Məhkəmə qərarları › İş №2(103)-25/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-25/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-25/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oglunun Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: paylı mülkiyyət, payın naturada ayrılması, ekspert rəyinin mötəbərliliyi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X16 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı prosessual hüquq varisi X54 və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdeh vəkili Vəkil2n oğlunun iştirakı ilə İddiaçı oglunun Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində göstərildiyi) mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 20 (keçmiş Xrebtovı 8) üzvanında yerləşən yaşayış sahəsinin 2/3 hissəsi xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi” əsasında İddiaçı, 1/3 hissəsi X40 adına qeydiyyata alınmış, sonradan Teymur Cəfərov öz payını X1.

2. X23 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsi xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik şəhadətnaməsi” əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.

3. Hazırda ünvan 1 ünvanında yerləşən evin 1/3 hissəsi Cavabdeh, 2/3 hissəsi isə İddiaçı mülkiyyətindədir.

4. Həmin evin İddiaçı aid hissəsi başqa şəxslər tərəfindən zəbt olunmaqla hazırda orada həmin şəxslər yaşayırlar.

5. İddiaçı X41, X109, X79, X80, X122, X63, X64, X42, X43, X55, X95, X3, X17, X18, X44, X11, X24, X81, X65, X82, X25, X19, X12, X137 ogluna, X45, X26, X46 və X91 ogluna qarşı (Babayev Qurbanəli oğlunu, X66, X27 və X47 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etdiyi) “istifadə hüquqlarının olmaması faktının müəyyən edilməsi və mənzildən çıxarılma” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, X110, X56, X57, X28, X29, X48, X83, X2, X4, X5, X49, X13, X20, X30 və X6 Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin mülkiyyətçisi İddiaçı aid 2/3 hissəsindən istifadə hüquqlarının olmaması faktının müəyyən olunması, qətnamənin həmin şəxslərin Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin mülkiyyətçisi İddiaçı aid 2/3 hissəsindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması, iddia tələbinin cavabdehlər X31, X96, X67 və X68, X32, X7, X21, X69, X58, X70, X22, X14 və X8 Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin mülkiyyətçisi İddiaçı aid 2/3 hissəsindən istifadə hüquqlarının olmaması faktının müəyyən edilməsi, X32, X7, X21, X69, X58, X70, X22, X14 və X8 həmin evdən çıxarılmalarına dair hissələrdə təmin edilməməsi qət olunmuşdur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin həmin qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin 18 sentyabr 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

7. Həmin məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, X71, X134, X97, İddiaçı Azər oğlu, X111, X98, X50, X112, X113, X114, X99, X115, X139, X84, X33, X72, X123, X139, X100, X101, X73, X74, X85, X124, X15, X34, X35, X75, X36, X59, X116, X102, X117, X60, X51, X37, X86, X52, X61, X76 və X38 Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evdə pasport qeydiyyatındadırlar və evin 2/3 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

8. X87 İddiaçı və X77 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi tərəflər arasında mənzilin alqı-satqısına dair yazılı formada müqavilə bağlanmaması əsas göstərilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, lakin tərəflərin izahatlarından, şahid ifadələrindən və işdə olan sənədlərdən iddiaçının 1984-cü ildə yaşadığı evin ona verilməsi müqabilində cavabdehlərə müəyyən məbləğdə pul vəsaiti ödəməsi müəyyən olunaraq hüquqlarının bərpa edilməsi üçün müxtəlif əsaslarla pul tələbi ilə cavabdehlərə qarşı iddia qaldıra biləcəyi ona izah olunmuşdur.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli digər qətnaməsi ilə isə, X22 İddiaçı və X77 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası tərəflər arasında mənzilin alqı-satqısına dair yazılı formada müqavilə bağlanmaması əsas göstərilərək təmin edilməmiş, lakin iddiaçının ailəsi ilə birlikdə mübahisəli evdə yaşadığı müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı oglu Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə vəya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin 2/3 hissəsinin paylı mülkiyyət hüququ üzrə ona, 1/3 hissəsinin Cavabdeh məxsus olduğunu, payının naturada ayrılması barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə “sözügedən fərdi yaşayış evinin ona məxsus hissəsi ilə digər payçıya məxsus hissəsi bir dam altında yerləşdiyindən və fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğundan həmin daşınmaz əmlakın konstruktiv cəhətdən iki əsas tikiliyə bölünməsi qeyri-mümkündür” cavabının verildiyini, bu imtinanı əsassız hesab etdiyini bildirmiş, buna görə də evin ona aid 2/3 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında rəy verən ekspert xx.xx.2019-cu il tarixli rəyində göstərmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin iddiaçıya 2/3 hissədə məxsus paydan kənara çıxmaqla təcrid mənzillər şəklində ayrılması, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X53 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Tədqiq olunan evin Cavabdeh faktiki istifadəsində olan tikililər və torpaq sahəsi özünün istifadəsində saxlanılmaqla, qalan hissəsi 2/3 payda qalmaqla bölgüsü mümkündür”.

12. Məhkəmənin 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən alınaraq müvafiq hesaba köçürülməsi qət olunmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli mülkün real bölgüsünün mümkünlüyü barədə ekspert rəyi nəzərə alınmaqla iddia təmin olunmalı, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 2/3 hissəsi naturada ayrılmalıdır.

14. Qənaətinin hüquqi əsaslandırılması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152.1-ci, 215.1-ci, 215.5-ci, 220-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokoluna istinad etmişdir.

15. Qətnamədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, istinad etdiyi ekspert rəyinin əsaslandırılmamış olmasını və həmin rəyin müvafiq icra hakimiyyəti kimi onların iştirakı olmadan hazırlandığını nəzərə almadığı, mübahisəsi gedən fərdi yaşayış evinin bir dam altında yerləşməklə naturada bölünməsinin faktiki mümkün olmadığı və bununla bağlı iddiaçının müraciətinə İdarə tərəfindən eyni məzmunlu cavab verildiyi arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar, alınmış ekspert rəyləri

16. Apellyasiya baxışı zamanı İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmiş olduğu müəyyən edilmiş, məhkəmə kollegiyasının 27 yanvar 2021-ci il tarixli qərardadı ilə X103 mərhum atasının prosessual hüquq varisi qismində tanınmışdır (iddiaçı prosessual hüquq varisi ilə əvəz olunmuşdur).

17. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatlarında göstərmişlər ki, evin texniki pasportda göstərilən vəziyyəti ilə mövcud vəziyyəti arasında ziddiyyətlər vardır və tikilidə çoxsaylı konstruktiv dəyişikliklər aparıldığından, orada əlavə tikililər inşa edildiyindən, həm də tərəflərin istifadəsində olan sahələr vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşdiyindən iddiaçının payının naturada ayrılması faktiki olaraq mümkün deyildir.

18. Cavabdeh məhkəmə iclaslarında iştirak edən vəkili Vəkil2n oğlu da apellyasiya şikayətini müdafiə etdiyi bildirmiş, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Məhkəmə iclaslarında iştirak edən iddiaçının hüquq varisi Səkinə Cəfərova və onun nümayəndələri (vəkilləri) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

20. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərardadlarla təkrar tikinti-texniki ekspertizaları təyin olunmuş, lakin ekspert evə baxış keçirilməsinə orada yaşayan sakinlər tərəfindən icazə verilməməsi səbəbindən tədqiqatın baş tutmadığını bildirməklə işi məhkəməyə geri qaytarmışdır.

21. Mübahisəsi gedən evə məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilməsi də şərait yaradılmaması (evin qapısının orada yaşayan sakinlər tərəfindən açılmaması) səbəbindən baş tutmamış, bu səbəblə xx.xx.2022-ci il tarixli qərardadla təkrar tikinti-texniki ekspertizası təyin olunaraq mülki iş, iş materialları əsasında rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.

22. Həmin təyinat əsasında verilmiş 05 may 2022-ci il tarixli ekspert rəyində birinci instansiya məhkəməsinin əldə etdiyi rəydə göstərilənlər olduğu kimi təkrarlanmış, rəyin tədqiqat hissəsində vurğulanmışdır ki, yaşayış evinin texniki pasportunda göstərilən ikinci mərtəbəsindəki 10, 12, 14, 23 saylı tikililər və onun altında olan sahə X9 istifadəsindədir və o, texniki pasportda olan tikililərdə söküntü işləri apararaq yenidənqurma işləri həyata keçirmişdir.

23. Məhkəmə iclasında tərəflərin (nümayəndələrinin) iştirakı ilə həmin rəy və evin texniki pasportu tədqiq edilərkən də müəyyən olunmuşdur ki, evdə söküntü işləri aparılaraq yeni tikililər inşa edilmiş, evin texniki pasportdakı vəziyyəti ilə faktiki vəziyyəti arasında uyğunsuzluq yaranmışdır.

24. İddiaçının təqdim etdiyi alternativ ekspert (mütəxəssis) rəyində birinci instansiya məhkəməsinin aldığı ekspert rəyinə istinad olunaraq həmin rəydə göstərilənlər təkrarlanmışdır.

25. Kollegiya, 05 may 2022-ci il tarixli rəydəki boşluğu aradan qaldırmaq, həmçinin əlavə suallara cavab almaq məqsədilə 07 iyul 2022-ci il tarixli qərardadla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında aşağıdakı məsələlərin həlli və müvafiq suallar qoyulmuşdur:

- Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin, evdə inşa edilmiş özbaşına (əlavə) tikililər nəzərə alınmadan paylı mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölünməsi mümkündürmü? (bu sual cavablandırılarkən nəzərə alınsın ki, evdə inşa edilmiş özbaşına (əlavə) tikililər evin texniki pasportunda qırmızı rəngli qələmlə çizilmişdir (əks olunmuşdur)).

- Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin, evdə inşa edilmiş özbaşına (əlavə) tikililər nəzərə alınmadan paylı mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölünməsi mümkündürsə müvafiq bölünmə qaydası və hər bir mülkiyyətçiyə düşməli olan sahələr müəyyənləşdirilsin, habelə bu cür bölünmənin mümkün variantları bölgü-sxem tərtib olunmaqla izah olunsun.

26. Həmin təyinat əsasında verilmiş 06 yanvar 2023-cü il tarixli rəydə ekspert göstərmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin faktiki vəziyyəti, plan yerləşməsi, faktiki olaraq iki hissəyə bölündüyü, ayrı-ayrılıqda giriş yolunun və iki mülkiyyətçisinin olduğu nəzərə alınaraq, evin İddiaçı mülkiyyətində olan 2/3 hissəsinin təcrid mənzillər şəklində ayrılması “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X53 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Belə bölgü zamanı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin birinci və ikinci mərtəsində yerləşən tikililərdən Texniki Pasportda göstərilən 1, 2, 6, 7, 10 və 13 saylı tikililər X9 istifadəsinə, 3, 4, 5, 8, 11, 15 və 16 saylı tikililər isə İddiaçı istifadəsinə verilə bilər. Eyni zamanda qeyd olunur ki, bölgü aparılan zaman evdə inşa edilmiş özaşına (əlavə) tikililər nəzərə alınmamışdır”.

27. Sözügedən rəy tədqiq olunarkən iddiaçının prosessual hüquq varisi ona az sahə (kvadrat) düşməsinə baxmayaraq rəydə göstərilən bölgü qaydası ilə razılaşdığını, cavabdehin vəkili isə iddia tələbinin təmin olunmasına ümumiyyətlə etiraz etdiyini bildirmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

31. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

32. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

33. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

34. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

35. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

36. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

43. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

48. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

49. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir.

50. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (§ 35).

51. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəsi gedən fərdi yaşayış evinin tərəflər arasında naturada bolgüsünün aparılmasının texniki cəhətdən mümkün olması barədə gəlmiş olduğu nəticə düzgün olsa da məhkəmə, istinad etdiyi ekspert rəyində “ayrılma”nın hansı qaydada həyata keçirilməli olduğunun aydınlaşdırılmadığını, bununla bağlı plan-sxem tərtib edilmədiyini, “evin iddiaçıya 2/3 hissədə məxsus paydan kənara çıxmaqla təcrid mənzillər şəklində ayrılması” kimi qeyrimüəyyən cümlədən istifadə olunduğunu nəzərə almamış, qətnamənin icrasının mümkün olmamasına yol açmışdır.

52. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

53. Bu mənada kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyində ekspertin gəldiyi “bölgü zamanı Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin birinci və ikinci mərtəsində yerləşən tikililərdən Texniki Pasportda göstərilən 1, 2, 6, 7, 10 və 13 saylı tikililər (ümumilikdə 47,8 m2) Cavabdeh istifadəsinə, 3, 4, 5, 8, 11, 15 və 16 saylı tikililər (ümumilikdə 78,8 m2) isə İddiaçı oğlunun istifadəsinə verilə bilər” qənaəti doğruluğuna təminat olan qənaət kimi qəbul olunmalı, qətnamə həmin rəy əsas götürülməklə dəyişdirilməlidir.

54. Belə ki, məhz sözügedən rəyə müvafiq bölgü sxemi əlavə olunmuş, sxem hazırlanan zaman evdə inşa edilmiş özbaşına tikililər nəzərə alınmamışdır.

55. Nəzərə alınmalıdır ki, iş üzrə alınmış ekspert rəylərinin və evin texniki pasportunun tədqiqi əsasında onun texniki pasportdakı vəziyyəti ilə faktiki vəziyyəti, eyni zamanda müvafiq çıxarışla (reyestr çıxarışında göstərilən sahə ilə) texniki pasportu arasında uyğunsuzluq olduğu, texniki pasportda 12, 13, 14, 17, 18, 19, 20, 21, 22 və 23 sayısı ilə göstərilmiş sahələrin özbaşına tikililər olduğu müəyyən edilmişdir; özbaşına tikililərin üzərində isə hər hansı payçının mülkiyyət hüququ hazırkı icraat çərçivəsində tanına bilməz.

56. Məhz bu səbəblədir ki, evin reyestr çıxarışında onun sahəsi 138,6 m2 göstərilsə də, texniki pasportda əks olunan tikililərin (özbaşına tikililər istisna olmaqla) ümumi sahəsi 126,6 m2-dir.

57. Bu kontekstdə qeyd olunmalıdır ki, iddiaçıya naturada bölgü zamanı əslində 92,4 m2 sahə düşməli olsa da, özbaşına tikililər bölgü predmeti olmadığından göstərilən sahənin (kvadratmetrin) ona ayrılması mümkün deyildir – lakin onun, payının naturada ayrılması tələbində israrlı olması və sonuncu ekspert rəyində təklif olunan bölgü qaydası ilə razılaşması nəzərə alınmaqla bölgü yuxarıda izah olunan qaydada aparılmalıdır.

58. Bununla yanaşı kollegiya iddiaçıya (prosessual hüquq varisinə) izah edir ki, ekspert rəyləri ilə yaşayış evinin texniki pasportunda göstərilən ikinci mərtəbəsindəki 10, 12, 14, 23 saylı tikililərin, habelə onun altında olan sahənin Cavabdeh istifadəsində olduğu və texniki pasportda olan tikililərdə məhz onun söküntü işləri apararaq yenidənqurma işləri həyata keçirdiyi müəyyən edildiyindən, iddiaçı (prosessual hüquq varisi) Cavabdeh naturada ayrılan hissənin mülkiyyət hüququndakı payına tənasübsüzlüyü nisbətində kompensasiya tələb edə bilər. Belə ki, iddiaçıya (prosessual hüquq varisinə) naturada ayrılan payın onun mülkiyyət hüququna tənasübsüzlüyü Cavabdeh özbaşına tikililər inşa etməsi və evdə icazəsiz yenidənqurma işləri həyata keçirməsi nəticəsində yaranmışdır.

59. Kollegiya məhkəmə xərclərinə də münasibət bildirərək qeyd edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3700/2021 saylı iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsi “Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin İddiaçı mülkiyyətiində olan 2/3 hissədən ibarət payı naturada ayrılsın” hissəsində dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 20 saylı evin birinci və ikinci mərtəsində yerləşən tikililərdən Texniki Pasportda göstərilən 3, 4, 5, 8, 11, 15 və 16 saylı tikililər ekspert rəyinə əlavə olunmuş bölgü-sxemə uyğun qaydada naturada ayrılsın və həmin tikililərə dair İddiaçı (onun prosessual hüquq varisinin) adına mülkiyyət hüququnu təsdiq edən reyestr çıxarışının verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının xərci qismində 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X39, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar