Məhkəmə qərarları › İş №2(103)-251/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-251/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-251/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : (“maddi və mənəvi ziyanın ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5542/2021 saylı işi üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi 3169-cu məhəllədə inşa edilən 18 mərtəbəli 59K saylı yaşayış binasının 1-ci blok, 18-ci mərtəbədəki 177 saylı mənzilin tikintisi üçün artıq ödənilmiş 11390 manat pulun və əldən çıxmış fayda olaraq 1000 manat məbləğdə vəsaitin və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğin, ümumilikdə 14390 manat məbləğində vəsaitin müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5542/2021 saylı işi üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "Kristal L” MTK-dan 11390 manat mənzilin tikintisi üçün artıq ödənilmiş məbləğ və mənəvi zərərə görə 1000 manat pul tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 577.1, 578.1, 646.1, 646.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci (zərərin əvəzinin ödənilməsi) və 23-cü maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, təqdim olunmuş sübutlarla cavabdehin öhdəliyini tam icra etməməsi, müqavilədə müəyyənləşdirilmiş sahədən az ölçüdə mənzilin iddiaçıya verilməsi təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia mənzilin tikintisi üçün artıq ödənilmiş 11390 manat pulun tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Əldən çıxmış fayda tələbi iddia ərizəsində ümumiyyətlə əsaslandırılmamış və iddiaçıya 1000 manat məbləğdə zərər dəyməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdehin iddiaçı tərəfindən artıq ödənilmiş məbləğin tələb edilməsinə baxmayaraq ödəməməsi, iddiaçının polis və prokurorluq orqanlarına müraciət etməsi, bunun da nəticə verməməsi səbəbindən məhkəməyə müraciət etməsi mənəvi sarsıntı keçirməyə əsas olan hallardır.Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkətlərinin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakteri və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, iddiaçının fərdi xüsusiyyətlərini, dəymiş zərərin məbləğini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 1000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5542/2021 saylı işi üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsinin qismən, iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli 07 №-li qərarın 3.1-ci bəndinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə; Mülki Məcəllənin 6, 373.2, 375.2, 390.1, 390.2, 390.5, 390.6; Mülki Prosessual Məcəllənin 9, 88, 167.1.1, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 220, 220.4-cü maddələrinə, İddia müddətinin təbiqi ilə bağlı АR Konstitusiya Məhkəməsinin «AR MM-nin 373-cü məddəsinin şərh еdilməsinə dair 27 dеkаbr 2001-ci il tarıxli qərarına; Azərbaycan Respulikasının Konstitusiya Məhkəməsi Plenumu E.Həkimovun şikayəti' ilə əlaqədar xx.xx.2008-ci il tarixlı Qərarına, İddia müddətinin tətbiq edilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L.v. Moldovaya qarşı (ərizə № 3052/04,18 mart 2008-ci il tarixli qərar) qərarına istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, həqiqətən də İddiaçı ilə "xxxx" MTK arasında 21 mart 2012-ci il tarixdə 13 №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə» bağlanmış və müqaviləyə 01№-li əlavə imzalanmışdır. Tərəflər arasında bağlanmış 21 mart 2012-ci il tarixli, 13 №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə»dən görünür ki, müqavilənin şərti ondan ibarətdir ki, «Sifarişçi» bu müqaviləni əsas tutaraq sifariş edir, «Podratçı» "xxxx" MTK ünvan 1 ünvanında tikilməkdə olan 59K saylı vasavıs binasının 1-ci blokunda 18-ci mərtəbədə 2 otaqlı, A №-li mənzilin tikintisini öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndində isə müqavilənin qiyməti göstərilmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən mənzil hesablaşma sahəsi 86,5 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 43250 manat olmaqla dəyişməz olaraq qalır. Bundan başqa, tərəflər arasında bağlanmış 21 mart 2012-ci il tarixli, 13 №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə»sinə 01 №-li, 21 mart 2012-ci il tarixli əlavədən görünür ki, əsas tikinti işlərinin siyahısına binanın tikilməsi, liftin quraşdırılması, giriş qapısı (metal-seyf), pəncərələr (plastik), su dayaqları (plastmas borular), qaz dayaqları, kanalizasiya dayaqları, xarici su, kanalizasiya, elektrik və qaz xəttlərinin mənzilin girişinə qədər çəkilməsi, telefon, televiziya və elektrik xətlərinin mənzilin daxilinə çəkilməsi, binanın fasadının üzlüklə üzlənməsi, binanın həyətinin abadlaşdırılması, yaşıllığın salınması, fəvvarənin tikilməsi, mərkəzi istilik sistemi daxildir. Bundan əlavə, MTK-dan mənzil almış digər sakinlər kimi İddiaçı ilə 21 mart 2012-ci il tarixli, 13 №-li «çoxmərtəbəli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə» bağlanan vaxt ona bildirilmişdir ki, müqavilədə mənzilin hesablanma sahəsi kimi göstərilən 86,5 kv metr müqavilə ilə birlikdə ona təqdim edilmiş mənzilin sxeminə uyğun olaraq qeyd olunmuşdur, yəni həmin sahəyə sxemdə göstərildiyi kimi mənzildaxili ara divarlar, həmçinin binadaxili ara divarların altindakı sahə də daxildir. Eyni zamanda İddiaçı bildirilmişdir ki, gələcəkdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mənzilə mülkiyyət hüququnun qeydiyyatina dair reyestrdən çıxarış alarkən çıxarışa əsasən həmin mənzilin ümumi sahəsi ilə müqavilədə göstərilən mənzilin hesablaşma sahəsi arasında fərq yaranacaq və bu da ona təqdim edilmiş sxemdə göstərildiyindən fərqli olaraq reyestr xidməti' tərəfindən ölçü götürülərkən mənzilin hər bir otağının iç divarlarının hesablanması ilə bağlıdır. İddiaçı da öz növbəsində bununla razılaşmış və müqaviləni imzalayaraq müqavilənin qiymətini tam ödəmişdir. Bu faktı binadan mənzil almış digər sakinlər də təsdiq edə bilər. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı öz ərizəsində guya ki, müqaviləyə görə mənzilin hər 1 kv metri üçün 500 manat müəyyən edildiyini göstərmişdir. Lakin iddiaçı ilə MTK arasında bağlanmış müqaviləyə nəzər yetirdikdə aydın olur ki, iddiaçının göstərdiyi bu xüsusat açıq-aşkar əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə mənzilin hər 1 kv metrinin dəyəri müəyyən edilməmiş və göstərilməmiş, yalnız müqavilənin qiymətinin 43250 AZN olması göstərilmişdir ki, həmin məbləğə həmçinin iddiaçının da razılaşaraq imza etdiyi müqaviləyə edilmiş 1 №-li əlavədə göstərilən işlərin, yəni binanın tikilməsi, liftin quraşdırılması, giriş qapısı (metal-seyf), pəncərələr (plastik), su dayaqları (plastmas borular), qaz dayaqları, kanalizasiya dayaqları, su, kanalizasiya və qaz xətilərinin mənzilin girişinə qədər çəkilməsi, telefon, televiziya və elektrik xətlərinin mənzilin daxilinə çəkilməsi, binanın fasadının üzlüklə üzlənməsi, binanın həyətinin abadlaşdırılması, yaşıllığın salınması, fəvvarənin tikilməsi, mərkəzi istilik sisteminin dəyəri də daxildir. Anoloji iddia tələbləri ilə bağlı qüvvədə olan məhkəmə qətnamələri ilə də müəyyən olunmuşdur ki, müqavilədə göstərilən sahə ölçüləri ilə mənzilin faktiki sahələrində heç bir fərq mövcud deyildir və buna dair bir neçə ekspertiza rəyləri də mövcuddur. iddiaçı mənzillə bağlı müqaviləni 2012-ci ildə bağlamış, həmin müqaviləyə əsasən binanın özülü qoyulduqdan 20 ay sonra razılaşdırılmış qaydada mənzili təhvil almış və orada əsaslı təmir işləri aparmışdır. Təbii ki, mənzilin əsaslı təmiri zamanı mənzilə çəkilən, kvadrat metrə ilə hesablanın təmir xərclərindən mənzilin ümumi sahəsindən iddiaçının məlumatı olmuşdur. Bunun özü də bir daha onu təsdiq edir ki, iddiaçı həmin vaxt həm müqavilə ilə, həm də müqaviləyə əsasən verilmiş sxemə uyğun olaraq inşa edilmiş mənzili bəyənmiş və onu qəbul etmişdir. Qeyd olunanlardan əlavə hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı maddi zərərin ödənilməsini tələb etmiş, lakin müqavilə öhdəliklərinin yerinə vetirilməməsi ilə bağlı tərəflər arasında bağlanmış 21 mart 2012-ci il tarixli, 13 №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə»nin hər hansı bir bəndini mühabisələndirilməmişdir. Göründüyü kimi, iddiaçı tərəf öz iradəsi ilə sərbəst surətdə MTK ilə 21 mart 2012-ci il tarixli, 13 №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə»ni və ona əlavəni imzalamış və müqavilənin şərtlərini müəyyən etmişdir. Həmin müqavilə və ona əlavələr müqavilənin iştirakçısı olan İddiaçı tərəfindən mübahisələndirilməmişdir.Bundan başqa, iddiaçı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməfinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda mənzilin sahəsinin 63,72 kv metr qeyd edildiyini bildirir. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilin sahə ölçüsü düzgün hesablanmamış, həmin mənzilin balkonu olmadığı halda, mənzilin lociasını balkon kimi nəzərə alaraq həmin sahəsi mənzilin ölçüsünə daxil etməmişdir. Analoji işlərlə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda göstərilən sahə ölçüsü ilə, mənzilin faktiki sahə ölçüsü arasında nəzərəçarpan dərəcədə fərq mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən eyni sahəyə və eyni layihəyə məxsus mənzillərə dair verdiyi çıxarışlarda da ciddi fərqlər mövcuddur. Yuxarıda qeyd olunanlardan da aydın olur ki, İddiaçı hazırkı iddia ərizəsində göstərdiyi tələbləri tam qanunsuz və əsassızdır. Bundan başqa, İddiaçı hazırkı, yəni «pul vəsaitinin geri qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı guya artiq ödədiyi pul vəsaitinin tələb etdiyi, onunla "xxxx" MTKarasında bağlanmış «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin» tarixindən də göründüyü kimi həmin müqavilə 21 mart 2012ci il tarixində bağlanmışdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı mənzili 2012-ci ildə razılaşdırılmış qaydada təhvil almış və orada əsaslı təmir işləri aparmışdır. Bunun özü də bir daha onu təsdiq edir ki, iddiaçı həmin vaxt həm müqavilə ilə, həm də müqaviləyə əsasən verilmiş sxemə uyğun olaraq inşa edilmiş mənzili 2012-ci ildə bəyənmiş və onu qəbul etmişdir. Yuxarıda qeyd edilənlərdən bir daha məlum olur ki, İddiaçı xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən guya ki, artiq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə 9 ildən sonra müraciət etmişdir. Yəni İddiaçı qanunvericiliyin tətbiq etdiyi iddia müddətini ötürmüşdür.Yuxarıda qeyd edilənlərdən irəli gələrək İddiaçı iddia ərizəsi üzrə irəli sürdüyü tələbə həm də iddia müddəti tətbiq edilməlidir. Hazırkı mülki iş üzrə İddiaçı cavabdeh "xxxx"MTK-ya qarşı «müqavilə üzrə artiq ödənilmiş pul vəsaitinin geri qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası həm də iddia müddətinin keçməsi əsasına görə də təmin edilməməlidir. Lakin yuxarıda qeyd olunan hallar işə baxan birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, işə baxılarkən cavabdeh tərəf olaraq bizim iştirakımız məhkəmə tərəfindən təmin edilməmiş, məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, məhkəmə qətnaməsində ümumiyyətlə hər hansı bir sübuta istinad edilməmiş, iddia tələbinin əsaslı olubolmamasının araşdırılması üçün anoloji işlərdəki kimi ekspertiza təyin edilməmiş və hər hansı bir sübut tədqiq edilməmişdir. Eyni zamanda məhkəmə qətnamədə daşınmaz əşyaların alqı-satqı müqaviləsi ilə bağlı olan AR Mülki Məcəlləsinin 646-cı maddəsinə istinad etmişdir, lakin iş materiallarından göründüyü kimi hazırkı iş üzrə tərəflər arasında «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə» bağlanmışdır. Belə olan halda, məhkəmə iş üzrə qətnamə qəbul edərkən həm də maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə tikintitexniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi 3169-ci məhəllədə inşa edilən 18 mərtəbəli 59K saylı yaşayış binasının 1-ci blok, 18-ci mərtəbəsində yerləşən 177 saylı mənzilin ümumi sahəsinin 76.26 kv.metr təşkil etməklə, mənzilin faktiki ümumi sahəsinə (76.26 kv.metr) uyğundur. Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi 3169-ci məhəllədə inşa edilən 18 mərtəbəli 59K saylı yaşayış binasının 1-ci blok, 18-ci mərtəbəsində yerləşən 177 saylı mənzilin arakəsmə divarlarının sahəsi daxil olmaqla sahəsinin "Kristal-L” MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqaviləyə uyğun olaraq 86.5 kv.m təşkil etdiyi müəyyən edilir. Mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə (cavabdeh tərəfindən öhdəlik üzrə təhvil verilməli sahə) gösərilən sahə arasında fərqin yaranma səbəbi mənzilin sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-cİ il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-ına əsasən hesablandıqda arakəsmə divarlarının altındakı sahənin nəzərə alınmamasıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda (texniki pasportda) göstərilmiş ümumi sahə ilə mənzilin faktiki sahəsi arasında yaranmış fərqin səbəbi isə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş texniki pasportda eyvan sahəsinin 1 əmsalına deyil 0.3 əmlasına vurulmasıdır. Ekspertiza xərci 50 manat müəyyən edilmişdir.

5. Cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə uyğun izahat verərək, iddia tələbinin əsassız olduğunu və iddia müddətinin tətbiq edilməli olduğunu, daşınmaz əmlakla bağlı iddia müddətinin 6 il olduğunu, iddiaçı tərəfin 10 ilə yaxın müddətdir dövlət orqanlarına, cavabdehə müraciət etdiyini, cavabdeh tərəfindən onlara müqavilə ilə razı olmadıqları halda məhkəməyə müraciət etmələri barədə cavab verildiyini, tərəflər arasında müqavilə bağlandığını, mənzilin sxeminə uyğun razılaşma olduğunu, qiymətin müəyyənləşdirildiyini, 11 il bundan qabaq mənzili 43000 manata satdıqlarını, iddiaçının hal-hazırda mənzili satdığını, mənzildən 10 ilə yaxın bəhrələndiyini, Dövlət Reyestr Xidməti tərəfindən mənzilin ölçüsünün çıxarışda yanlış qeyd edildiyini, mənzilin balkonu olmadığından evin daxilində yerləşən hissəni balkon kimi nəzərə aldıqlarını. Dövlət Reyestr Xidməti tərəfindən oxşar mənzillərə müxtəlif sahə göstərilməklə çıxarışların verilməsi hallarının olduğunu bildirmişdir.

6. İddiaçının vəkili X2 iddia müddətinin tətbiq edilməsi ilə razılaşmadıqlarını, dəfələrlə dövlət orqanlarına, cavabdehə müraciət etdiklərini, Prokurorluqdan mülki qaydada məhkəməyə müraciət etmələri barədə cavab aldıqdan sonra 2020-ci ildə müraciət etdiklərini, iddiaçının öz hüquqlarını bilmədiyini, dövlət orqanlarının cavabdeh barəsində tədbir görülməsini gözlədiyini qeyd etmiş, ekspert rəyi ilə qismən razı olmadığını, rəydə qeyd edilən 10 kv.m sahənin arakəsmələrə hesablanmasının mümkün olmadığını, bunu nəzərə alaraq əskik olan 10 kv.m üçün iddiaçıya ödəniş edilməli olduğunu hesab etdiyini bildirmişdir.

7. İddiaçı mənzili yoldaşı ağır xərçəng xəstəsi olduğu üçün satdığını, 2014-cü ildə çıxarış aldıqdan sonra hüquqlarının pozulduğunu bildiyini, cavabdehə, dövlət orqanlarına müraciət etdiyini, lakin cavabdehin heç bir hərəkət etmədiyini, ona cavabdeh tərəfindən hara istəyir müraciət edə bilər cavabının verildiyini, əskik olan sahəyə münasibətdə ödənilmiş məbləği geri istədiyini bildirmişdır.

8. İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2014 tarixli çıxarış və xx.xx.2014-cü il tarixli texniki pasportla müəyyən edilir ki, ünvan 1də 18 mərtəbəli 59K saylı yaşayış binasının 1 -ci blok, 18-ci mərtəbədəki 177 saylı mənzil 63,72 kv.m. ümumi sahədən ibarətdir.

9. Apellyasiya icraatı zamanı "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə3 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmiş və qeyd edilmişdir ki, hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılarkən tərəf kimi onlara məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməmiş, işə onların iştirakı olmadan baxılmış, məhkəmə irəli sürülmüş iddiaya qarşı müdafiəni təşkil etmək üçün məhkəmədə iştiraklarını təmin etməyərək, məhkəmədə onlara qarşı irəli sürülmüş iddia ilə bağlı öz müdafiələrini təşkil etmək hüququndan məhrum etmiş, tələm-tələsik qətnamə qəbul etmişdir.Bu isə mülki-prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinin pozulması deməkdir.Bu səbəbdən də hazırkı, iddia müddətinin tətbiqinə dair ərizə də məhz apellyasiya icraatında verilir.İddiaçı hazırkı, yəni «pul vəsaitinin geri qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı guya artıq ödədiyi pul vəsaitinin tələb etdiyi, onunla "xxxx" MTK arasında bağlanmış «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin» tarixindən də göründüyü kimi həmin müqavilə 21 mart 2012-ci il tarixində bağlanmışdır.İddia ərizəsindən göründüyü kimi, iddiaçı mənzili 2012-ci ildə razılaşdırılmış qaydada təhvil almış və orada əsaslı təmir işləri aparmışdır. Bunun özü də bir daha onu təsdiq edir ki, iddiaçı həmin vaxt həm müqavilə ilə, həm də müqaviləyə əsasən verilmiş sxemə uyğun olaraq inşa edilmiş mənzili 2012-ci ildə bəyənmiş və onu qəbul etmişdir. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsini Ədalət Mühakiməsini həyata keçirən məhkəmənin diqqətinə çatdırmaq istəyir:373.2-Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.Yuxarıda qeyd edilənlərdən bir daha məlum olur ki, İddiaçı xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən guya ki, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə 9 ildən sonra müraciət etmişdir. Yəni İddiaçı qanunvericiliyin tətbiq etdiyi iddia müddətini ötürmüşdür.Yuxarıda qeyd edilənlərdən irəli gələrək İddiaçı iddia ərizəsi üzrə irəli sürdüyü tələbə həm də iddia müddəti tətbiq edilməlidir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 372-390, 560, 646, 752-776; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 80-82, 88, 385-390-cı maddələrinə; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə qətnamədə göstərilmiş əsaslar üzrə maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5542/2021 saylı işi üzrə 15 dekabr 2021-ci il qətnaməsi ləğv edilərək, yeni əsaslarla qətnamə qəbul edilməli, iddia onun sübut edilməməsi, öhdəliklərin icra edilməsi ilə xitamı və iddia müddətinin ötməsi əsası ilə rədd edilməlidir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir; 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir; 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər; 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2 və 12.5-ci maddələrinin tələblərinə əsasən: «Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür». «Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir».

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Öhdəliklərə xitam verilməsi əsasları” adlanan 527-ci maddəsinin tələblərinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir (527.1).

16. Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

17. Məcəllənin 529.5-ci maddəsinə əsasən Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 18.Beləliklə, Müqavilə öhdəlikləri üzrə cavabdeh tərəfindən icra həyata keçirilmiş, bağlanmış müqavilə üzrə öhdəliklər onun bağlandığı andan qüvvədə olmuş, iddiaçı tərəfindən müqavilənin dəyişdirilməsi və ya sair qaydada mübahisələndirilməsi təşəbbüsü olmamış, habelə bu təşəbbüs üzrə iddia müddətləri də bitmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdehin ona əskik sahənin verilməsini, yəni hüquqlarının pozulmasının bilməli olduğunu 2014-cü ildə bilmiş, iddia isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı cavabdehin iştirakının təmin edilməməsi onun tərəfindən apellyasiya icraatı zamanı irəli sürülmüş iddia müddətinin tədbiqinə dair dəlilərinin qəbulunu mümkün edir.

19. Bundan əlavə, cavabdehin təhvil verdiyi sahənin iddia edilən (təqdim edilməsə də mübahisə edilməyən) müqavilədə göstərilən kimi olduğu və cavabdeh tərəfindən pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir- Cəlal küçəsi 3169-ci məhəllədə inşa edilən 18 mərtəbəli 59K saylı yaşayış binasının 1-ci blok, 18-ci mərtəbəsində yerləşən 177 saylı mənzilin ümumi sahəsinin 76.26 kv.metr təşkil etməklə, mənzilin faktiki ümumi sahəsinə (76.26 kv.metr) uyğundur. Bakı şəhəri, Binəqədi rayonu, Mir- Cəlal küçəsi 3169-ci məhəllədə inşa edilən 18 mərtəbəli 59K saylı yaşayış binasının 1-ci blok, 18-ci mərtəbəsində yerləşən 177 saylı mənzilin arakəsmə divarlarının sahəsi daxil olmaqla sahəsinin "Kristal-L” MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqaviləyə uyğun olaraq 86.5 kv.m təşkil etdiyi müəyyən edilir. Mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə (cavabdeh tərəfindən öhdəlik üzrə təhvil verilməli sahə) göstərilən sahə arasında fərqin yaranma səbəbi mənzilin sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının "04” dekabr 2012-cİ il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-ına əsasən hesablandıqda arakəsmə divarlarının altındakı sahənin nəzərə alınmamasıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda (texniki pasportda) göstərilmiş ümumi sahə ilə mənzilin faktiki sahəsi arasında yaranmış fərqin səbəbi isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş texniki pasportda eyvan sahəsinin 1 əmsalına deyil 0.3 əmlasına vurulmasıdır.

20. Beləliklə, mənzilin arakəsmə divarlarının sahəsi daxil olmaqla sahəsinin "Kristal-L” MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqaviləyə uyğun olaraq 86.5 kv.m təşkil etdiyi müəyyən edilir və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ölçülərin müəyyən edilməsi zamanı hansı əsaslardan (meyarlardan) çıxış edərək fərqli sahənin qeyd edilməsi ona qarşı tələb olmadığından, hazırki icraatın müzakirə predmeti kimi (tələbdən kənar) mülki prosessual qanunvericiliyin tələbləri baxımından araşdırılması yolverilməzdir.

21. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməli və ekspertiza xərci üçün isə ödənilməli olan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

22. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5542/2021 saylı işi üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar