədilmir. Ev iki otaqlıdır (qonaq otağı-mətbəx və yataq otağı), həyətyanı torpaq sahəsi yoxdur, qaraj isə evə bitişikdir, girişləri tamamilə ayrıdır. Hazırda qonşuluqda valideynləri məxsus mənzildə yaşayır və sözügedən evə bitişik qarajdan yalnız maşın saxlanılması üçün istifadə edir, orada hər hansı təmir işləri aparmır. Evin hər hansı hüquqi sənədi yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili isə apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişlər. İddiaçı suallara cavab olaraq, həmçinin bildirmişdir ki, evin yataq otağının divarı ilə qarajın divarı ortaqdır. Cavabdeh orda müxtəlif avtomobillərin təmir işləri ilə məşğul olmaqla, eyni zamanda gecə saatlarında ərtafdan tanışlarını çağırmaqla səs-küy yaradır, bununla da onun və övladlarının normal istirahətinə maneələr yaradır. Cavabdeh əvvəllər də qarajda eyni fəaliyyətlə məşğul olmuş, lakin həmin vaxt uşaqlar körpə olduğundan bu onları narahat etməmişdir. Bundan başqa, cavabdeh dəfələrlə evin açarını dəyişmiş, klid yerinə yapışqan tökmüş, onu uşaqları ilə birlikdə evdən çıxması üçün təhdid etmiş, əşyalarını evdən çölə çıxarmışdır. Hazırda bu hallar baş vermir. Həmçinin, münasibətləri normal olan vaxtı o, özünün və uşaqlarının paltarlarını qarajda qurutsa da, hazırda cavabdeh buna icazə vermədiyindən məcbur olub evdə qurudur. İddiaçının vəkili suala cavab olaraq onu da bildirmişdir ki, iddia ərizəsində maneələrin nədən ibarət olmasının konkret göstərilməməsinin səbəbi cavabdeh tərəfindən müxtəlif vaxtlarda müxtəlif manələrin yaradaılması ilə bağlı olmuşdur ki, bunları konkret yazmaq mümkün olmamış, ona görə də ümumi formada yaradılan maneələrin qadağan olunması tələb olunmuşdur. Məhkəmə kollegiyası, məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv olunmalı, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin (bundan sonra, MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.8-ci və 387.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Kollegiya, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianın baxılmamış saxlanılması üçün qanunla müəyyən edilmiş əsaslar olduğu halda işə mahiyyəti üzrə baxaraq, qətnamə çıxarmaqla prosessual normaların tələblərini pozmuşdur. Belə ki, “İddia ərizəsinin forması və məzmunu” başlılıqlı 149-cu maddəsində qanunverici iddiaçı tərəfindən ərizənin hansı formada verilməli olduğunu və məzmununda nələrin göstərilməli olduğunu konkret olaraq müəyyən etmişdir. Həmin maddənin tələbinə əsasən, ərizədə digər sadlananlarla yanaşı, həm də: - iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (maddə149.2.2); - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir (maddə 149.2.3). Baxılan işdən görünür ki, hazırki iddia tələbi yaşayış sahəsindən və qarajdan istifadəyə yaradılan maneələrin qadağan olunması ilə bağlıdır. Qeyd olunan tələb üzrə iddiaçı, ərizəsində yalnız Cavabdeh qismində qeyd etməklə və ona aid məlumatları təqdim etsə də, məhkəmədən maneələrin həm ona, həm üçüncü şəxslərə qadağan olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəzinin forması və məzmunu ilə bağlı tələbləri pozaraq, tələbini yönəltdiyi digər (üçüncü) şəxslərin kimliyi, yaşayış yeri və ya olduğu yer barədə, eyni zamanda şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı, ərizəsində həm də tələbinin əsası kimi istinad etdiyi faktı və halları və onları təsdiq edən sübutları göstərməyə borclu olsa da, bu tələbə də əməl etməmişdir. Belə ki, ərizəsində yaşayış sahəsindən və qarajdan istifadəyə yaradılan maneələrin qadağan olunmasını tələb etsə də, maneələrin konkret olaraq nədən ibarət olmasını göstərməmiş, tələbini ümumi formada qeyd etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinin qanunla nəzərdə tutulmuş forma və məzmununa əməl edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən 31 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, ...iddia ərizəsində (ərizədə, şikayətdə) MPM-in 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. MPM-in 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. MPM-in 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı göstərilən nöqsanları aradan qaldırmaqla, qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş iddia ərizəsi ilə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək imkanını özündə saxlayır. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildə yaşamağa törədilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(005)-3377/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(005)-3377/2021 saylı qətnaməsi ləğv edilsin, iddia baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2492/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2492/2022
29.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver