Məhkəmə qərarları › İş №2(103)-2506/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2506/2025

03.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2506/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli qətnamədən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, cavabdeh "xxxx" QSC-nin vəkili (nümayəndəsi) Vəkil və QSC-nin İdarə Heyətinin sədri Qanuni nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Xidmət cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, dövlət mülkiyyətində olan, QSC-nin istifadəsinə verilmiş və ünvan 1 ünvanında yerləşən 3.000 kv.metr torpaq sahəsinin, torpaq sahəsinə dair verilmiş xx.xx.1998-ci il tarixli "xxxx" qeyd edilən ilkin vəziyyətin bərpa edilməsi vəzifəsinin cavabdeh QSC-nin üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən mediasiya sessiyası ilə bağlı ödənilmiş 20 manat məbləğində vəsaitin QSC-dən Xidmətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yerləşən və dövlət mülkiyyətində olan torpaq sahəsi cavabdeh QSC-nin istifadəsinə verilmişdir. Xidmətin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin 400 kv.m hissəsində QSC tərəfindən özbaşına olaraq hər birinin sahəsi təxminən 70-80 kv.m olmaqla 4 ədəd anbar inşa edilmişdir. QSC-nin yerləşdiyi torpaq sahəsi hazırkı vaxtadək özəlləşdirilməmiş və dövlət mülkiyyətində qalmışdır. Buna görə də, dövlətin razılığı və icazəsi olmadan həmin anbarlar inşa edilə bilməzdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. Bakı Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2- 2(113)-3639/2023 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır.

4. İşə baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, QSC tərəfindən inşa edilmiş mübahisəli anbarlar dövlətin mülkiyyətində olan torpaq sahəsində, dövlətin buna razılığı və icazəsi olmadan inşa edilmişdir. Bu səbəbdən də, həmin anbarla özbaşına tikili hesab edilir. Özbaşına tikili üzərində hüquq yaranmır. Bu səbəbdən də özbaşına tikililər sökülməlidir. c) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, həmin ərazi ilə bağlı özəlləşdirmə prosesi hələ davam edir və bu proses gedişində bir neçə orqanının razılığı qalmışdır. İşə baxmış Rayon Məhkəməsi isə cavabdeh QSC-nin sözügedən tikinti obyektlərinə istismara icazə sənədi alınması üzrə müraciəti əsasında aparılan icraata məhəl qoymamış və əsassız qətnamə qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. QSC, inzibati orqana müraciət edərək inşa etdiyi tikinti obyektinə sadələşdirilmiş icraat çərçivəsində istismara icazə ala bildiyi halda Rayon Məhkəməsi bu kimi qətnaməni qəbul etməklə QSC-ni bu cür hüquqdan məhrum etmişdir. Ən azından cavabdehin müraciəti üzrə icraat yekunlaşdıqdan sonra və həmin tikinti obyektlərinin hüquqi statusu müəyyən edildikdən sonra məhkəmə işə baxa və qərar qəbul edə bilərdi. Əgər müəyyən vaxt verilərsə, həmin ərazi bütövlükdə sənədləşdiriləcək. Belə olan halda həmin tikililərin sökülməsinə ehtiyac qalmır. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Cavabdeh QSC-nin İdarə Heyətinin sədri və QSC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətinin məzmununa uyğun izahat verdilər.

9. İddiaçı Xidmətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin dövlətin mülkiyyətində, lakin QSC-nin istifadəsinə olması, sahənin QSC tərəfindən hələ ki, özəlləşdirilməməsi, lakin bununla bağlı QSC-nin dövlətin aidiyyətı qurumlarına artıq müraciət etməsi, torpaq sahəsinin özəlləşdirilməməsinə baxmayaraq QSC tərəfindən həmin sahədə mülkiyyətçinin - dövlətin buna razılığı və icazəsi olmadan 4 ədəd anbar inşa etməsi işin mübahisəsiz halıdır.

15. İşin mübahisəli halı ondan ibarətdir ki, həmin anbarlar sökülməlidir, ya yox, sökülməlidirsə, apellyasiya şikayətində qeyd edilən əsasa görə sükülməsi dayandırıla və ya təxirə salına bilərmi.

16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinin mənasına görə, buna lazımi icazələr almadan tikilmiş daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Bu kimi tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinin mənasına görə, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi, orada inşa edilmiş tikililərin sökülməsi də daxil olmaqla, tikilini inşa etmiş şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

18. Qeyd edilən maddi hüquq normaların tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, mübahisəli tikililər sökülməlidir.

19. Bu baxımdan qəbul edilməlidir ki, iddia əsaslıdır və Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək, iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

20. Həmin tikililərin apellyasiya şikayətində qeyd edilən əsasa görə sükülməsinin dayandırılması və ya təxirə salınması imkanı ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllədə və Torpaq Məcəlləsində bu kimi qayda nəzərdə tutulmamışdır.

21. Lakin Mülki Məcəllənin 152 və 157-ci maddələrin tələblərindən başa düşülür ki, həmin tikililərin sökülməsindən imtina edilməsi, onların sökülməsinin dayandırılması və ya təxirə salınması, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin iradəsindən asılıdır. Bunun üçün QSC mülkiyyətçini təmsil edən iddiaçı Xidmət ilə razılığa gəlməli və iddiaçı iddia tələbindən ya imtina etməli və ya iddiasını geri götürməlidir. İşin hallarından isə görünür ki, torpaq sahəsinin mülkiyyətçisini təmsil edən Xidmət bu kimi iradə ifadəsini bildirmir. Xidmət iddiasını müdafiə edir və tikililərin sökülməsini tələb edir.

22. Belə olan halda qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

23. Bununla yanaşı Məhkəmə cavabdeh QSC-nin diqqətinə çatdırır ki, mübahisəli tikililərin sökülməsi ilə bağlı məhkəmə qətnaməsi qüvvəyə minib, icraya yönəldilərsə, QSC, qətnamənin icrasının dayandırılması və ya qətnamənin icrasına möhlət verilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq məhkəməyə müraciət edə bilər. h) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar