Məhkəmə qərarları › İş №2(103)-2509/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2509/2022

09.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2509/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, e-2(001)-575/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin (X1 ölümündən sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 a saylı evin 69 saylı mənzilinə dair) və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qismən etibarsız hesab edilməsi, həmin ünvanının ½ hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, e-2(001)- 575/2022 saylı qərardadı ilə (hakim Fərid Hətəmzadə) iddia baxılmamış saxlanılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, ləğv edilməsini, mülki işin baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmənin hazırkı iddianı baxılmamış saxlanmasının əsası kimi istinad etdiyi Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almamış, məhkəmə isə qərardadda əskini qeyd etmişdir. İddia ilk olaraq Binəqədi Rayon Məhkəməsinə verildiyindən işə həmin məhkəmədə baxılmalı idi. Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə tərəfindən iddianın baxılmamış saxlanılması haqqında vəsatət verilmiş, lakin məhkəmə tərəfindən iddia rədd olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, e-2(001)- 575/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayəti iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, MPM-in 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı qərarının 7.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Bu qayda cinayət işlərində mülki iddianın olması, başqa iş üzrə iddia ərizəsinə eyni tələbin daxil edilməsi hallarına da aiddir. Baxılan işdən görünür ki, iddiaçı 22 oktyabr 2021-ci il tarixdə Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, miras qoyan X1 ölümündən sonra Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 a saylı evin 69 saylı mənzilinə dair cavabdehin adına Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qismən etibarsız hesab edilməsi, həmin ünvanının ½ hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasını tələb etmiş və iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh ərizənin baxılmamış saxlanılması barədə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı ona qarşı eyni tələblə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 21.01.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iddianın rədd olunması barədə 21.01.2022-ci il tarixli, e-2(005)-358/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, miras əmlaka hüququnun tanınması” barədə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 27 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin (X1 ölümündən sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 a saylı evin 69 saylı mənzilinə dair) və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının qismən etibarsız hesab edilməsi, həmin ünvanının ½ hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddiasını hazırkı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla mübahisə üzrə Nərimanov Rayon Məhkəməsinin icraatında olan iş üzrə məhkəmə baxışı yekunlaşaraq qəbul edilmiş qətnamə ilə iddia rədd olunmuş, lakin qətnamə qanuni qüvvəsini almamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan əsasla (MPMin 259.0.4-cü maddəsi) ərizəni baxılmamış saxlamaqda haqlı olmuşdur. Kollegiya, şikayətin dəlillərinə münasibətdə onu da vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən ərizənin baxılmamış saxlanılması barədə 31.01.2022-ci il tarixli qərardadda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli, e-2(005)- 358/2022 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi qeyd olunsa da, iddiaçı tərəfindən həmin qərardaddan verilən şikayətə baxılarkən qəbul edilmiş qərardadda bu hissədə texniki səhvə yol verildiyi, qətnamənin qanuni qüvvəsini almadığı qeyd olunmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0 və 398.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, miras əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, e-2(001)-575/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, e-2(001)- 575/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar