Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2500/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun vəkili X6, Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(011)-4317/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” X4 X11 İdarəsinin 21.07.2020-ci il tarixli, 37-K saylı əmrinin ləğv edilməsi, işə bərpa, cavabdehdən iddiaçının xeyrinə 21 iyul 2020-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə aylıq əmək haqqının, maddi ziyana görə 5000 manat və mənəvi ziyana görə 5000 manat olmaqla, cəmi 10000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi bağlamaqla 16.11.2015-ci il tarixdən “Cavabdeh” X4 X11 İdarəsinin Saatlı Xidmət Sahəsinin təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində çalışmışdır. Bu vəzifədə işlədiyi illər ərzində öz vəzifə funksiyalarının öhdəsindən layiqincə gəlmiş, əmək funksiyalarını vicdanla yerinə yetirmiş, müəssisədaxili nizam-intizam qaydalarına əməl etmiş, müəssisə rəhbərliyinin tapşırıqlarını vaxtında yerinə yetirmiş, iş zamanı saatından və zamanından asılı olmayaraq işin yerinə yetirilməsi üçün yeri gələndə təhlükəsizliyini, sağlamlığını, həyatını risk altına ataraq əmək funksiyalarını şərəflə yerinə yetirmişdir. Cavabdeh “Cavabdeh” X4 X11 İdarəsinin 21.07.2020-ci il tarixli, 37-K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmrdə onun hansı hallara görə işdən azad olunması göstərilməmiş, konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirməməsi əsaslandırılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 21.07.2020-ci il tarixli, 37-K saylı əmrdə isə onun hansı hallara görə işdən azad olunması və konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirməməsi əsaslandırılmamışdır. O faktiki olaraq abonentlərdən yığım planının zəif olmasına görə işdən azad olunmuşdur. Bu barədə sübut kimi o, işçilər arasında Whatsapp sistemi vasitəsilə aparılmış yazışmaları iddia ərizəsinə əlavə etmişdir. Eyni zamanda məhkəməyə təqdim etdiyi Forma 2 sənədləri də təsdiq edir ki, abonentlərdən sayğaclara görə pul yığılmasında onun fəaliyyət göstərdiyi sahənin yığımı daha yaxşı olmuşdur. Onunla cavabdeh "Cavabdeh " X4 X11 İdarəsi arasında bağlanmış əmək müqaviləsində əhalidən pul yığmaq kimi vəzifəsi və ya əmək funksiyası yoxdur və öz üzərinə belə bir öhdəlik götürməmişdir. Vəzifə təlimatında da qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin abonentlərdən pul yığmaq kimi vəzifəsi yoxdur. Onun işdən azad olunması üçün verilən 01 iyul 2020-ci il tarixli təqdimatda xidməti ərazidə sayğacların düzgün yazılmaması və 15 abonentin qaz sayğacına müdaxilə faktının aşkarlanması qeyd olunmuşdur. Halbuki, həmin təqdimatı verən şəxsin bundan bir gün əvvəl---30 iyun 2020-ci il tarixdə verdiyi təqdimatda bu nöqsanların xidməti müqavilə əsasında həmin əraziyə xidmət göstərən X1 təqsiri üzündən yaranması qeyd olunmuş və onunla bağlanmış xidməti müqaviləyə xitam verilməsi xahiş olunmuşdur. Bu təqdimatın qanunsuz olması onunla da sübut olunur ki, qeyd olunan ərazi onun sahəsi deyil, mülki müqavilə əsasında işləyən Qüdrət Niftəliyevin nəzarət eldiyi ərazi olmuşdur. Onun işdən azad olunması barədə təqdimatın Həmkarlar Təşkilatının iclasında müzakirəsi zamanı onun guya bundan əvvəl intizam tənbehi növündə töhmət alması bildirilmişdir. Halbuki, həmin töhmətdən onun məlumatı olmamış, bununla bağlı ondan izahat alınmamışdır. Nəhayət, 21.07.2020ci il tarixli, 37-K saylı əmr verilərkən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən onun şəxsiyyəti və peşəkarlıq səviyyəsi nəzərə alınmamış, onun barəsində ən ciddi intizam tənbehi tətbiq olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X9 məhkəmədə iddiaya etiraz edərək bildirmişdir ki, Salyan X11 İdarəsinin Saatlı Xidmət Sahəsi üzrə rəis müavini İxtiyar Abıyev 01.07.2020-ci il tarixli xidməti məlumatla müraciət edərək Saatlı Xidmət Sahəsinin təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı peşə funksiyasının icrasına səhlənkar yanaşmasını bildirmiş və barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İxtiyar Abıyevin 01.07.2020-ci il tarixli xidməti məlumatında qeyd olunanlarla bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, Saatlı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı həvalə olunmuş ərazidə Saatlı rayonu Genişkənd, Əliabad, Məmmədabad kəndlərində yaşayan abonentlərin mənzillərində istismarda olan qaz sayğaclarına baxış keçirilmiş, 15 ədəd qaz sayğacına müdaxilə olunması faktı, 26 abonentin mənzilində istismarda olan qaz sayğaclarının üzərində ümumilikdə 24130 kub metr qeydə alınmamış qaz sərfinin olması faktı müəyyən edilmişdir. Xidməti ərazisində aşkar olunmuş nöqsanlarla bağlı İddiaçı izahat verərək Saatlı rayonu Genişkənd, Əliabad, Məmmədabad kəndlərinin rayon mərkəzindən uzaq olduğu üçün ay ərzində 4-5 dəfə həmin kəndlərə getdiyini, həmin kəndlərdə qaz sayğaclarının göstəricilərinin oxunmasının, bildirişlərinin paylanmasının, abonentlərin ödənişə cəlb edilməsi işlərinin xidməti müqavilə əsasında fəaliyyət göstərən Qüdrət Niftalıyev tərəfindən icra olunduğunu, sayğaca müdaxilə faktları, işləmə prinsipində şübhələr olan qaz sayğacları barədə Saatlı Xidmət Sahəsinin rəhbərliyinə məlumat verdiyini qeyd etmişdir. Lakin xidməti məlumat verməsi barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçı peşə funksiyasının icrasına səhlənkar yanaşaraq xidməti ərazisində abonentlərin qaz sayğacına müdaxilə edərək qazdan qanunsuz istifadə etməsinə, qaz sayğacı göstəricilərini düzgün qeydə almamaqla, qaz sayğacları üzərində qaz sərfiyyatı saxlamaqla Salyan RQİİ üzrə təbii qaz itkilərinin artmasına, qaz sayğaclarına və plomblara müdaxilə edilməsinə şərait yaratmış, peşə funksiyasının tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı peşə funksiyasının icrasına səhlənkarlıqla yanaşdığı üçün Salyan RQİİ-nin 11.04.2017-ci il tarixli əmri ilə “töhmət”, 28.07.2017-ci il tarixli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, 13.07.2018-ci il tarixli əmri ilə “töhmət”, 03.09.2018-ci il tarixli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, 01.07.2019-cu il tarixli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, 28.08.2019-cu il tarixli əmri ilə “aylıq əmək haqqının ¼ məbləğində cərimə”, 03.04.2020-ci il tarixli əmri ilə “töhmət”, 03.06.2020-ci il tarixli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri ilə cəzalandırılmışdır. Lakin İddiaçı verilən intizam tənbehlərindən nəticə çıxarmayaraq işində dönüş yaratmamış, peşə funksiyasının icrasına səhlənkar yanaşaraq xidməti ərazisində istismarda olan qaz sayğaclarının sərfiyyat göstəricilərini düzgün qeydə almayaraq 26 abonentin qaz sayğacı üzərində ümumilikdə 24130 kub metr qaz sərfi saxlayaraq Salyan RQİİ üzrə süni şəkildə qaz itkiləri yaratmışdır. Bundan əlavə, o xidməti ərazisində qaz sayğaclarının sazlığına nəzarət etməmiş, sayğaclara və plomblara müdaxilə hallarını aşkar etməmiş və bu barədə rəhbərliyə məlumat verməmişdir. Bu səbəbdən də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi üçün idarənin Həmkarlar Təşkilatına müraciət edilmişdir. Salyan RQİİ-nin Həmkarlar Təşkilatı 21.07.2020-ci il tarixli 01İR/14-1179 saylı məktubla təqdimata cavab verərək “Cavabdeh” X4 X11 İdarəsinin Saatlı Xidmət Sahəsinin təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyini bildirmişdir. Salyan RQİİ-nin 21 iyul 2020-ci il tarixli 37-K saylı əmri ilə “Cavabdeh” X4 X11 İdarəsinin Saatlı Xidmət Sahəsinin təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmrin surəti və əmək kitabçası İddiaçı təqdim olunmuşdur. İddiaçı həmin əmrlə tanış olmaqdan və əmək kitabçasını götürməkdən imtina etmişdir. Bu barədə Salyan RQİİ-nin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qanuni olaraq xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(011)- 4317/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, valideynlərinin hər ikisinin vəfat etdiyini, 2 il bundan əvvəl ailə həyatı qurduğunu, himayəsində körpə uşağının olduğunu, özünün və həyat yoldaşının işsiz olduğunu nəzərə alaraq, əvvəlki işinə bərpa olunmasını, ona məcburi işburaxma üçün əmək haqqı ödənilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Xəqani Salahov isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Neftçilərin hüquqlarını müdafiə təşkilatı və Salyan X11 İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(011)-4317/2020 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, 17.11.2015-ci il tarixli 84n nömrəli əmrə əsasən İddiaçı “Cavabdeh” X4 X10 İdarəsinin Saatlı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, 19.12.2018-ci il tarixli 92/k nömrəli əmrə əsasən İddiaçı “Cavabdeh” X4 X10 İdarəsinin Saatlı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə keçirilmişdir. İddiaçı ilə “Cavabdeh” İstehsalat Birliyi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, əmək funksiyasını yerinə yetirməməsi ilə əlaqədar 21.07.2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halları işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İş materiallarından görünür ki, İddiaçı işdən azad olunması ilə nəticələnmiş intizam icraatı Salyan X11 İdarəsinin rəis müavini İxtiyar Abıyevin 01 iyul 2020-ci il tarixli xidməti məlumatı əsasında başlanmışdır. Həmin məlumatda göstərilmişdir ki, Saatlı Xidmət Sahəsinin təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı xidmət etdiyi ərazidə sayğacların göstəricilərinin düzgün yazılmaması və 15 abonentin qaz sayğacına müdaxilə faktı aşkarlanmışdır. İddiaçı peşə funksiyasının icrasına səhlənkar yanaşdığına görə barəsində qanunamüvafiq tədbir görülməsi xahiş olunmuşdur. Bundan sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi üçün Salyan RQİİ-nin Həmkarlar Təşkilatına müraciət olunmuş, məsələ Həmkarlar Təşkilatının 20 iyul 2020-ci il tarixli iclasında müzakirə olunaraq əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. İş materiallarından görünür ki, “Cavabdeh” X4 X11 İdarəsi ilə X2 arasında 05 fevral 2018-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən onun üzərinə bir sıra vəzifələr, o cümlədən mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və sayğaclara qoyulmuş plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması hallarına rast gəldikdə, bu haqda sifarişçinin səlahiyyətli nümayəndəsinə məlumat vermək vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Salyan X11 İdarəsinin rəis müavini İxtiyar Abıyevin 30 iyun 2020-ci il tarixli xidməti məlumatından görünür ki, Saatlı Xidmət Sahəsinin təbii qazın qəbulu və satışı xidmətində müqavilə əsasında işləyən X3 ona təhkim olunmuş Əliabad və Məmmədabad kəndlərində işə məsuliyyətsiz yanaşmış, nəticədə həmin ərazidə yoxlama zamanı sayğacların göstəricilərinin düzgün yazılmaması və 15 abonentin qaz sayğacına müdaxilə faktı aşkarlanmışdır. Q.Niftalıyev ona verilən tapşırıqları yerinə yetirmədiyinə görə xidməti müqaviləsinə xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 53 saylı Saatlı rayon QİS üzrə forma 2 hesabatlarından görünür ki, İddiaçı vakant yer kimi təklif olunmuş Saatlı rayonunun Məmmədabad, Əliabad, Genişkənd kəndləri və M.Müşfiq küçəsi üzrə abonentlərdən yığım faizi 2020-ci ilin yanvar ayında 57,5%, fevral ayında 77,7%, mart ayında 79,4%, aprel ayında 81,1%, may ayında 189,2%, iyun ayında 101% olmuş, bu göstəricilər fevral ayında 18 hesab qrupları üzrə fevral ayında 3-cü, mart ayında 3-cü, aprel ayında 8-ci, may ayında 8-ci, iyun ayında sonuncu göstərici olmuşdur. Bundan əlavə, təqdimatda İddiaçı xidmət etdiyi ərazi üzrə 15 abonentin qaz sayğacına müdaxilə faktı aşkarlanması qeyd olunsa da, sayğaclara müdaxilə faktları ilə bağlı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib olunması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İddiaçı 03.04.2020-ci il tarixli əmrlə verilmiş “töhmət”, 03.06.2020-ci il tarixli əmrlə verilmiş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri ilə bağlı iş materiallarında olan sənədlərdən görünür ki, həmin intizam tənbehləri ilə bağlı İddiaçı izahat alınmamış və bir qayda olaraq onun əmrlə tanış olub əmri imza etməkdən imtina etməsi barədə aktlar tərtib olunmuşdur. İddiaçı isə izahatında həmin əmrlərdən məlumatının olmadığını, ondan bu barədə izahat alınmadığını və əmrin surətinin ona verilmədiyini bildirmişdir. İş materiallarında da həmin əmrlərin İddiaçı verilməsi barədə heç bir sübut yoxdur. Bundan əlavə, cavabdeh müəssisə iddiaçının öz əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəlikləri icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Qeyd olunanlardan əlavə, işəgötürən tərəfindən işçi İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, sayğacların göstəricilərinin düzgün yazılmaması və 15 abonentin qaz sayğacına müdaxilə olunması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir : a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əmək müqaviləsinə xitam verilməsi barədə 21 iyul 2020-ci il tarixli 37-K saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi hissəsində əsaslı olduğu halda, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini həmin hissələrdə rədd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası bu qərara gəlir ki, işçinin öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi ona dəymiş mənəvi zərərin əvəzi kimi də qiymətləndirilə bilər. Maddi ziyanla bağlı hissədə isə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, maddi ziyanın nədən ibarət olmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(011)- 4317/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “Cavabdeh” X4 X11 İdarəsinin 21.07.2020-ci il tarixli, 37-K saylı əmri ləğv edilsin. İddiaçı “Cavabdeh” X4 X10 İdarəsinin Saatlı rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsinə bərpa olunsun. “Cavabdeh” İB tərəfindən İddiaçı işdən çıxarıldığı gündən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin əvəzi, habelə apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 10 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2500/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2500/2021
20.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver