Məhkəmə qərarları › İş №2(103)-2498/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2498/2023

16.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2498/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı X1rşı “yaayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə hazırlıq iclası keçirilək iş xx.xx.2023-cü il tarixinə məhkəmə baxışına təyin olunmuş, xx.xx.2023-cü il tarixdə cavabdehin (nümayəndəsinin) qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olmuş, məhkəmə həmin qarşılıqlı iddia ərizəsini geri qaytararaq eyni zamanda iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Qarşılıqlı iddia ərizəsini geri qaytararkən məhkəmə ona əsaslanmışdır ki, həmin iddia vaxtında verilməmişdir və eyni zamanda onun icraata qəbul edilməsi üçün Mülki Prosessual Məcəllənin 156.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Həmin qərardaddan Tamilla Tumarovanın nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin 21 fevraı 2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Məcəllənin 154.1-ci maddəsinə görə isə, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İş materiallarından görünür ki, cavabdeh Tamilla Tumarovaya hazırlıq iclası barədə bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmiş, vəkillə onun arasında müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Tamilla Tumarovanın qarşılıqlı iddia ərizəsi qanunla müəyyənləşdirilmiş müddət ərzində verilməmiş və onun verilməsi üçün əsaslar müvafiq müddətin keçməsindən sonra yaranmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 saylı iş üzrə 25 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar