Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2501/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh X11 (həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi) və onun vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5649/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh X8 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları 19.08.2011-ci il təvəllüdlü X9 və 25 iyul 2013-cü il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, döngə 1də yerləşən özbaşına tikilidən ibarət fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5649/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti və şikayətinin dəlili kimi göstərmişdir ki, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı ilə o ailə qurduqdan sonra hazırda iddiaçının köçürülməsini tələb etdiyi evdə yox, kirayədə yaşamışlar. Həmin evin tikildiyi torpaq sahəsi onun anasına məxsusdur, evin birinci mərtəbəsində qardaşı ailəsi ilə birlikdə, ikinci mərtəbəsində isə anası və atası yaşayır. Eyni zamanda, məhkəmə iclası barədə ona məlumat verilməmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-655/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh və üçüncü şəxs H.Cavadova tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-4993/2020 saylı, 02.11.2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-655/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yendiən baxılması üçün apellyasiya instasniyasına qaytarılmışdır. Mülki işə apellyasiya qaydasında baxılarkən, X15 və X14 cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh İ.Cavadzadə (həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin həmin evin tikildiyi torpaq sahəsinin anasının mülkiyyətində olduğunu, evin birinci mərtəbəsində qardaşının ailəsi ilə birlikdə, ikinci mərtəbəsində isə anası və atasının yaşadığını bildirdi. Rayon məhkəməsinin isə həmin evdə yaşayan digər şəxsləri işə cəlb etmədən, onların hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh İ.Cavadzadənin vəkili Ş.Nağıyeva apellyasiya şikayətini müdafiə edərək rayon məhkəməsinin həmin evdə yaşayan digər şəxsləri işə cəlb etmədən, onların hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etdiyini bildirdi, hesab edir ki, cavabdehlərin dairəsi düzgün müəyyən edilməmişdir, bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili M.Salmanlı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs H.Cavadova həmin evin tikildiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu, evdə isə o özü, əri və hazırkı iş üzrə cavabeh yox, digər oğlunun öz ailəsi ilə birlikdə yaşadıqlarını qeyd etdi. Mülki işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş B.Cavadov həmin evin tikildiyi torpaq sahəsinin onun arvadının mülkiyyətində olduğunu, evi isə birgə nikah dövründə tikdiklərini, hazırda həmin evdə o özü, arvadı və hazırkı iş üzrə cavabeh yox, digər oğlunun öz ailəsi ilə birlikdə yaşadıqlarını qeyd etdi. Sübutların tədqiqi: Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin 986 saylı, 12.06.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı, X9 və X12 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, döngə 1-də qeydiyyatsız yaşayırlar. AZ İ seriyalı, 571641 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X11 və İddiaçı 11 mart 2010-cu il tarixində, 238 nömrə ilə qeyd edilməklə nikaha daxil olmuşlar. AZ İİİ seriyalı, 150428 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 25 iyul 2013-cü il tarixində, Bakı şəhərində anadan olmuş, atası X11, anası İddiaçıdır. AZ İİ seriyalı, 773159 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 19 avqust 2011-ci il tarixində, Bakı şəhərində anadan olmuş, atası X11, anası İddiaçıdır. X4 31 iyul 2007-ci il tarixli, 1193 saylı sərəncamı ilə alğı-satqı əsasında, fərdi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə ayrılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hazırkı mülki iş üzrə iddiaçı cavabdeh qismində X10 qeyd etmişdir. Kollegiya qeyd edir ki, hazırkı işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi tikilinin yerləşdiyi torpaq sahəsi X4 31 iyul 2007-ci il tarixli, 1193 saylı sərəncamı ilə alğı-satqı əsasında, fərdi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə ayrılmışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin yaşayış evininin birinci mərtəbəsində cavabdehin qardaşı ailəsi ilə birlikdə, ikinci mərtəbəsində isə anası və atası yaşayır. Hazırkı işə yenidən apellyasiya qaydasında baxılarkən həmin tikilidə yaşayan digər şəxslər- cavabdehin atası X15 və cavabdehin qardaşı X14 cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Belə olan halda məlum olur ki, iddiaçı tərəfindən cavabdehlərin dairəsi düzgün müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-4993/2020 saylı, 02.11.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ...nəzərə alınmalıdır ki, iş üzrə cavabdeh məhz iddia tələbinin yönəldiyi şəxs hesab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Bütün yuxarıda sadalanlara əsasən, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinin hazırkı mərhələdə tətbiqi yolverilməzdir. Yuxarıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi əsl cavabdeh olan digər şəxslərə qarşı tələb irəli sürülmədiyindən rədd edilməli, iddiaçıya əsl olan cavabdehlərin dairəsini düzgün müəyyən etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, , iddia tələbi əsl cavabdeh olan digər şəxslərə qarşı tələb irəli sürülmədiyindən rədd edilməli, iddiaçıya əsl olan cavabdehlərin dairəsini düzgün müəyyən etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5649/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. İddiaçıya əsl olan cavabdehlərin dairəsini düzgün müəyyən etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2501/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2501/2021
28.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver