Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2497/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X9 və qeyrisinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, X10 və qeyrisinin cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “istifadə hüququna xitam verilməsi, mənzilə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkli Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 119 ünvanında yerləşən 24 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 il 09 aprel 1994cü il tarixdə tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanması haqqında akt qeydləri kitabında 175 saylı qeyd edilmişdir. Uzun illərdir ayrı yaşadıqdan sonra 08 avqust 2023-cü il tarixli qətnamə ilə aralarında olan faktiki nikaha xitam verilmişdir. ünvan 1 ünvanında olan mənzil onun mülkiyyətindədir (qoşmada çıxarış). Həmin mənzil vərəsəlik qaydasında (qanun üzrə) xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X1 onun adına rəsmiləşdirilmişdir. Belə ki, 27 mart 2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, “vəfat etmiş X2 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu İddiaçı (AA*******, FİN: xxxxxxx) və ünvan 2 ünvanında qeydiyyatda olan X5 (AZE 13055929, FİN: xx.xx.1973) və onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdırlar.” 27 mart 2021-ci il tarixli “Miras payın bağışlanması” müqaviləyə əsasən birinci tərəf, yəni X5 ünvan 3 ünvanında olan mənzili ikinci tərəfə, yəni İddiaçı miras payını bağışlayır”. 14 may 2022-ci il tarixli arayışa əsasən, iddiaçıya məlum oldu ki, sözügedən mənzildə X9 və Cavabdeh2 qeydiyyatdadırlar. 26 sentyabr 2022-ci il tarixli arayışa əsasən, Cavabdeh2 və Cavabdeh1 ünvan 4 ünvanında yaşayırlar. Həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət edilsə də, qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət edilməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsində icraat zamanı müvafiq sorğular əsasında müəyyən edilmişdir ki, 002730 saylı order ilə sözügedən mənzildə ailə tərkibi siyahısında cavabdehlər qeyd edilmişdir. Odur ki, həmin mənzildə istifadə hüququnun olub-olmaması müəyyən etmək, olduğu halda xitam verilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bundan əlavə qeyd edilmişdir ki, cavabdehlər həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq, həmin mənzildə bir gün belə yaşamayıblar. 1997-ci il tarixdən hazırda yaşadığı Bakı şəhəri B.Nuriyev küçəsində yaşayırlar.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 və Cavabdeh1 Zakir qızının ünvan 5 ünvanda yerləşən 24 saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 09 aprel 1994 cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. Nikahın pozulması barədə məlumatı ilk iddianı oxuyarkən ona məlum olmuşdur. Həmin tarixdən mübahisəli evə gəlin köçmüş və həmin evdə yaşamışdır. Həmin mənzil onun və ailəsinin yaşayış yeri olmuşdur. Eyni zamanda həmin evdə qeydiyyatdadır. Həmin mübahisəli ünvan 5, mənzil 24-də qeydiyyatdadır. X9 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Yaşayış yeri mübahisəli ünvan 5, mənzil 24 olmuş, daima da həmin ünvanda yaşamışdır. Lakin son illər ərzində həmin evə atası İddiaçı tərəfindən buraxılmır. Həmin evdə daimi qeydiyyatda olmaqla evdən istifadə hüququ mövcuddur. İlk iddia üzrə iddiaçı istifadə hüququna xitam verilməsinə dair əsassız iddia qaldırmışdır. İstifadə hüququna xitam verilməsi əsassız və qununsuzdur. Həmin evdə qeydiyyatda olmaqla istifadə hüququ mövcuddur. Həmin ev hər ikisinin yaşayış yeridir. Ona görə də mübahisəli evə köçürülməkləri ilə bağlı iddia qaldırmışdır. Həmin evə buraxılmırlar. Cavabdeh orada yaşamağa imkan vermir. Ona görə də məhkəmə yolu ilə köçürülməyi tələb edirik. İddia tələbi ilkin iddia ilə əlaqəlidir. Ona görə də ilkin iddiaya münasibətdə qarşılıqlı iddia irəli sürməkdə haqlıdır. İddia əsaslı olmaqla təmin olunmalıdır.
5. Nizami Rayon Məhkəməsinin 2(007)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Starə Əliyeva) ilkin iddia tələbinin təmin edilməsi, X9 və Cavabdeh2 Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 119, 24 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X9 və Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılqılı iddia tələbi üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi, qətnamənin cavabdehlər X9 və Cavabdeh2 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsas olması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, apellyasiya şikayətində göstərmişlər ki, ilk iddia üzrə cavabdehlərin iddiaçınını mülkiyyətində olan mənzildə istifadə hüququ mövcuddur. Cavabdeh2 ilk iddiaçını həyat yoldaşı olmuş, Lalə Şükürova isə doğma qızıdır. Etibarlı ailə əlaqələri mövcud olmuş və hazırda da mövcuddur. Mübahisəli ev yaşayış evləri olmuşdur. Hazırda yaşadıqları evin onlara heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq MKİS-dən əsası olmayan arayış alınaraq məhkəməyə verilmişdir. İş materiallarından da görünür ki, ilk iddia üzrə cavabdehlərin yaşayış sahəsi yoxdur. Mülkiyyətlərində mənzil yoxdur. Eyni zamanda cavabdehlərdən Cavabdeh2 həyat yoldaşı olmuş və Lalə Şükürova da doğma qızıdır. Belə olan halda, ümumiyyətlə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi yolverilməzdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından ilkin iddia tələbi üzrə cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüquqları yaranmışdır. Həmin hüquq itirilə bilməz. Məhkəmə bu hüququn olmasını düzgün aydınlaşdırmamış və hüquq itirilmədiyi halda, həmin hüququn olmaması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Ümumiyyətlə məhkəmədə iştirak edən şahidlər iddiaçının evində kimin qalmasını bilməmişlər. Sadəcə olaraq guya kirayəşin qaldığını bilmişlər. Ümumiyyətlə İradə xanımı və kirayəşin dedikləri şəxsləri üzdən görməmişlər. Bu cür ifadələr cavabdehlərin həmin mənzildə yaşamamalarını təsdiq edə bilməzdir. Bu günləri cavabdehlərin yaşadıqları mənzil onlara aidiyyəti yoxdur. İlk iddia üzrə cavabdehlərin yaşayış yerləridir. X3 adına verilmiş 002730 nömrəli, 13 aprel 2005-ci il tarixli orderin surətinə əsasən müəyyən olunur ki, X4 ailə tərkibi 5 nəfərdən ibarət olmaqla, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, ev 119, mənzil 24 nömrəli mənzildə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi ibarətdir : Şükürov K.R. (özü), Şükürova H.H. (arvadı), İddiaçı (oğlu), Cavabdeh2 (gəlini), Şükürova L.N. (nəvəsi). Məhkəmə ilk iddia üzrə cavabdehlərin adlarının orderdə olmamasına münasibət bildirməmişdir. Həmin şəxslər əgər orada yaşamamışlarsa, onda nəyə görə adları qeyd olunan orderə salınmışdır. Həmin order bir daha təsdiq edir ki, ailə üzvü kimi cavabdehlər həmin mübahisəli mənzildə yaşamışlar. Onların istifadə hüquqları mövcuddur. İlk iddiaçıların qeydiyyatsız yaşadıqları ünvan onların daimi yaşayış yeri hesab edilə bilməz. Onların yaşayış yeri qeydiyyatda olduqları ünvan olmuşdur. Qarşılıqlı iddiada gəlin köçdüyü ünvan kimi hazırki ünvanı göstərməsi texniki səhv olmuşdur. Əslində mübahisəli mənzili 2005-ci ildə əldə etmişlər. Bundan sonra orada bir müddət yaşamışlar, sonradan isə kirayəyə verilmiş, daha sonra isə ilk iddia üzrə iddiaçı mənzili boşaltmamamış və onların köçürülməsini təmin etməmişdir. Ümumiyyətlə məhkəmə tərəflərə barışıq təklif etməmişdir. İşə tez baxaraq yekunlaşdırmaqda israrlı idi. Qarşılıqlı iddianı qəbul etdi və dərhal da rədd etdi. Bu cür araşdırma, ümumiyyətlə ədalətli məhkəmə çəkişməsinə, ədalətli məhkəmə qərarına ziddir. Bundan başqa, ilk iddia üzrə cavabdehlər ilk iddia üzrə iddiaçıdan dəfələrlə evə buraxılmalarını tələb etmişlər, lakin bu tələbləri təmin olunmamışdır. Hər dəfə iddiaçı onlara yalan vəd verərək tezliklə mənzilin boşaldılaraq onların köçməsinə şərait yaradacağını demişdir. Həmin mənzildə tərəflər yaşamışlar. Birgə təsərüfat da aparmışlar. İlk iddia üzrə cavabdehlər yaşayış yerlərindən məhrum olmuşlar. Yaşadıqları yaşayış yeri ilk iddiaçının qardaşına məxsus olmaqla onların yaşayış yeri deyildir. Onlar tək qeydiyyata görə yox, həmin mənzildə yaşamalarına görə istinad etmişlər. Eyni zamanda həmin mənzil onların yaşayış yerləri olduğu üçün həmin mənzilə köçürülmə barədə qarşılıqlı iddia qaldırmışlar. Qarşılıqlı iddia birmənalı təmin olunmalı idi. Çünki qarşılıqlı iddia üzrə iddiaçıların həmin mənzil yaşayış evləri olmuşdur. Orada yaşamaq da onların hüququdur. Əgər bu hüquqdan məhrum edilməli olsalar belə, kompensasiya yolu ilə mümkündür. Bu səbəbdən qətnamə ləğv edilərək ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsindəki və rayon məhkəməsindəki izahatlarını təkrar edərək apellyasiya şikayətinə etiraz etdi və təmin edilməməsinin xahiş etdi, əlavə olaraq da göstərdi ki, şikayətin dəlilləri də elə qarşılıqlı iddianın dəlilləri kimi uydurulmuşdur, cavabdehlər bir gün də olsun mübahisəli mənzildə yaşamamışlar, ərizələrində də yalan olaraq, guya nikaha girdikləri vaxtdan həmin mənzilə gəlin köçdüyünü bildirmişdir, lakin məlum olmuşdur ki, tərəflər arasında nikah 1994-cü ildə bağlanmış, bu mənzil isə 2005-ci ildə əldə olunmuşdur, sadəcə olaraq mənzil iddiaçının atası tərəfindən əldə olunanda cavabdehlərin adları formal olaraq orderdə qeyd olunmuş, rayon məhkəməsində də mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdehlər bir gün belə həmin mənzildə yaşamamış, gəlin gəldiyi gündən bu günədək fasiləsiz olaraq hazırda yaşadığı mənzildə yaşayırlar. Sübutların tədqiqi:
9. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1079/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı və Cavabdeh2 arasında 09 aprel 1994-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 175 nömrə ilə qeyd edilmiş nikah pozumuşdur.
10. xx.xx.2022-ci il tarixli “Miras payın bağışlanması” haqqında müqaviləyə əsasən müəyyən olunur ki, həmin müqavilənin predmeti X5 tərəfindən İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli, 2V-238 reyestrli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə" ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.9 kv/m olan mənzildən ibarət miras payının bağışlanmasından ibarətdir.
11. AZ-İ seriyalı 464570 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 05 oktyabr 2023-cü il tarixdə 431 nömrə ilə qeyd edilmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.70 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
13. X3 adına verilmiş 002730 nömrəli, 13 aprel 2005-ci il tarixli orderin surətinə əsasən müəyyən olunur ki, X4 ailə tərkibi 5 nəfərdən ibarət olmaqla, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti, ev 119, mənzil 24 nömrəli mənzildə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi ibarətdir : Şükürov K.R. (özü), Şükürova H.H. (arvadı), İddiaçı (oğlu), Cavabdeh2 (gəlini), Şükürova L.N. (nəvəsi).
14. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı biriliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 392 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Q.Qarayev 119, mənzil 24 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatdadır, lakin İddiaçı ailə üzvləri Cavabdeh2 və X9 ilə birlikdə B.Nuriyev küçəsi, ev 57, mənzil 27 ünvanında yaşayırlar.
15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı 23 fevral 2006-cı il tarixdən ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan digər şəxslər X9, X6 və Cavabdeh2dır.
16. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı biriliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, Ç-35 saylı məktubundan görünür ki, Cavabdeh2 və X9 2000-ci ildən etibarən, hal hazıradək daimi olaraq, B.Nuriyev küçəsi, ev 57, mənzil 27 ünvanında qeydiyyatsız yaşayırlar.
17. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı biriliyi 121 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 553 saylı arayışından görünür ki, Cavabdeh2 həqiqətən Q.Qarayev 119, mənzil 24 ünvanında qeydiyyatdadırlar. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi
25. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri
26. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
27. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.
28. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
29. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
30. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ
31. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.
32. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.
33. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
34. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması
35. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
36. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması
37. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.
38. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
39. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarı. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
46. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
47. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
51. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
53. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Belə ki, mülki işin faktiki hallarından görünür ki, İddiaçı və Cavabdeh2 1994-ü ildə rəsmi nikaha daxil olmuşlar. Nikah Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 175 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1079/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
56. Həmin mənzilə dair Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2005-ci ildə İddiaçı atası X3 adına 002730 nömrəli order verilmişdir. Həmin orderə əsasən X4 ailə tərkibi 5 nəfərdən ibarət olmaqla, ünvan 1 nömrəli mənzildə yaşamaq hüququ verilmişdir. Ailə tərkibi barətdir: Şükürov K.R. (özü), Şükürova H.H. (arvadı), İddiaçı (oğlu), Cavabdeh2 (gəlini), Şükürova L.N. (nəvəsi). xx.xx.2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən vəfat etmiş X2 vərəsələri İddiaçı və X5 hər biri miras əmlakdan ½ hissədə irs almışdır. xx.xx.2022-ci il tarixli “miras payın bağışlanması haqqında” müqaviləyə əsasən X5 ünvan 1 ünvanına olan miras payını İddiaçı bağışlamışdır.
57. Hazırda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 97.70 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir.
58. İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi" tələbini cavabdehlərin mübahisəli mənzildə yaşamaması, cavabdehlər isə İddiaçı qarşı irəli sürdükləri mübahisəli mənzilə köçürmələri tələbi üzrə qarşılıqlı iddiasını, eləcə də apellyasiya şikayətini həmin mənzildə daha əvvəl yaşamaqla istifadə hüququ əldə etmələri ilə əsaslandırmışlar.
59. Bununla belə, mülki işin faktiki hallarından, eləcə də apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, hazırda cavabdehlər mübahisəli mənzildə deyil, başqa mənzildə yaşayırlar.
60. Cavabdehlər isə həmin mənzili daimi yox, müvəqqəti tərk etdiklərini qeyd etsələr də, işin halları ilə həmin dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, mülki işin mübahisəsiz hallarından göründüyü kimi, cavabdehlər həmin mənzildə bir gün belə yaşamırlar və İddiaçı hazırkı iddia tələbinə qədər cavabdehlər mənzilə dair hüquqlarının tələb edilməsi barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmişlər, ümumiyyətlə isə cavabdehlərin mübahisəli mənzilə köçməkləri barədə hər hansı cəhdin edilməsi də iş materialları ilə müəyyən edilməmişdir.
61. Cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaları isə onların mənzilə istifadə huquqlarının yaranması anlamına gəlmir, çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
62. Bundan başqa, cavabdehlər apellyasiya şikayətində bildirmişlər ki, ilk iddia üzrə iddiaçıdan dəfələrlə evə buraxılmalarını tələb etmişlər, lakin mülkiyyətçi tərəfindən bu tələbləri təmin olunmamışdır. Lakin cavabdehlər bu barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişlər.
63. Apellyasiya şikayətində, həmçinin cavabdehlər istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməli olmasını göstərsələr də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə cavabdehlərin mübahisəli mənzilə münasibətdə hüquqları mövcud deyildir, cavabdehlərin yaşamaq üçün öz iradələrinə uyğun başqa yaşayış yeri seçmələri, onların mübahisəli mənzilə dair verilmiş orderdə adlarının olması səbəbindən ilkin mərhələdə mövcud olan hüquqlarının, öz iradələrinə əsasən itirilməsinə səbəb olmuşdur.
64. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilə dair verilmiş xx.xx.2005-ci il tarixli orderdə cavabdehlərin də qeyd edilməsi onların icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına səbəb olmuş, lakin cavabdehlərin özlərinə başqa yaşayış yeri seçmələri həmin hüququn itirilməsinə səbəb olmuşdur.
65. Bununla da məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından ilkin iddia tələbi üzrə cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına baxmayaraq, həmin hüquqdan istifadə etməmələri və iradəvi olaraq onlar yaşamaq üçün başqa yaşayış yeri seçmələri ilə əlaqədar bu hüququ itirmişlər.
66. Həmçinin, Kollegiya qarşılıqlı iddia tələbi ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilkin iddia tələbi təmin edilərək cavabdehlərin həmin evə dair istifadə hüququ itirildiyindən, öz-özlüyündə qarşılıqlı iddia tələbinin təmin edilməsi istisna olunur və bunun əlavə əsaslandırılmasına zərurət qalmır.
67. Məhkəmə kollegiyası hazırkı iddia tələbindəki iddiaçının istəyinin ifadə tərzi baxımından qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində, rayon məhkəməsi də qətnaməsində “xitam” sözündə istifadə etsələr də, əslində isə aparılmış məhkəmə araşdırmaları ilə cavabdehlərin iddiaçıya məxsus mənzildən, hüquqi baxımdan əvvəllər mövcud olmuş istifadə hüququnun itirilməsi baş vermişdir, lakin bu hazırkı məsələnin həlli baxımından əhəmiyyətli olmadığından, bu halın əlavə olaraq araşdırılması və qiymətləndirilməsi zəruri hesab edilmir.
68. Məhkəmə Kollegiya yuxarıda qeyd edilən əsaslara görə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
69. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etbarı ilə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddianı təmin, qarşılıqlı iddia tələbini isə təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özlərinə aid edilməlidir.
71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov