Məhkəmə qərarları › İş №2(103)-2499/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2499/2022

28.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2499/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(011)-3611/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelıyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 976,37 manat əsas, 1522,55 manat faiz borcunun, 582,05 manat cərimə, müqavilə müddəti bitəndən sonra hesablanmış 433,44 manat olmaqla, cəmi 3514,41 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına (bir sırğa, klon 750 əyyar - 1 dəst, bir üzük, sırğa dəst 583 əyyar - 3 dəst, paxlava üzük 583 əyyar - 1 ədəd, bir qadın üzüyü 750 əyyar - 1 ədəd, bir nişan üzüyü 750 əyyar - 1 ədəd, üzük fantaziya 583 əyyar - 1 ədəd) yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə cavabdehlə iddiaçı (Səbail filialı) arasında 13.05.2011-ci il tarixli, 02 saylı kredit müqaviləsi (bundan sonra – Kredit müqaviləsi) bağlanmış, müqaviləyə əsasən bank borcluya 12 ay müddətinə, illik 30% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən Kredit müqaviləsi üzrə aylıq ödəniş 250 manat müəyyən edilmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında 6 adda (bir sırğa, klon 750 əyyar - 1 dəst, bir üzük, sırğa dəst 583 əyyar - 3 dəst, paxlava üzük 583 əyyar - 1 ədəd, bir qadın üzüyü 750 əyyar - 1 ədəd, bir nişan üzüyü 750 əyyar - 1 ədəd, üzük fantaziya 583 əyyar - 1 ədəd), 4170 manat dəyərində qızıl-zinət əşyalarının girov qoyulmasına dair girov müqaviləsi bağlanmış və qızıl zinət əşyalar iddiaçının saxlancına verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail rayon filialı ilə cavabdeh arasında bağlanmış 13 may 2011-ci il tarixli 02 nömrəli kredit müqaviləsinə əsasən ev təmiri məqsədi ilə cavabdehə 12 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, iddiaçıya məxsus olan qızıl-zinət əşyaları ilə bağlı 13.05.2011-ci tarixdə girov müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı bildirişin göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir təbdbir görməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(011)-3611/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, 100 manat ekspertiza xərcinin "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3611/2021 saylı iş üzrə 30.11.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Xətai rayon Məhkəməsi 30.11.2021-ci il tarixdə qəbul etdiyi qətnamədə əsassız olaraq iddiaçı ləğv prosesində olan "xxxx"ASC tərəfindən verilmiş iddianı rədd etmişdir. Məhkəmənin belə qənaətə gəlməsinə əsas səbəb ondan ibarətdir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 9/4822 saylı, 20.10.2021-ci il tarixli rəyinə əsasən cavabdehin əsas borcu -5, 23 manat, faiz borcu 0 manatdır. Hakim göstərilən hallara obyektiv qiymət verməmiş, tərəflərindən təqdim edilmiş sübutları mötəbər sübut hesab etməmişdir. Belə ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunuvericilik müəyyən etmişdir və ekspert rəyini təkzib edəcək sübutlar tərəflərindən məhkəməyə təqdim edilmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha möhtəbər sübut hesab edə bilməzdi. Həmçinin məhkəmə ödəniş cədvəlindəki müəyyən edilmiş məbləğlərlə ekspertin müəyyən etdiyi məbləğlər arasındakı fərqin səbəblərini aydınlaşdırmamışdır. İddia tələbi ilə ekspert rəyi arasındakı fərqin səbəbi cavabdeh tərəfindən edilmiş ödənişlərin qrafik üzrə deyil, gecikmələrlə və tam şəkildə aparılmamasıdır. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən, ödənişlər həyata keçirilərkən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan, kredit müqaviləsinə əlavə adlanan, ödəniş cədvəlində göstərilmiş qayda əsas götürülür və borclu tərəfindən ödənilmiş məbləğlər ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcundan silinir. Lakin borclu hər ayın müvafiq günündə ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu borc məbləğini gecikdirərsə bu zaman kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən gecikmə günlərinin sayına müvafiq olaraq cərimə tətbiq olunur ki, bu da ödəniş həyata keçirildiyi zaman nəzərə alınır və ödənilmiş məbləğ əvvəlcə hesablanmış cəriməyə, sonra isə faiz və əsas məbləğə yönəlir. Hesabdan çıxarışdan da göründüyü kimi borclu ödəniş cədvəlinin şərtlərini pozmuş, aylıq ödəniş məbləğini vaxtında və tam həcmdə ödəmədiyindən faizlər yaranmışdır. Nəticədə hazırki iş üzrə ekspert borclu tərəfindən ödənilmiş məbləğləri bank tərəfindən təqdim olunmuş hesabdan çıxarışa əsasən düzgün hesablamamış, həmçinin ekspert öz rəyində kredit müqaviləsi üzrə cərimə borcu hesablamamışdır, lakin ekspertə cərimə borcunun hesablanması ilə bağlı hesabdan çıxarış sənədləri təqdim edilmişdir. Əgər hesab etsək ki, doğurdan da cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir, o zaman onun ödəniş qrafikində dəyişiklik yaranmalı, həmçinin,aylıq ödənişlər və ümumi məbləğ dəyişməli idi. Əgər cavabdeh tərəfindən belə bir ödəniş həyata keçirilmişdirsə, aparılmış hesablamalara görə onun kredit borcu artıq bağlanmalı idi, lakin cavabdeh fəallıq göstərərək müqavilənin müddəti bitdikdən sonra da ödənişlərini davam etdirməyi, bu müddət ərzində bir dəfə də olsa borcunun olub olmamağı ilə maraqlanmamağı və hətta borcundan artıq məbləğdə ödəniş etməyi ağlabatan deyil. Qeyd edirlər ki, cavabdeh tərəfindən ödənişlər fiziki olaraq həyata keçirilmişdir və əgər borc həqiqətən də bağlanmış olsaydı, Bank işçisinin texniki olaraq həmin məbləği hesaba qəbul etməyi mümkün deyildir. Qeyd etdiklərini birinci instansiya məhkəməsində əsas gətirərək əlavə və ya təkrar məhkəmə mühasibatlıq ekspertizasını keçirilməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə heç bir əsas gətirmədən vəsatətlərini təmin etməmişdir. Həmçinin, hesab edirlər ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi kifayət qədər əsaslandırılmayıb. Belə ki, məhkəmə tərəfindən ekspert rəyinə daha üstün hüquqi qüvvə verilmiş, lakin qətnamədə ekspert rəyinə münasibət bildirilməyib, iddiaçının təqdim etdiyi sübutlar nəzərə alınmamış, iddiaçının təqdim etdiyi maliyyə arayışının və digər iş üçün əhəmiyyətli olan sənədlərin hansı səbəbə görə nəzərə alınmaması əks olunmamış, əgər iddiaçının təqdim etdiyi sübutlar qəbul edilmirdisə, bunun səbəbləri qətnamədə əks olunmamışdır. Beləliklə, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/4822 saylı, 20.10.2021-ci il ekspert rəyi reallığı əks etdirmədiyi açıq aşkar görünür. Məhkəmə qətnaməsində ekspert rəyinin hansı əsasla mötəbər sübut kimi qəbul etməsini əsaslandırmamış, ekpert rəyinə düzgün qiymət verməmiş və ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış qərara gəlmişdir. İşə baxan birinci instansiya məhkəməsi bütün yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsizaraşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddişəkildə pozulmuşdur. Məhkəmə kollegiyasınınn iclasında iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 13.05.2011-ci il tarixdə Kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq, cavabdehə məxsus qızıl-zinət əşyalarına dair girov müqaviləsi bağlanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi 11.11.2020-ci il tarixli Maliyyə arayışında cavabdehin cəmi 3514,41 manat borcunun olması qeyd edilsə də, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə X1 9/4822 saylı, 20.10.2021- ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müqavilənin bitdiyi 13.05.2012-ci il tarixə iddiaçının 2472,76 manat əsas, 10,30 manat faiz borcu, maliyyə arayışının verildiyi 03.11.2020-ci il tarixinə isə əsas borcu -5,23 manat, faiz borcu isə 0 manatdır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının hələ maliyyə arayışnın verildiyi 03.11.2020- ci il tarixə ümumiyyətlə, borcu olmamış, hətta 5,23 manat banka artıq ödəniş etməklə öhdəliyini tam icra etmişdir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İşin şərh edilən halalrına və qeyd edilən maddi hüquq normasına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həm əsas, həm də faiz borcu tam ödənildiyindən onun kredit müqaviləsi üzrə öhdəliyinə tam xitam verilmişdir. Əks halda, Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. İddiaçı cavabdeh tərəfindən öhdəliyin natamam icra edilməsi, yaxud öhdəliyini lazımı qaydada deyil və ya başqa öhədliyi icra etməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu isə o deməkdir ki, iddiaçı cavabdeh tərəfindən öhdəliyin tam icra olunmasını qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırda kredit müqaviləsi üzrə əsas öhdəliyi olmadığından iddiaçı ondan dəbbə pulu və müqavilə müddəti bitdikdən sonrakı dövr üçün hesablanmış pul vəsaitini tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən müddəalardan da göründüyü kimi, istər dəbbə pulu, istərsə də gecikdirilmiş vaxt üçün illik beş faiz nisbətində hesablanmış maddi zərər qismində pul borclu tərəfindən əsas öhdəliyin vaxtında icra edilməməsi nəticəsində ondan tələb edilə bilər. Yuxarıda işin şərh edilən halalrından da bəllidir ki, cavabdeh tərəfindən əsas öhdəlik icra edilmişdir. İddiaçı isə cavabdehin hansı vaxtdan əsas öhədlik üzrə icranı gecikdirməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, 100 manat ekspertiza xərcinin "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(011)-3611/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar