Məhkəmə qərarları › İş №2(103)-251/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-251/2024

03.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-251/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (hüquqi varis Cavabdeh2) Cavabdeh1 X1rşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə istifadə və sahiblik hüququnun tanınması, ərazidən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının hüquqi varisi Cavabdeh2, onun nümayəndələri (vəkilləri) Vəkil Yunis oğlunun, X6 və cavabdehin nümayəndəsi (vəkili) X7 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamı ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200m x 50m ölçüdə torpaq sahəsinin abadlaşdırılması və əhalinin rahatlığını təmin etmək məqsədilə təqdim edilmiş cizgi əsasında vətəndaş İddiaçı Ağababa oğluna təhkim olunmuşdur. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 902 saylı sərəncamı ilə Cavabdeh1 X3 Firmasına Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında 1685.6 kv.m tikinti sahəsinin mövcud istifadə vəziyyətində istifadə olunmasına və 3349.3 kv.m sahənin abadlaşdırılmasına icazə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs “Mars-M X3 Firması) qarşı sərəncamın etibarsız hesab edilməsi, sərəncamın bərpa edilərək torpaq sahəsinə verilmiş cizgi planının bərpa edilməsi barədə iddia tələbi təmin olunmamışdır. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 902 saylı sərəncamı ilə üçüncü şəxs Cavabdeh1 X3 Firmasına dair torpaq sahəsinin eskiz layihəsində mülki iş materiallarına əlavə edilmiş 102 nömrə ilə səhifələnmiş sxemlə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 23 iyul 1998-ci il tarixli, 1221 saylı sərəncamı ilə İddiaçı təhkim edilmiş torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədilə İddiaçı 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsinə istifadə və sahiblik hüququnun tanınması, "xxxx" X3 Firmasının həmin ərazidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı xx.xx.2021-ci i tarixdə vəfat etdikdən sonra onun hüquqi varisi olaraq Cavabdeh2 işə cəlb edilmişdir.

4. İddiaçının hüquqi varisi Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1221 saylı sərəncamı ilə Hövsan qəsəbəsi, Bağlar sahəsinin şimal hissəsində dənizkənarı sahədə abadlaşdırılma və əhalinin rahatlığını təmin etmək məqsədilə İddiaçı 200m x 50m ölçüdə təhkim olunmuş torpaq sahəsinə Cavabdeh2 istifadə və sahiblik hüququnun tanınması, Cavabdeh1 X3 Firmasının və digər şəxslərin həmin ərazidən çıxarılması, cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülərək ərazidən çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, torpaq sahəsi üçüncü şəxs Cavabdeh1 X4 Firması tərəfindən zəbt edilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 902 saylı sərəncamına əsaslanaraq həmin ərazinin ona aid olduğunu bildirmişdir. Bununla bağlı İddiaçı Ağababa oğlu cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh1 X4 Firması) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 902 saylı sərəncamın ləğv olunması, etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı tərəflərin iştirakı ilə mütəxəssis rəyinin verilməsi ilə bağlı mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış nəticəsində mütəxəssis rəyinə əsasən Bakı şəhəri Suraxanı İcra Hakimiyyti başçısının xx.xx.2001- ci il tarixli 902 saylı sərəncamı ilə (eskiz layihəsi əsasında 1685,6 kv.m. tikinti sahəsi olan mövcud istifadə vəziyyətində və 3349.3 kv.m. sahənin abadlaşdırılması) 3-cü şəxs Mars-M çoxsahəli İK-ya dair torpaq sahəsinin eskiz layihəsində mülki iş materiallarına əlavə edilmiş 102 nömrə ilə səhifələnmiş sxem ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixi 1221 saylı sərəncamı ilə İddiaçı təhkim edilmiş torpaq sahəsi üst-üstə düşmədiyi müəyyən edildiyi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli 2-1 (82)- 97/2019 saylı qərarı ilə İddiaçı Ağababa oğlunun iddiası təmin edilməmişdir. Cavabdeh qanunsuz olaraq iddiaçıya təhkim olunmuş torpaq sahəsini mənimsəyərək zəbt etmişdir və zəbt etməyə davam edir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov, iş №2(010)-16/2023) iddia rədd olunmuşdur.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı 1221 saylı sərəncamda qeyd edilən torpaq sahəsinə dair texniki sənədləri təqdim etmədiyinə görə həmin torpağın sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, 1221 saylı sərəncamla ayrılan torpaq sahəsinin Cavabdeh1 X8 tərəfindən zəbt edilib-edilməməsi halını da müəyyən etmək mümkün deyildir. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə mərhum İddiaçı Ağababa oğluna ayrılmış torpaq sahəsinin müvafiq koordinatları və yerləşmə mövqeyi müəyyən edilmədiyindən hazırkı vəziyyətdə iddia tələbinin təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Çünki, qeyd edilən texniki göstəricilər müəyyən edilmədən cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi halı sübut edilə bilməz.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1.1, 146.1, 238.1, Torpaq Məcəlləsinin .4.1, 4.2, 65.2, 65.6-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçının hüquqi varisi Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ÇİKF-nın nümayəndəsi həm məhkəmə iclasında həm də iddiaçıya məxsus 1220 və 1221 saylı sərəncamlarının etibarsızlığı ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət edərək etiraf etmişdir ki, istifadəsində olan mübahisəli torpaq sahəsini iddiaçı RzayevHacımurad Ağabala oğlundan almışdır. Belə ki, həmin iddia ərizəsində cavabdeh qeyd etmişdir ki, “Həmin sahə əvvəllər Belə ki, həmin iddia ərizəsində cavabdeh qeyd etmişdir ki, “Həmin sahə əvvəllər Suraxanı rayon İcraHakimiyyəti Başçısınını 23 iyul 1998-ci il tarixli, 1220 və 1221 saylı sərəncamlarına əsasən Hövsan qəsəbəsində yaşayan İddiaçı təhkim edilmişdir. Həmin sahəni 2001-ci ilin may ayında qarşılıqlı razılıq əsasında İddiaçı aldıqdan sonra Suraxanı rayon İcra HakimiyyətiBaşçısının xx.xx.2001-ci il tarixli, 902 saylı sərəncamına əsasən 1220 və 1221 saylı sərəncamlarda göstərilən torpaq sahəsi Cavabdeh1 cöxsahəli kommersiya firmasının adına keçirilmişdir.” Mübahisəli torpaq sahəsi iddiaçının olduğunu cavabdeh tərəfindən etiraf etməsinə baxmayaraq, məhkəmə işi tam araşdımamış və qərəzli şəkildə həqiqəti əks etdirməyən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə, cavabdehin etirafına baxmayaraq, işə tam obyektiv və ədalətli baxılması üçün müvafiq ekspertizanın keçiriməsinə zərurət yarandığını hesab etsə də, iş üzrə torpaqşünaslıq ekspertizası təyin edərkən ekspertizanın aparılmasına mütəxəssis cəlb etməmişdir. Belə ki, ekspert qarşısında qoyulan suallarla bağlı iddiaçı öz təklifini verərkən mütəxəssisin də cəlb olunmasını zəruri olduğunu bildirsə də, lakin məhkəmə ekspertizanın aparılmasında məqsədli şəkildə mütəxəssisin cəlb edilməsindən imtina etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının hüquqi varisi və nümayəndələr məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

13. Cavabdehin nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1 maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

15. Torpaq Məcəlləsi Maddə 4.1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 4.2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Maddə 65.2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Maddə 65.6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

19. Apellyasiya baxışı zamanı Suraxanı Rayon İcra Hakimiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə apellyasiya baxışı zamanı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, müvafiq dövlət orqanının xx.xx.2023-cü il tarixli, 5- 20/2-1343/2023 saylı cavab məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 7-4029/17 saylı məktubuna əsasən Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 902 saylı sərəncamı ilə 3349,3 kv.m torpaq sahəsi və tikinti altında olan 1685,6 kv.m həmin ərazi Cavabdeh1 X8na təhkim olunmuşdur. Həmin ərazidə həmin dövrdən tikinti-abadlıq işləri aparılmış və hal-hazırda firmanın istifadəsində olmaqla istirahət zonası kimi fəaliyyət göstərir. Sözügedən sərəncam ləğv edilməmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1220 və 1221 saylı sərəncamları ilə Hövsan qəsəbəsinin dənizkənarı ərazisində İddiaçı torpaq sahəsi ayrılmışdır və sözügedən ərazinin koordinatlarının müəyyən edilməsi RİH-in imkanları xaricindədir.

20. Eyni zamanda apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmətorpaqşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/9323 saylı, 05 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı Ağababa oğlunun nümayəndəsi tərəfindən göstərilən torpaq sahəsi 1.0 ha təşkil edir (200 mx50m). Torpaq sahəsinin sərhədləri üç tərəfdən mişar daşından hörülmüş hasarla, bir tərəfdən isə şərtidir. Sözügedən torpaq sahəsi “Antalya” dənizkənarı istirahət mərkəzi kimi istifadə olunur.

21. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahənin 0,1895 ha hissəsi Xəzər Dənizinin (gölünün) mühafizə zolağında yerləşir. Sahənin qeydiyyatı ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən sahəyə dair sənəd təqdim edilmədiyindən araşdırma mümkün deyildir.

22. Ekspert rəyindən də göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin yalnız 0,1895 ha hissəsi Xəzər Dənizinin (gölünün) mühafizə zolağında yerləşir. Sahənin qeydiyyatı ilə bağlı məlumat isə yoxdur. İddiaçı isə sözügedən sahəyə dair sənəd təqdim etməmişdir.

23. Məhkəmə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı işdə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqedən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

24. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 88-ci maddələri).

25. Qeyd edilənlərə əsasən Kollegiya iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

26. Məhkəmə kollegiyası Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 902 saylı sərəncamı ilə 3349,3 kv.m torpaq sahəsi və tikinti altında olan 1685,6 kv.m həmin ərazinin Cavabdeh1 X8na təhkim olunduğunu, həmin inzibati aktın hal-hazırda qüvvədən düşmədiyini, habelə iddiaçı tərəfindən təqdim olunmuş sənəd əsasında müəyyən edilmiş torpaq sahəsinin koordinatlarının Xəzər Dənizinin (gölünün) mühafizə zolağında yerləşdiyini, sahənin qeydiyyatı ilə bağlı məlumatın aşkar olunmadığını nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, həmin dəlillər qətnamənin apellyasiya qaydasında ləğv olunması, yaxud dəyişdirilməsi üçün əsas vermir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 03 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar