Məhkəmə qərarları › İş №2(103)-2496/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2496/2025

16.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2496/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2496/2025 (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “azyaşlı övladı ilə birlikdə fərdi yaşayış evinə köçürülmə və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(010)-178/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və xx.xx.2013-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı iki övladları olmuşdur.

2. Ailə qurduqları ilk gündən, həyat yoldaşına və onun qardaşlarına məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamışlar. Nikah bağladıqları vaxtdan aralarında narazılıqlar olsa da, övladlarının xatirinə və valideynlərinin tövsiyyəsi ilə ailəsinin qorunub saxlanılmasına çalışmışdır. Bundan əlavə olaraq o, 2012-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış və övladları orada doğulmuşdur. Ona məxsus olan bütün məişət əşyaları həmin fərdi yaşayış evindədir.

3. İddiaçı hazırda mübahisəli mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması barədə məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı daha sonra iddia ərizəsinə əlavə verərək onun xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evinə məcburi qaydada köçürülmələri və həmin evə dair aparılmış tikinti və yenidən qurma işləri üçün atasından alaraq verdiyi 3000 manat pulun, həyat yoldaşı Cavabdeh1 tərəfindən Rusiya Federasiyasından ona göndərilən və hissə-hissə Cavabdeh2 verilən 3000 manat pulun 1⁄2 hissəsini təşkil edən 1500 manat pulun və evə kombi alınması ilə bağlı Cavabdeh2 verdiyi 1000 manat pulun, cəmi 5500 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı iki övladları olmuşdur. Ailə qurduqları ilk gündən, həyat yoldaşına və onun qardaşlarına məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamışlar. Nikah bağladıqları vaxtdan aralarında narazılıqlar olsa da, övladlarının xatirinə və valideynlərinin tövsiyyəsi ilə ailəsinin qorunub saxlanılmasına çalışmışdır. Bundan əlavə olaraq o, 2012-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış və övladları orada doğulmuşdur. Ona məxsus olan bütün məişət əşyaları həmin fərdi yaşayış evindədir. Həmin həmin fərdi yaşayış evindən istifadə etmək, öz övladları ilə birlikdə yaşamaq hüququna malikdir. Onun bütün əmlakı həmin evdə yerləşir və onun və uşaqlarının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Onun və uşaqlarının təhlükəsiz və rahat yaşaması üçün hesab edir ki, mənzildən istifadə hüququ tanınmalı və həmin evə köçürülməlidir. Lakin cavabdeh və onun yaxın qohumları tərəfindən hüquqları kobud şəkildə pozularaq, öz yaşayış yerindən istifadəsinə maneçilik törədilir. Buna görə də həmin həmin fərdi yaşayış evinə məhkəmənin qərarı əsasında məcburi köçürülməsi və orada yaşama hüququnun tanınması zərurəti yaranmışdır. 2023 cü ilin dekabr ayında o, ortancıl qaynı, qaynanası və həyat yoldaşı tərəfindən zorla evdən qovulmuş və bundan sonra qonşudan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmuş və polis əməkdaşları gəldikdən sonra evə daxil olmuşdur. Lakin ona təzyiq göstərildiyindən o, məcbur qalaraq evi tərk edib anasıgilə getmək məcburiyyətində qalmışdır. O, 2012-ci ildə ailə quran zaman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 5 otaqdan ibarət olmuş, ona və həyat yoldaşına 1 otaq verilmiş və orada yaşamağa başlamışlar. Sonra ev qardaşlar arasında bölünmüş, dəhliz və 2 otaq onların istifadəsində verilmiş və onun bütün cehiz əşyaları ora yerləşdirilmişdir. Fərdi yaşayış evinin 3 otağı qaynı Cavabdeh2 tərəfindən istifadə edilmiş, qalan 2 otaq isə onların istifadəsində olmuşdur. Onların çıxış yolları və qapıları ayrıdır, evin giriş darvazası isə birdir. Ev 6 sot torpaqda tikilmişdir, evin sanitar qovşağının sahəsi böuük olduğundan 2 yerə bölünmüş, evin mətbəxi onlara verilmiş, qaynı isə sonradan özlərinə ayrıca mətbəx tikdirmişdir. Hal-hazırda onun və uşaqlarının yaşağıdı evin qapısı qaynı tərəfindən bağlanmış və oraya girmələrinə maneçilik törədirilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(010)- 178/2025 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.8-ci maddələrinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair” Protokolun 1ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Həmçinin əlavə olaraq apelyator tərəfindən qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetmə vasitələrinə düzgün qiymət verilməmiş, iş üzrə zəruri tikinti-texniki və mühasibatlıq ekspertizaları keçirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasınında iştirak edən cavabdehlər hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq xəstə olduğundan iclasın təxirə salınmasını xahiş etmişdir. İşin halları, iddiaçının xəstəliyinə dair hər hansı təsdiqedici sənədin təqdim edilməməsini, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Mülkiyyət hüququ. İ – Hər kəsin mülkiyyət hüququ vardır. İİ - Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ - Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV - Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

18. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

25. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair” Protokol

26. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

37. Belə ki, iş materiallarında Suraxanı Rayon Məhkəməsinin 2(010)-972/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək Cavabdeh1 Kamıl oğlu ilə İddiaçı Əlı qızı arasında 15 fevral 2013- cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 164 nömrə ilə qeydə alınmış nikah pozulması, qarşılıqlı iddia təmin edilməsi, Cavabdeh1 Kamıl oğlu ilə İddiaçı Əlı qızının birgə nikahlarından doğulmuş 29 mart 2013-cü il təvəllüdlü X4 və 29 may 2014-cü il təvəllüdlü X6 boşanmadan sonra anaları İddiaçı Əlı qızının yanında qalması, Cavabdeh1 Kamıl oğlundan 29 mart 2013-cü il təvəllüdlü X4 və 29 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Əlı qızına ödənilməsi, alimentin tutulması müddəti 29 yanvar 2024-cü il tarixdən müəyyən edilməsi, qətnamənin aliment hissəsində dərhal icra olunması, ödənilmiş dövlət rüsumları iddiaçı-Cavabdeh1 Kamıl oğlunun özünə aid edilməsi qət edilmişdir.

38. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr kitabının xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

39. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən 029713 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 04No-li Reyestr kitabında 500-ci səhifədə 30No 500 saylı qeydəalmada xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.

40. Birinci instansiya məhkəməsində şahid qismində izahat verən X7 bildirmişdir ki, İddiaçı onun bacısıdır. Onun bacısı İddiaçı Cavabdeh1 Kamıl oğlu ilə ailə qurduqdan sonra üç gəlin hazırkı mübahisəli evdə yaşamışlar. Sonradan onların qardaşı Elşad özünə ev tikdirərək oradan köçmüş, həmin mübahisəli ev iki qardaş Elxan və Ədalət arasında bölünmüşdür. 2016-cı ilin yanvar ayında Təranə öz atasıgilə gəlmiş və evdə tikinti işlərinin aparıldığını bildirmişdir. Bu zaman atası ona bildirmişdir ki, evin yenidən qurulmasında onlara maddi yardım göstərəcəkdir. Buna görə də onun atası 3000 manat Təranəyə pul vermişdir. Həmin fərdi yaşayış evində yenidən qurma işləri görülmüş, dəhliz və mətbəx tikilmişdir. Həmin pul vəsaitinin isə Təranə tərəfindən Ədalətə verilməsini görməmişdir.

41. Kollegiya ilk növbədə qeyd edir iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

42. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2013-cü ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməli və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir.

43. Belə ki, iddiaçının istifadə hüququnun tanınmasını və köçmək istədiyi mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2, yəni iddiaçının keçmiş qaynının adına qeydə alınmış, faktiki olaraq mövcud olmaqla yaşayış sahəsi kimi istifadə olunmuşdur və qeyd edilənlər işin mübahisəsiz halını təşkil edir. Hazırda məhkəmənin aydınlaşdırılmalı məsələ isə iddiaçının, yəni cavabdehlərdən Cavabdeh1 keçmiş həyat yoldaşının mənzilə istifadə hüquqlarının olub-olmaması ilə bağlıdır.

44. İstər iş materialları, istərsə də cavabdehin etirazları ilə (bunu təkzib edəcək hər hansı sübut və ya izahat iddiaçı tərəfindən təqdim olunmamışdır) təsdiq olunmuşdur ki, iddiaçı qeyd olunan mənzildə yaşamış, lakin 2024-cü ildə nikahın pozulması ilə əlaqədar ailə münasibətlərinə xitam verildiyindən iddiaçının həmin mənzilə dair hansısa subyektiv hüquqları da qalmamışdır.

45. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının muvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfındən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

47. Hazırki işdə mübahisə predmetini Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evinə iddiaçının köçürülməsi təşkil etdiyindən mövcud qanunvericilik bu nəzər nöqtəsindən subyektiv hüququn yaranması üçün 2 mühüm halın mövcudluğunu şərtləndirmişdir.

48. İlk növbədə mənzilin mülkiyyətçisi, yəni iş üzrə Cavabdeh2 müvafiq razılığı, digər tərəfdən şəxslər arasında bilavasitə ailə münasibətlərinin mövcudluğu.

49. Lakin iş materiallarından, eləcə də məhkəmə iclası zamanı məlum olmuşdur ki, cavabdehin İddiaçı müvafiq mənzilə köçməsinə hər hansı razılığı yoxdur.

50. Həmçinin iddiaçı mübahisəli mənzilə köçürülmə əsası kimi cavabdehin qardaşı ilə ailə münasibətlərinə istinadla qeyd etsə də, hazırda Cavabdeh1 arasında nikah münasibətləri məhkəmə qaydasında pozulmuşdur.

51. Eyni zamanda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən iddiaçının həmin mənzilə hüquqları yaranmış olsaydı belə, aralarında olan ailə münasibətlərinə xitam verildiyi vaxtdan həmin hüquqlarda itirilmiş olur.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.

53. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15- ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

54. Məhkəmə kollegiyası həmçinin mübahisə predmetini təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evin təmirinə dair çəkilmiş xərclərin ödənilməsi tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.

55. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

56. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

57. Hazırki iş üzrə iddiaçının qeyd olunan tələbinin əsası qismində şahid qismində izahat verən qardaşının mülahizələri çıxış edir ki, həmin izahatdan da aydın olur ki, ödənişlərin təyinatı üzrə istifadə olunmasına dair hər hansı konkret fakt mövcud deyildir.

58. Qanunvericiliyin tələblərindən də aydın olduğu kimi, çəkilmiş təmir xərclərinin mövcudluğunun sübutu əsasının olmasının sübutu kimi müvafiq ödəniş qəbzlərinin mövcudluğu iddiaçı tərəfindən müəyyənləşdirilməlidir ki, müvafiq sübut olmadığından hazırki halların hər hansı hüquqi perspektivə malik olmadığı müəyyənləşdirilmişdir.

59. Eləcə də, apelyatorun öz şikayətində qeyd etdiyi iş üzrə birinci instansiya məhkəməsinin ekspertiza təyin edilməməsinə dair vəsatətinin təmin olunmaması ilə prosessual hüquqlarının pozulmasına münasibətdə Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır.

60. Belə ki, Mülki-Prosessual Məcəllədə sübutların mümkünlüyü şərti kimi belə bir imperativ tələb müəyyən olunmuşdur ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

61. Hazırki iddia tələbinin bütün epizodları ayrılıqda nəzərdən keçirildikdə aşağıdakı hallar nəzərə çarpmaqdadır: a) İddiaçının cavabdehin evində yaşamağa subyektiv hüququnun mövcudluğu b) Mövcud olduğu təqdirdə, müvafiq əsasların hansı hallarla sübuta yetirilməsi C) Yekun olaraq, təmir xərcləri qismində çəkilmiş ödəmələrin hansı hallarla sübuta yetirilməsi.

62. Göründüyü kimi, qeyd olunan halların yaranma əsası kimi, iddiaçıya ilk növbədə müvafiq mənzilə dair yaşamasına notarial razılıq verilməsi, digər tərəfdən onun ailə üzvləri ilə qohumluq münasibətləri çıxış edir. Hazırki işdə iddiaçının cavabdehin qardaşı (iş üzrə digər Cavabdeh1) ilə nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilmiş, eləcə də Cavabdeh2 iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi 190 nömrəli fərdi yaşayış evi yaşamağa notarial razılıq verməmiş, həmçinin ödəmələrin təsdiq olunmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

63. Beləliklə, müvafiq halların sübutetmə vasitəsi kimi hər hansı şahid ifadəsi ilə və yaxud ekspert rəyi ilə deyil, mövcud halda sadəcə olaraq notarial razılıq və nikah haqqında şəhadətnamə və ödəniş qəbzləri ilə dəlalət etmək mümkündür. Buna görə kollegiya bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyi razılaşaraq idda tələbini bu hissədə də əsassız hesab edir.

64. Məhkəmə, iddia tələbinin “xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, X4 xx.xx.2013-cü il və X6 xx.xx.2014-cü il təvəllüdlü olmaqla on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxs olduğlarından və məhkəmə qətnaməsinə əsasən o, anası İddiaçı yanında saxlanıldığından, onun yaşayış yeri anası İddiaçı yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun mübahisəli mənzilə köçürülməsi barədə tələbinin təmin olunmaması, iddianın qeyd olunan hissədə də (xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 mənzilə köçürülməsi) təmin edilməməsi üçün əsasdır.

65. Beləliklə, iddiaçının iddia tələbləri ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

66. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

68. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

70. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli 2(010)- 178/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar